Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Milçək Hədisi haqda şübhəyə cavab

Şübhə belədir: Bir hədisdə İslam peyğəmbəri içəcəyinə milçək düşən kimsənin o milçəyi çevirib o biri qanadını da içəcəyinə batırıb çıxarmağı tövsiyə edib və deyib ki, bir qanadında şəfa, digərində isə xəstəlik var. Bunu necə başa düşək?
Cavab belədir: Cavabımız iki qismə bölünür. Qısa cavab və ətraflı cavab. Qısa cavabımız belədir: Bu hədis mötəbər hədisdir. Ən əsas ləfzi Səhih əl-Buxari əsərində verilib. Hədisin peyğəmbər tərəfindən sabit yolla gəlməsi bizə məlum olduqda yəqin şəkildə bilirik ki, bu hədis heç cürə nə ağla, nə də elmə zidd ola bilməz(1). Çünki hədis bəzilərinin qərəzli və yanlış bir şəkildə iddia etdiyi kimi milçəyin qanadının bütün xəstəliklərə şəfa olduğunu bildirmir. Yaxud bu hədis bəzilərinin iddia etdiyi başqa həşəratların qanadına yozulan batil mənaları özündə daşımır. O cümlədən də bu hədisin mənası milçəyin qanadını dərman kimi istifadə etmək tövsiyəsini də özündə daşımır. Hədisin mənası açıq-aydındır, deyilir ki, milçəyin bir qanadında zəhər, digərində isə panzəhər var. Milçək içiləsi bir şeyin və ya qidanın içinə düşərsə, birinci zəhər olan qanadını salır, bunu görən kimsə onun panzəhər olan qanadını eyni yerə daxil etdikdən sonra milçəyi tullayır. Hər bir halda milçək eyni yerə düşüb və eyni yerdə qeyd edilən prossesə riayət edildikdən sonra milçək atılır. Hədisin ilk hissəsi ikinci hissəsini məntiqi olaraq təsdiqləyir. Çünki ağıl sahibi bir insan bilir ki, əgər milçəyin iki qanadından biri zəhər, digəri isə panzəhər daşıyırsa, bu iki maddə eyni yerə daxil edilməlidir. Deməli, əqli cəhətdən burada bir problem yoxdur. Qalır mövzunun elmi isbatına, elm də isbat edir ki, milçəyin bir qanadında zəhər, digərində isə panzəhər var və qarşıda bunun ətraflı izahı veriləcəkdir. Mövzunu emosional tərəflərə və ya milçəkdən iyrənmə aspektinə çəkmək doğru deyil. Çünki kimsə milçəyi qəsdən boşqabına atmır, bu hədisdə bir müsəlmanın real həyatda başına gələ biləcək normal bir duruma necə reaksiya verməsinin gərəkdiyi izah edilir.
• Ətraflı cavabımıza gəldikdə isə cavabımız belədir:
Birincisi: Hədis nə dərəcədə mötəbərdir? Hədisin isnadına gəldikdə bəziləri hədisi inkar eləməyə çalışıblar. Halbuki bu hədis səhihdir və çoxsaylı yollarla varid olmuşdur. Hədisin digər ləfzlərini yox. Məhz ən mötəbər qaynaqda verilmiş ləfzi oxuculara təqdim edirik: Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər ﷺ buyurdu: "Sizdən birinin içəcəyinə milçək düşərsə, qoy onun (o biri tərəfini içəcəyinə) batırsın, sonra çıxarsın. Çünki onun bir qanadında xəstəlik var, digər qanadında isə şəfa var".(2). Hədisin müxtəlif ləfzlərində bir qanadı üstə yeməyə düşən milçəyin digər qanadını yeməyə batırdıqdan sonra onu çıxarıb "tullamaq", "atmaq", "qovmaq" kimi mənaları ifadə edən sözlər işlənib. Bu hədisə digər hədis mənbələrində də rast gəlmək mümkündür. Məsələn, Nəsai "Sünən" əsərində(3), İbn Macə "Sünən" əsərində(4), Əbu Davud "Sünən" əsərində(5), imam Əhməd "Müsnəd" əsərində(6) və başqaları mötəbər yollarla rəvayət etmişlər. Bu hədislər əsasən peyğəmbərin dörd səhabəsi tərəfindən nəql edilmişdir. Əbu Hureyrə, Əbu Səid əl-Xudri, Ənəs ibn Malik və Əli ibn Əbu Talib (7).
Bu hədis ən çox etiraz edilən hədislərdəndir, ağılla və elmlə uyğun gəlmədiyi iddia edilir. Bu haqda çox araşdırmalar edilib, xüsusi yazılar yazılıb, iddialara cavablar verilib və bu cavab yazıları olduqca çoxdur.
İkincisi: Hədis təcrübi elmə ziddirmi?
Bu hədisə etiraz edənlər əsasən üç iddia irəli sürüblər:
1 – İddia ediblər ki, guya hədisdə milçək qanadının bütün xəstəliklərə faydalı olmasına ümumi şəkildə dəlalət edən məna var. Çünki, hədisdə milçəyin qanadının şəfa olması qeyd olunub. 2 – İddia edilir ki, bu hədisdə bütün uçan həşəratların da bu vəsfə malik olmasına dəlalət edən məna var. Guya bu yalnız bildiyimiz milçəyə aid deyil. 3 – İddia edilir ki, Tibb elmi milçəyin qanadında nə nə bir xəstəlik, nə də bir şəfa kəşf etməmişdir(????.
Birinci və ikinci iddiaya gəldikdə, burada batil iddia və qərəzli yanaşma var. Bu kimi sözləri müsəlman alimlərindən heç kim deməmişdir. Qeyd edilən dərman (şəfa) yalnız milçəyin digər qanadında olan xəstəliyə qarşıdır və ümumi olaraq bütün əstəliklərə aid deyil. Bu məna eyni hədisin gedişatından anlaşılır. Müsəlman alimlər də bunu belə başa düşüblər(9). Peyğəmbərin ﷺ bu mövzuda olan bütün hədislərdə "milçək" sözünü işlətməsi dəlildir ki, hədisdəki məna digər həşəratlara deyil, milçəyə aiddir. Bu məna aydın və aşkardır, hədisin zahiri mənasından başqa bir şeyə dəlalət yoxdur və ümumən də müsəlman alimlər belə başa düşüblər. Əgər kimsə dərmanla dolu bir aptekə girsə, orada olan bütün dəva (və ya şəfa) vasitələrinə dəva (dərman) deyilməsi doğru hesab edilər. Bununla yanaşı hər kəs ittifaq edib ki, bu dəvaların (dərmanların) hamısı bir dərman növüdür, lakin bunlar müəyyən bir xəstəliklərə dərman olmaq üzrə çərçivəlidir(10).
Üçüncü iddiaya gəldikdə isə, bu iddia nəyinsə olmadığını bilməyə o şey haqqında bir bilginin olmamasını dəlil gətirməkdir, hansı ki bu, əqli cəhətdən yanlışdır(11).
Əllamə Müəllimi رحمه الله demişdir: "Təbiət alimləri etiraf edirlər ki, onlar hər bir şeyi elmləri ilə əhatə edə bilmirlər. Onlar hələ də bəzi şeylər yavaş-yavaş kəşf edirlər. Əbu Riyyə və onun kimiləri onlara təbiət elmindən hələ çatmayan bir məsələni Allahın öz elçisinə ﷺ agah etməsini hansı iman ilə inkar edirlər?! Budur, şəriəti ortaya qoyan elə təbiəti yaradan və idarə edəndir! Uca Allah bilirdi ki, bəndələrindən bir çoxu yaşayış sıxıntısı içində olacaqdır! Ola bilsin ki, onlardan birinin qidası ancaq içəcəyi süd qədər olsun. Əgər onlara öyrədilsə ki, qidaya milçək düşəndə onun hamısını yerə tökmək lazımdır, bu onların malını zay etmək olar, onlara ağır gələr. Elə isə bu hədis həmin insanlara bir yardım qəbilindəndir. Hər kim ki, Allah və onun elçisini ﷺ təsdiqləmək olaraq (qidasına düşdüyü zaman) milçəyi iyrənc hesab etmək məsələsində öz nəfsinin havasına və təbiətinə müxalif olarsa, Allah ondan zərəri dəf edər. Beləcə, (qidaya) batmamış hissənin batırılması, batmış hissənin gətirdiyi zərəri aradan qaldırar. Təbiət alimləri də inanc (etiqad) gücünün böyük bir təsirinin olmasını təsdiqləyirlər. Gör indi mənşəyi Allaha və peyğəmbərə ﷺ bağlı olan bir etiqad nə qədər təsirli təsirlidir?!" (12). Buna baxmayaraq, keçmişdə bu barədə savadsızlıq anlaşılan bir hal idi. İndi isə, elmin inkişaf etdiyi bir zamanda milçəyin bir qanadında olan mikrobların mövcudluğunu, digər qanadında isə bunun əksinin olduğunu bilmək asandır. Bu haqda çoxsaylı araşdırmalar edilmişdir.
Üçüncüsü: Milçəklərin daşıdığı zəhər və ya bakteriyalarla bağlı elmi araşdırmalara gəldikdə isə:
Muhəmməd peyğəmbərin ﷺ haqqında danışdığımız hədisinə fikir versək, milçəyin qanadında zəhər və panzəhərin olması ilə bağlı iki məlumat verilir; milçəyin bədənindəki zəhər, bakteriya və s. ilə bağlı mövzunu bu günün elmi müxtəlif formalarda da olsa təsdiqləyir. Bu haqda internet üzərindən də kiçik bir araşdırma etməklə sadə məlumatları əldə edə bilərsiniz. Həmçinin, bu mövzunu "milçəyin bir qanadında toksin, digərində isə antitoksin var" deyə müzakirə edə bilərsiniz. Yaxud da bunu "zəhər" və "panzəhər" ifadələri ilə edə bilərsiniz. O cümlədən də, "bakteriya" və "antibakteriya maddəsi" ifadəsini seçə bilərsiniz və ya "bir qanadında dərd, digərində dərman vardır" deyə ifadələr seçə bilərsiniz, necə ki, bu mövzunun müzakirəsində belə ifadələrdən istifadə olunur. Hər bir halda fikir aydındır.
• Keçək bəzi araşdırmalar barədə məlumatlara, hansı ki, bu haqda məlumatların yayılmasına ehtiyac var və bəziləri bu məlumatların yayılmasında maraqlı deyil.
Keçən əsrin əvvəllərində həm müsəlman, həm də qeyri-müsəlman tibb alimlərinin milçək hədisinin doğruluğuna dair verdikləri şəhadətlər və faktlar mövcuddur. Bunlardan biri İngiltərənin "Təcrübi Tibb Jurnalı"nın (1927-ci il, 1307-ci say) dərc olunan və tərcüməsi belə olan məlumatdır:
"Milçəklərə bəzi xəstəliklərin mikrob kulturası yedizdirilmiş və bir müddət sonra həmin mikrobların məhv olduğu, izlərinin itdiyi müəyyən edilmişdir. Milçəyin bədənində «bakteriofaq» adlanan toksik (zəhərli) bir maddə formalaşır. Əgər milçəkdən duzlu məhlul vasitəsilə ekstrakt (xülasə) hazırlansa, bu, xəstəlik törədən dörd növ mikrobu məhv edə bilən «bakteriofaq» ilə zəngin olar. Bəzi qərbli həkimlər də bu barədə yazmışlar". Bununla da, bəzi səhlənkarların yalan hesab etdiyi bu hədisin, Rəsulullahın ﷺ doğruluğuna dair ən güclü elmi möcüzələrdən biri olduğu üzə çıxmışdır(13).
• Mahmud Kamal və Məhəmməd Əbdülmunim Hüseyn adlı həkimlərin “Milçək hədisində tibbin sözü” (14) adlı, elmi mənbələrlə dəstəklənən dəyərli bir araşdırmaları var. Orada qeyd olunur ki, bəzi avropalı alimlər (1947-1950-ci illər arasında) milçəkdən dizenteriya, tif və vəba mikrobları da daxil olmaqla müxtəlif mikrobları öldürən antibiotiklər hasil etməyi bacarıblar.
• "Alimlərin və tədqiqatçıların – xüsusilə tibb və xəstəliklərin müalicəsi sahəsində – bu şərəfli hədisin daşıdığı möcüzəyə işıq salan şəhadətləri və faktları hələ də ard-arda gəlməkdədir. Yaponiyanın Tokio Universitetinin professoru Xuan Alvares Bravo (Juan Alvarez Bravo) deyir: “İnsanın qəbul edə biləcəyi ən son şey xəstəxanada milçək görməkdir! Lakin tezliklə biz milçəkdən əldə edilən bir çox xəstəliklərin effektiv müalicəsinin şahidi olacağıq!(15)".
Bu professorun proqnozlaşdırdığı kimi, artıq baş verdi: "Auburn" universitetinin bir qrup tədqiqatçısı milçək tüpürcəyində xroniki yaraların və dərinin çatlamasının sağalmasını sürətləndirə bilən zülal kəşf edərək patent alıblar (16).
Təxminən iki il sonra Stanford Universitetinin tədqiqatçıları milçəklərdə insanın immun sistemini gücləndirə bilən bir maddəni ilk dəfə aşkar etdiklərini elan etdilər! (17).
• Milçəklərin bədənlərində antibiotikin olması elmi təcrübələrlə müəyyən edilmişdir. Bir qrup avstraliyalı tədqiqatçı (2012-ci ildə) bütün səylərini bunun üzərinə cəmləmişdir. "Makkuori" universitetinin (Macquarie University) "Bioloji Elmlər" şöbəsində bir qrup tədqiqatçı, milçəklərin çürük ət, meyvə və peyin də daxil olmaqla, hər cür çirkaba qarşı dözümlü olması nəzəriyyəsindən yola çıxaraq, milçəklərin sahib olduqları bu antibakterial xüsusiyyətləri müxtəlif inkişaf mərhələlərində üzə çıxarmaq üçün araşdırmalar aparıblar.
Melburn Mikrobiologiya Konfransı"nda öz elmi heyətinin yeni kəşfini təqdim edən xanım Coan Klark (Joanne Clarke) deyir: "Bu iş yeni antibiotiklərin tapılması üçün aparılan qlobal araşdırmaların kiçik bir hissəsidir, lakin biz daha əvvəl heç kimin baxmağı ağlına gətirmədiyi bir yerə diqqət yetirdik." Onun bəhs etdiyi bu layihə həm də doktorluq dissertasiyasının bir hissəsidir.
Xanım Klark bildirir ki, mədədə baş verən antibakterial xüsusiyyətlər milçəyin bədənində də mövcuddur və biz bu aktivliyi hər iki yerdə görə bilərik. O, həmçinin əlavə edir: "Milçəyin bədəninə fokuslanmağımızın səbəbi, onun daha asan ayrışdırıla bilən strukturda olmasıdır(18)".
• Bu mövzuda aparılmış ən güclü tədqiqatlardan biri Misirin Əzhər universitetinin "Elmlər" fakultəsinin tibbi entomologiya professoru və xəstəlik daşıyan həşəratların tədqiqi mərkəzinin direktoru, professor Dr. Mustafa İbrahim Həsənin "Milçəyin qanadlarında xəstəlik və dərman" (الداء والدواء في جناحي الذباب) başlıqlı tədqiqatıdır(19). Tədqiqat birbaşa üç növ müxtəlif milçəyin qanadları üzərində aparılmış və hədisdə deyilən həqiqəti təsdiqləmişdir.
Səudiyyə Ərəbistanının Qassim (Qasım) Universitetinin (20) "Tibbi Mikrobiologiya" Bölməsində aparılan bir təcrübənin nəticələri bunun elmi məntiqini sübut etmişdir. Araşdırmada keçən "kültürlü su" ifadəsi, suyun tərkibindəki mikroorqanizmləri (bakteriya, göbələk və s.) müəyyən etmək üçün laboratoriya şəraitində aparılan mikrobioloji analiz metoduna aiddir. Aparılan təcrübə və nəticələri belədir:
TƏCRÜBƏ A
Kultivasiya edilmiş (nümunə götürülən) su, steril su olan qabdan götürülmüşdür və qaba milçək düşmüşdür (Milçək suya batırılmamışdır). Kültür təcrübəsi üçün qabdan götürülən suda E. Coli tipli patogen (mikrob yaradan) bakterial çoxalma görülmüşdür.
QAB 1
Kultivasiya edilmiş su eyni mənbə qabından götürülmüşdür. Bu dəfə milçək suya tamamilə batırılmışdır. Qab 2-də (A təcrübəsində) görülən bakterial çoxalmanın tamamilə yox olduğu aydın görünür. Qab 1-də çoxalan yeni bakteriya Actinomyces (Aktinomiset) kimi tanınır və faydalı antibiotiklər bundan əldə edilir. Bunun Qab 2-də (A təcrübəsində) olan bakterial çoxalmanı necə əngəllədiyi aydın şəkildə görünür .(21)
TƏCRÜBƏ B
Təcrübə "A"-nın eynisidir, lakin bu dəfə başqa bir milçəklə aparılmışdır.
QAB 2:
Kültürlü su nümunəsi steril su olan qabdan götürülüb və qaba milçək düşüb (milçək suya batırılmayıb). Kültür təcrübəsi üçün qabdan götürülən suda Corynebacterium [Diphtheroid (Difteriya basili) tipli Patojenik (mikrob törədən)] bakterial çoxalma müşahidə olunub.
QAB 1:
Kültürlü su nümunəsi eyni mənbə qabından götürülüb. Bu dəfə milçək suya tamamilə batırılıb. Qab 2-də müşahidə olunan bakterial çoxalmanın tamamilə yox olduğu aydın görünür. Qab 1-də çoxalan yeni bakteriya Actinomyces (Aktinomiset) kimi tanınır və faydalı antibiotiklərin %70-dən çoxu bundan əldə edilir. Bunun Qab 2-dəki bakterial çoxalmanın qarşısını necə aldığı aydın görünür (22).
TƏCRÜBƏ C
Bu, əvvəlki təcrübələrin eynisidir, lakin fərqli bir milçəklə aparılmışdır.
QAB 2- Kültürlü su nümunəsi steril su olan qabdan götürülmüş və qaba milçək düşmüşdür (Milçək suya batırılmamışdır). Kultur təcrübəsi üçün qabdan götürülən suda Staphylococcus sp. [(Stafilokokk Tipi) Patogen (mikrob törədən)] bakterial çoxalma müşahidə edilmişdir.
QAB 1- Kültürlü su nümunəsi eyni mənbə qabından götürülmüşdür. Bu dəfə milçək suya tamamilə batırılmışdır. Qab 2-də görünən bakterial çoxalmanın tamamilə yox olduğu aydın şəkildə görünür. Qab 1-də çoxalan yeni bakteriya Actinomyces (Aktinomiset) olaraq bilinir və faydalı antibiotiklər bundan əldə edilə bilər. Bunun Qab 2-də olan bakterial çoxalmanın qarşısını necə aldığı aydın şəkildə görünür.
Salmonellas (Salmonella) + proteus sp. tipli xəstəlik törədən başqa bakteriya növlərində də eyni nəticələr alınmışdır.
Mikrobiologiyadakı ən son araşdırmalar Peyğəmbərin ﷺ XV əsr əvvəl bildirdiyi tövsiyənin tibbi izahını verməklə, sanki onu təsdiq edir (23).
• Bu tipli bəzi tədqiqatlar ərəbcə yazılmış "Milçək hədisi möcüzəsi" adlı kitabçada nəql edilir; Bu araşdırmaları nəql edib yazını çox uzatmaq istəmirik, doğrudan da bu mövzuda çoxsaylı araşdırmalar var. Qeyd edilən kitabçada araşdırmalar bütün detalları və sənədlərinin surətləri ilə verilmişdir. Həmin araşdırmalardan Misirdə yerləşən "Milli Araşdırmalar Mərkəzi" (مركز القومي للبحوث) tabeçiliyində Sara Muhəmməd Ata tərəfindən edilmişdir. Araşdırma göstərmişdir ki, ev milçəyinin sağ qanadı sol qanadından fərqli olaraq məhlula batırıldığı zaman onu dezinfeksiya edə bilir. Digər bir araşdırma isə 2021-ci ildə İndoneziyanın "Sumatra" universitetinin "Elmlər" fakultəsində xüsusi elmi araşdırma heyəti tərəfindən edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, milçəyin bir qanadında olan bakteriya digər qanadında olan bakteriyanı öldürür. Digər bir araşdırma isə Misir və Səudiyyə Ərəbistanının iki universiteti arasında ("Ciddə" universiteti və "Yeni Vadi" universitetinin "Biologiya kafedraları) müştərək bir elmi araşdırma olaraq 2022-ci ildə aparılmışıdır. Bu araşdırma da eyni həqiqətləri ortaya qoymuşdur. Həmçinin 2022-ci ildə İndoneziyanın "Darus-Salam" universitetində beş araşdırmaçı tərəfindən milçəklər üzərində tədqiqat aparılmış və bu tədqiqatın nəticələri dünyaca məşhur PUBMED tibbi saytında yayımlanmışdır. Tədqiqat "Muska Domestika milçəyinin sağ qanadı – içkilərin mikroblara bulaşmasından bir qoruyucu kimi" adıyla işlənmişdir. Tədqiqatçılar milçəyin sağ qanadındakı panzəhərin mövcudluğunu təsdiqləmişlər(24).
Qeyd: Uzunçuluq olmasın deyə qeydlər istifadə olunmuş ədəbiyyat kommentdə verilib.
Yazdı: Sahib Əsədov

Qeydlər və istinadlar:
1 – Əksinə bu hədis Peyğəmbərin həqiqi, Allah tərəfindən olan peyğəmbər olduğunu göstərən əzəmətli hədislərdəndir.
2 – Səhih əl-Buxari. Yaradılışın başlanması kitabı. (4/130). No: 3320.
3 – Nəsai "Sünən". "Faru vəl-Atira" kitabı. "Milçək qabın içinə düşərsə" fəsli. (7/178). No: 4262.
4 – İbn Macə "Sünən". "Tibb" kitabı. "Milçək qabın içinə düşərsə" fəsli. (4/540). No: 3504.
5 – Əbu Davud "Sünən". "Yeməklər" kitabı. "Milçək yeməyə düşərsə" fəsli. (5/654). No: 3844.
6 – Əhməd "Müsnəd". (12/46). No: 7141 və (14/187). No: 8485 və (15/448). No: 9719.
7 – Məzin əl-Hədisinin "Tənbihul-Əlbəb li-İcəz Hədisuz-Zubəb" adlı məqaləsi.
8 – Dava Təarudus-Sünnə ən-Nəbəyiyyə məal-İlmit-Təcribi. Dr. Raşid əl-Həciri. Səh. 260.
9 – Öncəki mənbə. Səh. 260.
10 – Sünnə haqqında şübhələr. Əbdür-Rəzzaq Afifi. Səh. 52-53.
11 – Dava Təarudus-Sünnə ən-Nəbəyiyyə məal-İlmit-Təcribi. Dr. Raşid əl-Həciri. Səh. 260.
12 – Əbdür-Rəhman əl-Müəllimi əl-Yəməni. "əl-Ənvar əl-Kəşifəh". səh. 221.
13 – Bax: "əl-Mənar" jurnalı (29/372) və Əbu Şuhbənin "Sünnənin müdafiəsi və müstəşriqlərin şübhələrinə cavab" (səh. 170).
14 – Bax: Əbu Şuhbə, 'Difa’ anıs-Sunnə', s. 170 və ardı.
15 – The ointment in the fly: antibiotics, The Economist, December 3, 1994.
16 – Bax: Protein in Fly Saliva Speeds Healing of Incisions, Wounds, Auburn University, 23 Jan. 2005.
17 – Fruit Fly Insight Could Lead To New Vaccines, Stanford University, March 11, 2007. "Kəhil Elmi Möcüzələr" ensiklopediyasından götürülmüşdür.
18 – keçid: https://www.abc.net.au/sci.../articles/2002/10/01/689400.htm daxil olma tarixi: 12-05-2026.
19 – Verilmiş keçiddən daxil olaraq 20 səhifəlik kitabçada araşdırmanın ərəbcəsi ilə tanış ola bilərsiniz. Keçid: http://www.eajaz.org/pdf/12.pdf Daxil olma tarixi: 12-05-2026.
20 – Qasım (Qassim) universitetinin beynəlxalq aləmdə və Səudiyyə ərəbistanındakı reytinqi barədə:
"Qassim Universiteti, beynəlxalq rəqabətə vəsiqə qazanan 8 Səudiyyə universiteti arasında 2023-cü il Beynəlxalq Yaşıl Universitetlər (Greenmetric) reytinqində Səudiyyə universitetləri arasında birinci, ərəb ölkələri arasında ikinci və dünyada 1183 universitet arasında 62-ci yeri tutaraq böyük uğur əldə edib. Keçən il 153-cü yerdə olan universitet, bu il 90-dan çox pillə irəliləyərək elmi tədqiqatlar, təhsil prosesi, infrastruktur və tələbə fəaliyyətlərində davamlılıq standartlarına cavab verib, həmçinin ağacəkmə, suyun təmizlənməsi və enerjiyə qənaət kimi ekoloji təşəbbüsləri fəallaşdırıb. Universitet bu reytinqdə son illərdə sürətlə irəliləyir: 2019-cu ildə dünyada 342-ci, 2020-ci ildə 293-cü, 2021-ci ildə 151-ci, 2022-ci ildə isə 1050 universitet arasında 153-cü yerdə olmuşdur". Mənbə: https://www.qu.edu.sa/d_news/3403/ Qasım universitetinin rəsmi saytına istinadən. Regional Reytinqlər: QS-in 2025-ci il üçün ərəb regionu üzrə reytinqində 48-ci yerdə qərarlaşıb. U.S. News & World Report: "Ən Yaxşı Qlobal Universitetlər" siyahısında 913-cü yerdə (Səudiyyə Ərəbistanında 21-ci) göstərilir. Bu məlumatlarla yanaşı, Qasım (Qassim) universiteti dünya üzrə 601-ci pilləyə yüksələrək əvvəlki illə müqayisədə 200 pillə irəliləmişdir. (Bax: Times Higher Education (THE) World University Rankings 2025). Qeyd: bu qeydlər müxtəlif satatistikalar üzrə dəyişə bilər.
21 – https://sorularlaislamiyet.com saytında "Sineğin bir kanadında zehir, diğer kanadında panzehir olduğuna dair hadis var mıdır; yorumu nasıldır?" adlı məqalə. Daxil olma tarixi: 12-05-2026.
22 – Öncəki mənbə.
23 – Öncəki mənbə.
24 – Daha ətraflı şəkildə bax: "Milçək hədisi möcüzəsi" kitabçasının ərəbcəsinin pdf variantı. Keçid:
https://archive.org/.../20250129.../page/15/mode/2up Daxil olma tarixi: 12-05-2026.