Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Əhli-Beytin Səhabələrə münasibəti
Səhabələrin halını gözəl bilən Əli ibn Əbu Talib (radıyallahu anhu) onları vəsf edərək belə demişdir: “Mən Peyğəmbərin ﷺ səhabələrini görmüşəm, sizin aranızda onlara bənzəyən birisi yoxdur. Onlar növbələşərək gecələri səcdədə və qiyamda keçirər, saçları dağınıq və toz torpaq halında da səhərə çıxardılar. Onlar qayıdacaqları yeri xatırladıqda sanki yanar köz üstə durmuş kimi görünərdilər. Gecələri o qədər səcdə içində keçirərdilər ki, yuxuları qeybə çəkilərdi. Allah xatırlandığı zaman o qədər ağlayardılar ki, göz yaşlarından yaxaları islanar və güclü fırtına zamanı ağacın tir-tir əsdiyi kimi onlar da əzabdan qorxaraq və savab qazanmağa ümid edərək tir-tir əsərdilər". (Nəhcul-Bəlağa kitabı, səh. 188 və ya 143).
İmam Əlinin bu sözləri bizə Uca Allahın bu ayəsini xatırladır:
Muhamməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə olan vəsfləri isə cücərtisini çıxarıb, onu qüvvətləndirmiş, o da qalınlaşıb, gövdəsi üzərində şax durmuş, əkinçiləri heyran edən bir əkin kimidirlər. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki,) kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib saleh əməllər edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. (əl-Fəth, 29).
İmam Əli ibn Hüseyn (Zeynulabidin) Rəsulullahın ﷺ səhabələrini xatırlayar və namazlarında dua edərək onlar üçün rəhmət və məğfirət diləyib deyərdi: “Allahım! Peyğəmbərin ﷺ səhabələrindən razı ol və onları bağışla. Onlar Peyğəmbərə gözəl yoldaş olmuş, ona yardım edərkən müxtəlif müsibətlərə düçar olmuşlar. Onlar ona yardımçı olaraq canlarını fəda etməyə tələsmiş, onun dəvətini ilk əvvəl qəbul etmişlər. Onun dəvətinə cavab vermiş, Allahın kəlamını uca tutmaq uğrunda həyat yoldaşlarını və övladlarını tərk etmişlər. Onlar peyğəmbərliyi təsdiq edərək öz atalarına və övladlarına qarşı mübarizə aparmışdılar. Səhabələr Peyğəmbərə ﷺ və onu sevənlərə yardım etmiş və səmərəsiz olmayacaq bir ticarətə ümid etmişdilər. O kəslər ki, Peyğəmbərə ﷺ bağlı olduqları üçün yaxınları onları tərk etmişdilər. Qohumları onlardan üz çevirmiş, onlar da Peyğəmbərlə ﷺ qohumluğu tərcih etmişdilər. Allahım! Onlar hər şeyi Sənin üçün və Sənin xatirinə tərk etmişdilər. Odur ki, Öz razılığından onlara əta et. Çünki onlar haqqı Səndən ötrü seçmişdilər. Onlar Səndən ötrü öz diyarlarını tərk edərək hicrət etmiş, rahat həyatı sıxıntı ilə əvəz etmiş və Sənin dinini izzətləndirmək üçün mal-dövlətlərini tərk edərək az bir şeylə qane olmuşlar. Odur ki, bütün bunlara görə onları mükafatlandır. Allahım! Onlardan sonra gələn və “Allahım bizi və bizdən öncə gəlmiş qardaşlarımızı da bağışla” – deyənləri də ən gözəl mükafatla mükafatlandır. O kəslər ki, səhabələrin yolunu tutub gedir, şəkk etmədən onların yolunu davam etdirir, həmin hidayət barəsində heç bir şübhəyə düşmürlər. Onlar eyni dinə və etiqada sahib çıxır, səhabələrlə razılaşır, onları heç bir şeydə ittiham etmirlər" (“əs-Sahifətu əs-Səccadiyyə əl-Kamilə” əsəri, səh. 47-49).
İmam Cəfər əs-Sadiq bir dəfə Peyğəmbərin ﷺ səhabələrini vəsf edərək demişdir: “Peyğəmbərin on iki min səhabəsi var idi. Onlardan səkkiz mini Mədinəli, iki mini Məkkəli, digər iki mini isə Məkkənin fəthi zamanı əfv olunanlardan idi. Onların arasında qədəri, murciə, həruri, mötəzili və ya rəy əhli olmamışdı. Onlar gecə-gündüz ağlayaraq deyərdilər: “Allahım! Yeni bişmiş çörəyi dadmamışdan öncə canımızı al.”
(“əl-Xisal” əsəri, səh. 638, № 15; “Bihar əl-Ənvar” əsəri, 22/305)
Zeydi şiələrinin böyük alimlərindən İmam əl-Mənsur Billəh İmam Zeydin səhabələr barədə etiqadını belə ifadə etmişdir: “Zeynulabidinin oğlu İmam Zeyd səhabələrin hamısını tərifləmiş və onların digərlərindən üstün xüsusiyyətlərini sadalamış sonra da belə demişdir: “Onlar həm Peyğəmbərin zamanında, həm də sonrakı zamanlarda insanların ən xeyirliləri sayılırlar. Allah onlardan razı olsun və onları İslamda etdikləri xidmətlərə görə xeyirlə mükafatlandırsın.” Sonra dedi: “Bu bizim mövqeyimizdir, bunları söyləməyə heç kim bizi məcbur etmir, nə də ki bizlər başqa bir fikiri qəlbimizdə gizləyərək təqiyyə etmirik. Bizim məqamımıza çata bilməyən bəziləri isə onları söyür, lənətləyir, pisləyir və onlara tənə vururlar. Biz bu cür insanların əməllərindən Nöqsansız Allaha sığınırıq. Ta Əliyə (radıyallahu anhu) qədər ata-babalarımızın da mövqeyi belə olub.” (“ər-Ruyad əl-Mustətabə” əsəri, səh. 300).
İmam Rza səhabələri söyənlərin cəzası barədə Peyğəmbərin belə dediyini nəql etmişdir:
"Kim bir peyğəmbəri söyərsə, öldürülməli, mənim əshabımı söyən isə şallaqlanmalıdır"
(Biharul-ənvar 76/222)
Son olaraq Uca Allahın bu ayəsini xatırlayaq:
Onlardan (səhabələrdən) sonra gələnlər belə deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Qəlblərimizdə iman gətirənlərə qarşı kinə və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən şəfqətlisən, rəhmlisən!” (əl-Həşr, 10).
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
SON ƏLAVƏLƏR