Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
“əl-Fəth: 29-cu ayə” ilə əlaqəli rafizi şübhəsinin cavabı
Şübhənin əsli:
Allah Təala səhabələr barədə belə buyurur:
{وعد الله الذين آمنوا وعملوا الصالحات منهم مغفرة وأجرا عظيما }
“Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir”. ( Əl-Fəth: 29)
Bu ayədə Allahın "onlardan" (ərəbcə: منهم) kəlməsi "bəzilik" mənasındadır. Yəni, Allah səhabələrin hamısını deyil, bəzilərini bağışlamış və bəzilərinə cənnəti vəd etmişdir. Bu isə, səhabələrdən bəzilərinə Allahın məğfirətinin və razılığının aid olmadığına işarədir. Başqa cür desək, bu ayə səhabələrin bəzilərindən iman və saleh əməl sifətinin itdiyinə dəlalət edir.
Şübhənin cavabı:
Bu şübhəni dilə gətirənin halı iki cür izah oluna bilər:
Birincisi: Bu ayədəki من (“min”) hərfinin "bəzilik" mənasında olması iddia edənin kəzzab (yəni, yalançı) olması.
İkincisi isə; İddia sahiblərinin ərəb dilindən cahil (yəni, bisavad) olmaları.
Bu ayə barədə alimlərin ümumi nəticələri belədir ki, burda من (“min”) hərfi “bəzilik” mənasında yox, bir şeyin cinsini, növünü “bəyan” etmək mənasındadır.
Böyük təfsir alimi İmam Qurtubi demişdir: "Bu ayədəki "minhum" (“onlardan”) kəlməsi, səhabələrin bir qisminə aid olub, digərlərinə aid olmamaq (yəni, “bəzilik”) mənasında deyildir. Əksinə, "minhum" (“onlardan”) kəlməsi bu ayədə “ümumilik” mənasında olub, bu cinsdən olanların (yəni, ayədə iman və saleh əməllər ilə vəf olunan səhabələrin) hamısına şamildir. Buna misal olaraq, Uca Allahın bu ayəsini qeyd etmək olar:
{فاجتنبوا الرجس من الأوثان}
"Elə isə murdar bütlərdən uzaq olun!" (Əl-Həcc: 30)
Bu ayədə də الأوثان yəni "bütlər” sözü, من (“min”) hərfi ilə işlədilir. Heç şübhə yoxdur ki, bununla belə burada bəzi deyil, bütün bütlər nəzərdə tutulur." ("Əl-Cami li əhkəmil-Quran" 16/395)
Əgər ayədə من (“min”) hərfi “bəzilik” mənasında olsaydı, o zaman ayənin mənası belə olardı: "Elə isə bəzi bütlərdən (yəni, məhz bütlərin murdar olanlarından) uzaq olun!" Məgər bütlərin murdar olmayanlarıda var!?
Deməli, من (“min”) hərfi burada məhz mənanı gücləndirmək üçündür və bu cür misallar Quranda çoxdur. Məsələn, Uca Allah başqa bir ayədə belə buyurur:
{ وننزل من القرآن ما هو شفاء ورحمة للمؤمنين}
“Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”. (Əl-İsra: 82)
Heç şübhə yoxdur ki, Quranın bəzi ayələri yox, bütün ayələri möminlər üçün şəfa və rəhmətdir. Yox, əgər, iddia sahibləri öz ustadları şiə alimi ən-Nuri ət-Təbərsi kimi "Quranda biabırçı ayələr vardır" deyirsə, bu başqa məsələ.
Həmçinin təfsir alimlərindən Ən-Nəsəfi demişdir: "Bu ayədə من (“min”) hərfi “bəzilik” mənasında yox, əksinə “cinsin bəyanı” mənasındadır. Uca Allahın, "Elə isə murdar bütlərdən uzaq olun!” ayəsində olduğu kimi.” ("Təfsir ən-Nəsəfi"4/164)
Görəsən iddia sahibləri (şiələr) bu ayədəki من الأوثان ibarəsini "bütlərin bəziləri" mənasında olduğuna etiqad edirlər? Bəlkə onlar bəzi bütləri pak hesab edir və onlardan uzaq durmağın vacib olmadığına etiqad edirlər?
Ərəb-dili və təfsir alimi Əz-Zəməxşəri demişdir: "Uca Allahın əl-Həcc surəsi, 30-cu ayəsində olduğu kimi, bu ayədə də (əl-Fəth: 29) من (“min”) hərfi “cinsin bəyanı” yəni, mənanı qüvvətləndirmək üçün işlədilmişdir.”
Həmçinin, bunu da bilmək lazımdır ki, şiələrin bu ayədəki من (“min”) hərfinin “bəzilik” mənasında olduğunu iddia etmələri, elə həmin ayənin özü-özlüyündə ziddiyyət içərisində olmasını tələb edir. Çünki ayəni diqqətlə oxusanız görərsiniz ki, ayə əvvəlindən sonuna qədər iman əhlindən və saleh əməllərin sahiblərindən bəhs edir. Ayədə başqa heç kəsdən söhbət getmir və ayədə heç bir istisna da yoxdur. Uca Allah buyurur:
"Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (səhabələr) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!" (Əl-Fəth: 29)
Səhabələrin bu ayədə qeyd edilən əzəmətli vəsflərinə diqqət yetirin!
1. Peyğəmbərlə birlikdə olmaları və ona qarşı olan sevgiləri.
2. Kafirlərə qarşı son dərəcə şiddətli olmaları.
3. Öz aralarında bir-birlərinə qarşı olan hörmət və məhəbbətləri: bu ayə, “səhabələrin bir-birlərinə qarşı düşmənçilikləri olub”- iddiasına gözəl bir cavabdır.
4. Allahın, onları daima “ruku edən” və “səcdəyə qapanan” kimi əzəmətli vəsflərlə vəsfləndirməsi.
5. Daima Allahın riza və lütfünü diləmələri.
6. Allahın, səhabələri –onlar heç yaradılmamışdan öncə- bizdən əvvəlki kitablarda: Tövrat və İncildə xeyrlə yad etməsi.
7. Allahın səhabələr vasitəsi ilə daima kafirləri qəzəbləndirməsi: deməli, səhabələrin fəziləti barədə qeyd olunan ayə və hədislər yalnız və yalnız kafirlərin qəzəbinə və qısqanclığına səbəb ola bilər. İmam Məlik (Allah ona rəhmət etsin!) məhz bu ayəyə əsasən səhabələri söyənlərin küfrünə hökm vermişdir.
8. Allahın, onları iman əhli kimi vəsf edib, qəlblərindəki yəqin imana şəhadət verməsi. Uca Allahın bu şəhadətindən daha böyük nə şahidlik ola bilər!?
9. Allahın, onların zahirlərinə də şəhadət verməsi və onları “saleh əməllərin sahibləri” kimi gözəl vəsflə yad etməsi.
10. Allahın onlara məğfirət və Cənnət vəd etməsi.
Bütün bu əzəmətli vəsflərdən sonra, “səhabələrin hamısı yox, bəziləri iman əhli olub” - deyənlərin ağıl və məntiqi səviyyələrinə şübhə etməmək qeyri mümkündür.
SON ƏLAVƏLƏR