Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Elm Allahın mövcudluğunu sübut edə bilərmi?

Bir çox insan tərəfindən verilən məşhur sual belə səslənir: “Elm Allahın mövcudluğunu isbat edə bilərmi?” Əslində bu sualı verməklə onlar “elm Allahı kəşf edə bilərmi?” fərziyyəsini nəzərdə tuturlar. Bunu anlamaq üçün biz sübut və kəşf arasında olan fərqi bilməliyik. “İsbat etmək” dəlil və ya arqument vasitəsilə həqiqəti və ya bir faktı ortaya çıxarmaq deməkdir. “Kəşf etmək” isə nəyisə görmək, tapmaq və ya həmin məxluq haqqında bilginin və ya görüntünün əldə olunmasına deyilir, hansı ki, əvvəllər görünməz və ya naməlum idi.
Sözün qısası, “kəşf etmək” nəyinsə insan tərəfindən görünməsi və ya müşahidə edilərək aşkar olunmasıdırsa, bir şeyi “sübut etmək” isə, faktları təsbit etmək üçün əsaslandırıcı və ya məntiqi arqumentlər kimi hər hansı bir sübut təmin etmək deməkdir və bu bizim görmə qabiliyyətimizdən asılı deyil.
Əslində, elm həmişə Allahın təbiətdə qoyduğu əlamətləri kəşf edə bilir. Bu da o deməkdir ki, elm hər zaman Allahın mövcudluğunu dəlillər vasitəsi ilə sübut edə bilir. Ancaq, elm vasitəsi ilə biz bu dünyada Allahı heç vaxt kəşf edə bilmərik. O zaman belə bir sual ortaya cıxır: “Niyə elm Allahın mövcud olduğunu isbat edir, lakin, kəşf edə bilmir?”. Bu sualın cavabı isə bundan ibarətdir: “Qüdrətli Yaradan insan tərəfindən onun qəbul olunması və ona iman gətirilməsi üçün öz yaratdıqlarını çeşidli dəlil və işarələrlə təmin edir. Verdiyi ağılın müqabilində onu imtahan etmək istəyir. Çünki, ağılın işə salınması üçün bir şeyin mütləq qeybdə olması və ona işarət edən əlamətlərin olması vacibdir. Açıq-aydin bir şeyi isbat etmək üçün ağıla ehtiyac yoxdur. Tam gizli olan və heç bir əlamət olmayan bir şeyi də ağıl tapa bilməz. Mütləq qeyb və əlamət olmalıdır. Qeybdə olması, kəşf edilməməsi, görülə bilinməməsi məhz ağılın işləmə şərtidir.
Həmçinin, kəşf edə bilməməyin digər səbəbi bizim qabiliyyətlərimizin məhdud olmasıdır. Bu isə Allahın insanı çəkəcəyi sınağın, imtahanın tələblərindəndir ki, bu videonun mövzusundan kənar, müstəqil izah ediləcək bir məsələdir. Sınağın əsas elementlərindən biri qeybdə olduğuna rəğmən, əlamətlərinə baxaraq, düşünərək Allaha iman gətirməkdir.
Bunları anlamaq üçün təsəvvür edin ki, siz güclü modelləşdirmə proqramından istifadə edərək bir layihə ərsəyə gətirən peşəkar proqramçısınız. Bu layihədə şüurlu insan modeli qururuq. Bu o deməkdir ki, sizin yaratdığınız modellərin intellekt gücü var və siz onların sizi tapması üçün qarşılarına test qoymusunuz. Yəni, elə bir proqram yazmısınız ki, o sizdən ona veriləcək əlamətlər və ipucları ilə sizi tapmalıdır. Deməli, əgər siz məntiqli düşünsəniz anlayarsınız ki, onların sizi tapmaları və özlərinin “yaradıcısı” kimi qəbul etməsi üçün bu modellərin sadəcə 2 seçimi var. Birinci seçim sizi kəşf etmək və ya sizi görməkdir. Lakin, onların sizi görməsini siz istəmirsiniz. Çünki, bu bir testdir və onların sizi gördüyü halda bu testin heç bir mənası qalmır.
Məntiqli düşünsək, siz bu layihənin içində olmadığınız üçün onlar sizi aşkar edə bilmirlər. Beləliklə, onların sizi tapmaması sizin mövcud olmamağınız anlamına gəlmir.
İkinci seçim isə sizin onlara işarələr və sübutlar göndərməyinizdir. Əlavə olaraq, siz onlara intellekt gücü də verirsiniz. Beləliklə, onlar sizi bu sübutlar vasitəsi ilə və məntiqli düşünməklə aşkar edə bilirlər. Bu, sanki sınaqdan keçmək üçün onlara sizin tərəfinizdən verilən ipuclarıdır və əgər bu dəlillərə rəğmən onlar sizin varlığınızı qəbul etmirlərsə, deməli onlar təkəbbürlüdürlər.

Xülasə
Bu misal Yaradıcının öz məxluqunu, yaratdığını necə məhdud çərçivələrlə yaratmasına bariz nümunədir. Yaradılan model müəyyən bir vaxt çərçivəsində sənin idarən altında olan güc, sürət və hərəkət kimi xüsusi qanunlara malik bir mühit ilə məhdudlaşdırılmışdır. Beləliklə, bu model yalnız xüsusi mühit içərisindəki şeyləri kəşf edə bilir və məhdud intellekt səbəbilə içində olduğu məhdud mühitdən kənar heç bir şeyin mövcud olmadığını fikirləşir. Lakin, nəzərə alın ki, siz belə bir layihənin yaradıcısı da olsanız, siz özünüz mükəmməl Yaradan deyilsiniz. Onun misalı daha ucadır. Belə ki, bu layihədə istifadə olunan elementlər (məsələn: elektrik, layihənin əvvəlcədən təyin edilmiş nümunələri, sizin beyniniz və s.) daha yüksək varlıq tərəfindən yaradılmışdır.

İndi isə düşünün ki, siz və sizin layihəniz, yaşadığınız dünya və bütün kainat yüksək varlıq (Pak və Uca olan Allah) tərəfindən yaradılmışdır. Necə fikirləşirsiniz, bayaqkı kompüterin içərisindən yaratdığımız modellə müqayisə edərək bizim içərisində olduğumuz kompüterin “Mega Kompüter” olduğunu təsəvvür edə bilərikmi? Daha doğrusu, biz kompüterdə deyil, səmalar və yerdən ibarət aləmin, böyük yaradılış boğçasının, sandığının, içərisində yaradıldığımızı təsəvvür edə bilirikmi?! Belə ki, biz bu boğçanın içərisində olduğumuz təqdirdə biz yalnız fiziki olaraq onun içərisindəkiləri - əşyalara toxunmaq, dadına baxmaq, görmək, qoxulamaq və ya eşitmək qabiliyyətindəyik. Beləliklə, bizim beş hissiyyat üzvlərimiz bizə yalnız fiziki məxluqatla əlaqəsi olan şeyləri kəşf etməyə kömək edir.
Lakin, sevgi, hisslər və intellekt (zəka) kimi digər anlayışlar da mövcuddur. Bunları biz fiziki atributlarla təsvir edə bilmirik. Məsələn, biz hisslərimizi qoxulamaq, görmək, dadına baxmaq və onlara toxunmaq qabiliyyətində deyilik. Biz sevgi və intellekt kimi şeyləri bu beş hissiyat üzvləri vasitəsilə kəşf edə bilmirik.
O zaman biz onları görə, qoxulaya və ya toxuna bilmədiyimizə görə, bizim intellektimiz və ya sevgi hissimiz mövcud deyil söyləyə bilərikmi? Əlbəttə ki, xeyr. Onlar mövcuddur, lakin, siz onları fiziki şəkildə kəşf edə bilmirsiniz. Siz onların mövcudluğunu işarələr və dəlillər vasitəsi ilə və məntiqinizdən istifadə etməklə isbat edə bilərsiniz. Məsələn, qəmgin hisslərin işarəsi ağlamaqdır. Siz nəyinsə əmələ gəlməsini təhlil etdikdə sizin ağlınız və zəkanız onu dəlil kimi qiymətləndirir. Belə ki, düşünməyin ki, Allah bu “yaradılış qutusunun” içərisindədir və siz Onu digər əşyalar kimi aşkar edə bilərsiniz. Çünki, ilk öncə bunu bilmək lazımdır ki, kəşf edilən istənilən şey Allah ola bilməz. O (Yaradan), bu kainatdan və hətta sizin təxəyyülünüzdən kənardadır. Siz onu fizika qanunları vasitəsi ilə kəşf edə bilməzsiniz. Çünki, bu yolla yalnız fizika qanunları və qaydaları çərçivəsində olan şeyləri kəşf etmək olar. Allah təbiət qanunları ilə məhdudlaşdırılmır. Belə ki, bu qanunlarla məhdudlaşan heç nə Allah hesab edilmir. Ona görə də siz Onu (Allahı) kəşf edə bilməzsiniz, lakin Onun varlığı dəlil və sübutlarla isbat edilmişdir.


Gəlin indi də bir şeyin təcrübi/nəzəri cəhətdən kəşf oluna bilməsi ilə, həmin şeyin zəruri elm ilə, məntiqi cəhətdən isbat olunması arasında fərqi izah edəcək bir neçə misala baxaq.
Hər şeyin elm ilə kəşf olunmasını tələb edəcək insanlar, bu şeyin mütləq görülə bilən, hiss edilə bilən şey olmasını söyləyirlər.
İnsanın öz ulu, ulu, ulu, ulu, ulu, ulu babasının olmasını elmi olaraq kəşf etmək mümkünsüzdür. Çünki, bizim onun harada yaşadığı, harada basdırıldığı və digər məlumatlara çatmamız tamamilə mümkünsüzdür. Belə olduğu halda onun DNT-lərini əldə edib müasir zamanımızda icad olunmuş mikrobioloji təcrübələrlə özümüzünkü ilə müqayisə edə bilmirik. Burada bizim təcrübi, nəzəri imkanlarımız, elmimiz tamamilə məhdudlaşmışdır. Heç bir elmi ipucumuz yoxdur.
Lakin, bütün bunlarla yanaşı ulu, ulu, ulu, ulu, ulu babamızın olmasını isbat etmək çox sadədir və ya bunu inkar etmək tamamilə zəruri əqlə ziddir.
İkinci misal: Səhrada yaşayırıq. Evdən çıxmışıq və geri qayıtdıqda stolun üzərində bizə yarısı içilmiş bir fincanda ilıq çay görürük. Evimizdə müasir kameralar və müşahidə sistemlərimiz yoxdur. Evi axtarırırq, heç kim yoxdur. Üstəlik həmin insan stolun üstündəki kağıza, gözəl xətlə “səni gözlədim gəlmədin” yazmışdır. O insanı təcrübi və ya nəzəri olaraq kəşf etməmiz mümkünsüz olsa da, evdə bizdən qabaq bir insanın olmasını, onun yazıb oxuya bilən və bizi tanıyan birisi olmasını əlamətlərə baxaraq zəruri elm ilə, məntiqi əsaslandırma ilə isbat edirik.
Kainatın mürəkkəbliyi və təbiət qanunları hər şeyin dəqiq şəkildə tərtib edən müdrik Yaradanın varlığının sübutudur. Belə ki, sizin Onu görməməyiniz Onun mövcud olmamağı anlamına gəlmir.
Piter Rassel: Kainatın əslində bir məqsədi var. Bəzi fiziklər artıq konkret bir məqsəd üzrə olduğunu düşünürlər. Bu, atom fizikasının əsas rəqəmləri haqqında olan bəzi məlumatlardan bəlli olur.
Brayan Qrin: Rəqəmlər bu kimi göstəriciləri əhatə edir: bir elektronun çəkisi, kvark çəkisi, cazibə qüvvəsi, elektromaqnit sahəsinin gücü. Yəni ki, dünyanın bu və ya digər parametrlərini təsvir edən 20-yə yaxın rəqəm. Lakin, heç kim bilmir ki, niyə bu rəqəmlərin belə spesifik ölçüləri var. Əlbəttə ki, siz asanlıqla bəyan edə bilərsiniz ki, “bu kimə lazımdır? Axı, burada elekton çəkisinin bir az artırılmasından və ya azalmasından söhbət gedir!” Bunun bir önəmi var bəyəm? Əslində, bəli, var. Bu vacibdir. Təsəvvür edin ki, sizin 20 dəyişiklik etmə cəhdiniz var və siz bilərəkdən bu 20 rəqəmin ölçüləri üzərində kiçik bir dəyişiklik etsəniz, bildiyimiz dünya sadəcə olaraq yox ola bilər.
Alan Q. Qut: Bircə anlıq böyük partlayış nəzəriyyəsinə qayıtsaq, görərik ki, genişlənmə dərəcəsi və çəki sıxlığı kimi meyarlar bir-birinə qarşı elə dəqiqliklə tənzimlənirlər ki, kainat olduğu vəziyyətdə mövcud olmağa davam edir. Və əgər bu məqamda kainatın genişlənməsi zərrə qədər də tez baş versəydi, kainat qalaktikalar yaratmaq şansına malik olmadan dağılardı. Digər tərəfdən isə genişlənmə prosesi zərrə qədər yavaş baş versəydi, kainat maksimal dərəcədə genişlənərək tənəzzül edərdi və biz hazırda yaşadığımız zamana gəlib çıxmazdıq.
Brayan Qrin: Bu məsələ ilə rastlaşdıqda çoxlarının təbii olaraq soruşduğu sual belə səslənir: “Bütün dünyanın mükəmməl şəkildə bir araya gəlməsinə səbəb olmaq üçün onu bu cür tərtib edən kimdir? Bu sadəcə bir təsadüfdürmü? Kainatın olduğu kimi mövcudluğunu təmin edən təbiətin bir qüvvəsi varmı? Yoxsa, bütün bunların arxasında şüurlu bir varlıq var? Hansı ki, tanıdığımız dünyanın mövcudluğunu olduğu kimi təmin edir.
Alim (Adı qeyd olunmur): Beləliklə biz bu dünyada hansısa təsadüf nəticəsində olmadığımızın dəlillərinə nəzər yetirə bilərik. Zənnimcə, dünya tərtibatı, əsas konstant parametrlerin mövcudluğu, xüsusi balans, təbiətin əsas qüvvələri mənə bu kainatı quran və bu dünyanı bir araya gətirən bir varlıq olduğunu bildirir. Kainatın xaricində kimsə bizi düşünür və bizlərin faydası üçün bunların hamısını bir araya gətirir.
Pak və Uca olan Allah böyük və əzəmətlidir. O, Ona uyğun şəkildə və möhtəşəm bir şəkildə Özünü gizlədir. O, Öz gücü, qüdrəti, elmi, mərhəməti, rəhməti və digər özünün xəbər verdiyi sifətlərindən başqa dünyaya heç bir şey göstərmək istəmir. Allah bizi bu dünyada Onu görməyə qadir olmayan bir şəkildə yaratmışdır. Lakin, bu Cənnətdə insanların Allahı görmək üçün ən böyük mükafatı olacaq. Biz, Allahı görmədən Ona iman gətirməklə bu dünyada sınaqdan keçirildiyimizi düşünməliyik. Üstəlik bilməliyik ki, bu cür elm və hikmətlə Yaradan yaratdıqdan sonra tərk etməmiş, bizə Özünü tanıtmış və bizimlə ünsiyyətə keçmişdir.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.