Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Əhli Beytlə Bağlı Bir Şübhəyə Cavab
Şübhə belədir: Şiələr deyirlər ki, Şura surəsinin 23-cü ayəsində keçən قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ "De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm” ifadəsi Peyğəmbərin ﷺ ailəsi, Əhli Beyti haqqındadır. Əslində isə burada Peyğəmbərin ﷺ əhli beyti deyil, özü ilə Məkkə müşrikləri, Qureyş qəbiləsi arasındakı qohumluq sevgisi nəzərdə tutulur. Öncə qeyd edək ki, bu şübhəyə cavab verməyimiz əhli beytin fəzilətini inkar etmək deyil, əksinə, ayəni öz kontekstindən çıxardıb insanları çaşdıranlara bir cavabdır. Lakin əhli beytin fəzilətinə gəldikdə biz əhli beytin sevgisi ilə Allaha yaxınlaşırıq və bu bizim etiqadımızdır, bu haqda heç bir şübhə ola bilməz. Cavabımızın təfsilatı isə belədir:
Birincisi: Ayənin doğru təfsirinə gəldkdə; İbn Aşur (Allah ona rəhmət etsin) belə buyurmuşdur: "Ayənin mənası, cümlə quruluşunun tələbinə uyğun olaraq belədir: "Mən sizdən Quran təbliği müqabilində heç bir mükafat istəmirəm, istədiyim tək şey mənə sevgi bəsləməyinizdir". Yəni, aramızdakı qohumluq (Qureyş nəsəbi) xatirinə mənə düşmənçilik deyil, sevgi və xoş münasibət göstərin. Bəzi təfsirçilərin "bunun mənası: mənim qohumlarımı sevin deməkdir" şəklindəki izahı, ərəb dilinin üslubu nəzərə alınmadan başa düşülmüş bir mənadır. Peyğəmbər ﷺ ailəsinə, onunla əlaqəli olan şeyləri sevmək mənasında məhəbbət bəsləməyə gəlincə, bu, müsəlmanların əxlaqından sayılır və başqa dəlillərlə də təsdiq olunur. Peyğəmbər, onlardan xüsusi olaraq sevgi istədi, çünki onlara sevgi ilə yanaşmaq İslam dəvətinin yayılmasına kömək edir. Bu münasibət onların inadını yumşaldır, müqaviməti dayandırırlar və beləliklə, o, İslam dəvətini daha mükəmməl şəkildə çatdırmağa müvəffəq olur. Nəticədə, bu sevgi, Peyğəmbərin şəxsi mənfəəti üçün deyil, sırf dini bir məqsədə xidmət edən bir vasitəyə çevrilmişdir" (1).
İkincisi: Əgər bu Məkkə müşriklərinə edilən xitabda mal, mülk və peyğəmbərin şəxsi qohumları önə çəkilsəydi, bu istəklər Allah rızası üçün olan dəvət məqamına uyğun olmazdı; Gəlin düşünək, əgər Peyğəmbər ﷺ Məkkə müşriklərinə ancaq öz ailəsindən olan qohumlarını sevməyi tələb etsə və öz aralarındakı qohumluq bağını qeyd etməsəydi, bu məqama uyğun iş görmüş olmazdı. Çünki bu məqam İslama dəvət məqamıdır deyə o, özüylə onları yaxınlaşdıran hansısa bir şeyi xatırlatmalı idi. Bu məqam onlara qarşı əlavə tələb qoymaq məqamı deyildi. Yaxud desəydi ki, "sizdən bunun əvəzində pul istəyirəm", bu da başqa ayələrə zidd olardı. Yaxud desəydi ki, "sizin kralınız, rəhbəriniz olmaq istəyirəm", yenə bu ifadə başqa ayələrə zidd olardı. Ona görə də deyirik ki, əgər Peyğəmbər ﷺ bu məqamda "ailəmə yaxşı baxın və ya hörmət edin" desəydi, bu ifadə yenə şəxsi mənfəətdir və başqa ayələrə ziddir. Axı Quranın bir çox ayələrində Allah peyğəmbərinə belə deməyi əmr etmirmi? "De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”.(Furqan. 57). Digər ayədə buyurmurmu ki: "Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir". (əş-Şüəra. 109). Bir başqa ayədə isə belə buyurmamışdırmı? "De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Kitab) aləmlər üçün yalnız bir xatırlatmadır”. (Ənam. 90).(2).
Ona görə də alimlərimiz bu ayəni haqlı olaraq belə başa düşüblər: "Ey Muhəmməd! Qureyşdən olan qövmünə de: "Mən sizə Quranı və Allahın mesajını təbliğ etdiyimə görə sizdən heç bir mal-dövlət istəmirəm. Lakin aramızdakı qohumluq bağlarına görə məni sevməyinizi istəyirəm. Məni təkzib edərək və mənə düşmənçilik bəsləyərək aramızdakı qohumluq əlaqələrini qoparmayın" (3).
Üçüncüsü: Bu ayə nazil olarkən hələ Əli ibn Əbu Talib (رضي الله عنه) Fatimə (رضي الله عنها) ilə evlənməmişdi. O zaman bu ayə Əhli Beytə necə aid ola bilərdi ki?; Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) bu ayə haqqında demişdir: "İbn Abbas əhli beytin böyüklərindən və Quran təfsirini ən yaxşı bilənlərindən idi. Bu da onun özündən sabit olan təfsiridir... Bunu bəyan edən amil odur ki, Rəsulullah ﷺ əslində (təbliğ müqabilində) heç bir mükafat, qarşılıq istəmir, onun mükafatı yalnız Allaha aidir. Əhli Beyti sevmək və onlara bağlı olmaq isə müsəlmanların üzərinə düşən bir vəzifədir. Lakin bu sevgi, bu ayə ilə deyil, başqa dəlillərlə sabitdir. Bizim Əhli Beytə olan sevgimiz Peyğəmbərin ﷺ mükafatı qəbilindən heç nəyi təşkil etmir. Həmçinin, bu ayə Məkkədə nazil olmuşdur; o zaman hələ Əli Fatimə ilə evlənməmişdi və onun övladları da dünyaya gəlməmişdi" (4).
Dördüncüsü: Bəs özü Əhli Beytdən olan İbn Abbas (رضي الله عنهما) bu ayəni necə təfsir etmişdi? Onun təfsiri bax bu cür idi; İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət olunur ki, ondan "Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm" (Şura surəsi, 23) ayəsi barədə soruşuldu. Səid ibn Cubeyr: "Bu, Məhəmməd peyğəmbərin ﷺ ailəsinə (Əhli-Beytinə) olan qohumluqdur" – deyə cavab verdi. İbn Abbas isə ona: "Tələsdin! Şübhəsiz ki, Qureyş qəbiləsindən elə bir tayfa yox idi ki, Peyğəmbərin ﷺ onlarla qohumluq əlaqəsi olmasın. Yəni: "Heç olmasa, mənimlə sizin aranızda olan bu qohumluq bağlarına görə mənə əziyyət verməyin və qohumluq haqqını qoruyun" – dedi" (5).
Sonda aydın olur ki, həm lüğəvi cəhətdən, həm şəri, həm də əqli cəhətdən burada yalnız bir doğru məna var və Peyğəmbərin ﷺəhli beytindən, ailəsindən deyil, Qureyş qəbiləsi ilə ümumi qohumluq əlaqələrindən söhbət gedir.
Qeydlər və istinadlar:
1 – ət-Təhrir vət-Tənvir. İbn Aşur. 25/82-83. Şura surəsi, 23-cü ayənin təfsiri.
2 – Həmçinin bax: Həmçinin Hud 29 və 51-ci ayələr; Səba 47 və Sad 86.
3 – Bax: İbn Cəririn təfsiri (20/ 494, 501, 502); Vahidinin "əl-Vəciz" əsəri (səh. 964); Qurtubinin təfsiri (16/ 21); İbn əl-Qeyyimin "Bədai əl-Fəvaid" əsəri (3/129); İbn Kəsirin təfsiri (7/ 199); Qasiminin təfsiri (8/ 363); Sədinin təfsiri (səh. 757); Şinqitinin "Ədva əl-Bəyan" əsəri (7/ 69, 70)".
4 – Bax: İbn Teymiyyə, "Minhəcüs-Sünnə ən-Nəbəviyyə". (4/ 26, 27); həmçinin bax: "Minhəcüs-Sünnə ən-Nəbəviyyə". (4/ 562,563).
5 – Səhih əl-Buxari, Muhəmməd ibn İsmayıl əl-Buxari. 4818.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR