Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Səhabə Tarixini Oxumada mühüm qaydalar

Mövzuya giriş

Tarixdə ən böyük yalan guya Peyğəmbərin ﷺ səhabələrinin bir-birilərinə qarşı düşmənçilik etmə iddiasıdır. Bu təmamilə batil iddadır. Bunun batilliyini Quranda səhabələr haqda deyilən gözəl vəsflər də təsdiq edir. Belə ki, Allah təalə buyurur: "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır" (Ali İmran: 110)

Peyğəmbər ﷺ hədisdə buyurmuşdur: "İnsanların ən xeyirlisi mənim zəmanəmin kimsələridir" (Səhih əl-Buxari: Kitab əş-Şəhadət, Bab Lə Yəşhədu Alə Şəhadəti Covrin İzə Uşhidə, № 2509.)
İslamın ilk qəribliyi, hicrətin üçüncü əsrindən sonra tarixi təhrif edən, onu qara qələmə verən, haqqı batil edən, düşmənçilik bəsləyən tarixçilərin meydana çıxması ilə başladı. Bu tarixçilər Peyğəmbərin ﷺ səhabələrinin bir-birlərinə qarşı mərhəmətli din qardaşları olmadıqlarını qələmə verirdilər. Onların bir-birilərinə lənət oxuyan xəyanətkar düşmən olduqlarını, həmçinin dünyaya və istəklərinə uyduqlarını iddia edirdilər.
Allaha and olsun ki, onlar yalan danışmış və ən böyük böhtan atmışlar.
Əbu Bəkr, Ömər, Osman, Əli, Talha, Zübeyr, Əbu Ubeydə, Aişə, Fatimə və b. öncül səhabələr onların atdıqları iftira və böhtanlardan təmamilə pakdırlar. Haşim və Ümeyyə oğullarının (Bənu Haşim və Bənu Ümeyyə) müsəlman olmaları, sıx qohumluq əlaqələri qurmaları və xeyir işlər uğrunda yoldaşlıq etmələri buna bir daha sübutdur. Onların vasitəsi ilə çox insanlar müsəlman olmuş, ölkələr fəth edilmişdir. Onlardan elə biri yoxdur ki, ata və ya ana tərəfdən haşimi nəsli ilə bağlılığı olmasın. Bil ki, ədalətli və dürüst rəvayətçilərin rəvayətlərinə əsasən Peyğəmbərin ﷺ səhabələri bəşəriyyətin tanıdığı ən xeyirli, seçilmiş insanlarıdır. Onu da bilmək lazımdır ki, səhabələr haqda mənfi rəvayət edənlər yalançı və uydurmaçılardır.
Ona görə də İslam tarixini, xüsusən də tarixçilərin təhrif etdikləri məqamları yenidən yazmağa ehtiyac vardır. Bunun üçün isə saf və dolğun mənbələrə əsaslanmaq lazımdır. Onu da bilmək lazımdır ki, ümmətimiz – İslam ümməti öz sağlam və pak tarixini qorumaqda birinci yeri tutur. Bizim saleh sələf tarixçilərimiz rəvayətlər dəyişilmədən öncə tarixi qələmə almışdılar. Onlar özlərinə yetişən bütün tarixi məlumatları toplamış və onları rəvayətçilərin doğum və ölüm tarixi, yaxud adları ilə tərtib edərək yazmışlar ki, oxucularımız çətinlik çəkmədən öz doğru və dolğun tarixini uydurma tarixdən ayırd edə bilsinlər.
İndi isə bizim öz sələflərimizin (ötənlərin) yolunu getmək vaxtımızdır. Biz həmin tarix kitablarını araşdırmalı, doğrunu yalandan ayırd etməliyik. Bax, bununla da biz əvvəlkilərin gözəl ardıcılları olarıq. Hər kəs bilməlidir ki, Muhəmmədin ﷺ səhabələrinin həyat yolu qəlbləri kimi pak və sağlam idi.
İslam ümməti özünün ən dəyərli mənbəsindən məhrum edilməklə üz-üzədir. Bu izzətli keçmişinə olan inamı itirməkdir. Bu, keçmiş tarixin heç vaxt rastlamadığı ən pak, ən sağlam və ən nümunəvi həyatıdır.
Tarix mövzusunda yazmaq istəyən hər kəs haqq və xeyir əhlinə qarşı sağlam düşüncədə olmalı, onları yaxşı tanımalı, onların layiq olduqları dərəcəni düzgün dəyərləndirməlidir. Tarix xəbərlərini daşıyanları tanımalı, doğrunu yalandan seçməli, yazanın özü sadiq və əmanəti qoruyan, həqiqətin keşiyində duran kimsə olmalıdır.

Tarixi necə oxumalıyıq?
Biz tarixi Peyğəmbərin ﷺ hədislərini oxuduğumuz kimi oxumalıyıq. Həmçinin biz Peyğəmbərin ﷺ hədislərini oxumaq istədikdə ilk olaraq həmin hədisin həqiqətən Peyğəmbərin ﷺ sözü olub olmamasına əmin olmalıyıq.
Biz bir hədisin doğru və ya yalan olmasını bilmək üçün onun isnadını (yəni, hədisin Peyğəmbərdən ﷺ onun yazılma dövrünə qədər kimlər tərəfindən rəvayət olunması haqda olan sənədi) və mətnini yoxlamalıyıq. Çünki elm adamları hədis və onun rəvayətçiləri haqda çox maraqlanıblar. Onlar hər kəsin hədisini araşdırmış və onu yoxlamışlar. "Səhih" yəni Peyğəmbərə nisbəti təsdiqlənmiş, məqbul olan hədisi, "zəif" hədisdən ayırd etmişlər. Həmçinin bu hədisləri onlara əlavə edilmiş yalan və ya bu kimi hallardan təmizləmişlər.
Tarix isə hədisdən bir qədər fərqlidir. Çox vaxt tarix rəvayətlərinin heç isnadı da olmur. Bəzən isə isnadı olan məlumatların rəvayətçilərinin bəziləri haqda heç bir mənfi və ya müsbət məlumata rast gəlinmir. Belə halda həmin rəvayətə hökm kəsmək bizim üçün çox çətin olur. Çünki biz bəzi rəvayətçilər haqda heç bir məlumata malik deyilik.
Ona görə tarixi araşdırma, hədis araşdırmasından daha çətindir. Amma bu heç də tarixə səhlənkar yanaşmağa əsas vermir. Əksinə biz öz tariximizi necə götürdüyümüzü bilməliyik.
Kimsə deyə bilər ki, bu yolla biz tariximizin çox hissəsini itirmiş olarıq.
Ona cavab olaraq demək olar ki, heç narahat olma! Sənin fikirləşdiyin kimi çox itirmərik. Bizə lazım olan sənədli tarixi rəvayətlər, xüsusən də qarşıdakı mövzuda kifayət qədərdir. Onların çox hissəsi ya tarix kitablarında məsələn, Təbərinin "Tarix"i, yaxud hədis kitablarında, məsələn, Əhmədin "Müsnəd"i, Buxarinin "Səhih"i, Tirmizinin "əl-Cami"si və İbn Əbu Şeybənin "Musannif"i, yaxud da təfsir kitablarında, məsələn, İbn Cərir, İbn Kəsir, o cümlədən xüsusi hadisələr haqda yazılmış başqa kitablarda, məsələn, Kəlainin "Hurubu ər-Riddə", Xəlifə ibn Xəyyatın "Tarix" kitabında isnadla rəvayət olunmuşdur. Yəni, demək istəyirəm ki, biz isnadlı rəvayət tapmaq üçün heç də əlacsız deyilik.
Əgər biz hansısa rəvayətin isnadını tapmasaq onda biz dəyişməz qaydaya müraciət edəcəyik. Həmin dəyişməz qayda səhabələrin zamanında baş verənlərə məxsusdur. Bu qaydaya görə Allah təalə və rəsulu ﷺ səhabələri tərifləmişdir. Biz qarşıda bu haqda danışacayıq. Ona görə də bütün səhabələr ədalətli hesab olunurlar.
Hər hansı bir rəvayətdə səhabələrə qarşı bir məzəmmət qeyd edildikdə ilk olaraq rəvayətin isnadına baxmalıyıq.
- Əgər bu isnadla rəvayət doğru olsa, onda rəvayətin izahına və dəlalət etdiyi mənaya baxmaq lazımdır.
- Əgər hədisin isnadı zəif olsa, yaxud heç onun isnadı olmasa onda bizim bu sahədə bir qaydamız vardır. O da səhabələrin adillik prinsipidir.
Deməli, biz tarixi hədisləri oxuduğumuz kimi oxumalıyıq. Yəni, araşdırdıqdan və əmin olduqdan sonra onları qəbul etməliyik. Ən önəmli tarix isə Peyğəmbərin ﷺ əshabının tarixidir.

Kimin tarix kitabını oxumalıyıq?
Təəsüflər olsun ki, indiki zamanda çoxları müasir yazılmış tarix kitablarını oxumaqla məşğuldurlar. Müasir tarix kitabları hadisələrin gözəl qələmə verilməsi, yaxud tarixi təhrif etməklə doludur. Biz hələ müasir tarix kitablarının isnad baxımından səhih və ya zəifliyindən (etibarlı və ya etibarsızlığından) danışmırıq. Belə müasir tarix kitablarına "əl-Əbqəriyyət" adlı kitabın müəllifi Abbas əl-Əqqad, "Ricalun Hövlər Rəsul" və "Xuləfə ər-Rəsul" adlı kitabların müəllifi Xalid Məhəmməd Xalid, "Mövqiətul Cəməl və Əliyyun və bənuhu vəl fitnətil kubra" adlı kitabın müəllifi Taha Hüseyn, "Tarix ət-Təməddun əl-İslami" adlı kitabın müəllifi xaçpərəst Corci Zeydan və başqa müasir tarix yazarlarının kitablarını misal göstərmək olar. Onlar hamılıqla tarixdən danışarkən əsasən cümlələrin gözəlliyinə, hadisələrin zahiri xoşagəlmə prinsipinə dayanırlar. Onlar bu hadisələrin doğru və ya yalan olmasına elə də diqqət yetirmirlər. Onların əsas hədəfləri oxucuda xoş təəssürat yaradan bir tarix ortaya çıxartmaqdır.
Belə olan halda biz kimlərin tarix kitablarını oxumalıyıq?
Cavab belədir ki, əgər isnadları araşdırmağı bacarırsansa, onda İmam Ət-Təbərinin "Tarix"ini oxu! O, tarixçilərin qaynaqlandıqları bir mənbədir. Əgər isnadları araşdırmağı bacarmırsansa, onda İbn Kəsirin "Əl-Bidayə vən Nihayə", Zəhəbinin "Tarixul İslam", Əbu Bəkr İbn əl-Ərabinin "əl-Əvasim minəl Qəvasim" adlı kitablarını oxu! Sonuncusu, haqqında danışdığımız dövrün (hicri 11-61-ci illərin) tarixindən bəhs edən ən gözəl kitablardan biridir.

Səhabə tarixini oxuyarkən nələrdən ehtiyat etməliyik?
Tarix kitablarını oxuyarkən müəllifin fikirlərinin təsirinə düşməkdən çəkinmək lazımdır. Belə halda biz müəllifin rəyinə deyil, rəvayətin əsasına baxmalı, ümumiyyətlə oxuyarkən insaflı olmalıyıq.
Biz Peyğəmbərin ﷺ səhabələrinin tarixini oxuyarkən aşağıdakı iki əsasa etiqad etməliyik:
Birinci əsas: Peyğəmbərin ﷺ səhabələrinin peyğəmbərlərdən sonra ən xeyirli zümrə olduqlarına etiqad etməliyik. Çünki onları Allah təalə və Onun peyğəmbəri ﷺ tərifləmişdir. Hətta Peyğəmbər ﷺ bir neçə hədisdə buyurmuşdur ki, səhabələr peyğəmbərlərdən sonra ümmətin ən xeyirli insanlarıdır.
İkinci əsas: Bilmək lazımdır ki, Peyğəmbərin ﷺ səhabələri məsum (xətasız) deyillər.
Bəli, biz onların toplu şəkildə məsum (xətasız) olduqlarını etiqad edirik. Çünki Peyğəmbər ﷺ hədisdə buyurmuşdur: "Ümmətim zəlalətdə ittifaq etməzlər" (Əhməd "Müsnəd" 6/396, № 26682)
Onlar zəlalətdə ittifaq etməməkdə məsumdurlar. Yəni onlar toplu olaraq heç vaxt zəlalətə razı olmazlar. Amma fərdi şəkildə isə onlar məsum (xətasız) deyillər. Məsum olanlar Allahın peyğəmbərləri və mələkləridir. Bizim etiqada görə bunlardan başqa heç kəs məsum deyildir.
Deməli biz, səhabələrin ən xeyirli insan olmalarını və eyni zamanda məsum olmadıqlarına etiqad etməliyik.
Əgər səhabələrə tənə edən bir rəvayət eşitsən, sən onu araşdırmadan, doğruluğunu öyrənmədən dərhal rədd, yaxud qəbul etmə! Əgər sən o rəvayətin isnadına baxdıqdan sonra onun doğru olduğunu görsən, bil ki, bu onların məsum (xətasız) olmadıqları prinsipinə (II əsas) aiddir. Onlar da adi insanlar kimi səhv edirlər. Əgər həmin rəvayətin isnadı zəif olsa, onda sən səhabələrə olan etiqad üzərində, yəni onların peyğəmbərlərdən sonra ən xeyirli insanlar olması əsası (I əsas) üzərində dayan!
Allah təalənin Peyğəmbərin ﷺ səhabələrini təriflədiyinə gəlincə, Allah təalə buyurur: "Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (səhabələr) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!" (əl-Fəth: 29)
Bu ayədə Allah təalə Peyğəmbərin ﷺ cəmi səhabələrini tərifləmişdir. Demək, onlar əslində tərifə layiqdirlər. Peyğəmbər ﷺ buyurmuşdur: "Mənim səhabələrimi söyməyin! Əgər sizlərdən biriniz Uhud dağı qədər qızıl sədəqə versə, bu onların (səhabələrin) sədəqə verdikləri bir ovuc və ya onun yarısına bərabər olmaz" (Buxari: Kitab Fədailus Səhabə, Bab Lov kuntu muttəxizən xəlilən, № 3673, Müslim: Fədailus Səhabə № 2540.)
Bu isə Peyğəmbərin ﷺ səhabələrinə bir tərifidir. Allah bütün səhabələrdən razı olsun... Amin!
Bu haqda kitabın "Səhabələrin ədaləti" adlı fəslində geniş danışılacaqdır.
Əbu Abdullah əl-Qəhtani özünün "Nuniyyə" adlı şeir əsərində belə bir söz deyir:

Tarixdə rəvayətçilər tərəfindən toplanan
və yazılan hər şeyi qəbul etmə!
Səhih hədisi öz əhlindən rəvayət et
Xüsusən müdrik və təcrübəlilərdən
Buna İbn əl-Museyyib, əl-Əla, Malik
əl-Leys, əz-Zuhri yaxud Sufyan nümunədir.

Yəni, əgər doğru tarixi bilmək istəyirsənsə, onu rəvayət edənlər şeirdə adlarını çəkdiklərim və onlar kimi etibarlı rəvayətçilərdir. Bir çoxlarının səhabələrin tarixini nəzərdə tutaraq "bizim tariximiz qaranlıq və anlaşılmazdır" – demələrinə aldanma! Əksinə, müsəlmanların tarixi alnıaçıq, parlaq və şərəfli bir tarixdir. İnsan bu tarixi oxuduqca ondan həzz alır.
Kim tarix haqda daha geniş məlumat almaq istəyirsə, tarix kitablarına müraciət etsin! Buna misal olaraq Təbərinin "Tarix ət-Təbəri" adı ilə məşhur olan "Millətlər və hökmdarlar tarixi", İbn Kəsirin "əl-Bidəyə vən Nihayə", Zəhəbinin "Tarixul İslam" və s. mötəbər kitabları göstərmək olar.
Təbərinin "Tarix" kitabı İslam tarixində ən mühüm kitab hesab olunur. O qədər insanlar var ki, Təbərinin "Tarix" kitabından sitatlar gətirir. Əhli sünnə ilə yanaşı, digər məzhəb nümayəndələri də bu məxəzə (elmi mənbəyə) müraciət edirlər.
Görəsən, nə üçün Təbərinin "Tarix"i digərlərindən daha üstün sayılır?
Təbərinin "Tarix"inin daha üstün olmasının bir neçə səbəbi vardır:
1. Təbəri (Allah ona rəhmət etsin!) həmin hadisələrə daha yaxın zamanda yaşamışdır;
2. Təbəri rəvayətləri isnadla rəvayət edir;
3. Təbərinin zəkası və elmi nailiyyətləri yüksəkdir;
4. Tarix kitablarının əksəriyyəti məlumatları ondan götürür.
Demək biz, tarixi öyrənmək istədikdə birbaşa Təbərinin tarixindən götürməliyik. Amma dediyimiz kimi hər kəs, hətta bidətçilər də Təbərinin tarixindən sitat gətirirlər. Bəs biz bunu necə səhmana sala bilərik?
Dediyimiz kimi Təbəri tarix kitabında yalnız isnadla rəvayət edir. Əhli Sünnə Təbərinin "Tarix"indən yalnız səhih isnadlı rəvayətləri qəbul edir. Bidətçilər isə ağına-bozuna baxmadan hər nə olsa, ondan nəql edirlər. Onların əsası odur ki, rəvayət onların istəklərinə uyğun olsun. Belə olan təqdirdə biz İmam Təbərinin "Tarix" kitabının üslubu, metodu ilə tanış olmalıyıq.

İmam Təbərinin Tarix kitabının metodu.
Bu məsələdə İmam Təbəri kitabının əvvəlində yazdığı ön sözlə işimizi yüngülləşdirmişdir. Onun bu kitabını oxuyanlar yaxşı olar ki, həmin ön sözü nəzərdən qaçırmasınlar. Ümumiyyətlə, hər hansı bir kitabı oxuyarkən onun müəllifinin metodunu anlamaq üçün "ön söz" bölümünü də oxumaq lazımdır.
İmam Təbəri (Allah ona rəhmət etsin!) kitabının ön sözündə buyurur:
"Bizim bu kitabımızı oxuyan adam bilməlidir ki, mənim bu kitabda topladığım məlumatlar mənim eşitdiyim və rəvayətlərdə tapdığım məlumatlardır. Bu kitabımda olan hansısa xoşagəlməz və ya qeyri-məqbul rəvayəti kimsə isnad baxımından etibarsız saydığı və ya həqiqətə uyğun olmadığı üçün qəbul etməyə bilər. Belə halda bilmək lazımdır ki, bunu biz özümüzdən yazmamışıq, bu sadəcə olaraq rəvayətçilərin bizə çatdırdığı məlumatlardır. Biz sadəcə olaraq bizə çatanı olduğu şəkildə çatdırmışıq" .(Təbərinin "Tarix" kitabının ön sözü: səh 5.)
Mənə elə gəlir ki, İmam Təbəri kitabına yazdığı bu ön sözü ilə tarixi oxucunun öhdəsinə buraxmışdır. Sanki o, oxucuya deyir: "Əgər sən bu kitabımda hər hansı bir xoşagəlməz və ya qeyri-məqbul məlumata rastlasan, onda bax gör biz onu kimdən rəvayət etmişik. Bu artıq mənim (Təbərinin) deyil, o rəvayətçinin məsuliyyətidir. Mənim boynuma düşən sadəcə olaraq məlumatı eşitdiyim rəvayətçinin adını çəkməkdir. Bax əgər o rəvayətçi etibarlıdırsa, onun məlumatını qəbul et, yox əgər etibarsızdırsa onda həmin məlumatları qəbul etmə!"
Bu qaydaya əksər hədis alimləri riayət etmişdir. Əgər Buxari və Muslimdən başqa hədis kitablarına, məsələn, Tirmizinin, Əbu Davudun, Daraqutninin, Dariminin, Əhmədin və ya başqalarının kitablarına baxsan, görərsən ki, onlar səhih hədisi də isnadla rəvayət edirlər. Onlar Buxari və Muslim kimi yalnız səhih hədisləri rəvayət edəcəklərinə dair söz vermədikləri üçün yalnız hədisi isnadla rəvayət etməklə kifayətlənirlər. Qalanı isə sənin öz boynuna düşür. Yəni oxucu özü hədisi araşdırır və onun məqbul yaxud qeyri-məqbul olmasını təyin edir. Təbəri də öz tarixində yalnız doğru məlumatları yazmağa söz verməmiş, o sadəcə olaraq rəvayəti eşitdiyi adamın adını yazmağa söz vermişdir. Belə olan halda İmam Təbəriyə (Allah ona rəhmət etsin!) heç kəs irad tuta bilməz.
Təbəri öz tarixində Əbu Mixnəf ləqəbli Lut ibn Yəhya adlı rəvayətçidən çoxlu rəvayətlər nəql etmişdir. Təbəri bu rəvayətçidən beş yüz səksən yeddi (587) rəvayət nəql etmişdir. Həmin rəvayətlər Peyğəmbərin ﷺ vəfatından başlayıb Yezidin xilafətində bitir. Biz də bu kitabda həmin tarixi zamandan danışacayıq. Bu mövzu içərisində: Səqifə ibn Saidə, şura məsələsi, xəvariclərin Osmana t qarşı üsyanlarına səbəblər, daha sonra onun qətli, Əlinin xilafəti, Cəməl və Siffin döyüşü, təhkim hadisəsi, Nəhrəvan döyüşü, Müaviyənin xilafəti, Hüseynin qətli və s. hadisələr haqda danışacağıq. Bütün bu hadisələrdə Əbu Mixnəfin rəvayətləri mövcuddur. Bidətçilər də bu rəvayətlərə əsaslanırlar. Bu haqda təkcə Əbu Mixnəfin adı çəkilmir, sadəcə o, adı çəkilənlərin ən məşhurudur. Bu dövrün hadisələrini işıqlandırmağa çalışan başqa rəvayətçilər də mövcuddur. Məsələn, Əl-Vaqidi həmin rəvayətçilərdən biridir. Lakin o, yalançılıqda ittiham olunmuş və bu səbəbdən də onun rəvayətləri tərk edilmişdir. Onun böyük tarixçi alim olmasına heç şübhə yoxdur, ancaq rəvayət etmə baxımından o, etibarsız sayılır. Üçüncü rəvayətçi isə Seyf İbn Ömər ət-Təmimidir. O da tanınmış tarixçidir, amma buna baxmayaraq o da yalançılıqda ittiham olunduğuna görə rəvayətləri tərk edilmişdir. Həmçinin Kəlbi adlı rəvayətçini qeyd etmək olar. O, məşhur yalançıdır. Ona görə də bunların və bunlara oxşar rəvayətçilərin rəvayətlərini dəqiqləşdirmək lazımdır.
Əbu Mixnəfə gəlincə, İbn Məin adlı alim onun etibarsız rəvayətçi olduğunu söyləmişdir. Əbu Hatim isə demişdir: "Onun rəvayətləri tərk edilmişdir!". Bir dəfə ondan Əbu Mixnəf haqda soruşduqda əlini yelləyərək belə demişdir: "Bu haqda kimsə nəsə soruşur?!" Daraqutnu onun "zəif" (etibarsız) olduğunu söyləmişdir. Zəhəbi isə onun rəvayət etmə xüsusiyyətini qabardaraq belə demişdir: "O özündən rəvayət yazan idi, ona inanmaq olmaz!". (Mizanul İtidal: 3/419. əl-Cərhu vət Tədil: 7/182. Lisanul Mizan: 4/492.)
Sən də Təbərinin "Tarix" kitabını açıb orada səhabələr haqda məzəmmət olunan rəvayət tapsan və həmin rəvayəti Təbərinin Əbu Mixnəfdən nəql etdiyini görsən, onu bir kənara at! Sual olunur: Nə üçün?! Çünki bu, Əbu Mixnəfin rəvayətlərindəndir.
Həmin bu Əbu Mixnəf bidət, yalan və çox mənfi rəvayətli xüsusiyyətləri özündə cəm etmişdir. O, bidətçi, yalançı və rəvayət uydurandır.

Rəvayətçilərin tarixi təhrif etmək üçün istifadə etdikləri üsullar!
1. Uydurma və yalanlar:
Onlar hər hansı hadisə haqda rəvayət uydurmaqla məşğul olurdular. Məsələn, onlar bir rəvayət uydurub deyiblər ki, guya "Aişə Əlinin t ölüm xəbərini eşidərkən Allaha şükr səcdəsi etmişdir". Bu, sırf yalan xəbərdir.
2. Hər hansı bir hadisəni təhrif etmək məqsədilə ona edilən əlavələr və ya ixtisarlar:
Məsələn, Səqifə hadisəsində olduğu kimi, hadisənin özü doğru olmasına baxmayaraq onu təhrif edirlər. Səqifə hadisəsi əslində doğru hadisədir. Həmin hadisə zamanı bir tərəfdə Əbu Bəkr, Ömər, Əbu Ubeydə, digər tərəfdə isə Hubbab İbn Əl-Munzir, Səəd ibn Ubadə və başqa ənsarlar öz aralarında birləşmişdilər. Lakin yalançı rəvayətçilər buna əlavələr etmiş və bununla baş verən həqiqəti təhrif etməyə çalışmışlar. Bu haqda irəlidə danışacağıq.
3. Hadisələrin batil yozumu:
Bu, bir rəvayətçinin hansısa hadisəni öz nəfsi istəklərinə, batil məzhəbinə və etidiyi bidətə uyğun şərh etməsidir.
4. Kimlərinsə səhvlərini və nöqsanlarını qabartmaq:
Bu, baş vermiş hadisələrdə öz əksini tapır. Lakin hadisəni nəql edən rəvayətçi öz rəvayətini yalnız orada baş verən xətalar üzərində qurar və müsbət keyfiyyətləri gizlədər.
5. Tarixi hadisələri dəstəkləmək üçün şeirlər uydurmaq:
Məsələn, onlardan kimsə şeir yazaraq onu möminlərin əmiri Əli İbn Əbu Talibə t, yaxud möminlərin anası Aişəyə, yaxud Zubeyrə t, yaxud da Təlhaya t nisbət edərlər. Məqsəd isə hansısa səhabənin başqasına tənə etməsini uydurmaqdır. Necə ki, İbn Abbasın t Aişə haqda belə bir şeir deməsini uydurmuşlar:
Qatır mindin, dəvə mindin nə fərqi
İstəyirsən, fil də min, fitnə sal, qan tök!
6. Uydurma kitablar və məktublar yazmaq:
Osmanın qətli bəhsində inşallah, bu haqda söhbət açacaq, Osmanın, Aişənin, Əlinin, Talhanın, Zubeyrin y və başqalarının adlarından yazılan uydurma kitabları qeyd edəcəyik.
Buna misal olaraq Əlinin t adından uydurulmuş məşhur kitabı və İbn Quteybənin (Allah ona rəhmət etsin!) adından uydurulmuş "Əl-İmamə vəs siyasət" adlı kitabları qeyd etmək olar. (Bunun üçün İbn Quteybənin (Allah ona rəhmət etsin!) Əhməd Səqr tərəfindən tədqiq edilmiş "Təvili Muşkilil Quran" adlı kitabının ön sözünə bax. səh 32.)

Bidətçilərin İslam tarixinə vurduqları ləkə və təhriflər.
Tarixdə yalançılıqda ilk yeri tutan firqə səhabələri söyən təriqətdir. Ona görə elm adamları kiminsə yalançı olduğunu bildirmək üçün hərdən səhabələri söyən təriqətləri misal çəkərlər. Bu misal onların çox yalan danışan olduqlarını göstərir.
Ə`məş (Allah ona rəhmət etsin!) deyir ki: "Mən elə insanlar görmüşəm ki, onları yalnız yalançılar adlandırırdılar".
Şureyk əl-Qadi (Allah ona rəhmət etsin!) deyir: "Səhabələri söyənlərdən başqa qarşılaşdığın hər kəsdən elm öyrən! Çünki onlar hədis uydurur və sonra onu özlərinə din edirlər".
İmam Şafii (Allah ona rəhmət etsin!) buyurur: "Mən Səhabələri söyənlərdən daha çox yalan yerə şahidlik edən kəslər görməmişəm". Demək istəyirəm ki, başqa bidət firqələrin də yalan danışmasına baxmayaraq, bu firqə daha çox yalan danışmaq, hədislər uydurmaqla məşhurdur.

Əhli-sünnə hədislərin və rəvayətlərin qəbulunda nə zamandan araşdırma aparmağa başlamışdır?
Bu araşdırmalar müdrik tabein (səhabələrin tələbəsi) Məhəmməd İbn Sirinin (Allah ona rəhmət etsin!) buyurduğu kimi fitnədən sonra başladı. O buyurur: "Müsəlmanlar hədisləri danışıb dinləyərkən isnad haqqında soruşmazdılar. Fitnə baş verdikdən sonra isə onlar: "Bizə kimdən eşitdiyinizi söyləyin!" – deyərdilər. Əgər adam Əhli Sünnəyə mənsubdursa, hədisi qəbul edilər, bidət əhlindən isə hədis qəbul edilməzdi" (Bax: Səhih Müslimin ön sözü, "əl-İsnad minəd din" fəsli.)
Əsas insanlar arasında etibar qazanmaqdır. İbn Sirin görkəmli tabeinlərdən biri olmuş, səhabələri görmüş, böyük və kiçik tabeinlərlə bir dövrdə yaşamışdır. Burada qəsd edilən fitnə səhabələri söyən və onların qanını halal görən xəvariclər və qədərilər kimi bidət əhlinin zühurudur.