Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Dinin yenilənməsi mümkündürmü?
Cavab: Dində yenilənmə التجديد dedikdə çox zaman yanlış mənalar başa düşülür. Lakin bu yenilənmənin bəzi halları var(1):
Birinci qism: o yenilənmə ki, dini öz saf əslinə qaytarmaq və nöqsanlardan təmizləməklə və ondan bütün növləri ilə bərabər əlavə edilmiş bidətləri təmizləməklə və dini Allahdan gəldiyi kimi izhar etməklə baş verir. Ərəb dilində də التجديد sözünün mənalarından biri budur: تكرار الشيء إعادته كما كان .(لسان العرب، ابن منظور "Yəni, bir şeyi olduğu kimi təkrar etmək və geriyə qaytarmaq". (İbn Mənzur. Lisanul-Arab).
"Təcdid" (yenilənmə) termini bu mənada dini öz əsl mənbəsinə qaytarmaqla və dini öyrənilmədən öncə olan ilk halına qaytarmaqla baş verir. Bu da dini Quran və Sünnəyə görə öyrənməkdir. Bunlara الثوابت الدينية (Dinin dəyişilməz sütunları) deyilir. Bu mənada dini öz sabit təməllərinə qaytarmaqla bu mövzuya yanaşmaq bir növ çoxsaylı dəyişikliklər, təhriflər meyilləri ilə təqdim olunan İslamı əslində zahirində əmələ gəlmiş səhv görünüşdən qurtarıb yeniləmək mənasını verir. Çünki həqiqi siması dəyişilməyə çalışılan çoxsaylı cəhdlərin içində dini öz kökünə, təməlinə qaytarmaq bu məqamda dini yeniləmək statusunu almış olur.
İkinci qism: İctihadi məsələlər vasitəsilə dinin yenilənməsidir; bu ictihad da vəhyə söykənir və dini terminlərdən "istidlal" və "istinbat" əsasında olur. "İstidlal" dəlilgətirməyə deyilir. "İstinbat" isə elm əhlinin dəlillərə baxıb mənalar çıxarmasıdır. Bu da dinin yenilənməsinin yollarından biridir. Çünki, İslam alimləri bu metodla zaman və məkanla əlaqədar olaraq yeni çıxan məsələlərə dinin sağlam, mötəbər mənbələrinə əsaslanaraq mövqe ortaya qoyurlar. Bu da İslam alimlərinin yekdilliklə qəbul etdiyi, dinin sağlam bir şəkildə, təhrif edilmədən yenilənməsi prossesidir!
Üçüncü qism isə, həyata aid məsələlərdə olan yeniliklərdir; buna dünyəvi məsələlər də deyə bilərik. İslam əhli etiqad edir ki, istehsal olunan şeylər, dərmanlar, qidalar sələflə bağlı bir şey deyil. Əksinə, bu məsələlər hər bir zaman əhlinin öz halına uyğun şeylərlə olur. Elə isə ilk zamanlarda insanların müalicə olunduğu şeylər bu zamanda yaşayan insanlara vacib deyil. Bu mövzuda sələf xələfdən üstün deyil. Deyilmir ki, sələf bu işdə xələfdən üstün olub. Əksinə, bu məsələrdə nəyinsə nədənsə daha üstün olması, seçimimizin olması halı mövcuddur. Bu kimi məsələlərdə təcrübə və etibarlı zənlər, sağlam ağılların üstün gördüyü mötəbər zənlər və ortaya çıxan gözəl faydalar əsas götürülür. Hansısa konkret geyimi geyinməkdə, yaxud miniyə minməkdə, yaxud dərmanı içməkdə məcburiyyət yoxdur, yaxud deyilə bilməz ki, bundan yaxşı geyim, minik, dərman və s. yoxdur. Əksinə, bu mövzu geniş bir mövzudur. Bu cür mövzular yeniliyə və yenilənmə üçün açıqdır. Qiyamətə kimi də bu qapı yenilik üçün açıqdır. Ona görə də Allah elçisi Muhəmməd (ﷺ) buyurmuşdur:
"Allah elə bir xəstəlik göndərməmişdir ki, onun dərmanını da göndərməsin. (Sadəcə) bilən bilir, bilməyən isə bundan qafil qalır".(2)
Yuxarıda qeyd olunan aspektlərlə dinin yenilənməsi mümkündür. Ancaq dinin əslinə zidd olan fikirlər, xurafatlar, mövhumatlar, başqa dinlərdən götürülmüş sapıq düşüncələr, yaxud dinə siyasi müdaxilələr vasitəsilə edilmiş "yenilik" adı altında dinə daxil edilmiş fikirlər dində sağlam yenilənmə ola bilməz və İslam uləması tərəfindən ittifaqla rədd edilir. Peyğəmbərimiz (صلى الله عليه وسلم) öz mübarək dili ilə bu cür "bidət" adı verdiyi dində edilən yenilikləri rədd edərək buyurmuşdur: "Hər bir bidət zəlalətdir, hər bir zəlalət də atəşdədir". (3). Burada "hər bir bidət" deyildikdə, dini əsası olmayan, sağlam, mötəbər dini qaynaqlara zidd olan bidətlər nəzərdə tutulur. Başqa bir kəlamında isə İslam Peyğəmbəri (صلى الله عليه وسلم) belə buyurmuşdur: "Kim bizim dinimizin üzərində olmadığı bir yeniliyi gətirərsə o, ondan rədd olunar". (4). Göründüyü kimi, bu cür yeniliklər İslamın təməl prinsiplərinə ziddir deyə və dini təhrif etdiyi üçün, onu öz saf, pak köklərindən ayırdığı üçün qəbul edilmir!
İstifadə edilmiş ədəbiyyat
1 – Məzallə fi Mu`tərakil-Avasif – Keyfə nətəaməlu mə movcətiş-Şubuhət əl-Muasırah? Ammar Əazam və İbrahim Siddiq. Səh. 370.
2 – Əhməd. 3922; İbn Hibban səhih demişdir. 6062.
3 - Səhihu Müslim. 867.
4 - Səhih əl-Buxari. 2697; Səhihu Müslim. 1718.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR