Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Quleybani nədir və həqiqətdirmi?! Cinləri görmək mümkündürmü?! (Araşdırma)
"Quleybani" sözü el arasında qəribə, qorxulu bir məxluqa verilən addır. Onun haqqında insanlar arasında müxtəlif rəvayətlər dolaşır. Dilimizdə iki cür "quleybani" və "qulyabanı" kimi tələffüz və yazı formaları var(1). Bu söz Azərbaycan dilində ya çöllərdə, kimsəsiz yerlərdə yaşayan qorxunc, ucaboylu, tüklü, saqqallı bir məxluqa nisbət edilir, ya da insan cinsindən olub bədheybət olan bəzi adamlara edilən bənzətmə kimi istifadə olunur(2). Məsələn, "filankəs qulyabanı kimidir" və ya "qulyabanıya bənzəyir" və s. Bu söz Azərbaycan ədəbiyyatında, yazarlar tərəfindən də istifadə olunub, bu öz yerində, üstəlik də nənə-babalarımızın bir çoxlarının rayon yerlərində görülməsini nəql etdikləri varlıqlardır. (Lakin həmin varlıqları görüblər ya yox, bu başqa mövzudur, lakin söhbət həmin məxluqlardan gedir). Deməli, az-çox hər birimiz "qulyabanı" və ya "quleybani" haqqında eşitmişik. Eyni zamanda türk dilində də bu söz bu cür ifadə olunur və təxminən eyni mənanı ifadə edir.
Bu sözlə qısa tanışlıqdan sonra deyim ki, "qulyabani" sözü ərəbmənşəli söz olub iki söz birləşməsindən əmələ gəlmişdir(3). Yəni, "ğul" غُول və "yabani" ياباني sözlərindən meydana gəlmişdir; nəticə etibarilə həmin "ğulyabani" sözü, "qulyabani" halına keçmişdir. Ğul "غول" sözü ərəbcədə: "cin, div, fəlakət, canavar, ifrit, ruhlarla bağlı qorxu, məzardan ölü cəsədini oğurlayıb yeyən, qorxunc kimsə, şəkildən şəkilə girən çöl canlısı, insanı bir anda ələ keçirib həlak edən canlı" (4) və s. mənaları ifadə edir. Əgər bu mənalardan birincisi olan "cin" sözünü əsas götürsək, "yabani" ياباني sözü də qeyri-ərəb sözü olub "çöldə özbaşına bitən bitki, vəhşi, əhilləşməmiş, yırtıcı və s." (5) mənasını ifadə edirsə, o zaman anlaşılır ki, "qulyabani" cinlərin bir qədər insanlardan kənarda yaşayan növlərindən biridir. "Ğul" غول sözünün cəmi "ğiylən"dir غيلان.
İbnul-Əsir (rahimahullah) demişdir: "ğul غول: ğiylən sözünün təkidir. O, cin və şeytanların cinsindən olan bir varlıqdır. Ərəblər iddia edirdilər ki, ğul çöllükdə (və ya səhrada, kimsəsiz yerlərdə) insanların gözünə görünür. Beləcə müxtəlif cür görkəmlərdə görünüb şəkildən şəkilə keçir, insanları yoldan azdırır və həlak edir" (6).
Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bir hədisində deyilir ki: "َلا غُول" "ğul yoxdur".(7) Alimlər deyirlər ki, bu hədisdə çöllərdə yaşayan cinin varlığının inkarı deyil, insanların təsəvvüründə olan şəkildən şəkilə girən, insanlara görünüb onları yoldan azdıran, sonra da həlak edən xüsusi bir cinin olmasının inkarı qəsd olunur. Amma sehrlə məşğul olan cinlər var ki, onlar insanları xəyallara daldırıb ağlını çaşdıra bilir. İnsanlardan olan sehr edənlərin belə bir işi görməsinin mümkün olduğu kimi, cinlərdən olan sehr edənlərin də insanları belə bir təsirə məruz qoyması mümkündür(8). Bəzi rəvayətlərdə لا غُولَ ولكن السَّعالِي "Ğul yoxdur, lakin lakin sehr edən cinlər (səali) var" ibarəsinin ikinci hissəsi səhih olana görə alimlərin verdikləri izahlardır, peyğəmbərin (صلى الله عليه وسلم) sözü deyil(9). İbn Mənzur "Lisanul-Arab" əsərində demişdir: "سعلاة səalət, السعلا əs-səalə: cin غُول deməkdir. Həmçinin deyilib ki, o ساحرة الجن cinlərdən sehr edəndir. Həmçinin deyilmişdir ki: "əs-səalət" cinlərin ən xəbis növlərindən biridir....həmçinin deyilmişdir: o cinlərin qadın növüdür".(10). Digər lüğətçilərdən və şəriət alimlərindən bu mənanı, ələlxüsus da bu növ cinlərin cinlərdən sehr edənlər olması mənasını təsdiqləyən çoxsaylı nəqllər mövcuddur.
İbn Amrdan səhih isnadla nəql olunur ki o dedi: "Ömərin (رضي الله عنه) yanında (çöldə yaşayan) cin barədə danışıldı. O dedi: bu cin bəndələrdə Allahın yaratdığı nəyisə dəyişməyi bacarmaz, lakin onların sizin sehr edənləriniz kimi sehr edənləri var, əgər (yolda) belə bir hal ilə qarşılaşsanız əzan verin (uzaqlaşsın).(11).
Bu mövzuda peyğəmbərdən (صلى الله عليه وسلم) belə bir hədis rəvayət olunur: "Əgər (yolda, səfərdə) qarşınıza cin çıxıb sizi çaşdırmaq istəyərsə, əzan verin (uzaqlaşsın).(12). Bu məqamda əzan verməyin faydası belə izah olunur ki, əzan Allahın zikrindəndir və Allahın zikri şeytanı uzaqlaşdırır, onun şərrini dəf edir.
Bu məqamda çox mühüm bir sual ortaya çıxır; deməli, bu deyilənlərdən belə başa düşmək olarmı ki, cinlərin bu növü və ya cinlər ümumən insanların gözünə görünə bilər?
Bu mövzuda Qurani-Kərimdən gətirilən əsas ayələrdən biri budur: "Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər". (Əraf surəsi. 27). Ona görə də bir çox alimlər buyurublar ki, cinlərin insanlara görünüb-görünməməsi məsələsində təməl qayda budur ki, cinlər insanlara görsənmirlər. Lakin bundan istisna olan hallar mümkündür.
Cinlərin insanların gözünə görünməsi məsələsi elm əhli arasında ixtilaflıdır; bu haqda elm əhlinin bir neçə görüşü var. Bunlardan;
Birincisi: Alimlərin cumhuru deyiblər ki, cinlər öz həqiqi görünüşləri ilə deyil başqa bir cildə girdikləri şəkildə bəzi vaxtlarda və bəzi insanlara görünə bilirlər.
İkincisi: Bir qism alimlər deyiblər ki, cinləri görmək yalnız peyğəmbərlərə عليهم السلام aiddir. Bunu deyənlərdən: Şafii, ibn Həzm, Nəhhas, əl-Quşeyri və bəzi hədis alimlərini (رحمهم الله) qeyd etmək olar.
Üçüncüsü: Ümumiyyətlə - istər peyğəmbər olsun, istər başqa insanlar - bəşər övladının cinləri görməsini inkar ediblər. Bu da bəzi hədis alimlərinin görüşüdür.
Dördüncüsü: Bir qism alimlər isə - istər peyğəmbərlər olsun, istər də Allahın bəşər övladından (cinləri) göstərmək istədiyi şəxslər olsun - cinlərin görünmə imkanının daha geniş olması qənaətinə gəlmişlər. Bu görüş Alusinin və ibnul-Arabinin (رحمهما الله) görüşüdür(13).
Bu görüşlərdən birinci görüş, yəni alimlərin cumhurunun görüşü daha məşhur və haqqa daha yaxındır. Hər bir görüş sahibinin öz dəlilləri olsa da, onlar bəzən eyni dəlili anlamada da ixtilaf etmişlər. Bu haqda dəlilləri gətirib mövzunu uzatmaq niyyətimiz yoxdur.
Qaldı ki, cinlərin şəkildən şəkilə, cildən cildə girməsinə, cinlər müxtəlif insan, heyvan və həşəratların cildinə girib həmin görkəmdə görsənə bilirlər. Lakin onların öz həqiqi görkəmləri görünməz. Dəlillər də buna dəlalət edir. Araşdırmadan aydın olur ki, "quleybani" və ya "qulyabanı" adlı bir cin növü var və bu növdən olan cinlər insanlara öz surətində deyil, müxtəlif canlıların surətində görünə bilirlər!
Qeydlər və istinadlar:
1 - Etibarlı dil izahları olan saytlarda hər iki yazılışa da, rast gəlmək mümkündür. Sozluk. obastan.com saytında "qulyabani" və "qulyabanı" olaraq keçir, azleks.az saytında isə "qulyabanı" olaraq keçir. Daha çox isə "quleybani" kimi işləndiyini də görə bilərik.
2 - http://xn--ndir-v6b.az/ saytı. Qulyabanı sözünün mənası.
3 - Lakin ərəblər bu sözü ifadə etmək üçün sadəcə "ğul" غُول sözündən istifadə edirlər. "yabani" artırması görünür ki, əcəmilər (qeyri-ərəblər) tərəfindən artırılmışdır.
4 - bax: "ərəbcə-türkcə" elektron tərcümə proqramı "Tevakku". غول sözünün izahı.
5 - Bax: sozluk.obastan.com saytı. Yabanı sözünün leksik mənası və izahı.
6 - ən-Nihəyətu fi Ğaribil-Hədis. 3/396.
7 - Səhih əl-Cami. 7531. Nasiruddin Albani.
8 - Bax: Ə'dəbuş-Şəria. Acurri. 3/369-370. Acurrinin bu mənada olan izahı verilib. Bir çox alimlər də bu izahı dəstəkləmişlər.
9 - Səhih olan bu haqda olan isnadın mürsəl olmasıdır, yəni səhabənin peyğəmbərdən etdiyi rəvayət deyil, tabeinin peyğəmbərdən etdiyi rəvayətdir ki, bu hüccət sayılmır. Lakin sehr edən cinlərin olması mənasını demək olar ki, alimlər ittifaqla qəbul ediblər.
10 - Lisanul-Arab. İbn Mənzur. 11/339.
11 - Hafiz ibn Həcər bu rəvayətin isnadına "Fəthul-Bari" əsərində "səhih" demişdir. 6/344.
12 - Bu hədisin tam mətni bu verilmiş cümlə istisna olmaqla "səhih liğeyrihi" hökmündədir. Hədis Cabir ibn Abdullahdan rəvayət edilir. Şueyb Arnavutun təxrici ilə. Mənbələr: Nəsai "Sünən əl-Kubra. 10791; ibn Macəh. 329. müxtəsər olaraq; Əhməd. 14277). Qeyd edək ki, hədis elm əhli nəzdində mənası doğru və sabit hədislərdən hesab edilir.
13 - "Quran və sünnə işığında cinlər aləmi. səh. 29-42. Dr. Əbdülkərim Ubeydət. Maqistr dissertasiyası.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR