Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbərin ﷺ gözəl əxlaqı

Həyası
Ədəb, nəzakət və həya onun ﷺ nəcib şəxsiyyətinin ayrılmaz vəsfi və ətrafında olan insanların sevgisini özünə cəlb edən əsas amillərdən idi. Buxari və Müslimin “Səhih” əsərlərində rəvayət olunmuşdur ki, əshabından bəziləri onun evində qonaq ikən çox oturmuş və başları söhbətə qarışmışdı. O isə həyasından dinməmiş, öz haqqını arxa plana çəkmiş və əshabının rahatlığı naminə bu narahatçılığa dözmüşdür. Nəticədə Uca Allah Öz peyğəmbərinə qarşı olan rəhmətindən, habelə onun haqlarını qorumaq naminə bu ayələri nazil etmişdir: “Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə haqqı deməkdən utanmır”.(1) Ənəs ibn Malik belə demişdir: “Peyğəmbər ﷺ bir kimsənin üzünə qarşı onu üzəcək və xoşlamadığı bir şey söyləməzdi”.(2) Onun Allah qarşı olan həyası isə daha əzəmətli və daha çox idi. Elə bu səbəbdən də Uca Allahın hökmlərinə qarşı son dərəcə ehtiyatla yanaşar və Allahın dinində heç kəsə güzəştə getməzdi.

Mülayimliyi
Peyğəmbər ﷺ hər işində mülayim idi. Onunla yoldaşlıq edən hər kəs onun bu xasiyyətinə bələd idi. Öz növbəsində əshabına da mülayim olmağı tövsiyə etmiş və bu işdə onu nümunə götürsünlər deyə, gözəl bir şəkildə onlara belə demişdir: “Satarkən, alarkən və haqqını tələb edərkən mülayim olan şəxsə Allah rəhm etsin!” (3) Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər alacağı bir dəvəsini istəmək üçün Peyğəmbərin ﷺ yanına gəldi və önündə durub onunla kobud danışmağa başladı. Səhabələr o adama mane olmaq istədikdə Peyğəmbər ﷺ: “Bu adamdan əl çəkin. Hər haqq sahibinin söz söyləmək haqqı vardır” deyə buyurdu. Sonra da: “Ona elə özünün dəvəsi kimi bir dəvə alıb verin!” deyə əmr etdi. Səhabələr onun dəvəsi kimi dəvə axtarsalar da, dəvəsindən daha yaxşı və daha bahalı dəvə tapdılar. Peyğəmbər ﷺ belə dedi: “Onu verin! Çünki sizin ən xeyirliniz borcunu ən gözəl şəkildə ödəyəninizdir”. Həmin kişi də cavabında: “Sən haqqının artıqlaması ilə ödədin, Allah əvəzini versin!” deyə dua etdi.(4) Peyğəmbər ﷺ Cabirin (Allah ondan razı olsun) səfərdə yorğun düşüb bitkin hala gəlmiş dəvəsini almaq istəmiş, o da dəvəsini iki yüz dirhəmə satmışdı. Daha sonra Cabir (Allah ondan razı olsun) gəlib pulu istədikdə Peyğəmbər ﷺ ona pul ilə birgə dəvəsini də qaytarmışdı.(5) Bir gün bir bədəvi gəlib Peyğəmbərin ﷺ məscidinə daxil oldu, iki rükət namaz qıldı və sonra belə dua etdi: “Allahım, mənə və Muhəmmədə rəhm et, başqa heç kimə mərhəmət etmə!” Peyğəmbər ﷺ ona tərəf dönərək belə dedi: “Sən geniş olan bir şeyi daraltdın”. Sonra çox keçmədi ki, həmin bədəvi məscidə kiçik subaşına çıxdı. İnsanlar onun üzərinə yürümək istədikdə Peyğəmbər ﷺ onlara belə dedi: “Sizin vəzifəniz asanlaşdırmaqdır, çətinləşdirmək deyil. Həmin yerə bir vedrə su tökün, kifayət edər”.(6) Cabir (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ yumşaq xislətli biri idi, hətta Aişə nə isə istədikdə etiraz etməzdi”.(7)

Yumşaqlığı
Uca Allah Peyğəmbərin ﷺ öz əshabına qarşı yumşaqlığından və rəhmdilliyindən bəhs edərək belə buyurur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar”.(8) Peyğəmbərin ﷺ həyatından bəhs edən kitablarda qeyd olunmuşdur ki, müsəlmanlar Taif şəhərini mühasirəyə aldıqda Səqif qəbiləsi müsəlmanları ox yağışına tutmağa başladı. Bəzi səhabələr belə dedi: “Ey Allahın elçisi, Səqif qəbiləsinin oxları bizi qırdı. Onlar üçün bəddua et!”. Peyğəmbər ﷺ isə əvəzində “Allahım, Səqif qəbiləsinə hidayət ver!” – dedi və sonra mühasirəni tərk edərək Məkkəyə doğru yola çıxdı. Bir neçə aydan sonra Səqif qəbiləsi öz nümayəndələrini Peyğəmbərin ﷺ yanına göndərdi ki, ona İslam dinini qəbul etmək istədiklərini və qəlblərinin ona qarşı açıq olduqlarını çatdırsın.

Həlimliyi
Ənəs ibn Malik (Allah ondan razı olsun) belə nəql etmişdir: “Bədəvi bir ərəb Peyğəmbərə ﷺ yaxınlaşaraq ridasından(9) tutdu və sərt şəkildə özünə tərəf çəkdi. Peyğəmbərin ﷺ boynuna baxdım. Paltarın kənarları dərisində iz buraxmışdı. Bədəvi: “Ey Muhəmməd! Əlində olan Allahın malından mənə bir şeylər ver”, – dedi. Peyğəmbər ﷺ ona baxdı və güldü, sonra ona bir şeylər verilməsini əmr etdi”.(10) Başqa bir rəvayətdə isə belə qeyd edilir: “Bir yəhudi Peyğəmbərə ﷺ borca bir şey satmışdı. Vədə vaxtı yetişməmiş həmin yəhudi gəlib ondan borcunu tələb etdi. Peyğəmbər ﷺ ona “hələ vədə vaxtı gəlib çatmayıb”, – dedikdə yəhudi: “Siz Əbdülmüttəlib övladları daima borcu gecikdirirsiz”, – dedi. Səhabələr ona mane olmaq istədikdə Peyğəmbər ﷺ buna icazə vermədi və yəhudinin bu hərəkətinə yalnız həlimliklə qarşılıq verdi. Bunu görən yəhudi belə dedi: Mən onda peyğəmbərliyin bütün əlamətlərini görmüşdüm. Təkcə bir əlamət qalmışdı. O da “cəhalətə həlimliklə qarşılıq vermək” əlaməti idi. Mən də onda bu əlamətin olub-olmadığını bilmək istədim. Daha sonra yəhudi İslamı qəbul etdi”.(11)

Mərhəməti
Uca Allahın peyğəmbəri Muhəmmədi ﷺ qadın, kişi, mömin, kafir ayırımı etmədən insanlıq aləminə mərhəmət təcəssümü kimi göndərməsi bəndələrinə qarşı lütfü və neməti hesab edilir. Uca Allah buyurur: “Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.(12) Həmçinin Uca Allah Öz peyğəmbərinə səna edərək belə buyurur: “Sizə öz içinizdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir”.(13) Aişə anamız demişdir: “Peyğəmbər ﷺ, insanlar əməl edəcəkləri təqdirdə, Uca Allah tərəfindən onlara fərz edilməsin deyə, xoşladığı bəzi işləri tərk edərdi”. Əbu Qətadə əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini nəql edir: “Bəzən elə olur ki, mən namaza durduqda onu uzatmaq istəyirəm və ağlayan uşaq səsi eşidirəm. Uşağın anasına çətin olmasın deyə, namazımı xəfif qılıram”.(14) Cabir (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “İnsanlara mərhəmət etməyən kəsə Allah da rəhm etməz”.(15) Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Aqra ibn Habis Peyğəmbərin ﷺ nəvəsi Həsən ibn Əlini (Allah ondan razı olsun) öpdüyünü görür və belə deyir: “Mənim on övladım var, hələ də onlardan birini öpməmişəm”. Bunu eşidən Peyğəmbər ﷺ belə dedi: “Mərhəmət etməyənə rəhm olunmaz”.(16) Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərdən ﷺ çox uşaqlara daha mərhəmətli olan bir kimsə görmədim”.(17)

Təvazökarlığı
Sadəlik onun həyat tablosu, təvazökarlıq isə ruhunun dərinliklərindən qaynaqlanan xisləti idi. Heç vaxt ətrafındakı insanlarla dəbdəbəli həyat sürən rəhbər ədası ilə müamilə etməmişdir. Ən aşağı səviyyəli insanın dəvətinə “yox” deməmiş, ən kiçik hədiyyəni belə geri çevirməmişdir. Məclislərdə gözə girməz və lovğalıq etməzdi. Geyim-keçimində və həyat tərzində son dərəcə təvazökar idi. Ətrafındakı sadə insanlar kimi geyinər və onlardan seçilməzdi. Müsəlman cəmiyyətinin rəhbəri olmasına rəğmən, əshabı ilə birlikdə xəndək qazmış və balta vurmuşdur. Onun heybətindən qorxaraq titrəyən bədəviyə: “Qorxma, rahat ol! Mən Qureyş qəbiləsindən olan Məkkədə qurudulmuş ət yeyən bir qadının oğluyam”, – demişdir. Digər rəvayətdə belə deyilir: “Peyğəmbər ﷺ öz paltarını tikər, ayaqqabısını təmir edər, qoyununu sağar – bir sözlə, evində iş görən digər kişilər kimi o da işləyər və öz işini özü görərdi”;(18) “Kasıb və zəif müsəlmanları ziyarət edər, xəstələrinə baş çəkər və cənazələrində iştirak edərdi”;(19) “Yerdə oturar, yerdə yemək yeyər və bir kölənin arpa çörəyi ilə verdiyi ziyafətinə icabət edərdi”.(20) Osman (Allah ondan razı olsun) onu bu cür vəsf edərdi: “Həm evdə, həm də səfərdə Peyğəmbər ilə yoldaşlıq etdik. Daima xəstələrimizə baş çəkər, cənazələrimizdə iştirak edər, az və ya çox, daima əlində olanı bizlərlə paylaşardı”.(21)

Dürüstlüyü
Uca Allah onu peyğəmbərlik vəzifəsinə təyin etməmişdən öncə də o ﷺ öz qövmü arasında sözündə, əməlində, əxlaqında və həyat tərzində əmin – vəfalı, sadiq bir insan kimi tanınırdı. Bunu dostlarından öncə elə düşmənləri də etiraf edirdi. Dürüstlüyünün ən gözəl nümunələrindən biri Uca Allah tərəfindən Məkkədən Mədinəyə hicrət əmri verildiyi zaman yaşadığı doğma diyardan ayrılmaq istəyərkən özündə olan əmanətləri sahiblərinə qaytarması üçün Əli bin Əbu Talibə (Allah ondan razı olsun) onun evində qalmasını tapşırmasıdır.

Comərdliyi
Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “İslamı qəbul etmək müqabilində Peyğəmbərdən ﷺ nə istənildisə, imtina etmədi. Hətta İslamı qəbul etmək üçün yanına gələn bir nəfərə vadi dolusu qoyun sürüsü verdi. Həmin kəs də öz qövmünün yanına qayıdıb: “Ey qövm, İslamı qəbul edin! Çünki Muhəmməd kasıblayacağından ehtiyat etməyəcək şəkildə mal-dövlət paylayır”. Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, əgər bir kəs işin əvvəlində yalnız dünya mənfəəti əldə etmək üçün İslamı qəbul edirdisə, qısa bir müddət keçdikdən sonra İslam dini onun üçün dünya və içindəkilərdən daha dəyərli və daha sevimli bir hala gəlirdi”.(22) Cubeyr b. Mutim (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərlə ﷺ birlikdə Huneyn döyüşündən qayıdarkən bədəvi ərəblər ondan qənimət malları istəməyə başladılar. O qədər israr etdilər ki, hətta Peyğəmbər ﷺ bir ağacın altına girməyə məcbur oldu. Ridası – qurşaqdan yuxarı olan libası ağacın tikanlarına ilişdi. Peyğəmbər ﷺ bir an dayanıb, sonra “mənə ridamı verin”, – dedi və belə söylədi: “Allaha and olsun ki, əgər bu ağacın tikanları qədər mal-qaram olsaydı, onların hamısını aranızda bölərdim və mənim paxıl, yalançı və qorxaq olmadığımı görərdiniz”.(23) Peyğəmbərin ﷺ əliaçıqlığına dəlalət edən misallardan biri də Cabir ibn Abdullahın (Allah ondan razı olsun) bu sözüdür: “Peyğəmbərdən ﷺ nə istənildisə, heç vaxt cavabında “xeyr” demədi”.(24) Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) belə demişdir: “Bir dəstə ənsar Peyğəmbərdən ﷺ maddi dəstək istədi. Allah elçisi ﷺ istədiklərini onlara verdi. Sonra bir daha istədilər, yenə də verdi. Bir müddət keçdikdən sonra yenə istədilər, Peyğəmbər ﷺ yenə də onlara istədiklərini verdi, hətta əlində olan-olmaz da tükəndi və belə dedi: “Sizdən əsirgəyə biləcəyim bir şeyim qalmadı. Kim insanlardan bir şey istəməzsə, Allah onun ehtiyacını ödəyər. Kim gözütox olarsa, Allah onu ehtiyacsız – zəngin edər”.(25)

Əliaçıqlığı
İnsanlara yardım etmək, onlara hədiyyə vermək Peyğəmbərə ﷺ ən xoş gələn əməllərdən biri idi. Əlində olanı kiməsə hədiyyə etməkdə onun tayı-bərabəri yox idi. Kiməsə əl tutduqda keçirtdiyi sevinc hissi yardım etdiyi adamın sevincindən daha çox olardı. Bəzən yeməyini, bəzən isə paltarını ehtiyacı olan kəslə bölüşər, onun ehtiyacını öz ehtiyacından üstün tutardı. İnsanların ən comərdi idi. Allahın verdiyini az saymaz, verdiyindən artığını da istəməzdi. Az və ya çox kim ondan nə isə istəsəydi, mütləq verər, verdikdə də malının azalmasından və kasıblıqdan qorxmayan kəs kimi verərdi. Bəzən hədiyyə, bəzən bəxşiş olaraq, bəzən isə sədəqə kimi verərdi. Bəzən bir şey alar, daha sonra həm aldığı malın pulunu verər, həm də malın özünü satıcıya qaytarardı. Necə ki Cabirin (Allah ondan razı olsun) dəvəsini də məhz bu şəkildə özünə qaytarmışdı. Bəzən isə borca bir şey alar, qaytardıqda isə artıqlaması ilə qaytarardı. Bu xüsusda belə demişdir: “Sizin ən xeyirliniz borcunu ən gözəl şəkildə ödəyəninizdir”.(26) Həmçinin bəzən bir şey satın alar, pulunu isə malın dəyərindən artıq verərdi. Ona hədiyyə verən kəslərə comərdliyin və yaxşılığın bir nümunəsi olaraq daha çox və daha dəyərli hədiyyə ilə qarşılıq verərdi.

Səbri və əziyyətlərə qarşı dözümü
Məkkə şəhərində dəvətinin ilk dönəmlərində ona ﷺ qarşı qövmünün səfeh insanları tərəfindən təzyiq artdıqda dəstək əldə edəcəyi ümidi ilə Taif şəhərinə getdi. Çünki o ﷺ, İslamın yayılması üçün münbit bir yer axtarırdı. Lakin öz qövmündən görmədiyi əzab-əziyyəti Taif əhlindən gördü. Qan dabanlarından axanacan onu daş-qalaq etməyə başladılar və dəvəsi üzərində özündən getdi. Özünə gəldikdə Seylul-Kəbir deyilən yerdə, Taifdən təxmini on beş kilometr kənarda yerləşən Qarnus-Səalibdə dəvəsinin üzərində idi. Birdən dağlar mələyinin ona səsləndiyini eşitdi: “Ey Muhəmməd, istəsən, Məkkənin dağlarından ikisini onların üzərinə salım”. Peyğəmbər ﷺ isə belə dedi: “Əksinə, Uca Allahın onların belindən yalnız Özünə ibadət edəcək nəsillər çıxaracağına ümid edirəm”.(27) Hədisdə qeyd olunan iki dağ – Queyqəan və Əbu Qubeys dağlarıdır.

Güclü iradəsi
Peyğəmbər ﷺ Məkkədə ikən Qureyşin kafirlərindən hər cür əziyyət görmüş və hər növ əzaba qatlanmışdı. Aclıqdan qarnına daş bağladığı, din uğrunda əziyyət görüb bədənindən qanlar axdığı və hicrət zamanı mağarada gizləndiyi günlər olmuşdur. Lakin düşmənlərinin hər bir hiyləsini böyük əzm və iradə ilə qarşılamışdır. Qarşılaşdığı çətinliklərin ən ağırı Şibi Əbu Talib deyilən yerdə yaxınları ilə birlikdə üç il mühasirədə qalması və doğma, sevimli diyarı olan Məkkədən çıxarılması olmuşdur. Mühacirətdə olduğu vaxtda belə, düşmənləri ondan əl çəkməmiş və onunla savaşmışdır. Münafiqlər daima ona qarşı məkrli planlar cızmışdır. Sağlığında altı övladını itirmişdi. Hətta düşmənləri tərəfindən təqib edildiyi zamanlarda belə, çətinliklər qarşısında əzilməyəcək qədər böyük bir şəxsiyyət idi. Sıxıntı və çətinliklərə qarşı dözdü və səbir etdi. Güclünün yanında zəiflik göstərmədi, söz sahibi olanların yanında tərəddüd etmədi. Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini nəql etmişdir: “Allah yolunda – din uğrunda heç kəsin görmədiyi təhdidləri gördüm və heç kəsin çəkmədiyi əziyyətləri çəkdim. Bilal ilə birlikdə fasiləsiz otuz gün ac qaldığım vaxtlar oldu. Həmin vaxt Bilalın qoltuğu altında saxladığı azacıq qidadan başqa yanımızda yeməyə bir şeyimiz yox idi”.(28)

Şücaəti
Peyğəmbərin ﷺ şücaəti dillər əzbəri olmuş və zərbi-məsəl halına gəlmişdi. Belə ki, ən çətin və sıxıntılı anlarda sabit qəlbi və dərin imanı ilə sinəsini qabağa verərdi. Düşmən qoşunları və küfrün sərkərdələri silah-sursatlarının və hərbi təczihatlarının çox olmasına baxmayaraq, onunla üzbəüz gəlməkdən dəfələrlə boyun qaçırmışdılar. Bir gün Mədinə əhli şəhərdə vahiməli bir səs eşidib qorxuya düşdü, sonra şəhər camaatı həmin səsə doğru üz tutdu, onlar bu çaşqınlıq içərisində olduqları halda, Peyğəmbər ﷺ at belində, yəhərsiz vəziyyətdə və əlində qılınc onları şəhər kənarında qarşılayaraq onlara:“Qorxmayın, sakit olun!”, – deyirdi.(29) Bir nəfər Bəradan (Allah ondan razı olsun): “Ey Əbu Uməra, siz Huneyn günü Peyğəmbəri ﷺ qoyub qaçdınızmı?” Bəra belə cavab verdi: “Peyğəmbərin ﷺ qaçmadığına şahidlik edirəm. Həvazin əhli müsəlman ordusunu ox yağışına tutdu və beləcə onlar məğlubiyyətin astanasına gəldilər”. Belə bir vəziyyətdə Peyğəmbər ﷺ ağ qatırının üzərində üzünü düşmənə tərəf tutaraq: “Mən peyğəmbərəm, bunda heç bir yalan yoxdur! Mən Əbdülmüttəlibin oğluyam!” – deyirdi.(30) Təsəvvür edin, döyüşün ən qızğın yerində müsəlman ordusu çaşbaş qalmış bir vəziyyətdə Peyğəmbər ﷺ döyüş üçün yararlı olmayan qatırını düşmənə tərəf yönəltmiş və onu güdən düşmənlərinin üzünə öz adını hayqıraraq meydan oxumuşdur. Bundan böyük cəsarət və qəhrəmanlıq nümunəsi ola bilərmi?! Əli ibn Əbu Talib (Allah ondan razı olsun) ən şücaətli səhabələrdən biri olmasına rəğmən belə demişdir: “İki dəstə üzbəüz gəldiyi və döyüş qızışdığı zaman biz Peyğəmbər ﷺ ilə qorunurduq. Belə ki, bizim içimizdən düşmənə ondan daha yaxın duran kimsə yox idi”.(31)

Qayğısı
Allahın dinini təbliğ etməyin qayğısı Peyğəmbərin ﷺ qəlbini elə bürümüş və din üçün bütün həyatını fəda etmək istəyi onun nəfsinin dərinliklərində elə iz buraxmışdır ki, bütün varlığı, güc və qüvvəsi, düşüncə və fikirləri ilə bu dinə bağlanmışdı. Peyğəmbərliyindən sonra iyirmi üç il keşməkeşli həyat yaşadı. Bütün əziyyətləri: gecəsi və gündüzü, gediş-gəlişi, alış-verişi, aşkar və gizlin hər halı, gülməsi və ağlaması, cihadı və təbliğatı, yardımları və xeyirxah əməlləri – bir sözlə, bütün həyatı bu dinə xidmət üçün idi. Nəsihət edər, şəriətə müxalif olan münkər əməllərə etirazını bildirər, əyriləri düzəldər, küsülüləri barışdırar, yol göstərər və dini təbliğ edərdi. Din üçün görülə bilinəcək heç bir işi tərk etməz və heç bir fürsəti əldən buraxmazdı. Dünya işləri onu ən böyük qayğısından yayındıra bilməzdi. O ﷺ elə özünün dediyi kimi idi. Belə demişdir: “Kimin dərdi, qayğısı yalnız Axirət olarsa, Allah onun dünya qayğılarını bərqərar edər, işlərini sahmana salar. Kimin bütün fikri və zikri dünya qayğıları olarsa, onun sonda hansı yerdə ölməsinin Allah üçün bir fərqi olmaz”.(32)

Nikbinliyi
Gözəl söz Allah barədə yaxşı zənnə aparan bir yoldur. Xoş söz qəlbi ələ alan, insanın ruhuna sevinc bəxş edən və bir çox xeyirlərə səbəb olan bir amildir. Bax Peyğəmbər ﷺ öz əshabını bu ruhda tərbiyələndirmişdi. Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Keçici xəstəlik(33) və uğursuzluq anlayışı yoxdur. Gözəl fal – xeyirə yozmaq mənim çox xoşuma gəlir”. Sual verildi ki, fal nədir?. O da cavabında: “Fal – gözəl sözdür... Hər birinizin eşitdiyi xoş sözlərdir”, – dedi.(34) Bu üslubla o, əshabının ruhunda Allaha təvəkkül və Ona güvən ilə tam əmin bir şəkildə durmadan irəliləmək və qətiyyət əzmini bərqərar edir, möhkəmləndirirdi. Hüdeybiyyə sülhündə Qureyş qəbiləsi tərəfindən müsəlmanlarla müqavilə bağlamaq üçün göndərilən Süheyl ibn Amrın gəlişini də Peyğəmbər ﷺ xeyirə yozmuş və əshabına belə demişdir: “Sizin işiniz asanlaşdı”.(35)

Qəzəblənməsi
Peyğəmbər ﷺ insanların ona qarşı olan əzab-əziyyətlərini geniş qəlb ilə, yumşaqlıqla və gözəl əxlaqla qarşılayardı. O, heç vaxt öz nəfsinə görə qəzəblənməz və intiqam almazdı. Lakin Uca Allahın qoyduğu hədlər pozulduğunda Allah üçün olan qəzəbi çox şiddətli olardı. Aişə anamız demişdir: “Peyğəmbər ﷺ bəzi işlərə icazə vermiş, insanlardan bəzilər isə icazə verilən həmin işlərdən uzaq durmuşdur. Bu xəbər Allah rəsuluna ﷺ çatdıqda elə şəkildə qəzəbləndi ki, qəzəbi üzündən bilinirdi. Sonra belə dedi: “Bəzi insanlara nə olub ki, hətta mənim üçün icazə olan işlərdən belə uzaq durmağa çalışırlar. Allaha and olsun ki, mən içinizdə Allahı ən yaxşı tanıyan və Ondan ən çox qorxanam”.(36) Əbu Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərə ﷺ belə dedi: “Ey Allahın elçisi, filankəs namazı çox uzun qıldığına görə mən camaat namazında iştirak edə bilmirəm”. Bunu eşidən Peyğəmbər ﷺ elə qəzəbləndi ki, mən onu həmin gün qəzəbləndiyi kimi heç vaxt qəzəblənən görməmişdim. Daha sonra Peyğəmbər ﷺ belə dedi: “Ey insanlar, sizlərdən bəziləriniz insanları ürküdürsünüz. Kim camaat namazında insanlara imam dursa, namazı çox uzatmasın. Çünki camaatın içində xəstə, yaşlı və zəif olan insanlar vardır”.(37)

Aza qane olması
Peyğəmbərin ﷺ zahidliyinə və insanların əlində olan fani dünya malına göz dikmədiyinə görə hər kəs onu sevmiş və ona doğru gəlmişdir. O ﷺ, əlində olana riza göstərər və heç kəsdən heç nə istəməzdi. Hətta müsəlmanların döyüş zamanı ələ keçirdikləri və onun yanına gətirdikləri qənimətdən heç nə götürməz, hamısını əshabı arasında paylaşardı. Aza qane olmasının nümunələrindən biri onun ﷺ həsir üzərində yatması idi. Bəzən əshabı onun bədənində həsirin buraxdığı izləri görər və bundan çox təsirlənərdi. Bu səbəbdən, onun üçün şəninə layiq yumşaq yataq düzəltmək istədikdə onlara belə demişdir: “Mənim dünya ilə bir işim yoxdur. Mən bu dünyada ağac altında kölgələnib, sonra yoluna davam edən bir yolçu misalındayam”.(38) Həyatın hər sahəsində insanlara örnək olacaq biri idi. Onunla bir məclisdə oturan, söhbət edən, hətta münaqişə edən elə kəs olmazdı ki, sonda Peyğəmbərin ﷺ sözü ilə qəlbi xoşnud olmasın. Hətta səhabələr belə demişdir: Peyğəmbər ﷺ bir şeyi qadağan etdikdə biz “kaş ona icazə verərdi” deməzdik, yaxud bir şeyə icazə verdikdə “kaş onu haram edərdi” söyləməzdik. İmam Buxarinin “Səhih” əsərində qeyd olunan rəvayətə əsasən, Ədiy ibn Hatim ət-Taiy (Allah ondan razı olsun) belə demişdir: Mədinəyə gəldikdə Peyğəmbərin ﷺ yanına getdim, məni evinə apardı. Yolda yaşlı zəif bir qarı ilə qarşılaşdıq, Peyğəmbəri ﷺ dayandırdı, Allah elçisi ﷺ də onun ehtiyacını dinləmək üçün uzun müddət yolda dayanıb onunla söhbət etdi. Daha sonra yol boyunca kasıblığından şikayət edən bir nəfərlə, habelə çarəsi kəsilib qəriblikdə qalan bir müsafirlə qarşılaşdıq. Peyğəmbər ﷺ onların hər birini səbirlə dinləyir, onlara yol göstərir və təsəlli verirdi. Sonra yola davam etdik, evinə daxil olduqda içi xurma lifləri ilə doldurulmuş dəridən bir balış götürdü və mənə tərəf yönəltdi. Mən onun üzərində, o ﷺ isə yerdə oturdu. Öz-özümə belə dedim: “Allaha and olsun ki, bu, padşahların yaşam tərzi deyil!” Sonra Peyğəmbər ﷺ belə dedi: “Mən bilirəm, sənin İslamı qəbul etməyinə nə mane olur. Sən fikirləşirsən ki, mənə ərəblərin yurd-yuvalarından didərgin saldığı zəif və gücsüz insanlar tabe olur. Canım əlində olan Allaha and olsun ki, O bu işi mütləq tamamlayacaqdır. Əgər ömrün çatsa, Hira diyarından qadının Allahdan başqa heç kəsdən qorxmadan tək başına dəvəsi ilə gəlib Kəbəni tavaf etdiyini görəcəksən. Kisra ibn Hurmuzun xəzinələri fəth ediləcək və mal o qədər çox olacaq ki, insan sədəqə verməyə kasıb adam tapa bilməyəcəkdir”. Ədiy (Allah ondan razı olsun) deyir ki, mən İslamı qəbul etdikdə Peyğəmbərin ﷺ çöhrəsində sevinc əlamətlərini gördüm.

Dünyaya qarşı zahidliyi
Peyğəmbər ﷺ özündən qabaq başqalarını düşünər, insanlara bol-bol yardımlar edərdi. Bunun müqabilində bəzən elə olurdu ki, bir neçə ay öz evində qazanın altı yanmaz, isti yemək yeməzdi. Şam torpaqlarınacan Ərəb yarımadasına sahib olmasına rəğmən, dünya malına heç bir dəyər verməzdi. Noman ibn Bəşir (Allah ondan razı olsun) demişdir: “Bəzən elə olurdu ki, Peyğəmbər ﷺ aclığını aradan qaldıracaq quru xurma belə tapa bilmirdi”.(39) İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Peyğəmbər ﷺ gecələr boyunca özü də, xanımları da ac yatar, axşam yeməyi tapmazdılar. Çox vaxt yedikləri də arpa çörəyi olmuşdur”.(40) Amr ibn əl-Haris (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ vəfat etdiyi vaxt özündən sonra nə qızıl, nə gümüş, nə kölə, nə cariyə, nə də hər hansı bir şey buraxmışdır. Yalnız ağ bir qatırı ilə, silahını və müsafirlərə sədəqə olaraq vəqf etdiyi bir ərazi buraxmışdır”.(41) Aişə anamız belə demişdir: “Əgər Muhəmmədin ﷺ ailəsi gün ərzində iki dəfə yemək yeyərdisə, o ikisindən biri mütləq xurma olardı”.(42) Əgər yeməyə bir şey tapmazdısa, günorta vaxtı nafilə oruc tutmağa niyyət edərdi, yeməyə bir şey tapdıqda isə oruc tutmazdı.(43) Onun ﷺ bu halı dünya naz-nemətlərinə dəyər verməməsinin bir göstəricisi idi.

(1) Əl-Əhzab, 53.
(2) Əhməd rəvayət etmiş, Arnault isə həsən olduğunu vurğulamışdır.
(3) Buxari.
(4) Buxari və Müslim.
(5) Buxari və Müslim.
(6) Əhməd rəvayət etmişdir. Hədisin əsli Buxari də mövcuddur.
(7) Müslim.
(8) Ali-İmran, 159.
(9) Qurşaqdan yuxarı olan bədən geyimi.
(10) Buxari və Müslim.
(11) İbn Hibban rəvayət etmiş, İbn Həcər isə sənədinin səhih olduğunu qeyd etmişdir.
(12) Əl-Ənbiya, 107.
(13) Ət-Tovbə, 128.
(14) Buxari.
(15) Müslim.
(16) Müslim.
(17) Müslim.
(18) Əhməd rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(19) Hakim rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(20) Təbərani rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(21) Əhməd rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(22) Müslim.
(23) Buxari.
(24) Buxari.
(25) Buxari və Müslim.
(26) Buxari.
(27) Buxari və Müslim.
(28) Tirmizi rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(29) Buxari və Müslim
(30) Buxari və Müslim.
(31) Əhməd rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(32) İbn Macə rəvayət etmiş, Əlbani həsən olduğunu demişdir.
(33) Yəni Uca Allahın izni olmadan özbaşına keçici olan xəstəlik anlayışı yoxdur.
(34) Buxari və Müslim.
(35) Çünki Süheyl adı “asanlıq” mənasını verir. Hədisi imam Buxari rəvayət etmişdir.
(36) Buxari və Müslim.
(37) Buxari və Müslim.
(38) Tirmizi rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(39) Hakim rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(40) Əhməd və Tirmizi rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(41) Buxari.
(42) Buxari.
(43) Müslim.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.