Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Rəcəb ayında edilən bidətlər

Əziz müsəlmanlar, biz bu günlərdə Rəcəb ayındayıq ki, bu ay uca Allahın haram aylarından biridir. Bu barədə Tövbə 36-cı ayəsində uca Allah belə buyurur: ﴾Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Allah bunu, göyləri və yeri yaratdığı gündə Öz Kitabında yazmışdır. Bu aylardan dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır﴿

Hələ cahiliyyət dönəmində ikən insanlar bu ayı əzəmətləşdirərdilər. Ömər ibn Xəttab (Allah ondan razı olsun) belə deyərdi : "Yemək yeyin! Həqiqətən bu elə bir aydır ki, bu ayı cahiliyyət toplumu əzəmətləşdirərdilər".

İslam şəriətinin əsaslarındandır ki, cahiliyyət əhlinə müxalif olsun. Lakin, günümüzdə bəzi, hətta bir çox müsəlmanlar bu ayı müəyyən əməllər edərək xüsusiləşdirirlər ki, bu əməllərin isə həqiqətdə nə Quranda, nə də sünnədə əsli yoxdur. Və beləcə həmən müsəlmanlar bu ayda bidətə düşürlər. Bu bidətlər aşağıdakılardır:

1. Bu ayda çoxlu oruc tutmağa çalışmaq. Hətta, bəzi müsəlmanlar bu ayı sanki Ramazan ayı imiş kimi tam şəkildə oruc tuturlar. Bu isə, təbii ki münkər bidət əməllərindəndir. Necə ki, Ömər ibn Xəttab (Allah ondan razı olsun) bu ayda insanları çox oruc tutmaqlarını qadağan edərdi. Eyni zamanda Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) da bu ayın hamısını oruc tutmaqdan çəkindirərdi. Çünki, bu əməl cahiliyyət əhlinin əməllərdən idi. Bu ay da oruc tutmaq məsələsində digər aylar kimidir. Necə ki, digər ayların müəyyən günlərində: hər həftənin 1-ci və 4-cü günləri, ağ günlər (hicri ayların 13-14-15-i günləri) oruc tutmaq varid olmuşdur.
2. Rəğaib namazı qılmaq. Bəzi müsəlmanlar etiqad edirlər ki, bu ayın ilk gecələrindən ilk cümə gecəsini oyaq keçirmək müstəhəbdir. Lakin, bu barədə varid olan hədis elm əhlinin icması ilə "səhih" deyildir. Necə ki, bunu Şeyxülislam ibn Teymiyyə, əl-İzzu ibn Abdis-Sələm, imam Nəvəvi və digər bir çox elm əhli söyləmişlər. Hətta bu namaz bu ümmətdə hicrətin beşinci əsrində ortaya çıxmışdır. Çünki, bu namaz nə Allah Rəsulunun ﷺ, nə səhabələrin, nə taabinlərin, nə də dörd məzhəb imamlarının dönəmində olmamışdır. Bu da onu göstərir ki, bu namaz sonradan ortaya çıxan namazdır ki, bu əməl də bidətdir.
3. İsra və Merac gecələrində oyaq qalmaq. Bu da Rəcəb ayının 27-ci gecəsini namaz qılmaqla, yaxud o gecəni qeyd etməklə oyaq keçirməkdir ki, bu da bidət əməllərdəndir. Çünki, İsra və Meracın bu gecədə baş verməsi haqqında dəqiq məlumat yoxdur. Sonra isə, hətta hesab etsək ki, bu hadisə həqiqətən bu gecədə baş verib, yenə də bu gecəni oyaq qalmaqla qeyd etmək, xüsusi ibadətlərlə keçirmək sünnədə varid olmamışdır. Əgər bu belə olsaydı, xeyir əməllərə hamıdan çox həris olan Peyğəmbərimiz ﷺ, eləcə də səhabələr, sonra isə taabinlər bu gecəni xüsusi olaraq ibadətlə keçirərdilər. Demək ki, bu gecəni xüsusi bir ibadətlə keçirmək bidətdir.

Sonda isə uca Allah bizi Özünün sevib və razı qaldığı şəkildə Ona ibadət etməyi müvəffəq etsin və bizi Öz Rəsulu olan Muhəmmədin ﷺ sünnəsinə yönəltsin və bu yolda sabit etsin.

Hazırladı: Nail Paşayev