Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Həsən, Hüseyn və cənnət yaşı barədə şübhəyə cavab!

Şübhə belədir: "Sünnü və şiələrin mötəbər hədislərinə əsasən bildirilir ki, Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır. O zaman necə ola bilər ki, digər hədislərdə cənnətdə hər kəsin 33 yaşında gənc olacağı qeyd olunub? Burada bir ziddiyyət yoxdurmu?"
Şübhənin cavabı belədir:
Birincisi: Hədisin mötəbərlik dərəcəsi və isnadı:" Həsən və Hüseynin (رضي الله عنهما) cənnət cavanlarının ağası olması" kimi dilimizə tərcümə olunan hədis səhihdir, Əbu Səid əl-Xudri və Hüzeyfə yoluyla rəvayət edilmişdir, mötəbərdir. Əhli Sünnə mənbələrində ət-Tirmizi (3768), Əhməd (11636), Nəsai (8113) və başqaları bu hədisi rəvayət etmiş, imam Zəhəbi və başqaları hədisi mötəbər hesab etmişlər. Şeyx Albani də bu hədisi "Səhih ibn Hibban" əsərində (6959) "səhih", mötəbər olduğunu bildirmişdir. Həmçinin bu hədis "Səhih əl-Cami" əsərində (3181) də səhih yolla nəql edilmişdir.
İkincisi: Hədisin mənası nədir? Bunun mənası haqqında danışılan zamana aiddir və peyğəmbərlərlə raşidi xəlifələr kimi ümumi üstünlüyü haqqında dəlil gəlmiş şəxslər istisna olmaqla digər şəxslərin cənnətdə ağasıdırlar, yaxud da onlar igidlik, mərdlik, qonaqpərpərlik, şücaət kimi sifətləri ehtiva edən cənnət gənclərinin ağasıdırlar. Bu haqda alimlərdən əl-Mubarəkfuri belə demişdir:
"Yəni, Həsən və Hüseyn Cənnət əhlindən gənc olaraq ölən ən üstün şəxsiyyətlərdir. Lakin bu sözlə (hərfi mənada) gənclik yaşı qəsd edilməmişdir, çünki onlar orta yaşlarını haqladıqdan sonra ölmüşdülər. Bu söz gənclərin üzərində olduğu "igidlik, kişilik" mənasındadır. Necə ki, deyilir: Filankəs qoca olsa da gəncdir. Bununla onun gənclik gücünə və igidliyinə işarə edir. Yaxud da o ikisi (Həsən və Hüseyn) peyğəmbərlər və raşidi xəlifələr istisna olmaqla cənnət əhlinin ağasıdırlar. Bu ona görədir ki, Cənnət əhlinin hamısı eyni yaşdadır ki, bu da gənclik yaşıdır (33 yaş). Onların arasında qocalıq və orta yaşda olan kimsə olmayacaq". Ət-Tiybi demişdir: "Ola bilsin ki, bu qəsd olunur: "O ikisi hal-hazırda bu zamanda yaşayan Cənnət əhlindən olanların ağasıdırlar". (Töhfətül-Əhvazi. 10/180).


Yazdı: Sahib Əsədov.