Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Müsəlmanlar niyə ixtilaf edirlər?

Deistin sualı: “Əgər İslam dini haqdırsa, müsəlmanlar doğru yoldadırsa, onda niyə onlar ixtilaf edir? Əgər onlar haqq yoldadırsa, bu qədər ixtilaflar niyə var?”

Cavab: birincisi, digər peşə və ixtisas sahibləri də ixtilaf edir; həyatın bütün sahələrində ixtilaf mövcuddur. İxtilafa düşən yalnız dindarlar deyil. Dünyəvi alimdən tutmuş fəhləyə qədər bütün peşələrin mənsubları ixtilaf edir. Hətta təcrübi elmlə məşğul olan dünyəvi alimlər öz aralarında ixtilaf edir. Ümumiyyətlə isə fərdi inanc sistemlərinə qulluq edən bütün insanlar - fəlsəfəçilər, ateistlər, deistlər, aqnostiklər, liberallar, demokratlar, sekulyaristlər, praqmatistlər, humanistlər, qlobalistlər, bütün peşə sahibləri - şairlər, jurnalistlər, biznesmenlər, müğənnilər, hətta bazarda ticarətlə məşğul olan sıravi insanlar belə ixtilaf edir.

Fəlsəfəçi düşünür ki, fəlsəfəni bilməyən özünü dərk etməyib. Digər fəlsəfəçi isə fərqli cür düşünür. Onlar fəlsəfi düşüncələrində ixtilaf edirlər. Eləcə də eramızdan əvvəl fəaliyyət göstərmiş qədim fəlsəfə məktəblərinin mütəfəkkirləri daim bir-biri ilə münazirə etmiş, biri digərinin fikirlərini tənqid atəşinə tutmuşdur.

Bəzi ədəbiyyatçılar həyatın şeir, qəzəl, poema və s.-dən ibarət olduğunu düşünür. Bəziləri isə ömrünü meyxana deməklə keçirir və bunun əsl ədəbiyyat olduğunu düşünür. Yeni ateist ədəbiyyatçılar isə köhnə şairlərin ədəbi irsinə dəyər vermir, əxlaq normalarını aşmaqla ədəbiyyatı zirvəyə qaldıracaqlarını düşünür, xalqın böyük şairlərini nifrətlə yad edir, onları ədəbi xadim kimi qəbul etməyərək alçaldırlar.

Jurnalistlər də iki qismə bölünüb: xəbərləri kütləyə doğru çatdıran insaflı jurnalistlər və baş verən hadisələrə, gündəmdə olan məsələlərə münasibətdə qərəzli mövqe tutmaqla yanaşı ciblərini vicdanlarından önə çəkən jurnalistlər.

Astronomlar da ixtilaf edir; onların əksəriyyətinin dinlə heç bir əlaqəsi yoxdur. Lakin son illərdə yerin düz olduğunu deyən astronomlarla, yerin kürə şəklində olduğunu deyən astronomlar arasında ciddi fikir ayrılığı mövcuddur. Hələ onların göy cisimləri ilə bağlı ixtilaflarını bir kənara qoyuruq.

Siyasətçilər də ixtilaf edir; tarixdə baş vermiş və müasir dövrdə mövcud olan siyasi ixtilafları saymaqla qurtarmaz. Siyasi şərhçilərin proqnozları, ayrı-ayrı ölkələrin iqtidarçıları və müxalifətçiləri arasında olan ixtilaflar, üstəlik müxalifətçilərin öz aralarında baş verən ixtilaflar hər biri müxtəlif fikir ayrılıqlarına əsaslanır.

Tarixçilər də ixtilaf edir; onlar bəzən bir məsələ ilə bağlı dörd-beş fikir səsləndirir. Yaxşı ki, tarixçi dindar olmaq anlamına gəlmir. Yoxsa görəsən onlar dindar olsaydılar, bu ixtilafları qabardar, şişirdərdilərmi? Niyəsə ixtilaf dedikdə yalnız müsəlmanların fikir ayrılıqları yada düşür.

Cəmiyyətin düşünən beyinləri, ziyalıları bir çox məsələdə ixtilaf edirlər. Təcrübi elmlə məşğul olan dünyəvi alimlər çoxsaylı nəzəriyyələr ətrafında ixtilaf edirlər. Müəyyən bir dövrdə hər kəsə “mütləq həqiqət” kimi görünən hər hansı “elmi nəzəriyyə” bir neçə il sonra digər alimlər tərəfindən rədd edilir və əvəzində başqa bir nəzəriyyə müdafiə olunur. Bəzi alimlər elm sahələrini yalnız təcrübi elmlərlə məhdudlaşdırır, bəziləri isə faydalı bütün elmləri də elm hesab edirlər.

Ər-arvad, bacı-qardaş və s. kimi bir ailənin üzvü olan insanlar da öz aralarında ixtilaf edirlər. Öz ailə üzvləri ilə daim münaqişə içində yaşayan bəzi insanlar utanmadan müsəlmanları ixtilafa düşməkdə ittiham edirlər.

Ateistlər də ixtilaf edir; onlar kainatın yaranması ilə bağlı müxtəlif fikirlər səsləndirirlər: bəziləri kainatın əzəli olduğunu, bəziləri sonradan bir partlayış nəticəsində yarandığını deyir, bəziləri isə "çoxsaylı kainatlar" (Multiverse) nəzəriyyəsini irəli sürür. Həmçinin avropalı ateistlər darvinizmi dəstəkləyir, Şimali Koreya mənsubları olan ateistlər isə darvinizmi inkar edir. Müasir ateistlərdən Kapitalizmi müdafiə edib Kommunizi və Sosializmi pisləyənlər az deyil. Bir qrup kommunist ateistlər də müasir ateist gənclərlə bir çox mövzularda ciddi ixtilaflar edirlər. Bir sözlə, nə keçmiş tarix boyunca, nə də müasir dövrdə ateistlər ortaq bir fikirə gələ bilməyiblər.

Deistlər də ixtilaf edir; əksər deistlər ruhun varlığına inanır. Bəzi deistlər deizmin banisi Herbert Çerberi kimi axirətə inansa da, əksər deistlər axirətin mövcudluğuna iman gətirmir. Ruh və axirət mövzularında, həmçinin Allahın kainata təsiri, müdaxiləsi, bu təsirin hansı çərçivədə olduğu və miqyası barədə deistlər arasında böyük ixtilaflar var.

Uzun sözün qısası, dindar olmayan bir çox insanlar ixtilaf edir; onlardan bəzisi cəmiyyətin islahı üçün liberalizmin, bəzisi sekyularizmin, bəzisi praqmatizmin, bəzisi demokratiyanın, bəzisi isə kommunizmin yaxşı olduğunu iddia edir.

Yəni xülasə odur ki, ixtilaf etmək insanın fitrətində vardır. Odur ki, yaratdıqlarını ən gözəl şəkildə tanıyan Allah buyurur:

“İnsan isə ən çox mübahisə edəndir”(1).

Deməli, insan mübahisə etməyi xoşlayır. Fikir bildirmək, etiraz etmək, tənqid etmək insana xas təbii hallardır. Lakin insanın çox mübahisə etməsi, mübahisəyə meylli olması ayədən də görünür və insan özü də buna şahiddir.

İxtilafların səbəblərindən bəziləri aşağıdakılardır:

a) insanın fitrəti;

b) paxıllıq, kin-küdurət və digər qəlb xəstəlikləri. Buna dəlil isə Quranın bu ayəsidir: “İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər”(2).

Digər səbəbləri isə müxtəsər şəkildə qeyd edəcəyik inşəAllah:

c) müxtəlif xarakterli insanların bir-biriylə anlaşa bilməməsi;

d) insanın öz havasına tabe olaraq hər hansı bir məsələdə haqqı axtarmaq əvəzinə nəfsinə xoş gələn fikirləri müdafiə etməsi;

e) ixtilaf edən tərəflərin ixtilaf etdikləri məsələnin həqiqətini bilməmələri;

f) liderlik etmək, şöhrət sevgisi və ya millətçilik davaları;

g) müəyyən şəxslərin və ya fəlsəfi cərəyanlarının fikirlərinə təəssübkeşlik etmək;

h) dəlilsiz-sübutsuz və kor-koranə şəkildə əvvəlki nəsilləri təqlid etmək;

i) insanların müxtəlif anlayışlara sahib olması.

İxtilaf səbəblərini çoxaltmaq olar, lakin məqsədimiz bu səbəblərin sadalanması deyil. Çatdırmaq istədiyimiz məqam odur ki, nə qədər ki, insanlar mövcuddur və nə qədər ki, bir-birilə ünsiyyətdədir, ixtilaflar da bir o qədər mövcud olacaqdır.

İkincisi: İslam dinində ixtilafa münasibət necədir?

Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar”(3).

Bu ayədə Uca Allah sadəcə müsəlmanların ixtilaf etdiyini bildirmir, əksinə, bütün insanların ixtilaf etdiyini buyurur. Yəni müxtəlif beyinli və müxtəlif xarakterləri insanlar mövcud olduqca, ixtilaflar da mövcud olacaq.

İslam dinində ixtilaf yaxşı hal hesab olunmur. Odur ki, Allah Quranda müsəlmanlara ixtilafa düşməyi qadağan edərək buyurur:

“Bir-birinizlə mübahisə etməyin, yoxsa, ruhdan düşər və zəifləyərsiniz”(4).

Bu ayədə Allah ixtilaf etməyin müsəlmanların zəifləməsi ilə nəticələnəciyini açıq-aydın şəkildə bildirir.

Bəs ixtilafa düşdükdə nə etməliyik? Bu suala da Quran ayəsi cavab verir:

“Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”(5).

Başqa bir ayə də ixtilafı, parçalanmağı qadağan edir: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”(6).

Göründüyü kimi İslam dini ixtilafı qadağan edir, ittifaqı və birliyi isə əmr edir. Bir çox din xadimləri bu ayəyə əməl etmir. Çünki insanlar ixtilaf etdikləri zaman Qurana və peyğəmbərin sabit hədislərinə əməl etsələr, çox ixtilaflardan xilas olardılar.

Lakin ixtilaf qaçınılmazdır. Yuxarıda da qeyd edildi ki, dinlə əlaqəsi olmayan sahələrdə də ixtilaflar mövcuddur. Muhəmməd peyğəmbər ﷺ yəhudilərin 71, xristianların 72, müsəlmanların isə 73 firqəyə bölünəcəklərini, birindən başqa hər birinin cəhənnəmə gedəcəyini buyurmuşdur. Sonra isə Peyğəmbər yetmiş üç firqədən kimlərin nicat tapacağını bəyan edərək demişdir: “Bu gün mən və səhabələrim hansı yol üzərindəyiksə, o yolla gedənlər nicat tapacaqlar”(7).

Peyğəmbər ümmətindən hər kəs (yetmiş üç firqənin hər biri) əvvəl-axır cənnətə düşəcəkdir. Lakin bu yalnız onlar günahlarından təmizləndikdən sonra baş verəcəkdir. Allaha və Onun elçisinə iman gətirmiş kəslərə zülm edilməyəcəkdir. Hər kəs öz əməlinin qarşılığını alacaqdır. Yetmiş üç firqə arasında nicat tapmış bir firqə isə birbaşa cənnətə girəcəkdir. Onlar peyğəmbərin çatdırdıqlarına xurafat, mövhumat qatmadan onun və səhabələrinin yolu ilə gedənlərdir. Peyğəmbəri ﷺ öz gözləri ilə görmüş əhli-beyti də onun səhabələrindəndir.

Üçüncüsü: hər hansı bir sahədə ixtilafların üz verməsi həmin sahənin əlverişsiz, faydasız və ya batil olması anlamına gəlmir.
Məsələn, əgər kimya, riyaziyyat və tibb elmlərinin müxtəlif sahələrində ixtilaf var deyə o sahələri tərk etsək, o zaman gərək bütün elm sahələrini tərk edək. “Biz ixtilafa düşməyən elm istəyirik” desək, ağıl sahibləri buna gülər. Çünki bəzən ixtilaf, tənqid və s. kimi ünsürlər elmi mövzuların daha dəqiq araşdırılmasına xidmət edir. Məsələn, əgər müsəlmanlar arasında “qəzavü-qədər”(8) mövzusunda ixtilaf olmasaydı, bu gün İslam alimləri bu mövzularda bizə doğru İslami mövqe sərgiləyən daha az kitablar qələmə almış olardılar. Lakin bu mövzuda ixtilaf edən “qədərilər”(9) və “cəbrilər”(10) kimi firqələr peyda olduqda, alimlər əsl İslamın movqeyini, doğru rəyi ortaya qoyan çoxlu sayda əsərlər yazaraq həqiqəti bəyan etdilər. Bununla da həmin firqələr tarixin qaranlığına qərq oldular və haqq açıq-aydın şəkildə insanlara bəyan oldu. Bu kimi misalların sayı çoxdur, lakin bu qədərilə kifayətlənirik.

Dördüncüsü: bu dünyada daim bir-birinə zidd olan məfhumlar mövcuddur:

Bu da dünyanın imtahan qayələrindən biridir. Bu əks məfhumlar olmasaydı, dünyanın marağı qalmazdı. Dünyamıza rəng qatan məhz bu əks məfhumlardır. Bunlara gecə-gündüz, xeyir-şər, acı-şirin, gözəl-çirkin, sevgi-nifrət, varlı-kasıb, yaş-quru, ağıllı-səfeh ağ-qara, doğru-yalan, yaxşı-pis, arıq-kök, uzun-qısa və s. saydıqca bitməyən əks məfhumlar aiddir. İttifaq-ixtilaf əks məfhumlarını da buraya əlavə etdikdə aydın olur ki, ittifaqın qədrini bilməyən kəs ixtilafın zərərini də anlamaz. İnsana dünyada xeyir və şər qismində çoxlu sayda imtahan vəsilələrinin olduğunu anlamağa imkan verən bu əks məfhumların siyahısını uzatdıqca uzatmaq olar. Məsələn, “gənc” və “qoca” kimi bir-birinə əks məfhumlara nəzər yetirdikdə, insan anlayır ki, hər şeyin bir başlanğıcı olduğu kimi, bir sonu da var.

Yekun olaraq bu məsələdən çıxarılan nəticələr bunlardır:

● İslam dini ixtilafı qadağan edir.
● Bütün insanlar ixtilafa düşür, bütün peşələrin, bütün ixtisasların və bütün sahələrin mənsubları olan insanlar arasında ixtilaflar mövcuddur. Müxtəlif xarakterə və müxtəlif səviyyəyə malik insanların sayı nə qədərdirsə, ixtilafların da sayı bir o qədərdir.
● İxtilafın səbəblərini dərk etmədən ixtilafı dəlil gətirmək düzgün deyil.
● Hər hansı bir sahədə ixtilafın olması heç də o sahənin bəşəriyyətə faydalı olmadığı anlamına gəlmir.
● Bu dünyada daim bir-birinə əks məfhumlar mövcuddur. Bu da dünyanın imtahan qayələrindən biridir. Bu əks məfhumlar olmasaydı, dünyanın heç bir marağı olmazdı. Bu əks məfhumlar dünyamıza rəng qatır.

Müəllif: Sahib Əsədov

(1) “əl-Kəhf” surəsi, 54.
(2) “əl-Bəqərə” surəsi, 213
(3) “Hud” surəsi, 118.
(4) “əl-Ənfal” surəsi, 46.
(5) “ən-Nisə” surəsi, 59.
(6) “Ali İmran” surəsi, 103.
(7) “Sünən ət-Tirmizi”, 2641; Abdullah ibn Amrın rəvayəti.
(8) Qəzavü-qədər: “tale”, “qismət” mənalarını verir. Hər bir müsəlmanın qəzavü-qədərə iman gətirməsi vacibdir.
(9) Qədərilər firqəsi: Məabəd əl-Cuhəni, Ğeylan əd-Diməşqinin tərəfdarları, Vasil ibn Atanın, Amr ibn Ubeyd (mötəzilələrdən) və onlarla razılaşanlardır. Adları çəkilən şəxslər qədərilər firqəsinin qabaqcıllarıdır. Onlara “qədərilər” deyilməsinin səbəbini İbn Quteybə izah edərək demişdir: “Çünki onlar qədəri özlərinə nisbət etmişdirlər”. (“Təvilu Muxtələfil-Hədis”, İbn Quteybə, səh. 78). Onların qədəri özlərinə nisbət etməsi Allahın yazdığı qədəri tamamilə inkar etmələri deməkdir.
(10) Cəbrilər firqəsi: bu firqə mənsbubları qədəri isbat etmək məsələsində həddi aşanlardır. Onlar qədəri isbat etməkdə həddi o qədər aşmışdılar ki, insan iradəsini, gücünü və seçim haqqını da tamamilə inkar etmişdilər. Cəbrilər deyirdi ki, insan heç bir hərəkəti öz istəyi ilə yerinə yetirmir, əməlləri məcbur olduğu üçün edir. Təbii ki, bu etiqadlar yalnış idi və alimlər hər iki firqənin irəli sürdüyü fərziyyələrin xətalı olduğunu bəyan etmişdilər. (bax: “əl-İman bil-Qadai vəl-Qədər”, doktor Muhəmməd ibn İbrahim əl-Həmd, səh. 269). Doğru olan etiqad isə bu iki firqənin mövqeyi arasındadır: insan nə mütləq iradə sahibi, nə də mütləq ixtiyar sahibi deyil. İnsan varlı və ya kasıb olacağını, xəstəliyə düçar olub-olmayacağını, başına bəlalar gəlib-gəlməyəcəyini və ya öləcəyi tarixi, günü, saatı bilmir və bu onun ixtiyarında deyil. Lakin insan həmçinin bir çox şeyləri öz ixtiyarı ilə edir. Yuxarıda adları çəkilən hər iki firqə məsələnin bir tərəfini qabardıb ifrata düşməklə həddi aşmışdır. Haqq isə bu iki mövqeyin ortasındadır.