Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ən gözəl biçimdə yaranan insan niyə sünnət edilir? (Şübhəyə cavab)

Şübhə belədir: Əgər Allah insanı ən gözəl biçimdə yaradıbsa, o zaman nə üçün o sünnət edilir? Onun sünnət olunmasına niyə ehtiyac yaransın ki?
Cavab: Bu şübhəyə bir neçə aspektdən cavab veriləcəkdir. Cavab aspektləri dini izahı, məntiqi izahı, təcrübi izahı və tibbi izahı əhatə edir.
Birincisi: Dini izah: Sünnətin(1) insanın ən gözəl biçimdə yaranması ilə bir əlaqəsi yoxdur. Qeyd olunan ayə insanla heyvanları fərqləndirmək üçündür.
Böyük təfsir alimi ibn Cərir ət-Təbəri (Allah ona rəhmət etsin) bu ayənin mənası barədə demişdir: Ayədə and içilən də elə budur. Allah insanı ən yaxşı surətdə və ən yaxşı quruluşda yaratmışdır. (digər canlılarla müqayisədə) qaməti dikəldilmiş, əzaları mötədil və daha yaxşıdır.(2).
Həmçinin imam Bəğavi (Allah ona rəhmət etsin) də bu mənanı öz təfsirində təsdiqləmişdir. O belə demişdir: "Biz insanı ən gözəl biçimdə yaratdıq", yəni: Qaməti daha düzdür və ən yaxşı şəkildədir. Bu ona görədir ki, hər bir heyvan üzü üstə yeriyən olaraq yaradılmışdır, yalnız insan qaməti düz şəkildə yaradılmışdır, öz qidasını əli ilə qəbul edir, ağıl və (yaxşını pisdən) fərqləndirmək qabiliyyəti ilə bəzədilmişdir".(3)
Buradan aydın olur ki, birinci ayənin dini izahını düzgün başa düşmək lazımdır.
Sünnət etmək bütün peyğəmbərlərin müştərək sünnələrindəndir və İslam dinində də buyrulmuş əməllərdəndir. Sünnət haqqında Muhəmməd (Sallallahu aleyhi və səlləm) peyğəmbər hədisi-şərifdə belə buyurmuşdur:
"Beş şey fitrətdəndir: "Sünnət etmək, qasıq tüklərini təmizləmək, qoltuqaltı tükləri təmizləmək, dırnaqları tutmaq və bığları azaltmaq".(4).
İkincisi: Məntiqi izah: İnsan doğulduqdan sonra təbii fizioloji prosses olaraq dırnaqlar və saçlar və digər tüklər də kəsilir, insan doğulduğu gün isə göbəyi kəsilir. Niyə eyni sual bu hallar haqqında da verilmir? Az qala hər həftə tutulan dırnaqlar, hər ay qırxılan saçlar haqda bu sual verilmir, lakin bir kişinin ömründə bir dəfə etdirdiyi sünnət əməli bu qədər qabardılır. Təbii ki, bu da çox qəribədir.
Başqa bir məntiqi izah da belədir: İnsana zərər verə biləcək, zəruri olmayan artıqlar öz funksiyasını yerinə yetirdikdən sonra təmizlənməlidir. Məsələn, bir nəfər bazardan yeni bir telefon aldığı zaman o telefonu karopkasından çıxarır və üzərindəki artıq klyokları açmalı olur. Çünki, artıq olan şeylər telefonun satışdan öncə qorunması prossesində lazım idi, istifadə prossesində isə bu artıqlara ehtiyac yoxdur. Başqa bir misal verək; Dinsizlərin tez-tez, sevə-sevə danışdıqları mövzulardan olan kosmik raketlər belə havaya qalxmaq üçün hər mərhələdə öz materiallarından nəyisə bayıra atmaq və artıq yüklərdən azad olmaq zorunda qalır.
İnsan da ana bətnində sünnət olunmayan ətə, ana ilə cisminin bağlantısı olan göbək bağına, doğulduqdan sonra düşən hər hansısa bir cismə malik ola bilir. Bütün bunlar yaradılış qüsuru deyil, yaranmış varlığın xeyrinə olan hallardır.
Üçüncüsü: Təcrübi izah: insan bədənindən kəsilən hissələri kəsilmə məqsədlərinə görə bir neçə hissəyə bölmək olar:
a) Kəsilməsi zərurət olaraq qəbul edilənlər. Saç, dırnaq, ana ilə körpəni birləşdirən göbək bağı və s.
b) Kəsilməsi cinayət hesab edilən hallar: İnsanın istənilən orqanının (əl, ayaq, barmaq, qulaq, burun) qeyri qanuni, şəxsin icazəsi və şəriətlə təqsiri olmadan kəsilməsi. Quldurluq, qətl və ya bəzi təcavüz hallarındakı kimi.
c) Faydası olduğu zaman kəsilə bilən hissələr:
Çürümüş ayaq qanqrena olduğu zaman birbaşa həkim tərəfindən kəsilir və bu iş tam qanuni hesab edilir. İnsan orqanlarından bədən çürüməsi zamanı digər əzalarda da bu kimi hallar baş verə bilər və bədənin qorunması və daha yaxşı fəaliyyətdə olması üçün işə yaramayan hissə aradan götürülür. Yaxud tibdə orqan transplantasiyası kimi hallar var ki, ölmüş insanlardan götürülən hansısa bir orqan sağ, yaşayan digər insanın həyatının xilas edilməsi və ya sağlamlığının qismən bərpa edilməsi üçün istifadə olunur. Hansı ki, bunun da şəri aspektdən öz təfsilatları var. Misallar çəkmə məqamında bu təfsilatları vermək yeri deyildir. Necə ki, hər sözün öz yeri vardır.
d) Şəriətdə oğrunun əlinin kəsilməsi, təcavüzkara təcavüz etdiyi şəxs tərəfindən əfv edilmədiyi təqdirdə verilən gözə-göz, buruna-burun, dişə-diş və s. qisas hökmünün cəzası və ya təcavüzkar qatil quldurların bədənlərinin çarpazvari kəsilməsi; bütün bu hallar isə şəriətdə cinayətkarlara qarşı tətbiq edilir və müəyyən şərtlər olmadan həyata keçilmir, hər ucuz şey oğurlayanın əli kəsilmir, oğruya bəzən şans verilir, necə deyərlər "oğurluğa öyrəşmiş əllər kəsilir", bağışlanma halında və ya cərimə ödəndiyi zaman isə əvəz olaraq cinayətkarın eyni orqanının kəsilməsi hökmü yerinə yetirilmir. Xüsusi vurğulayaq ki, bu hökmlər yalnız şəriət ölkəsində tətbiq olunur, bu cəzaların tətbiqində özbaşınalıq halları qətiyyətlə qadağandır və bu cəzalar tam rəsmi qərarla yerinə yetirilir.
Xatırladaq ki, bütün bu sadalanan misallar dünyada insan bədənindən kəsilən hissələri və kəsilmiş orqanların kəsilmə məqsədlərini qeyd etmək üçün idi. Bu misallar insanın əzalarının qanuni və qeyri-qanuni kəsilməsi haqqında təsəvvürünün formalaşması və digər faydaları ola bilər. Hətta ömründə bir dəfə olsun qanunsuz orqan ticarətinə və ya quldurluğa qarşı etiraz etməyən adamların dinsiz olduqdan sonra gecə-gündüz insan bədənindəki artıq, kiçik bir ət parçasının kəsilməsini "müzakirə" obyektinə çevirməsini, dindarlara qarşı arqument kimi istifadə etməsi kimi absurd hallar bu zaman daha yaxşı təsəvvür edilə bilər.
Dördüncüsü: Tibbi izah: Sünnət olunan kiçik ət parçası - elmi dildə Foreskin(5) - ana bətnində olan embrionun inkişafının səkkizinci mərhələsində əmələ gəlir. Bu kiçik ət parçasının əsas funksiyası ana bətnində inkişafda olan körpənin cinsiyyət orqanının uc hissəsini ana rəhmi daxilində müxtəlif seliklərdən qoruyur və onu rütubətli saxlayır. Sünnətin cinsi faydaları haqda bu məqalədə danışmaq fikrimiz yoxdur. Milyonlarla qeyri müsəlmanların bu sünnət metodundan istifadə etməsi əslində qısa və konkret bir izahdır. Onlar müsəlman olmasalar belə sünnət yolunu çox mühüm hesab edirlər. Bu kiçik ət yumşaq olduğundan, üstəlik də doğulduqdan sonra funksiyasını başa vurduğu üçün (doğuşdan sonra foreskinin daxilində ağrıverici duzların toplanması, həmçinin çirkab mənbəyi olan mikropların yığılması nəticəsində) kəsilib atılması daha faydalı və məsləhətli olur.
Deməli, bu məqamda sünnət etmək faydalı bir prosses kimi qiymətləndirilməlidir. Bu bəzi fayda və hikmətlər bizə məlum olan fayda və hikmətlərdir. Hələ bilmədiyimiz digər fayda və hikmətlər də ola bilər.


Digər bilinən tibbi faydalara gəldikdə isə:
Sünnət edilmə sidik kanalının infeksiyaya yoluxmasının qarşısını alır. Sünnət olunmayan zaman artıq dəri infeksiya üçün əlverişli bir mühit rolunu oynayır. ABŞ tədqiqatçılarının araşdırmalarına əsasən sidik kanalının infeksiyaya yoluxmasında sünnətsiz kişilər sünnət olunanlardan 20 dəfə çoxdur. Sünnət olmaq cinsi yolla yoluxan bəzi xəstəliklərin qarşısını alır. Hətta sünnət olan insanın QİÇS-ə yoluxma riskinin sünnətsizlərə nisbətən az olduğu bildirilir. Kişilərdə cinsiyyət orqanı xərçənginin qarşısını alır. Bu xəstəlik nadir bir xəstəlik olub 100.000 kişidən 0,7-0,9 kişidə rast gəlinə bilər. Sünnət olunma cinsiyət orqanının iltihabının qarşısını alır. İkinci dünya müharibəsi zamanı Körfəzdə döyüşən əsgərlərin burada tez-tez baş verən qum fırtınaları nəticəsində bu problemlə rastlaşdıqları məlumdur(6). Oxuculara sünnətin faydaları haqqında daha ətraflı dr. Pərviz Hacıyevin "Sünnət faydalıdır, amma" (7) adlı məqaləsini oxumağı, dünya təcrübəsində və aparılmış tədqiqatlar haqqında oxumağı da tövsiyə edirəm.


İstifadə edilmiş ədəbiyyat və qeydlər:
1 - Sünnətə elmi dildə "sirkumsiziya" deyilir.
2 - Bax: ibn Cəririn təfsiri, Tin surəsi, 4-cü ayə.
3 - Məalimut-Tənzil. Bəğavi. Tin surəsi, 4-cü ayənin təfsiri.
4 - Səhih əl-Buxari. Muhəmməd ibn İsmail əl-Buxari. no: 5889. Rəvayətçi: Abdullah ibn Ömər. Səhihi Müslim. Muslim ibnil-Həccac ən-Nisaburi. No: 257. Əbu Hureyrənin hədisi.
5 - "Foreskin" kişi cinsiyyət üzvünün ən uc hissəsində olan ət parçasının elmi adıdır. Prepuce: sünnət dərisi.
6 - Məqalə: "Sünnət olunmanın tibbi faydaları". Məqaləyə keçid üçün link: https://minber.az/sunn%c9%99t-olmanin-tibbi-faydalari.
7 - Məqalə: "Sünnət faydalıdır, amma". Dr. Pərviz Hacıyev. Məqaləni oxumaq üçün keçid:
https://uroloq.com/sunnet-faydalidir-amma/


Yazdı: Sahib Əsədov