Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cahilliyin üzür olub-olmaması

SUAL:
Əssələmu aleykum. 1) Şirk ismi huccətdən qabaq verilirmi muəyyen şəxsə? 2) Birde Allahin nazil etdiyindən başqasıyla hokm vermək (demokratiya) məsələsində necə? Allah razı olsun
CAVAB:

Vaaleykum salam va rahmatullah.

1) Əhli-sünnət əməllə əməli edəni bir-birindən ayırır. Yəni bidət ayrı bidətçi isə ayrıdır. Şirk ayrı müşrik isə ayrıdır və s. Deməli, hər asilik edən fasiq, hər bidət edən bidətçi olmadığı kimi, hər küfr və şirk edən də kafir və müşrik olmur. Bunlar, yəni asilik, bidət, küfr və şirk məfhumları hamısı eyni babdan (bölümdən) olan mövzulardır və qayda-qanunları da ümumən eynidir və həmin bölüm də "Adlar və hökmlər" bölümü adlanır.

Bəziləri iddia etmişdir ki, Allahdan qeyrisinə ibadət mövzusunda cahillik üzr sayılmır. Çünki bu mövzu dindən bilinməsi zəruri olan məsələlərdəndir. Beləcə etiqadi mövzuları “dindən bilinməsi zəruri olan və olmayan”, yəni “dinin əslindən olan və olmayan”, yaxud “zahir (aşkar) və xəfi (gizli) məsələlər” kimi qisimlərə ayırmış, “zahir” məsələlərdə cahilliyi üzr saydıqları halda, “xəfi” mövzularda üzr saymamışlar. Qəribəsi burasındadır ki, Allahın ad və sifətləri ilə əlaqəli olan mövzuları “xəfi” qisminə daxil etmişlər. Bu yerdə sual olunur ki, bu bölgünü hansı qaydaya əsasən təyin ediblər?! Misal üçün, Allahın “ucalıq” sifəti Quran, sünnə və icma ilə sabit olan, ağlın, hissin və fitrətin dəlalət etdiyi bir məsələdir. Elə isə belə bir mövzu necə olur ki, “xəfi” vəsfi ilə vəsfləndirilir?! Halbuki onların zahir saydıqları “Allahdan qeyrisinə qurban kəsmək icazəli deyildir” mövzusu heç də  Allahın “ucalıq” sifəti kimi fitrətin, ağlın və hissin dəlalət etdiyi bir məsələ deyildir. Bəs necə olur ki, bu mövzu dinin əslindən sayıldığı halda, bütün şəri və əqli, hissi və fitri dəlillərin dəlalət etdiyi bir mövzu dinin əslindən hesab olunmur?! Ola bilsin ki, bunun səbəbi əsrlər boyunca müsəlman ümmətində Uca Allahın ad və sifətləri mövzusunda əksər firqələrin azması olmuşdur. Axı bu mövzu “zahir” vəsfi ilə vəsfləndirilsəydi, bu məsələdə zəlalətə düşənlərin cəhaləti onlar üçün üzr sayılmayacaq və nəticədə ümmətin əksəriyyəti təkfir ediləcəkdir. Beləcə bu promlemdən çıxmaq və belə bir çıxılmaza düşməməkdən ötrü Uca Allahın ad və sifətləri mövzusunu “xəfi” qisminə daxil etdilər. Əslində, “zahir və xəfi” kimi məsələlər nisbi məsələlərdir. Yəni, bu cür məsələlər zaman, məkan və şəxsə görə dəyişiklik ərz edən məsələlərdir. Ola bilsin ki, hər hansı bir məsələ bir dövrdə və ya bir diyarda insanlara zahir olsun, başqa bir vaxt və ya başqa bir diyarda isə xəfi qalsın. Buna dəlil olaraq da “Cariyə” hədisi zikr etmək olar. Belə ki, Peyğəmbər cariyəyə "Allah haradadır" deyə sual vermiş, oda "səmadadır" deyə cavab vermişdir. Fikir verin, nəinki əksər müsəlmanların, hətta əl-Əzhar universitetinin doktorlarının belə cahil olduqları bir həqiqətdən Peyğəmbərin r cəmiyyətində yetişmiş çoban bir qadın xəbərdar idi. Elə isə savadsız, çoban bir qadının agah olduğu bir məsələ necə zahir bir məsələ hesab edilməsin? Bəli, əslində, bu mövzu Allah rəsulunun r zamanında nəinki möminlər, hətta müşriklər tərəfindən də bilinən və iqrar edilən zahir bir məsələ idi. Lakin, çox təəssüflər olsun ki, onların zamanında hər kəsə gün kimi aydın olan bir məsələ zaman keçdikcə müsəlmanların əksəriyyətinə qaranlıq qaldı. Eləcə də digər mövzular. Ümmətin əvvəlinə bəlli (zahir) olan “Allahdan qeyrisinə dua etməyin, qurban kəsməyin və s. əməllərin icazəli olmadığı və şirk olduğu” kimi mövzular zaman keçdikcə ümmət üçün qaranlıq qaldı və aydın olmayan, ətrafı şübhələrlə bəzədilmiş bir mövzuya çevrildi. Hansı əsasa görə, bu kimi mövzuları bir-birindən ayırıb, “bu, ümmətə qaranlıq qala bilər, bu isə qaranlıq qala bilməz” və ya “bu mövzuda cahillik üzr ola bilər, bu mövzu da isə üzr ola bilməz” deyirsiniz? Əgər “ibadət mövzusu Quran və sünnədə açıq bir şəkildə bəyan edilmişdir” deyilsə, cavabımız belə olacaqdır: Allahın “ucalıq” sifəti də Quran və sünnədə yüzlərlə ayə və hədisdə bəyan edilmiş, üstəlik ağıl, hiss və fitrətin də dəlalət etdiyi bir mövzudur. Əgər “təəssüflər olsun ki, bu mövzuda ümməti azdırmağa müvəffəq oldular” deyilsə, cavabımız qısa olaraq belədir: Həmin mövzuda ümməti azdırmağa müvəffəq olanlar ibadət mövzusunda da ümməti azdırmağa müvəffəq oldular. Şeyx İbn Useymin mövzu ilə əlaqədar belə demişdir: “Kimsə deyə bilər ki, mən övliyalara  qurban kəsməyi özlərinə adət etmiş camaatın içində böyümüşəm və bu əməlin haram olduğunu da bilmirəm. Deməli, bu məsələ həmin kəsə aydın olmayıb, yəni həmin kəsə gizli – xəfi qalıb. Çünki bir şeyin zahir və ya xəfi olması nisbi bir məsələdir. Ola bilsin ki, sənə gizli qalan bir şey mənə nisbətdə zahir olsun və ya mənə gizli qalan bir şey sənə nisbətdə zahir olsun” (“Liqaət bab əl-məftuh” 48, 15-ci sual).

2) İkinci mövzu da eyni ilə bu cürdür. Hətta bundan da xəfifdir. Çünki birinci məsələnin şirk olmasında icma vardır. İkinci məsələdə isə ixtilaf. Hətta ikinci sualda qeyd edilən məsələnmi  böyük küfr sayan alimlər belə bu məsələdə hüccəti şərt görmüşlər. Misal olara aşağıdakı dərsi dinləməyinizi tövsiyə edirik:

Görün alimlərin adı ilə camaatı necə aldadırlar!!! (Şeyx Fovzanın yarımçıq kəsilmiş fətvası)

Həmçinin mövzu ilə əlaqədar bu məqaləyə də müraciət edə bilərsiz:

Mötəbər İslam alimlərinin əl-Maidə: 44-cü ayə barədə dedikləri

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR