Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Mötəbər İslam alimlərinin əl-Maidə: 44-cü ayə barədə dedikləri

Aləmlərin rəbbi olan Allaha həmd olsun. Onun peyğəmbəri olan Muhəmmədə, onun ailəsinə, əshabına və onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun.

Allahın nazil etdiyi ilə hökm verməmək ayəsinin təvili və qanunları hakim qanun təyin etmək barədə islam alimlərinin sözlərini sizlərə nəql edirik.

1- Abdullah ibn Abbasın (Allah ondan razı olsun) bu ayə haqqında sözü.

"Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir" (Maidə surəsi, 44) ayəsi haqqında Əli ibn Əbu Talha Abdullah ibn Abbasın belə dediyini rəvayət etmişdir: "Kim Allahın nazil etdiyini inkar edərsə, küfr etmiş olar. Kim Allahın nazil etdiyinin iqrar edib, onunla hökm versməzsə, beləsi zalım və fasiqdir." Bunu İmam ət-Tabəri "Cəmi əl-bəyən" (6/166) adlı təfsir kitabında həsən isnadla zikr etmişdir. Həmçinin Şeyx əl-Əlbəninin "Səhih hədislər silsiləsi" (6/114) adlı kitabına bax.

Həmçinin Tavus Abdullah ibn Abbasın bu ayə haqqındakı təfsiri haqqında belə dediyini nəql edir: "Bu ayədəki küfr insanların zənn etdikləri, bildikləri böyük küfr deyil." İmam Muhəmməd ibn Nasir əl-Mərvazi "Təzim qadri əs-saləh" (2/522,574) adlı kitabında səhih isnadla zikr edib. Bax: "Səhih hədislər silsiləsi" (6/114).

Həmçinin İbn Abbasdan bu ayə ilə əlaqədar belə demişdir: "Bu ayədəki küfr İslam millətindən çıxartmayan küfrdür". Başqa yerdə isə belə demişdir: " Bu ayələrdə qeyd olunan küfr, zülm və fasiqlik böyük küfrdən aşağı olan küfr, böyük zülmdən aşağı olan zülm, böyük fisqdən aşağı olan fisqdır". Bax: İmam əl-Mərvazi "Təzim qadri əs-saləh"-də (2/522,575), "Səhih hədislər silsiləsi" (6/114).

Həmçinin ibn Abbas belə demişdir: "(Allahın hökmündən başqası ilə hökm verənlər) bununla küfr etdi, amma Allahı, mələklərı, kitabları və rəsulları inkar etmək yönündən olan küfr kimi deyil." İmam əl-Mərvazi "Təzim qadri əs-saləh"-də (2/521,570) səhih isnadla zikr edib.

Abdullah bin Abbasın təfsirini səhih sayıb hüccət olaraq gətirən mötəbər İslam alimləri.

əl-Hakim "əl-Mustədrək" (2/392). İmam əz-Zəhəbi də ona müvafiq olub. Hafiz ibn Kəsir öz təfsir kitabında (2/64) belə deyib: "əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir." Muhəmməd ibn Nasir əl-Mərvazi "Təzim qadri əs-saləh" (2/520), İmam Əbu Muzəffər əs-Səmani öz təfsirində (2/42), İmam əl-Bəğavi "Məalim ət-tənzil" (3/61), İmam Əbu Bəkr əl-Ərabi "Əhkəmu əl-Quran" (2/624), İmam əl-Qurtubi "əl-Cəmi li əhkəmi əl-Quran" (6/190), İmam əl-Bəqai "Məzm əd-durar" (2/460), İmam əl-Vahidi "əl-Vasit" (2/191), Siddiq Həsən Xan "Neyl əl-maram (2/472), Muhəmməd əl-Əmin əş-Şinqiti "Ədvaul bəyən" (2/101), Əbu Ubeyd əl-Qasim Səlləm "əl-İmən" (səh.45), Əbu Həyyan "əl-Bəhr əl-muhit" (3/492), ibn əl-Batta əl-İbənə (2/723), İbn Əbdu-l-Bərr "Təmhid" (4/237), Alləmə əl-Xazin öz təfsirinundə (1/310), Alləmə Abdur-Rahmən əs-Sədi öz təfsirində (2/296), Şeyxul İsləm ibn Teymiyyə "Məcmu əl-fətəva" (7/312), İbn Qayyim "Mədəric əs-səlikin" (1/335), əsrin mühəddisi Şeyx əl-Əlbəni "Səhih hədislər silsiləsi" (6/109) kitabında Abdullah ibn Abbasın əsərini səhih sayıblar.

Şeyx ibn Useymin belə demişdir: "Təkfir fitnəsinə düşənlər bu əsərlə razı olmadılar və başladılar belə deməyə: "Bu əsər məqbul deyil! İbn Abbasdan səhih olaraq belə bir şey rəvayət olunmayıb!" Cavab olaraq onlara belə deyilir: "Necə yəni səhih deyil?! Bu əsəri sizdən böyük, üstün və hədisdə daha elimli olanlar qəbul ediblər. Siz də deyirsiz ki, qəbul etmirik...Bizə İbn Tetmiyyə, İbn Qayyim kimi digər alimlər kifayət edər. Hamısı qəbul ediblər, bu əsəri zikr edirlər və nəql edirlər. Bu əsər səhihdir.!" ("ət-Təhzir min fitnət ət-təkfir" səh.68)

2– Əhli sünnənin imamı Əhməd ibn Hənbəl (v.t.h. 241)

İmail ibn Səd "Suələt ibn Həni" (2/192) kitabında belə deyir: "Əhməddən Maidə surəsi 44-cü ayə haqqında soruşdum və belə dedim: Bu küfr nədir?"

Belə dedi: "İslam millətindən çıxartmayan küfr."

Əbu Davud əs-Sicistani "Suələt" (səh.114) kitabında İmam Əhməddən bu ayə haqqında soruşanda Tavus və Ətanın cavabı kimi cavab vermişdir.

İbn Teymiyyə "Məcmu əl-fətəva" (7/254) və İbn Qayyim "Hukmu tərik əs-saləh" (səh.59-60) kitabında zikr ediblər ki, İmam Əhməd ayədəki küfr haqqında soruşuldu belə dedi: "Millətdən çıxartmayan küfr".

3– Muhəmməd ibn Nasir əl-Mərvazi (v.t.h. 294)

"Təzim qadr əs-saləh" (2/520) kitabında belə deyib: "Bizə səhabə və tabeinlərdən rəvayət edənlərdə bir örnək var. Onlar küfrün şəxalərinin olduğunu demiş və onun islam millətindən çıxartmayan küfr etmişlər. Necə ki, imanın əslinin üzərinə əməl tərəfdən şaxələrini isbat etmişlər. Hansı ki, o şaxələrdən birini tərk edən İslam millətindən çıxmır. Küfrün şaxələrindən misal olaraq İbn Abbasın bu ayə (Maidə surəsi, 44) haqqında deməsi kimi."

Sonra Ətanın: "Küfrdən aşağı küfr, zülmdən aşağı zülm, fisqdən aşağı fisq" - əsərinin ardınca belə deyir: "Əta kafiri zalım adlandırmaqla, həmçinin müsəlmanlardan asi olanı zalım adlandırmaqla doğru danışdı. Elə zülm var ki, İslam millətindən çıxardır, eləsi də var ki, çıxartmır." (Təzim qadr əs-saləh, 2/523)

4– Müfəssirlərin şeyxi İmam ət-Tabari (v.t.h. 310)

Cəmi əl-bəyən" (6/166) adlı kitabında belə deyib: "Mənə görə bu qövllərin ən doğru olanı: "Bu ayələr əhli kitabın kafirləri haqqında nazil olub" – deyənlərin qövlüdür. Çünki ayələr əvvəlindən axırına kimi onlar haqqında nazil olub. Onlara aiddir. Bu ayələr onların haqqında xəbər verir. Onlar haqqında xəbər verilməsi doğru olanıdır. Əgər kimsə desə ki, Allah bu xəbər ilə onun hökmü ilə hökm verməyənlərin hamısını əhatə edib – o zaman necə əhli kitaba xas olduğunu deyirsiz?

Cavab olaraq deyilir ki, Allah kitabında o qövm haqqında xəbər verib ki, onlar Allahın Öz kitabında olan hökmünü inkar ediblər. Allah xəbər verir ki, onlar Allahın hökmünü bu cür tərk etdiklərinə görə kafirdirlər. Beləliklə Allahın hökmünü inkar edərək onunla hökm verməyən haqqında qövl odur ki, beləsi Allaha kafirdir. Necə ki, ibn Abbas demişdir."

5– İmam İbn Batta əl-Ukbəri (v.t.h.387)

"əl-İbənə " (2/723) kitabında "Sahibini İslam millətindən çıxartmayan küfrə sürükləyən günahların zikri fəslində" bu günahlardan Allahın hökmü ilə hökm verməyəni zikr edib və bu fəslin altında səhablərdən və tabeinlərdən bunun millətdən çıxartmayan küfr olmasına dəlalət edən əsərlər nəql edib.

6– İmam ibn Əbdul-Bərr (v.t.h.463)

"Təmhid" (5/74) adlı kitabında belə deyib:

"Alimlər icma edirblər ki, kim bilərəkdən hökmdə ədalətsizlik edərsə, bu böyük günahlardandır. Bu barədə sələfdən çoxlu şiddətli əsərlər rəvayət olunub. Allah buyurur: "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir", "zalımlar", "fasiqlər." Bu ayələr kitab əhli haqqında nazil olub. Bunu Huzeyfə və İbn Abbas demişdir. Bizim haqqımızda isə ümumidir. Həmçinin belə deyiblər: Dindən çıxardan küfr deyil. Əgər bu ümmətdən kimsə, belə edərsə, Allahı, mələkləri, kitabları, rəsulları, axirət gününü inkar etməyincə dindən çıxmır. Bu bir çox alimlərin sözüdür, İbn Abbas, Tavus və Əta kimi".

7– İmam əs-Səmani (v.t.h.510)

"Təfsir əl-Quran" (2/42) kitabında bu ayənin təfsirində belə demişdir: "Bil ki, xəvariclər bu ayəni dəlil gətirərək belə deyirlər: Kim Allahın hökmü ilə hökm verməzsə, məhz beləsi kafirdir. Əhli sünnət isə belə deyir: Hökmü tərk etməklə kafir olmur."

8–İbn əl-Covzi (v.t.h.597)

"Zəd əl-məsir" (2/366) adlı kitabında belə deyib: "Xitabın mənası odur ki, kim Allahın hökmünü inkar edərək və Allah tərəfindən nazil olduğunu bilərək hökm verməzsə, necə ki, yahudilər etdi, beləsi kafirdir. Amma kim hava və istəyinə uyaraq hökm verməzsə, beləsi zalım və fasiqdir. Əli ibn Əbu Talha İbn Abbasdan belə rəvayət etmişdir: "Kim Allahın hökmünü inkar edərək hökm verməzsə, beləsi kafirdir. Amma kim bu hökmü iqrar edib, lakin onunla hökm verməzsə, beləsi zalım və fasiqdir".

9– İmam İbn əl-Ərabi (v.t.h.543)

"Əhkəm əl-Quran" (2/624) kitabında belə deyib: "Özündə olan ilə hökm verərsə və Allah tərəfindən olduğunu hesab edərsə, bu hökmü dəyişməkdir, küfrü vacib edir. Amma havasına əsasən və asilikdən hökm verərsə, bu günahdır. Günahkarlar haqqında əhli sünnətin üsulu isə onların kafir sayılmadıqlarıdır."

10– İmam əl-Qurtubi (v.t.h.671)

"əl-Mufhim" (5/117) kitabında belə deyib: Xəvariclər "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir" - ayəsinin zahirini hüccət gətirib günahlara görə insanları təkfir edirlər. Lakin onlara burda hüccət yoxdur. Çünki bu ayələr Allahın ayələrini təhrif edən yahudilər haqqında nazil olub. Necə ki, hədisdə varid olub. Onlar (yahudilər) kafirlərdir. Hökmdə onlara şərik olanlar, eləcə də ayənin nazil olma səbəbində şərik olanlardır.

Bunun bəyanı da odur ki, əgər bir müsəlman bir məsələdə qəti olaraq Allahın hökmünü bilərsə, sonra bununla hökm verməzsə və bunu Allahın hökmünü inkar etdiyi üçün edərsə, kafir olar. Bunda ixtilaf yoxdur. Yox əgər hökmü inkar etməzsə, böyük günah sahibi, asi birisi olar. Çünki bu hökmün əslini təsdiqləyəndir, bu hökmün həyata keçirilməsinin vacib olduğunu bilir. Lakin bu hökmə əməl etməyi tərk etdiy üçün asi oldu. Bu məsələ şəriətin zərurətlərindən hökmü bilinən hər bir şeydə belədir. Misal olaraq namaz və sair məsələlər kimi. Bu əhli sünnətin məzhəbidir."

11– Şeyxulislam ibn Teymiyyə (v.t.h.728)

"Məcmu əl-fətəvada" (7/312) belə deyib: "Sələfin "insanda həm iman, həm də nifaq bir yerdə ola bilər" – sözlərində olduğu kimi, eləcə də bir insanda həm iman həm də küfr bir yerdə ola bilər. Küfr deyildikdə dindən çıxardan küfr deyil. Necə ki, ibn Abbas və digər səhabələr: "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir" – ayəsi haqqında belə deyiblər: "Dindən çıxartmayan küfrlə küfr ediblər." (Yəni kiçik küfr) Onlara bu sözdə Əhməd ibn Hənbəl və digər sünnət imamları tabe olublar."

12– İmam İbn Qayyim (751)

"Mədəric əs-səlikin" (1/336) kitabında belə deyib: "Səhih olan odur ki, Allahın nazil etmədiyi ilə hökm vermək hakimin halına uyğun olaraq kiçik və böyük küfrü əhatə edir. Əgər hakim Allahın nazil etdiyi ilə hökm verməyin vacib olduğunu etiqad edərsə, lakin cəzaya layiq olduğunu etiraf etdiyi halda itaətsizlik edib Allahın hökmünü tərk edərsə, bu kiçik küfr olur. Yox əgər etiqad etsə ki, Allahın nazil etdiyi ilə hökm vermək vacib deyil, o seçim edə bilər, həmçinin bilir ki, bu Allahın hökmüdür, o zaman beləsi böyük küfr etmiş olur. Əgər hökmdən cahil olarsa, xəta edərsə, o zaman xəta edənlərin hökmünə düşür."

"əs-Saləh və hukmu tərikuhə" (səh.72) kitabında isə belə deyir: "Burada başqa bir üsul var: odur ki, küfr iki növdür. əməl küfrü və inkar və inadkarlıq küfrü. İnkar küfrü odur ki, bildiyi halda Allahın rəsulunun Allahdan gətirdiyi - Allahın adlarından, sifətlərindən, fellərindən və hökmlərindən gələnləri inkar edərək və inadkarlıq göstərərək küfr edir. Bu küfr hər tərəfdən imana ziddir. Əməli küfr isə imana zidd olan (sahibini kafir edən) və imana zidd olmayan (yəni sahibini kafir etməyən) iki qismə bölünür. Bütə səcdə etmək, Quranı alçatmaq, peyğəmbəri öldürmək və onu söymək imana tamamilə ziddir, tərsdir (yəni insanı dindən çıxardır). Amma Allahın nazil etmədiyi ilə hökm vermək və namazı tərk etmək də əməli küfrdəndir." Yəni ikinci qismdəndir.

13– əl-Həfiz ibn Kəsir (v.t.h.774)

"Təfsir əl-Quran əl-Azim" (2/61) kitabında belə deyib: "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir." Çünki onlar Allahın hökmünü qəsdən, inadkarlıq edərək və bilərəkdən inkar etdilər."

14– İmam əş-Şatibi (v.t.h.790)

"əl-Muvafaqat" (4/39) adlı kitabında belə deyib: "Bu və bundan sonrakı ayələr kafirlər və Allahın hökmünü dəyişən yəhudilər haqqında nazil olub. Bu ayələrdən islam əhlinə aid heç nə yoxdur. Çünki müsəlman böyük günah etsə də, ona kafir deyilmir."

15– İmam ibn Əbu əl-İz əl-Hənəfi (v.t.h.791)

"Şərh əl-əqidə ət-tahaviyyə" (səh.323) kitabında belə deyib: "Burada vacib bir iş var ki, onu anlamaq lazımdır. Bu o məsələdir ki, Allahın nazil etmədiyi ilə hökm vermək bəzi hallarda islam millətindən çıxardan böyük küfr, bəzi hallarda isə böyük və ya kiçik günah olur. Ya məcazi mənada küfr, ya da kiçik küfrdən olur. Burda da hakimin halına baxılır. Əgər etiqad edərsə ki, Allahın nazil etdiyi ilə hökm vermək vacib deyil, o hökm verməkdə seçim edə bilər və ya Allahın hökmünü bilib onu alçaldarsa, bu böyük küfrdür. Yox, əgər Allahın nazil etdiyi ilə hökm verməyin vacib olduğuna etiqad edərsə, cəzaya layiq olduğunu etiraf etdiyi halda ondan başqa hökmə yönələrsə, beləsi asidir, məcazi küfr və ya kiçik küfr edən adlanar."

16– əl-Həfiz ibn Həcər əl-Əsqalani (v.t.h.852)

"Fəthu-l-bəri" (13/120) kitabında belə deyib: "Bu ayələrin səbəbkarı kitab əhli olsa da, ümumiliyi hamıya aiddir. Lakin şəriətdəki qaydalara əsasən, günah edən kafir adlanmır."

17– Alləmə Abdurrahmən ibn Nasir əs-Sədi (v.t.h.1375)

"Təfsir əl-Kərim ər-Rahmən" (2/296-297) adlı kitabında belədeyib: "Allahın nazil etmədiyi ilə hökm vermək küfr əhlinin əməllərindəndir. Bəzən millətdən çıxardan küfr olur. Bu da o zaman baş verir ki, belə hökmü halal və caiz görür. Bəzən də böyük günahlardan, (etiqadi yox) küfr əməllərdən olur, sahibi də şiddətli əzaba layiq olur. "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir." İbn Abbas dedi: "(Böyük) küfrdən aşağı küfr, (böyük) zülmdən aşağı zülm, (böyük) fisqdən aşağı fisq. Halal saydığı təqdirdə böyük zülm (yəni dindən çıxardan küfr), halal saymayan üçün isə, böyük bir günahdır."

18– Alləmə Muhəmməd əl-Əmin əş-Şinqiti (h.v.t.1393)

"Ədvaul bəyən" (2/104) adlı təfsirində belə deyib: "Bil ki, bu bəhsdə son söz odur ki, küfr, zülm və fasiqlik bu üç günahın hər biri şəriətdə bəzən dindən çıxartmayan günah, bəzən də millətdən çıxardan küfr olaraq işlənmişdir. Rəsullara etiraz edərək, Allahın hökümlərini ibtal edərək "Allahın nazil etdiyi ilə hökm verməyənlərin" küfrü, zülmü və fasiqliyi onu İslam millətindən çıxardır. Harama düşdüyünü və pis bir iş gördüyünü etiqad edərək "Allahın nazil etdiyi ilə hökm verməyənlərin" küfrü, zülmü və fisqi onu İslam millətdən çıxartmır."

19– Alləmə Abduləziz bin Abdullah ibn Bəzz (v.t.h.1420)

"əş-Şərq əl-avsət" qəzetinin 12/5/1416 ci ildə 6156 cı buraxılışında şeyxin sözü belə qeyd edilir: "əş-Şərq əl-avsət qəzetində Şeyx Muhəmməd ibn Nasir əl-Əlbaninin Allahın nazil etmədiyi ilə hökm verən kəsin təfsilatsız təkfir olunması barədə verilmiş suala cavabını oxudum. Haqqa müvafiq olan bir cavab vermiş, möminlərin haqq yolunu tutmuşdur. Bu cavabda izah etmişdir ki, insanlardan heç kəsə Allahın nazil etmədiyi ilə hökm verəni mücərrəd əməlinə görə qəlbində bu hökmü halal saydığını bilmədən təkfir etməsi caiz deyildir. Dediyinə də ibn Abbasdan və sələfdən gələn sözü dəlil gətirmişdir.

Şəkk yoxdur ki, "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir", "zalımlardır", "fasiqlərdir" ayəsinin təfsirinə verdiyi cavabı haqqa müvafiqdir. İzah etmişdir ki, - Allah onu haqqa müvəffəq etsin- küfr iki növdür: Böyük və kiçik. Həmçinin zülmdə iki növdür: Böyük və kiçik. Eləcə də fisq bu qayda ilə iki növdür. Kim Allahın nazil etmədiyi hökmü, zinanı, ribanı və ya haramlığında ittifaq olunan hər hansı bir haramı halal sayarsa, beləsi böyük küfrlə kafir olar. Kim halal saymadan bu günahları edərsə, küfrü kiçik küfr, zülmü kiçik zülm, eləcə də fisqi kiçik fisq olar."

20– Əsrin mühəddisi alləmə Muhəmməd Nasiruddin əl-Əlbani (v.t.h.1420)

"ət-Təhzir min fitnəti ət-təkfir" (səh.56) kitabında belə deyib: "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir" Burada küfrdən murad nədir? Millətdən çıxardan küfürdür, yoxsa ondan aşağı olan kiçik küfr? Cavab olaraq deyirəm ki, ayəni başa düşmək üçün diqqətli olmaq lazımdır. Çünki bu ayədəki küfr əməli küfr mənasını verir. Bunu belə başa düşməyə bizə ümmətin alimi Quranın tərcüməni olan İbn Abbas kömək edir. Azğın bidət əhlindən başqa bütün ümmət onun təfsirdə bənzərsiz bir alim olduğuna ittifaq ediblər. Bu gün bəzi insanlardan bu ayəni səthi olaraq təfsilatsız başa düşdüklərini eşitdiklərimizi sanki, o da o zaman tamamən eynilə eşidib. Buna görə də belə deyib: "Sizin başa düşdüyünüz küfr deyil", "millətdən çıxartmayan küfr deyil", "böyük küfrdən aşağı küfrdür". Ola bilsin ki, bunu deməklə xəvaricləri nəzərdə tutur. O xəvariclər ki, möminlərin əmiri olan Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) qarşı çıxdılar, sonra bunun ardınca möminlərin qanını axıtdılar və müşriklərə etmədikləri zülmü möminlərə qarşı etdilər. Buna görə də dedi ki, onların başa düşdükləri və ya zənn etdikləri kimi deyil, əksinə bu böyük küfrdən aşağı küfrdür."

21– Zamanımızın fəqihi Şeyx Muhəmməd ibn Saleh əl-Useymin (v.t.h.1421)

22/04/1420 ci il tarixli "ət-Təhrir fi məsələti fi ət-təkfir" adlı kasetdə Şeyxə belə bir sual verirlər: "Əgər hakim kitab və sünnədə olanların haqq olduğunu etiraf etməsilə yanaşı insanları kitab və sünnəyə müxalif qanunlara məcbur edir. Lakin bunu da öz istəklərinə və digər səbəblərə görə edir. Bu əməli ilə kafir olurmu, yoxsa bu məslədə olan etiqadına baxılmalıdır?"

Şeyx belə cavab verir: "Allahın nazil etmədiyi ilə hökm verməyə gəldikdə, Allahın kitabında qeyd olunduğu kimi üzərində hökm qurulan səbəblərə görə üç qismə bölünür: Küfr, zülm və fisq. Əgər bir insan Allahın hökmünün haqq olduğunu bildiyi halda, hava və istəyinə tabe olaraq Allahın nazil etmədiyilə hökm verərsə, beləsi kafir olmur. Lakin ya fasiq, ya da zalım olur. Amma ümumi bir hökm versə, ümmət də bu hökmlə gedir, elə hesab edir ki, bu məsləhətdir, bu hökmdə də aldanıbsa, yenə də kafir olmur. Çünki bir çox hakimlər şəriət elmindən cahildir və böyük bir alim bilib şəri hökmü bilməyənlərlə bağlantı qururlar. Beləcə şəriətə müxaliflik baş verir. Deməli, şəriəti bilib başqa bir şeylə hökm verərsə və ya insanların gedəcəyi bir düstur qurarsa, etiqad edirik ki, burda Allahın kitabında və sünnədə gələn haqqa qarşı zalımdır. Biz beləsini təkfir edə bilmərik. Biz yalnız Allahın nazil etmədiyi bir hökmün insanlar üçün daha uyğun və ya Allahın hökmündən daha uyğun olduğunu görən hakimi təkfir edirik. Beləsi kafirdir, çünki Allahın bu sözlərini təkzib edir: "Məgər Allah hakimlərin ən üstünü deyilmi?!" (Tin surəsi, 8) "Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (Maidə surəsi, 50)


22– Alləmə Abdulmuhsin əl-Abbad əl-Bədr (Allah onu qorusun)

16/11/1420 tarixində peyğəmbər məscidində Sünən Əbu Davud kitabının şərhində ona belə bir sual verilir: "İslam şəriətinin digər qoyulmuş qanunlarla dəyişdirilməsi özü özlüyündə küfürdürmü? Yoxsa (kafir olması üçün) qəlblə halal sayıb caiz olduğuna etiqad etməyə ehtiyacmı var? Həmçinin bir dəfə Allahın nazil etmədiyi ilə hökm verməkdə və bu qanunları icazəli olduğunu etiqad etmədən insanlar üçün ümümi qanunlar təyin etməkdə bir fərq varmı?"

Cavab: "Görünən odur ki, bir məsəslədə, on, yüz, min, az və ya çox məsələdə hökm vermək olsun ya bir məsələ olsun heç bir fəqr yoxdur. Madam ki, insan özünü xətakar, münkər bir əməl etdiyini, asilik etdiyini hesab edir və günahdan qorxur, bu böyük küfürdən aşağı olan küfürdür."

Hazırladı: sunna.az saytının rəsmi heyəti