Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Hicab haqqında bir şübhəyə cavab

Sual belədir: "Quranda baş örtüyü yox, sinə örtüyü keçir. Şübhə olaraq Nur surəsinin 31-ci ayəsini gətirirlər. Ayənin bu hissəsindəki" örtük" sözünə əsaslanırlar: "Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar". İddia edirlər ki, guya tərcümələrdə baş örtüyü sözü keçmir, deməli, burda sinə örtüyündən söhbət gedir.

Cavab belədir:

Birincisi: Bu şübhə İslamı daxildən şübhələr vasitəsilə dağıtmaq istəyən zındıqların köhnə şübhələrindəndir. Bu elə şübhədir ki, özü-özünü ziddiyyətə salır, diqqətlə fikir verilərsə, görülər ki, bu şübhənin özü özünü dağıdır. Şübhənin ziddiyyətinə fikir versək, cavabı çox uzatmağa ehtiyac qalmır. Ona görə də bu şübhəni "ən uğursuz şübhələrdən" adlandırmaq mümkündür. Ziddiyyətə gəldikdə isə, ayədə keçən "ximar" sözü cəm halda "bixumurihinnə" "örtük" mənasında işlənsə də, - "ximar" sözü ərəblərdə başı örtən bir geyim növüdür. (Bax: "Misbahul-Luğət". معنى الخمار). Bu geyimin aşağı hissəsi sinənin (yaxanın) üzərinə düşür. Aydındır ki, baş örtülürsə bu örtüyün aşağı hissəsi yaxanın üzərinə örtülməlidir və beləcə məna aydın olur. Zındıqların "burda hicabdan söhbət getmir" fikri alt-üst olur. Onlar ayədəki "baş örtüyü" olan hicab mənasını ifadə edən "ximar" sözünə yox, sinə (yaxa) sözünə diqqətləri cəlb etməklə özlərini pis duruma salmış olurlar.

İkincisi: Hətta, ayədə qəsd olunan "ximar" sözündən yox, "cuyubihinnə" sözünün "(baş) örtüyünü yaxanın üzərinə örtmək" mənasını bəhs etsək, bu zaman yenə ümumən bu sözün qadına nisbət edildiyi zaman, yaxanın kiçik bir örtüklə örtülməsi əmrinin olmadığını görəcəyik, yenə hardansa uzanan bir örtüyün bir hissəsinin olduğunu, bu örtüyün başı örtdükdən sonra son hissəsinin sinəni örtdüyünü anlayacağıq. Yəni bu ayəni heç bir İslam alimi "yaxanızı örtün, başınızı örtməyin" mənasında anlamayıblar. Əksinə, ayədən başı örtən geyimin bir hissəsinin yaxanın üzərinə salınması əmri var. Yəni bu baş örtüyü ilə əvvəlcə baş örtülür, sonra onun digər hissəsi sinəni (yaxa üzərini) örtür.

Üçüncüsü: ayəni bu cür izah etmək Quranın başqa hicab ayələrinə ziddir. Bu mövqeni müdafiə edənlərin sanki, Quranda hicab haqqında mənasını dəyişdirmək istədikləri ayətdən başqa ayət yox imiş kimi məsələyə yanaşmaları onların mövzuya elmsiz yanaşmalarının bir göstəricisidir. Məsələn; uca Allah Qurani-Kərimin başqa bir ayəsində belə buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir". (Əhzab. 59). Ayət tam olduğu üçün onlar bu ayənin mənasını təhrif etməkdən aciz qalırlar. Çünki ayədə təkcə peyğəmbərin (صلى الله عليه وسلم على) həyat yoldaşları və qızları deyil, açıq-aydın "möminlərin qadınları" da ifadə edilmişdir ki, bu da istər həmin dövrdəki möminlərin qadınlarını, istər də ondan sonrakı bütün dövrlərdə olan möminlərin qadınlarını ehtiva edir. Üstəlik də ayədə açıq-aydın çarşabla örtünmək ifadə edilmişdir ki, dini təhrif etmək istəyənlərin iddiasını batil edir və öncəki şübhə gətirdikləri ayədəki mənanın da eynilə bu ayədə olan məna olduğunu təsdiqləyir.

Həmçinin, bu ayət şübhə gətirilən ayətdəki "örtükdən" məqsədin qadınların tanındığı zaman əziyyət verilməməsi məqsədi olduğunu ifadə edir. Çünki, təkcə sinənin (yaxanın) örtülməsi əmri olsaydı, bu zaman qadının başının açıq olması və qadının tanınması, cəzibəsi nəticəsində naməhrəmlərin əziyyətinə tuş gəlməsi qaçınılmaz olacaqdı. Deməli, Quranın iki ayəsi fərqli məna verə bilməz. Bu iddia əslində Quranı ziddiyyətdə ittiham etmək anlamına da yozula bilər. Ola bilməz ki, bir ayət başınızı örtün əmrini versin, digər ayət isə başınızı yox, ancaq sinənizi örtün mənasını versin.

Digər bir ayədə isə uca Allah buyurur: "Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin". (Əhzab. 33). Bu ayət də həm peyğəmbərin ailə üzvləri olan xanımlara, həm də digər mömin xanımlara aiddir.

Dördüncüsü: Qeyd olunan ayəni bu cür yozmaq peyğəmbərin hicab haqqında hədislərini inkar etməklə peyğəmbəri yalanlamaq, sonra da on dörd əsrlik İslam tarixində başına hicab bağlamış milyonlarla müsəlman qadınları səhv əməl etməkdə ittiham etməkdir. Şəkk yoxdur ki, Allahın dini aydındır. Lakin, on dörd əsr sonra ortaya çıxmış olub bütün müsəlmanların aldadıldığını iddia edənlərin dini bəlli və aydın deyil. Çünki, onlar Allahın dinindən günəş kimi aydın olan məsələləri inkar edirlər.

Müəllif: Sahib Əsədov.