Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Ümrə necə edilir? Addım-addım ümrə təlimi (İlk dəfə)
Əziz oxuyucular, dəyərli həmvətənlər bu gün sizə islamda çox önəmli olan ümrə ibadəti haqqında ətraflı məlumat verəcəm, sizin ümrə bələdçiniz olsun deyə bu ibadəti addım-addım izah edəcəyəm.
Ümrənin fəziləti haqqında Peyğəmbərimizdən ﷺ bir çox hədislər rəvayət olunub. Hədislərin mənasını bu bəndlərdə sıralamaq olar:
1. Ümrə etmək insanın günahlarını bağışladır. (Muslim),
2. “Ümrədən ümrəyə günahlar bağışlanır,...” (Buxari).
3. Davamlı həcc və ümrə etmək kasıblığı və günahları aparır. (Nəsai, Tirmizi, İbn Macə).
4. Ümrə qadınlar üçün cihaddır. (Əhməd və İbn Macə).
5. Həcc və ümrə edən Allahın qonaqlarıdır. Onlar Allahın dəvətini qəbul ediblər. (İbn Macə və İbn Hibban).
6. Ramazan ayında ümrə edən şəxs, Peyğəmbərlə ﷺ həcc etmiş sayılar. (Buxari və Müslim).
7. Məscidul-Həramda qılınan namaz, digər məscidlərdə qılınan namazdan yüz min dəfə üstündür. (Əhməd).
Ümrəni necə etmək lazımdır?
Ümrə etmək istəyən müsəlman məkkə şəhərinə gedirsə miqat məntəqələrini keçərkən ehram libasını geyinib “Ləbbeykə Allahummə umrətən” deyərək ümrəyə niyyət etməlidir. Ehram libasının forması qarşıda izah edilir
Quru yol ilə gedənlər deyilən məntəqələrdə dayanır, orada niyyət edib yola davam edirlər. Təyyarə ilə gedənlər isə həmin ərazidən keçərkən təyyarədə niyyət edirlər. Təyyarəyə mindikdə də niyyət etmək olar.
Ümrə və ya həcc edən miqata yetişdikdə bu əməllərə riayət etməlidir və izah ediləcək formada Ehram libasına girməlidir:
1. Dırnaqları tutmaq, bığları qısaltmaq, qoltuqaltı və övrət yerlərini qırxmaq müstəhəbdir, bəyənilən əməldir.
2. Kişilər bütün paltarları çıxartmalı və yalnız bundan sonra ehram paltarını geyinməlidir. Həmçinin qüsl almaq da bəyənilən əməldir.
3. Başına və ya saqqalına ətir sürtə bilərsən. Ehrama girdikdən sonra əvvəldən sürtülmüş ətir iyinin qalmasının heç bir zərəri yoxdur. Geyindiyi ehram paltarına isə ətir sürtmək olmaz.
4. Kişilər iki hissədən ibarət, ekranda gördüyünüz formada xüsusi paltar "Ehram paltarı" geyinməlidirlər. Paltarın ağ olması bəyənilir. Ayaqqabı da geyinilə bilərlər. Qadınlar isə kişilərə oxşamamaq şərti ilə istədikləri paltarı geyinə bilərlər.
Ehram libası ilə bağlı olan qadağalar və Ehrama girdikdən sonra qadağan olan əməllər
1. Saçı qırxmaq, yaxud qısaltmaq və ya dırnaqları tutmaq olmaz.
2. Paltarına və ya bədəninə ətir vurmaq.
3. Kişinin öz arvadı ilə cinsi yaxınlıq etməsi, şəhvət hissi ilə toxunması.
4. Kişi və ya qadının nikah etdirməsi.
5. Ov etmək.
6. Kişilərə aid xüsusi qadağalar isə bunlardır:
• Bədən üzvlərinə gözə biçilən libas geyinmək. Məsələn, köynək, şalvar, palto, gödəkçə, plaş və s.
• Başı birbaşa təması olan bir şeylə, kepka və s. örtmək.
7. Qadına aid xüsusi qadağalar bunlardır:
• Niqab taxmaq və üzü örtmək. Naməhrəm kişilərlə qarşılaşdıqda üzünü müvəqqəti örtə bilər.
• Əlcək geyinmək.
Unudaraq, bilməməzlikdən və ya məcburiyyət qarşısında bu qadağaları edənə heç bir günah yoxdur. Uca Allah buyurur: "Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır." (əl-Əhzab: 5). Qadağanı xatırladıqda və ya səhv etdiyini bildikdə dərhal ondan əl çəkmək lazımdır.
Qadağaları qəsdən etidiyimiz halda üzərimizə nələrin düşməsi barədə ayrıca məqalədə yazılacaq.
Ehramda bunları etmək olar:
• Ehramda olarkən zərərli heyvan və həşəratları öldürmək.
• Geyinməyə ehram paltarı tapmayan adam şalvar geyinə bilər.
• Sərinləmək üçün sadəcə su ilə çimmək, saçlarını tökülməsin deyə ehtiyatla yumaq olar.
• Ehram paltarını çirkdən və s. təmizləmək üçün yumaq, əynindəki ehramı başqa ehram paltarı ilə əvəz etmək olar.
• Gözə tibbi yaxud günəş eynəyi və qol saatı taxmaq, saatı boyundan asmaq olar.
• Ehramda qan aldırmaq, hicama etmək olar.
• Sərinlənmək üçün çətirlərdən, kölgəli yerlərdən, maşının damından, çadırdan, ağacdan və sairələrdən başa birləşməmək şərti ilə istifadə etmək olar.
• Ehram paltarını düyünləmək yaxud sancaq ilə bağlamaq olar.
• Qadın niqab və əlcəkdən başqa istədiyi tikili paltarı geyinə bilər.
• Lazım olduqda baş örtüyünü də üzünə çəkə bilər.
• Yad kişilərin yanında baş örtüyünü üzünə çəkməsi daha yaxşıdır.
• Həmçinin qadınlar xüff də geyinə bilərlər.
• Həmçinin bel kəmərlərindən də istifadə etmək olar.
• Ehramın cırılmış yerlərini də tikmək olar.
Ümrə aşağıdakı ərkanlardan ibarətdir:
Kəbəni təvaf etmək
Ümrə və ya həcc edən Kəbəyə yaxınlaşarkən aşağıdakıları etməlidir:
1. Təlbiyəni: "Ləbbeykə Allahummə Ləbbeyk, Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə vən-nimətə ləkə vəl mulk. Lə şərikə lək." - zikrini dayandırır və təvaf etməyə başlayır. Təvafa başlamadan öncə dəstəmazlı olmaq mütləqdir. Təvafı qara daşdan başlayır. Ilkin olaraq üzünü qara daşa tutaraq əli ilə ona işarə edir və "Allahu Əkbər" yaxud "Bismilləh val-lahu əkbər" deyir. Insanlara əziyyət verməmək şərti ilə qara daşı öpmək yaxşıdır.
2. Sonra Kəbəni sol tərəfində tutaraq onun ətrafında dövrə vurur. Təvafın əvvəlində bu duanı demək yaxşıdır: "Allahummə iymənən bikə və təsdiqən bi kitəbikə və vafəən bi əhdikə və ittibaən lisunnəti nəbiyyikə Muhəmməd ﷺ" (Beyhəqi və Əbdürrəzzaq).
3. Təvafın ilk üç dövrəsini iti yerişlə yeriyir. Qalan dörd dövrəni isə adi yerişlə yeriyir. O, təvafını qara daşdan başlayıb onda da bitirir.
4. Kişilər birinci təvafda ehram paltarının üst parçasını qoltuqlarının altından keçirərək sağ çiyinlərini açıq tuturlar. Onların sol çiyinləri isə örtülü olur.
5. Rüknul-yəməniyə yetişdikdə onu öpməyərək sağ əli ilə toxunur və "Bismilləh vallahu əkbər" deyir. Əgər əlini izdiham səbəbi ilə ona sürtə bilməsə əli ilə işarə etməyir. Həmçinin "Bismilləh vallahu əkbər" deməyir.
6. Rüknul-yəməni və qara daş arasında olan məsafədə bu duanı demək müstəhəbdir: "Rabbənə ətinə fid dünyə hasənətən va fil axirəti həsənətən va qinə azəbən-nər" (əl-Bəqərə: 201).
7. Hər dəfə qara daşa yetişdikdə onu öpür, əlini ona sürtür və "Allahu əkbər" deyirsən. Əgər onu öpmək və ya əl sürtmək mümkün olmazsa, aralıdan işarə edir və "Allahu əkbər" deyirsən. Təvaf zamanı çoxlu zikr, dua edir və bağışlanma diləyirsən. Həmçinin təvaf əsnasında Quran oxumaq olar. Lakin bunları səssiz etmək lazımdır. Ümumiyyətlə təvafda müəyyən bir duanın oxunmasına şəriətdə əsas yoxdur. Təvafın hər dövrəsinin bir duası var deyənlərin, şəriətdən heç bir dəlili yoxdur. Həmçinin təvaf edərkən Hicri-İsmayılın içindən keçmək olmaz.
8. Yeddi dəfə dövrə etdikdən sonra ehram paltarını çiyinlərinə ataraq düzəldərək Məqami Ibrahimə yaxınlaşır və aşağıdakı ayəni oxuyur: "Vət-təxizu min məqami İbrahimə musallə" əl-Bəqərə: 125. Imkan olsa Məqami İbrahimin arxasında, əgər imkan olmasa məscidin hər hansı bir yerində iki rükət namaz qılır. Yaxşı olar ki, birinci rükətdə Fatihədən sonra "Kafirun" (Qul yə əyyuhəl kafirun...) surəsini, ikinci rükətdə isə "Ixlas" (Qul huvəllahu əhəd...) surəsini oxusun.
Namaz qılmaqla təvaf edənlərin yolunu kəsərək onlara əziyyət vermək olmaz.
9. Sonra zəm-zəm suyu içmək və bu sudan başa tökmək müstəhəbdir.
10. Bundan sonra imkan olarsa qayıdıb qara daşa əl sürtmək də müstəhəbdir.
Səfa və Mərva arasında səy etmək
1. Sonra səy edilən yerə çıxır və Səfaya tərəf gedirsən. Oraya çatdıqda bu ayəni oxuyursan: "İnnəs səfa vəl mərvətə min şəairilləh" əl-Bəqərə: 158).
Sonra belə deyirsən: "əbdəu bimə bədəəllahu bihi" (Mən Allahın başladığı ilə başlayıram) (Müslim).
2. Sonra Səfanın üzərinə çıxaraq üzünü qibləyə tutur. Allaha həmdi səna söyləyib bu duanı oxuyur: "Allahu əkbər, Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu ləhul mulku və ləhul həmdu yuhyi və yumit və huvə alə kulli şeyin qadir. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu əncəzə vədəhu və nəsərə abdəhu və həzəməl əhzabə vəhdəhu". Sonra əllərini qaldıraraq istədiyi duanı edir. Allahdan bağışlanma, dünya və axirətin xeyrini istəyir. Bunu üç dəfə təkrar edir.
3. Sonra Səfadan enib qarşısına yaşıl xətt çıxana qədər Mərvaya tərəf gedir. Kişilər birinci yaşıl xəttə çatandan sonra ikinci yaşıl xəttə qədər başqalarına əziyyət verməmək şərti ilə bacardığı sürətdə qaçırlar. Ikinci xətdən sonra Mərvaya qədər adi yerişlə yeriyirlər. Mərvaya çatandan sonra onun üzərinə çıxır, üzünü qibləyə tutur və əllərini açaraq Səfada etdiyi duanı burada da oxuyur.
4. Sonra Mərvadan Səfaya tərəf gedir. Birinci yaşıl xəttə çatarkən ikinci yaşıl xəttə qədər qaçır. Sonra Səfaya qədər adi yerişlə gəlir. Sonra Səfanın üzərinə çıxaraq ilk dəfə etdiyi duanı yenidən təkrarlayır. Bu minvalla yeddi səy edir. Səyini Səfadan başlayıb Mərvada bitirir. Səfadan Mərvaya tərəf getmək bir səy, Mərvadan da Səfaya gəlmək başqa bir səy sayılır. Səy edən zaman istədiyi duanı və zikri oxuya bilər. Həmcinin İbni Məsud və Abdullah ibn Ömərin dediyi: "Rabbiğfir vərhəm innəkə əntəl-əazzul əkrəm" - duasını söyləyə bilər. Səy edərkən dəstəmazlı olmaq daha yaxşıdır. Lakin dəstəmazsız edilən səy də doğrudur. Həmçinin təvafdan sonra səy edərkən qadın heyz (aybaşı) olarsa onun səyini davam edə bilər. Çünki səydə təmiz olmaq şərt deyil, sadəcə olaraq müstəhəbdir.
5. Təməttu həcci və ya ümrə edən şəxs yeddi səyi edəndən sonra saçını qırxır yaxud qısaldır. Qadınlar isə saçlarının ucundan bir-iki “sm” kəsirlər. Əgər həccə az qalıbsa kişilər saçlarını qısaldır və həcc günü saçlarını qırxırlar. Saçın bütün tərəflərindən eyni qaydada qırxmaq lazımdır. Qadınlar isə saçlarını yalnız qısaldırlar.
Deyilənləri edən ehramlı adama, ehramda olarkən qadağan edilən bütün işləri etməyə icazə verilir.
Qeyd: Qadın ümrəyə niyyət edəndən sonra təvafa başlamamış heyz (aybaşı) olarsa və bu səkkizinci günə qədər davam edərsə onda olduğu yerdən həccə niyyət edir. O, təvaf müstəsna olmaqla həcc edənlərin etdikləri bütün əməlləri icra edir. Təvafı təmizləndikdən və çimdikdən sonra yerinə yetirir. Heyzdən təmizlənəndən sonra bir təvaf və bir səy edir. Bu onun üçün həm həcc, həm də ümrə təvafı və səyi sayılır.
Ümrə edənlərə bir neçə əlavə tövsiyyələrimiz vardır:
• Həcc və ya Ümrə edən müsəlman hər şeydən öncə ibadətinin qəbul olması üçün dua etməli, onu yalnız Allah üçün etməyə qərarlı olmalıdır.
• Səhvlərə yol verməmək üçün hər bir ibadətdə olduğu kimi ümrə haqqında da məlumatlı olmalıdır. Ümrə etmədən öncə tövbə etmək də çox vacibdir. Ümrə üçün xərclədiyin məbləğ halal qazancdan olsun ki, ümrən də məqbul olsun. Bu səfərə çıxmadan öncə vəsiyyətini yazıb gərəkli təlimatları qeyd etsən yaxşı olar.
• Ev əhli, qohum əqrəba ilə vidalaş, yol yoldaşlarını düzgün seç.
• Səfərə çıxarkən səfər duasını da oxumağı unutma.
• Minik duasını da oxumaq önəmlidir.
• Qrup halında səfərə çıxarkən bir nəfəri qrup rəhbəri təyin etmək yaxşıdır.
• Səfər zamanı çoxlu dua etməyi də unutmayın.
• Çalışın səfər müddətində günahlardan, zülm və haqsızlıq etməkdən uzaq olasınız. Namazları və digər ibadətləri layiqincə əda edin. Gözəl əxlaq və xoş rəftarlı olun. Zəif və imkansızlara qarşı səxavətli olun.
• Allahın müvəffəqiyyəti ilə ümrəni yekunlaşdırıb səfərdən qayıdarkən ekranda gördüyünüz duanı oxuyun. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu, ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir. Ayibunə, təibunə, abidunə, səcidunə, lirabbinə hamidunə, sədəqəllahu vədəhu, və nəsərə abdəhu, və həzəmə əl-əhzabə vəhdəhu" (Buxari, Müslim).
• Səfərdən gələrkən yaxın və əzizlərə hədiyyə vermək qohumluq əlaqələrini bərkitmək üçün önəmlidir.
• Deyilən qaydalar həccə də aiddir.
Ümrə ziyarətinin edilmə qaydası ilə tanış oldunuz. Əgər siz həcc edəcəksinizsə zülhiccə ayının səkkizini gözləyin. Həcc haqqında sizə təqdim etdiyimiz videoda həcc etməyi öyrənin. Allah ibadətinizi qəbul etsin.
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
Məqalənin video variantını buradan izləyə bilərsiniz.
SON ƏLAVƏLƏR