Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Günəş ərşin altında səcdə edir? (Ətraflı araşdırma)

Şübhə belədir: "Buxari Əbu Zərə isnadla rəvayət edir ki, o belə deyir: Günəşin batdığı bir vaxtda peyğəmbərin ﷺ yanında idim. O buyurdu: Ey Əba Zərr, bilirsənmi günəş harda batır? Dedim ki:" Allah və elçisi daha yaxşı bilir. ﷺ dedi: O, ərşin altında səcdə edənə kimi gedir. Bu da Allahın sözüdür: "Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür". (Yasin. 38) (1). Bu və digər rəvayətlərdə günəşin batdığı zaman Ərşin altında səcdə etməsinə işarə edilmişdir. Hədisin bəzi ləfzlərində deyilir ki, günəş ərşin altında səcdə vəziyyətində dayanır. Elə də yazılıb ki, dayanır. Sonra ona deyilir ki, qalx və səhər gəldiyin yerə qayıt. Hər gün də bu prosses belə gedir. Günəşin hərəkəti haqqında başqa rəvayətlər də var ki, hamısı bir-birini tamamlayır. Sual odur ki, axı biz bilirik ki, günəş heç hara getmir!? Bizdə qaranlıq olanda Amerikada gündüz olur, bizdə 24 saat var və hər saat da günəş müşahidə olunur. Elə bir dəqiqə, elə bir saat yoxdur ki, günəş insanların gözünün qabağından qaçsın. O zaman bu hədisləri necə izah etmək olar? Sualın ikinci hissəsini deyim ki, burdan günəşə 8 dəqiqə 20 saniyə işıq sürəti edir, o zaman Allahın ərşi hara, günəş hara? Sualım bundan ibarətdir".


Sualın cavabı:
Birincisi: Ərş dindən sabit olana görə məxluqatın ən üst qatı hesab edilir. Günəş də hər bir zaman onun altındadır(2). Bu o demək deyil ki, günəş özünə aid olan yerdən və ya hərəkət yerindən çıxır. Beyhəqi demişdir: "Günəşin Ərşin altında səcdə etməsi, onun davamlı şəkildə etdiyi hərəkətə və ya öhdəliyinə verilmiş davranışa mane olmur" (3). İbrahim əleyhissalam demişdir: "O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcək". (Saffət. 99). Məgər ayənin zahirindən anlaşılan kimi İbrahim əleyhissalam birinci səma qatınamı getdi? Ərəbcə خرج يقابض القمر "xaracə yuqabidul qamər" deyildikdə "ayı tutmağa getdi" deyə hərfi məna anlaşılmır, doğru məna bunu "gecə vaxtı (yola) çıxdı" mənasında anlamaqdır(4).
İkincisi: Bəs görəsən, günəşin Ərşin altında səcdə etməsi nə məna verir?
Məlum olduğu kimi bu haqda hədis Buxaridə, Müslimdə və digər mənbələrdə varid olmuş və ümmət bu hədisləri yekdilliklə qəbul etmiş, nə mətni, nə də sənədi haqda inkar etməmişlər. Ona görə də bu hədisləri onlardan kimsə inkar etməmişdir. Deməli, sadəcə bu hədislərin düzgün mənasını anlamaq və ya bu hədislərə necə yanaşmalı olduğumuzu bilmək kifayətdir.
Günəşin səcdəsi məhdud bir vaxt içində baş verən və özünəməxsus bir səcdədir. Bizim düşündüyümüz insanın fiziki səcdəsi kimi deyil. Günəş Allahın yaratdığı məxluqlardandır. Onun Allahın yaratdığı məxluqatdan olduğunu unutmaq bir anlıq günəş niyə səcdə etsin sualını doğura bilər. Ona görə də bu unutqanlığa yol vermək olmaz. Yaradılmışın öz yaradanına səcdə etməsi ağıla müxalif bir şey deyil.
Amma, bu səcdənin hansı mənada olmasına gəldikdə isə:
İslam alimlərinin günəşin Ərşin altında səcdəsi haqda rəyləri: onun Allaha boyun əyməsi, onu zikr edib şəninə təriflər deməsi və onun hərəkəti üçün qoyulmuş qanuna tabe olması haqda bir bənzətmə ətrafında dövr edir(5).
Artıq qeyd olundu ki, günəşin və digər məxluqların zikri, səcdəsi, ibadəti bizim düşündüyümüz kimi qiyamda durmaq, əyilib rükuya və səcdəyə getmək kimi deyil. Uca Allah buyurur: "Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır". (İsra. 44).
Üçüncüsü: Yaxşı, görəsən bu hədisin mənası odur ki, günəş Ərşin altında səcdə etməklə vaxt itirir? Və yaxud dayanır? Bir də günəş 24 saat müşahidə olunduğu halda belə bir hal görülmür axı?!
Cavab: "Allahın ərşi hara, günəş hara?" deyən şəxs bir başqa fikrində deyirsə ki, qeybi məsələlər aydındır, sonra isə bu cür sual verirsə, özünün ziddiyyət və çaşqınlıq içində olduğunu etiraf etmiş olur. Qeybi məsələlər mövzusunda cürətli danışan şəxs bir mövzuda olan hədisləri və izahları cəm etmədən yanlış qənaətə gələ bilər.
Sual verən iddia edir ki o, hədisin bəzi ləfzlərində (hədisin tərcümələrində) "günəşin hərəkətinin dayanması" haqqında ifadələrə rast gəlib, lakin mən ərəb dilində hədisin orjinal mətnlərində belə bir ifadələrə rast gəlmədim. Bu iddia öz təsdiqini tapmadı. Nə imam Buxarinin "Səhih"ində, nə imam Müslimin "Səhih"ində, nə imam Əbu Davudun "Sünən" əsərində, nə də imam Əhmədin "Müsnəd"ində və s. konkret olaraq "günəş dayandı" ifadəsi keçməyib. Ola bilsin ki, "dayanmaq" sözü tərcüməçinin öz əlavəsi olsun. Hədisdə "günəş Ərşin altında səcdə edənə kimi gedər", "izn istəyər və s." mənasında tərcümə olunacaq hissələrin mənası zatən iddia edilən kimi tərcümə edilməmişdir. Tirmizidəki ləfzdə "günəş səcdə halında izn istəyər və ona izn verilər" ləfzində də "günəşin dayanması" iddiası yoxdur. Günəş hərəkət edərək də səcdə, zikr halında ola bilir.
Bu hədis peyğəmbərin ﷺ xitab etdiyi şəxslərə xasdır və günəşin bütün tərəflərdə görünən nisbi batmasıdır. O zaman, Ərş məxluqatın ən üst qatıdır. Günəş də öz növbəsində daim onun alt tərəfindədir. Günəşin səcdəsi də fiziki, görünən bir səcdə deyil, həqiqətini bilmədiyimiz bir səcdədir. Günəşin səcdə etməsi zamanı onun hərəkət etdiyi yerindən (öz hərəkət yerindən) başqa bir yerə keçməsi və ya dayanması baş vermir və 24 saat ərzində belə bir müşahidə oluna da bilməz. Çünki hədislərdə belə bir iddia yoxdur. Sadəcə bu məsələ öz kontekstindən çıxarılmaqla təqdim edilmişdir.
Dördüncüsü: Başqa bir məsələ: "Görəsən, günəşin batması və çıxması iddiası doğrudurmu? Və ya günəş tam mənasıyla batır və çıxır?
Cavab: Bəli, günəş müşahidəçinin müşahidəsinə əsasən batır və çıxır.
Beşincisi: Sualın ikinci hissəsi belədir: burdan günəşə 8 dəqiqə 20 saniyə işıq sürəti edir, o zaman Allahın ərşi hara, günəş hara?
Buna cavab belədir:
1 - Sualın qoyuluşu qərəzlidir. Burdan günəşə olan məsafəni qəsdli şəkildə qısaltmaq üçün işıq sürəti ortaya atılır. Halbuki, bu müddəti belə də vermək olardı:
"Yerdən Günəşə olan məsafə təxminən 150 milyon kilometr və ya 1 astronomik vahiddir (AU). Bu məsafə, iyul ayı ətrafında perihelionda (və ya perihelionda) minimum 147,1 milyon kilometrdən (0,9833 AU) afeliyada maksimum 152,1 milyon kilometrə (1,017 AB) qədər dəyişir" (6) .
2 - Günəşə çatanda insan yanır, hətta çatmamış yanır. O zaman bu yol bu qədər də asan gedilən məsafə olaraq izah edilməli deyildi.
3 - Ortaya işıq sürətinin qoyulması, ancaq burdan günəşə kimi olan məsafənin hiyləli şəkildə verilib, günəşdən ərşə kimi olan məsafənin məlum olmadığı üçün hesablana bilmədiyi halda, ümumiyyətlə bu cür hesablama yoluna cürət edilməli deyildi. Günəşin Ərşin altında olması o demək deyil ki, o məsafəni yerdən günəşə kimi olan məsafəni təxmin etməklə təsəvvür etmək mümkündür. Əksinə bu yanlış təsəvvür və müqayisədən yenə dinsizlərin elm adından istifadə edib oyun oynamaları aşkar olur. Əgər ateist yerdən günəşə kimi məsafəni hiyləli bir şəkildə 150 milyon km demək əvəzinə, bu məsafəni qəsaltmaq üçün 8 dəqiqə, 20 saniyə işıq sürəti ilə ifadə edirsə, amma günəşdən Ərşə kimi olan məsafənin qeybi məsələ olduğunu da bilirsə və yenə şübhə atmağa davam edirsə, onu yalnız "qərəzli" adlandırmaq mümkündür. Bu cür üsullarla dinə qarşı mübarizə aparmaq doğru deyil.
Altıncısı: Qurani Kərim də bu hədisdəki mənanı təsdiqləyir, bu məna elmə müxalif deyil.
Uca Allah buyurur: "Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi?" (əl-Həcc. 18).
Günəşin öz orbiti daxilində hərəkəti elmlə də, şəriətlə də sabitdir. Qeyd olunan hədisdə, xüsusən də Buxari və Müslimdə qeyd olunan hədisdə verilmiş məsələnin sonunda bu ayət qeyd edilmişdir: "Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür". (Yasin. 38)
Sualda deyildiyi kimi ayət də günəşin hərəkətini təsdiqləyir. Mövzunun qoyuluşu günəşin, yoxsa yerin günəş ətrafında dövr etməsi deyil. Mövzunun qoyuluşu məhz günəşin hərəkəti məsələsidir ki, buna diqqət yetirmək lazımdır.
"Bəziləri elə düşünürlər ki, yer günəşin ətrafında dövr edirsə, deməli günəş sabitdir. Bu yanlışdır. Günəş yerə nisbətdə sabitdir. Lakin günəş öz olduğu qalaktikaya nisbətdə sabit deyil. Günəş bir qism göy cismləri ilə birgə böyük sürətlə hərəkət edir. Qurani-Kərimin bu haqda olan vəsfi olduqca aydındır: "Onların hər biri öz orbiti ilə üzüb gedər". (Yasin. 40)".(7).
"Günəşin batması", "günəşin çıxması", "günçıxan", "günbatan" və buna bənzər ifadələrdən tez-tez ateistlər istifadə edib guya Quranın elmə müxalif olduğunu iddia edirlər. Ona əsasən ki, bu ifadələr günəşin yerin öz orbiti ətrafında dövrə vurmasına dəlalət edir. Hətta gecə və gündüz bir-birini əvəz etsin. Günəş ətrafında isə dövrə vurur ki, ilin dörd fəsli bir-birini əvəz etsin. Əgər onların özləri öz danışıqlarına diqqət yetirsələr görərlər ki, özləri belə bu kimi ifadələrdən istifadə edirlər. Onlar "günəş şüasından uzaqlaşdığımız zaman" demək əvəzinə, "günəşin batdığı zaman" və ya "günəşin batdığı zaman" sözündən istifadə edirlər və s. Bu danışıq üslubu insanlar arasında yayqın bir üslubdur. Qurani-Kərim də insanların anladığı bir dildə nazil olmuşdur. Bu o demək deyil ki, Quran insanlara xətalarında müvafiq olur. Çünki bu ifadələr yer üzünün bir hissəsi olan, orada yaşayan bəşər övladına nazil olmuş, günəş sisteminin kənarlarında olan varlıqlara nazil olmamışdır. Bu ifadələrin istifadəsi nisbidir və xəta deyil. Qurani-Kərim isə ümumən bəşər övladına gözləri ilə gördükləri, hisləri ilə idrak etdikləri bir şəkildə xitab etmişdir. Məsələn, Qurani-Kərim yerin düz olduğunu demir, deyir ki: "Yerin necə döşədildiyini görmürlər?" (Ğaşiyə. 20).
Günəşin sağdan çıxdığını demir, deyir ki: "Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini görərdin" (əl-Kəhf. 17). Yaxud demir ki: Günəş palçıqlı suda batır, deyir ki: "Günəşi palçıqlı suda batan gördü". (əl-Kəhf. 86).
Deməli, Qurani-Kərim müşahidə edən bəşər övladının baxıb gördüyü mənzərəyə uyğun danışır. Əgər müşahidəçi qarşısında batmaqda olan günəşi yerlə əlaqədə olan bir durumda və onun bir hissəsi kimi, üstəlik də onun fırlanmasından xəbərsiz durumda görürsə, bu zaman ortada olan vəsfə müxalif vəsfi vermək uyğun gəlmir. Bu məsələ bütün bəşər övladları arasında bilinən və məşhur bir məsələdir. Hətta Amerikanın NASA astronomik mərkəzində belə günəşin batması və çıxması (sunset) kimi ifadələrə çox yer verilir. Fel şəklində (sunsire) də "günəş çıxır", "günəş batır" ifadələri də tez-tez istifadə edilir. NASA-nın saytında bu ifadələri oxumaq üçün bura bəzi linkləri yerləşdiririk(8).
Yeddincisi: Bu hədislərin "günəş öz batdığı yerdən çıxar" hissəsi Qiyamətə aiddir. Digər mötəbər hədislər də təsdiqləyir ki, günəş batdığı yerdən çıxdıqdan sonra tövbələr qəbul olunmayacaq və bu hadisə dünyanın sonuna yaxın qiyamətin qopmasından öncə baş verəcəkdir. Bu öncəgörmə də Muhəmməd ﷺ peyğəmbərin peyğəmbərlik əlamətlərindəndir.
وصل اللهم على نبينا محمد وعلى آله وصحبه أجمعين!


Qeydlər və istinadlar:
(1) Səhih əl-Buxari (Fəthul-Bari). Təfsir kitabı. No: 4802. (8/402).
(2) Günəşin hər zaman ərşin altında olması (istiqrar etməsi) haqqında alimlər əsasən iki görüş bildirmişlər.
Birincisi: Günəşin istiqrar yerinin həqiqi mənada Ərşin altında olmasıdır. Bu görüş əksər alimlərin görüşüdür.
İkincisi isə: Günəşin istiqrar yerinin Lövhi-məhfuzda Ərşin altında olmasıdır. Bu görüşü deyənlərdən biri də Xəttabidir. (Bax: Alə İbrahim Əbdür-Rəhimin "Hədis: Sucuduş-Şəms təhtəl-Arş va Radduş-Şubəhil-Aqləniyyin" adlı araşdırması).
(3) Kitabül-Əsma vəs-Sifət. Beyhəqi. 2/274.
(4) Heysəm Talatın "نسف شبهة سجود الشمس تحت العرش" adlı videoroliki. Videonun keçidi:
https://youtu.be/VLGErJCJoG4 (daxil olma tarixi: 2023.08.07.
(5) Bu görüşləri bildirən alimlərdən əl-Beyhəqi, İbn Teymiyyə, İbn Kəsir, İbn Həcər, ibnul-Arabi, Nəvəvi, Xəttabi, Vahidi, ibn Battal, İbnul-Cövzi, İbn Aşur və s. çoxsaylı adları qeyd etmək olar.
(6) Məqalə: Yerdən Günəşə qədər neçə kilometr məsafə var? Keçid: https://planetariodevitoria.org/az saytı.
(7) Ərəbcə məqalə: atheistsguide.com saytı." سجود الشمس تحت العرش" - هداية الملحدين adlı məqalə.
(8) Keçidlər bunlardır:
Sunset Over South America
Space Shuttle Endeavour Comes Home to Los Angeles
NASA On Air: NASA’s Curiosity Sees Blue Sunset On Mars (5/21/2015)