Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiələrin iddiası: "12 imamın birbaşa Allahdan elm aldıqlarının isbatı!"

Şübhə: Əhli-Beytdən olan 12 imamın heç biri ümmətin alimlərinin yanında şagird və tələbə olmayıblar. 12 imam öz atalarından başqa heç kəsdən elm kəsb etməyiblər. Bu da onların məsum olduğlarının və sahib olduqları elmi birbaşa Allahdan aldıqlarının açıq bir sübutudur.
Cavab: Şiələrin 12 imam olaraq adlandırdığı şəxslərin hamısı elm götürüləsi alimlərdən olmayıblar. Onların içində öz elmi ilə məşhur olanlar əsasən Muhəmməd əl-Baqir, Cəfər əs-Sadiq və oğlu Musadır. Həmçinin Əli ibn Hüseyn də öz elmi və ibadəti (abidliyi) ilə tanınıb. Əli, Həsən, Hüseyn (Allah onlardan razı olsun) isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) səhabələrindən olublar.
Sonuncu imam dedikləri Muhəmməd ibn Həsən əl-Mehdi isə əslən mövcud olmayıb. Həsən əl-Əskəri, əl-Hadi və Cavad isə öz elmləri ilə (alim olmaları ilə) tanınan kəslərdən olmayıblar.
İndi sizə 12 imam dedikləri şəxslərin kimlərdən elm aldıqları, hədis rəvayət etdiklərinə dair qısa məlumat verəcəyik.
1 - Əli ibn Əbu Talib: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), Əbu Bəkrdən, Ömərdən, Miqdaddan, zövcəsi Fatimədən (Allah onların hamısından razı olsun) hədis rəvayət etmişdir. Həmçinin Əlidən (Allah ondan razı olsun) də saysız-hesabsız şəxslər rəvayət etmişdir. (“Təhzib ət-Təhzib” kitabı, 7/334).
2 – Həsən ibn Əli: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), atasından (Əlidən), qardaşı Hüseyindən, dayısı Hind ibn Əbu Halədən hədis rəvayət etmiş və ondan da oğlu Həsən, Aişə və bir dəstə camaat rəvayət etmişdir. (“Təhzib əl-Kamal” kitabı, 6/220).
3 – Hüseyn ibn Əli: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), atasından, dayısından, anasından və Ömərdən hədis rəvayət etmişdir. (Təhzib əl-Kamal, 6/396).
4 – Əli ibn Hüseyn (Zeynulabidin): Atasından, əmisi Həsəndən, İbn Abbasdan, Əbu Abdurrahmən əl-Misvar ibn Məxrəmə əz-Zuhridən, Əbu Hureyrədən, Aiəşədən, Safiyyadan, Ummu Sələmədən, Səid ibn əl-Museyyibdən, Amru ibn Osman ibn Affandan, Mərvandan və başqalarından hədis rəvayət etmişdir. Əli ibn Hüseyndən də bir çox insanlar rəvayət etmişlər. Elm və ibadət baxımından müsəlmanların imamlarından biri idi. (“Təhzib əl-Kamal” kitabı, 20/382).
5 – Muhəmməd ibn Əli əl-Baqir: Atasından, iki babası Həsən və Hüseyndən, atasının əmisi Muhəmməd ibn əl-Hənəfiyyədən, Abdullah ibn Cəfərdən, Səmradan, İbn Abbasdan, İbn Ömərdən, Əbu Hureyrədən, Aişədən, Ummu Sələmədən, Sə’ddən, Cabir ibn Abdullahdan, Ata ibn Yəsardan, Nueym ibn Abdullah əl-Mucmirdən, Abdullah ibn Yezid ibn Hurmuzdan və qeyrilərindən hədis rəvayət etmişdir. O, etibarlı, güvənilən və fəzilət sahibi (nüfuzu, hörməti) biri idi. (“Təhzib əl-Kamal” kitabı, 26/136).
6 – Cəfər ibn Muhəmməd əs-Sadiq: Atasından, Muhəmməd ibn əl-Munkədirdən, Ubeydullah ibn Əbu Rafi’dən, Ətadan, Əbu Abdullah Urva ibn əz-Zubeyr ibn əl-Avvam əl-Əsədidən, Qasim ibn Muhəmmdən, Nafi’dən və Zuhridən hədis rəvayət etmişdir. Ondan da Malik, Şö’bə, Sufyan əs-Sövri, Sufyan ibn Uyeynə və digər alimlər faydalanmışlar.
İmam Şafei onun haqda belə demişdir: Siqadır. Yəni, hədis elmində və etdiyi rəvayətlərdə etibarlı və güvənilən biridir.
İbn Məin isə belə demişdir: Etibarına, etimadına inanılan və güvənilən əmin bir şəxsdir.
Əbu Hatim isə demişdir: (Onun elmində, rəvayətlərində etibar, etimad edilən, inanılan, güvənilən bir kəs olduğu bəlli olduğu üçün), onun kimisi haqqında soruşulmaz və araşdırılmaz.
İbn Hibban da belə demişdir: Fəzilət, elm və fiqh baxımından Əhli Beytin sayılıb-seçilən şəxsiyyətlərindəndir. Onun övladlarının ondan rəvayət etdikləri istisna olmaqla onun rəvayətləri hüccət, dəlil sayılar. Habelə İmam Malik onunla bərabər eyni rəvayəti rəvayət edən olmadıqca ondan hədis nəql etməzdi. Yəhya ibn Səid də onun rəvayətlərinin qəbul olub-olması barədə bəzi mülahizələr qeyd etmişdir. (“Təhzib əl-Kamal” kitabı, 5/74). Bütün bunların da səbəbi onun adından hədis uyduranların çox olması idi. Ona görə də alimlər Cəfərin adından hədis rəvayət edən kəslərə ehtiyatla yanaşmışlar.
7 – Musa ibn Cəfər: Atasından, Abdullah ibn Dinardan və Abdulməlik ibn Qudamədən hədis rəvayət etmişdir. Musa ibn Cəfərdən isə iki qardaşı Əli və Muhəmməd, övladları İbrahim, Hüseyn, İsmayıl, Əlirza, Salih ibn Yezid və Muhəmməd ibn Sadəqa hədis rəvayət etmişlər.
Əbu Hatim demişdir: O, müsəlmanların imamlarından (öndərlərindən, rəhbərlərindən, şeyxlərindən) biri idi. (“Təhzib əl-Kamal” kitabı, 29/43).
8 – Əli ibn Musa: Atasından və Ubeydullah ibn Ərtaədən rəvayət etmişdir. Ondan da (Əli ibn Musadan) oğlu Muhəmməd, Əbu Osman əl-Mazini, Əli ibn Əli əd-Də’bəli, Eyyub ibn Mənsur, Əbu əs-Salt (Abdusəlam ibn Salih əl-Həravi), əl-Mə’mun, Əli ibn Mehdi və başqaları hədis rəvayət etmişlər.
İbn Tahir belə demişdir: O, atasından əcaib (qəribə) şeylər rəvayət etmişdir.
İmam əz-Zəhəbi isə İbn Tahirin sözünə təliq (əlavə, izah, şərh) olaraq belə demişdir: Burada əsas məsələ rəvayətlərin sənədinin Əli ibn Musaya çatması, ondan sabit olmasındadır. Yəni, əgər doğru-düzgün sənəd ona (Əli ibn Musaya) çatırsa, ondan sabit olursa, burada bir maneə yoxdur. Əks təqdirdə isə bu şəxs (Əli Musa) barədə çoxlu yalanlar uydurulmuş, onun adından çoxlu yalanlar danışılmışdır. (“Mizan əl-İ’tidal” kitabı, 3/158).
İbn Hibban demişdir: Atasından qəribə və təəccüb doğuran rəvayətlər nəql edir, yanılır və xətala yol verirdi. (əl-Məcruhiin, 2/106).
9 – Muhəmməd ibn Əli əl-Cavad: 25 yaşında vəfat edib. Nə elm tələb etməsi nə də hər hansı bir elmin tədrisi ilə tanınmamışdır. 6 böyük hədis kitablarında (kutubus-sittə) da ondan heç bir şey rəvayət olunmamışdır.
10 – Əli ibn Muhəmməd əl-Hadi: İbn Kəsir onun barəsində belə demişdir: O, abid (Allaha çox ibadət edən) bir kəs idi. (“əl-Bidayə vən-Nihayə” kitabı, 11/17).
11 – Həsən ibn Əli əl-Əskəri: İbn Həcər onun haqqında demişdir: İbn əl-Covzi “əl-Movduat” (uydurma rəvayətlər) əsərində onun zəif bir olduğunu qeyd etmiş və bu barədə danışmışdır. (“Lisan əl-Mizan” kitabı, 2/240). Elm əhli olmamışdı. Sonsuz olmuşdur.
12 – Muhəmməd ibn Həsən əl-Mehdi: Doğulmamışdır.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.