Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Kafi Kitabında Heyrətamiz "Elmi Kəşf"

İmam Cəfərdən soruşdular: “Yer nəyin üzərindədir? İmam buyurdu: “Yer balinanın üzərindədir.” Ravi soruşdu: “Bəs, balina nəyin üzərindədir?” İmam dedi: “Suyun içində” Ravi soruşdu: “Bəs, su nəyin üzərindədir?” İmam dedi: “Qayanın üzərindədir.” Ravi soruşdu: “Qaya nəyin üzərindədir?” İmam dedi: “Qaya öküzün buynuzları üzərindədir.” Ravi soruşdu: “Öküz nəyin üzərindədir?” İmam: “Öküz isə torpaq üzərində dayanıb" (“Kafi” 8-ci cild, 55-ci rəvayət)
Yeri gəlmişkən şiələrin böyük hədis alimi sayılan Molla Bağir Məclisi Kafiyə yazdığı şərhində, yəni özünün “Miratul uqul” adlı əsərində bu hədisin səhih olduğunu qeyd edir.

Zəlzələ və onun səbəbi:
İmam Cəfər demişdir: “Yerüzünü daşıyan balığa elə gəlmişdir ki, o yeri öz gücü ilə daşıyır. Ona görə də Allah ölcüsü təxmini əl boyda olan balaca bir balığ göndərdi və o balığ yeri üzərində daşıyan böyük balığın burnuna girdi. Yeri daşıyan balığ özünü itirib, 40 gün bu cür huşsuz vəziyyətdə qaldı. Allah ona rəhm edib, burnundan balaca balığı çıxartdı. Beləcə Allah hər dəfəsində yerüzündə zəlzələ yaratmaq istədikdə həmin balaca balığı yeri daşıyan böyük balığa göndərir, o diksinəndə, yer də titrəyir” (“Kafi” c.8, səh 212)
Təbii ki, bunu da yeni elmi bir kəşf saymaq olar. Adam bilmir bu cür kəşflərə görə sevinsin, yoxsa gülsün ya da oturub ağlasın.
Yeri gəlmişkən Kafi kitabının tədqiqatçısı Nəini bu kitabın dəyəri haqda belə demişdir: “Kafinin isnadını araşdırmaq aciz insanın işidir”. (“Kitabul intisar fi sihhatil kafi” kitabı, səhifə 8.)