Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dəstəmazla əlaqəli şəri hökmlər

Dəstəmaz – üz, əllər, baş və ayaqlar kimi bəzi bədən üzvlərinin yuyulması və təmizlənməsidir. Dəstəmaz insan üçün bir nur, cinlərdən ola biləcək düşməninə qarşı isə qalxandır. Daima dəstəmazlı olmaq imanın əlamətlərindəndir. Peyğəmbər ﷺ demişdir: “Dəstəmazı mömindən başqası qorumaz”.(1)

Dəstəmaza aid məsələlər bunlardır:

Dəstəmazın şəriət qanunu olması

Bu barədə Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun”.(2)

Dəstəmazın fəziləti

Peyğəmbər ﷺ demişdir:
Ÿ “Kim düzgün bir şəkildə dəstəmaz alarsa, onun günahları bədənindən, hətta dırnaqlarının altından belə çıxar”.(3)
Ÿ “Kim gözəl tərzdə dəstəmaz alıb, sonra iki rükət namaz qılar, qəlbini və üzünü buna yönəldərsə (yəni həm cismən, həm də qəlbən həmin namaza yönələrsə), Cənnətə girmək ona vacib olar”.(4)
Ÿ “Bir müsəlman dəstəmaz aldıqda onun günahları qulaqlarından, gözlərindən, əl və ayaqlarından xaric olar. Dəstəmazını tamamladıqda artıq bağışlanmış olar”.(5)
Ÿ “Bir müsəlman dəstəmaz alarkən əllərini yuduqda əlləri ilə etmiş günahları bağışlanır, üzünü yuduğu zaman gözləri ilə baxaraq etdiyi günahları, başına məsh etdikdə isə qulaqları ilə dinləyərək işlədiyi asilikləri bağışlanır. Ayaqlarını yuduqda ayaqları ilə yürüyərək işlədiyi günahları əfv olunar”.(6)

Dəstəmazın şərtləri

1. Dəstəmaz alanın ən azı təmyiz yaşında(7) olan müsəlman olması. Çünki dəstəmaz öz-özlüyündə müstəqil ibadət sayılır və Uca Allah İslam dininə daxil olmadıqca heç kəsdən heç bir ibadəti qəbul etməz.
2. Dəstəmaz alınacaq suyun təmiz olması. Çünki natəmiz su dəstəmaz almaq üçün yararlı hesab edilmir.
3. Dəstəmaz əzalarında suyun dəriyə çatmasına maneə yaradacaq bir şeyin olmaması. Məsələn: dırnaq boyası kimi.
4. Nifas və heyz kimi qadının dəstəmazına şəri yöndən maneə yaradacaq bir halın olmaması.

Dəstəmazın vacibləri

1. Dəstəmaz üçün niyyət etmək.(8) Peyğəmbər ﷺ demişdir: “Əməllər ancaq niyyətlərə görədir”.(9) Yəni şəriətin tələb etdiyi əməllər ixlasla – təmiz niyyətlə Allah üçün edilməlidir.
2. Dəstəmazın əvvəlində “bismilləh” demək. Peyğəmbər ﷺ demişdir: “Dəstəmazı olmayanın namazı, dəstəmazda Allahın adını çəkməyənin (bismilləh deməyənin) isə dəstəmazı yoxdur”.(10) Əgər unudaraq deməsə, heç bir problemi yoxdur. Allahın adının çəkilməsi xoş olmayan yerlərdə (içində ayaqyolu olduğu hamam və s.) isə “bismilləh” dillə deyil, qəlb ilə deyilir.
3. Ağız və burunu yaxalamaq. Bunun vacib olduğunu deməyimizin səbəbi hər ikisinin də üzdə olması və beləcə üzü yumağın hökmünə aid edilməsidir.
4. Üzü tam şəkildə azı bir dəfə yumaq.
5. Qolları dirsəklər də daxil olmaq şərtilə azı bir dəfə yumaq.
6. Başın hər tərəfinə bir dəfə məsh etmək. Çünki səhih sənədlə sabit olmuşdur ki, Peyğəmbər  əllərini irəli-geri aparıb gətirməklə başına məsh çəkdi – əllərini başının ön tərəfindən qafasına qədər apardı, sonra da başladığı yerə qaytardı.
7. Ayaqları topuqlara qədər (topuqlar da daxil olmaq şərtilə) yumaq. Çünki səhih sənədlə sabit olmuşdur ki, Peyğəmbər ﷺ əshabını ayaqlarına məsh edərkən gördü və uca səslə iki və ya üç dəfə onlara belə dedi: “Atəşə (Cəhənnəmə) girən dabanların vay halına!”
8. Önəmli bir mülahizə: Alimlərin çoxu dəstəmazı yuxarıda qeyd edilmiş ardıcıllıq üzrə almağı vacib hesab etmişdir. Bu məsələdə doğru olan rəy isə bunun vacib olmamasıdır. Çünki səhih sənədlə sabit olmuşdur ki, Peyğəmbər ﷺ dəstəmaz alarkən qollarını yumamışdan qabaq ağzını və burnunu yaxalamışdır. Lakin bu hədis dəstəmaz zamanı səhih hədislərlə sabit olmuş tərtibatı pozmağa, tərk etməyə rəvac vermir. Doğrusunu Allah bilir!
9. Suyun dəstəmaz əzalarına tam şəkildə çatmasına diqqət yetirmək və bu məsələdə səhlənkarlığa yol verməmək. Çünki Peyğəmbər ﷺ bir nəfəri dəstəmaz alan, lakin ayağında dırnaq böyüklüyündə bir yerə su dəyməyən görmüş və ona belə demişdir: “Qayıt və dəstəmazını yenidən gözəl tərzdə al!” Digər rəvayətə əsasən, həmin şəxsə namazını yenidən qılmağı əmr etmişdir.
10. Əl-Muvalə – dəstəmaz əzalarını bir öncəki əzanın qurumasına səbəb olacaq şəkildə uzun fasilə vermədən, dalbadal yumaqdır. Bunun vacib olmasına dəlalət edən iki dəlil vardır:
Birincisi, Peyğəmbərin ﷺ daima dəstəmazını bütöv şəkildə alması. Belə ki, onun dəstəmazını bizə vəsf edən hər bir səhabə Peyğəmbərimizin ﷺ dəstəmaz əzalarını arada fasilə vermədən dalbadal yuduğunu nəql etmişdir.
İkincisi, Peyğəmbər ﷺ bir nəfəri dəstəmaz alan, lakin ayağında kiçik bir yerə su dəyməyən görmüş və ona həm dəstəmazını, həm də namazını yenidən əda etməsini əmr etmişdir.
Abdullah İbn Ömərin (Allah ondan razı olsun) dəstəmazında fasilə verdiyi nəql olunsa da, dəlilinin qüvvətli olması baxımından muvalənin vacib olduğu rəyi daha tutarlıdır.
11. Qulaqlara məsh çəkmək. Abdullah İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ başına və hər iki qulağının çölünə və içinə məsh çəkdi. Həmçinin onun  belə dediyi sabit olmuşdur: “Qulaqlar başdan sayılır”.

Dəstəmazın sünnələri – bəyənilən əməlləri

1. Misvakdan istifadə etmək. Peyğəmbər ﷺ demişdir: “Misvak ağız üçün təmizlik və Rəbbin rizasını qazanmaq üçün bir vəsilədir”. Misvak tapa bilməyən kəs onu əvəz edən hər hansı bir diş təmizləyicisindən istifadə edə bilər. Aşağıdakı hallarda misvakdan istifadə etmək daha da yaxşıdır:
- Dəstəmaz əsnasında;
- Namaza durmamışdan əvvəl;
- Oruclu halda;
- Quran oxumağa başlamamışdan qabaq;
- Yuxudan oyandıqda;
- Ağız qoxusu dəyişdikdə.
2. Dəstəmazın əvvəlində əlləri üç dəfə yumaq. Gecə yuxusundan oyanan kəsin əllərini yuması isə daha çox təkid olunan bir əməldir. Çünki Peyğəmbər ﷺ belə demişdir: “Sizdən biriniz yuxudan oyandıqda əllərini üç dəfə yumayınca, onları qabın içinə salmasın. Çünki o, əllərinin haralara dəydini bilmir”.
3. Ağız və burunun hər birini üç dəfə yaxalamaq.
4. Dəstəmaz əzalarını üç dəfə yumaq. Üç dəfədən artıq yumaq bəyənilmir. Çünki Peyğəmbər ﷺ bir gün dəstəmaz almış və sonra belə demişdir: “Dəstəmaz bu cür olur. Kim buna əlavə etsə, pis bir iş tutmuş, həddi aşmış və zülm etmiş olar”. Həmçinin o,  başına da üç dəfə məsh etmişdir. Osmanın (Allah ondan razı olsun) rəvayətində qeyd olunur ki, Peyğəmbər ﷺ başına üç dəfə məsh çəkmişdir. Lakin onun belə etməsinə dair cəmi bir hədis nəql olunmuşdur. Ola bilsin ki, bunun səbəbi vardır. Doğrusunu Allah bilir.
5. Sağdan başlamaq, yəni əlləri və ayaqları yuyarkən soldan əvvəl sağı yumaq. Çünki Peyğəmbər ﷺ bütün işlərində sağdan başlamağı sevərdi.
6. Sürtmə. Bu, yaş əlləri əzalara sürtməkdir. Çünki rəvayət olunmuşdur ki, Peyğəmbər ﷺ dəstəmaz aldı və yaş əlini qollarına sürtdü.
7. Saqqalın arasına su keçirmək. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ dəstəmaz aldıqda bir ovuc su götürüb onu çənəsinin altından saqqalının arasına keçirdi və dedi: “Qüdrətli və qüvvətli Rəbbim mənə belə etməyi buyurdu!”
8. Barmaqların arasını yumaq. Peyğəmbər ﷺ demişdir: “Dəstəmaz aldıqda əl və ayaq barmaqlarının arasını yu!”.
9. Dəstəmazdan sonra dua etmək. Peyğəmbər ﷺ demişdir: “Kim tam şəkildə dəstəmaz aldıqdan sonra: “Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” – desə, (Qiyamət günü) onun üçün Cənnətin səkkiz qapısı açılar və o, istədiyi qapıdan içəri daxil ola bilər”.
10. Dəstəmazdan sonra könüllü olaraq iki rükət namaz qılmaq. Bu barədə Peyğəmbər  belə demişdir:“Kim gözəl tərzdə dəstəmaz alıb, sonra iki rükət namaz qılar, qəlbini və üzünü buna yönəldərsə (yəni həm cismən, həm də qəlbən həmin namaza yönələrsə), Cənnətə girmək ona vacib olar”; “Mənim kimi dəstəmaz alıb qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılan kimsənin keçmiş günahları bağışlanar”.

Hansı hallarda dəstəmaz almaq müstəhəb sayılır

1. Hər dəfə dəstəmaz pozulduqda. Çünki Bilal əl-Həbəşi (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ belə cavab vermişdir: “Hər dəfə dəstəmazım pozulanda dərhal dəstəmaz alıram”.
2. Uca Allahı zikr etdikdə. Bir nəfər Peyğəmbər ﷺ dəstəmaz alarkən ona salam verdi, lakin o , dəstəmazını alıb qurtarmayınca ona cavab vermədi. Dəstəmazını alıb qurtardıqdan sonra onun salamını alıb dedi: “Salamını almağa mənə mane olan şey mənim Allahı yalnız pak olduğum halda zikr etmək istəyimdir”. Digər rəvayətdə isə belə deyilir: “Mən natəmiz olduğum halda Allahı zikr etməyi (salam verməyi) xoşlamıram”.
3. Yatmazdan əvvəl. Bəra ibn Azib  rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Yatağına uzandıqda namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ tərəfin üstə uzan”.
4. Cənabətli olduqda. Boynunda cənabət qüslu olan şəxsin təkrar cinsi yaxınlıq etmək istədikdə dəstəmaz alması yaxşıdır. Çünki Peyğəmbər ﷺ belə demişdir: “Sizdən biriniz öz zövcəsi ilə yaxınlıq etdikdən sonra bir daha yaxınlıq etmək istəsə, dəstəmaz alsın!” Digər rəvayətdə isə belə deyilir: “Çünki bu təkrar cinsi əlaqə üçün ona gümrahlıq gətirər”. Həmçinin cənabətli olduğu halda yatmamışdan öncə də dəstəmaz almaq müstəhəbdir – bəyənilir.
5. Hər namaz üçün dəstəmazı təzələmək. Səhih rəvayətdə qeyd olunur ki, Peyğəmbər ﷺ hər namaz üçün dəstəmaz alardı. Məkkənin fəthi günü isə dəstəmaz alıb sonra da namazları bir dəstəmazla qıldı. Ömər (Allah ondan razı olsun) dedi: “Ey Peyğəmbər! Sən heç vaxt görmədiyin bir işi gördün”. Peyğəmbər ﷺ dedi: “Mən bunu bilərəkdən etdim, ey Ömər!” Ola bilsin ki, Peyğəmbər ﷺ belə etməsi ilə ümmətini çətinliyə salmaq istəməmiş və onlara dəstəmaz pozulmadıqca bir dəstəmazla bütün namazların qılına biləcəyini bəyan etmək istəmişdir. Buna rəğmən, hər namaz üçün ayrı-ayrılıqda dəstəmaz almaq daha yaxşıdır.
6. Qüsldan öncə. Aişə anamız rəvayət edir ki, Peyğəmbər ﷺ cənabətli ikən qüsl etdikdə birinci əllərini yuyar, sonra da namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı.
7. Odda bişmiş yeməkdən sonra. Çünki Peyğəmbər ﷺ belə demişdir: “Odda bişmiş yeməkdən sonra dəstəmaz alın”. Bu hədisin hökmü (yəni yeməkdən sonra dəstəmaz almağın vacibliyi) növbəti hədis ilə ləğv edilmişdir. Rəvayətdə belə deyilir: “Peyğəmbərin  odda bişmiş yeməkdən sonra dəstəmaz alıb-almamaq məsələsində son qərarı dəstəmazı tərk etmək olmuşdur”.
8. Cənazə daşıdıqdan sonra. Peyğəmbər ﷺ demişdir: “Ölünü yuyan qüsl, onu daşıyan isə dəstəmaz alsın!”.

Dəstəmazı pozan amillər

1. Sidik, nəcis və yel kimi ön və arxa ifrazat çıxışlarından xaric olan hər bir şey. Peyğəmbər  demişdir: “Sizdən biriniz natəmiz olduqda (səsli və ya səssiz yel çıxardıqda) dəstəmaz almayınca, Allah onun namazını qəbul etməz”.
2. Məzi və vədinin xaric olması. Məzi (prostat şirəsi) – şəhvətə dair düşüncələr nəticəsində xaric olan şəffaf mayedir. Vədi isə gərgin iş sonrası (belə düşən ağırlıq nəticəsində) xaric olan qatı mayedir.
3. Yatmaq. Yatmaq dəstəmazı pozan amillərdəndir. Səfvan ibn Əssalın (Allah ondan razı olsun) rəvayətində qeyd olunduğu kimi, nəcis, sidik ifrazı və yatmaq dəstamazı pozan amillərdən hesab edilir. Mürgüləmək və bu səbəblə də başın öz müvazinətini itirməsi yatmaq sayılmır və dəstəmazı da pozmur.
4. Övrət yerinə şəhvətlə toxunmaq. “Şəhvətlə toxunmaq” qeydi bu iki hədisin cəm edilməsi nəticəsində ortaya çıxmışdır: “Övrət yerinə toxunan kəs dəstəmaz almayınca, namaz qılmasın”. Həmçinin Peyğəmbərdən ﷺ övrət yerinə toxunmağın dəstəmazı pozub-pozmayacağı barədə soruşduqda o  belə demişdir: “Məgər o sənin bədəninin bir parçası deyil?!” Deməli, bu iki hədisdən anlaşılan nəticə budur ki, kişi, yaxud qadın övrət yerinə şəhvət hissi olmadan adi bir toxunuşla toxunsa, sanki bədəninin digər hər hansı bir üzvünə toxunmuş kimi olar və nəticə etibarilə bu hal onun dəstəmazını pozmaz. Şəhvətlə toxunacağı halda isə dəstəmazı pozulmuş sayılar. Doğrusunu Allah bilir!
5. Heyz, nifas qanı və digər axıcı qanlar. Amma yaradan çıxan və bu kimi qanlar dəstəmazı və namazı pozmur. Həsən belə demişdir: “Müsəlmanlar daima yaralı vəziyyətdə olduqları halda namaz qılırlar”. Həmçinin, Ömərin (Allah ondan razı olsun) yarasından qan axdığı halda namaz qılmışdır. Abbad ibn Bişr namaz qılarkən uzaqdan atılan bir ox gəlib ona batmış, lakin o, namazını qılmağa davam etmişdir. Bu məsələnin təfsilatı “təharət” bölümündə qeyd edilmişdir.
6. Dəvə əti. Bu məsələdə doğru olan rəy dəvə əti yedikdən sonra dəstəmaz almağın vacib olduğu rəyidir. Cabir ibn Səmura (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ: “Dəvə əti yedikdən sonra dəstəmaz almalıyammı?” – deyə soruşdu. Peyğəmbər ﷺ də: “Bəli, dəvə əti yedikdən sonra dəstəmaz almalısan”, – deyə cavab verdi. Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərdən ﷺ, dəvə əti yedikdən sonra dəstəmaz almaq barədə soruşdular. O ﷺ: “Dəvə əti yedikdən sonra dəstəmaz alın!” – dedi. Ondan qoyun əti yedikdən sonra dəstəmaz almaq haqqında soruşdular. O  da: “Qoyun əti yedikdən sonra dəstəmaz almayın”, – dedi.


Dəstəmazı pozmayan amillər

1. Qadına toxunmaq. Bu hökmə naməhrəm qadınlar da daxildir. Aişə anamız rəvayət edir ki, “Peyğəmbər ﷺ qadınlarından birini öpdü, sonra da dəstəmaz almadan namaza getdi”. Bu yerdə onu da qeyd etmək lazımdır ki, qadına şəhvət hissi ilə toxunmaq şəhvətin cuşa gəlməsinə səbəb olur ki, bunun da nəticəsində cinsiyyət üzvündən məzi çıxır və hal dəstəmazı pozur.
2. Az, ya da çox olmasından asılı olmayaraq, yaradan çıxan, yaxud burundan axan qan. Yuxarıda bu barədə məlumat vermişik.
3. Qusmaq. Qusmağın dəstəmazı pozduğuna dair etibar ediləcək bir hədis varid olmamışdır. Lakin Mədan ibn Əbu Talhanın rəvayətinə əsasən, qusduqdan sonra dəstəmaz almaq daha yaxşıdır. Belə ki, Sövban ona Peyğəmbərin ﷺ qusduqdan sonra orucunu açdığını və dəstəmaz aldığını, hətta dəstəmaz suyunu da məhz onun tökdüyünü nəql etmişdir. İbn Teymiyyə bu hədisə əsasən, qusduqdan sonra dəstəmaz almağın müstəhəb olduğunu demişdir.
4. Dəstəmazlı olan kimsənin dəstəmazının pozulub-pozulmadığına dair şübhə etməsi. Dəstəmazı pozulduğuna tam şəkildə əmin olmayınca, bu şübhə ona heç bir zərər yetirməz və dəstəmazını pozmaz. Lakin dəstəmazının pozulduğunu yəqin bilib sonradan dəstəmaz alıb-almadığına şəkk edərsə, bu halda mütləq dəstəmaz almalıdır.
5. Namaz əsnasında yel və s. çıxıb-çıxmadığından şübhə etmək. Belə bir hal baş verdikdə Peyğəmbərin ﷺ öyrətdiyi kimi hərəkət etmək lazımdır: “Sizdən biriniz qarnında bir şey hiss etsə, sonra da onun çıxıb-çıxmadığını dəqiqləşdirə bilməsə, bir iy duymayınca və ya bir səs eşitməyincə məsciddən bayıra çıxmasın!”
6. Namaz əsnasında gülmək dəstəmazı pozmur. Çünki bu xüsusda varid olan hədislər səhih deyildir. Hafiz İbn Həcər “Təlxis” əsərində belə demişdir: “İbn Couzi imam Əhmədin belə dediyini qeyd edir: “Gülməyin dəstəmazı pozması ilə əlaqəli səhih bir hədis yoxdur”. Həmçinin imam Zuhli belə demişdir: “Namaz əsnasında gülməyin dəstəmazı pozduğuna dair etibar olunacaq hədis varid olmamışdır”.


(1) Hədis səhihdir. Muvatta 1/34.
(2) Əl-Maidə, 6.
(3) Müslim, 245, 857.
(4) Müslim, 234, Əbu Davud, 169, Tirmizi, 55.
(5) Bu hədis Munziri “ət-Tərğib”də (180) rəvayət etmiş, Əlbani də hədisin səhih olduğunu qeyd etmişdir.
(6) Bu hədis Munziri “ət-Tərğib”də (180) rəvayət etmiş, Əlbani də hədisin səhih olduğunu qeyd etmişdir.
(7) Təmyiz yaşı – ağı qaradan ayırd edə biləcək yaşdır. Təxmini olaraq altı-yeddi yaş nəzərdə tutulur.
(8) Burada məqsəd dəstəmaz alanın dil ilə niyyət etməsi deyildir. Bu əməl camaat arasında yayılsa da, nə namaz, nə də oruc üçün dil ilə niyyət etmənin şəriətdə heç bir əsası yoxdur.
(9) Buxari və Müslim.
(10) Hədis səhihdir. Əbu Davud, 101.
(11) Buxari və Müslim.
(12) Buxari və Müslim.
(13) Hədisi Ziya “əl-Muxtara” da rəvayət etmiş, Nəvəvi, İbn Həcər və Şoukəni kimi alimlər də həsən (yaxşı) olduğunu qeyd etmişdir. Bax: Təməmul-minnə, 88.
(14) Hədis səhihdir. Əbu Davud, 175, Əbu Əvanə 1/253, İbn Macə, 665.
(15) Əgər muvalə vacib olmasaydı, Peyğəmbər ﷺ həmin kəsə yenidən dəstəmaz almağı əmr etməz, ona yalnız ayağını yumağı tapşırardı.
(16) Əbu Davud, 108 və Tirmizi, 36, Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir ki, hədisin hökmü elə onun dediyi kimidir.
(17) Hədis səhihdir. Əbu Davud, 134 və İbn Macə 1/152.
(18) Misvak dişlərin təmizlənməsi üçün istifadə edilən, Ərak ağacından və buna bənzər ağaclardan düzəldilmiş təbii diş fırçasıdır.
(19) Buxari müəlləq olaraq rəvayət etmişdir 1/72, Əhməd 6/47, Beyhəqi 1/34.
(20) Buxari və Müslim. Sadəcə olaraq, Buxarinin rəvayətində əllərin üç dəfə yuyulması qeyd olunmayıb.
(21) Hədis həsəndir. Əbu Davud, 135.
(22) Hədis həsəndir. Əbu Davud, 111, Sənani də həsən olduğunu qeyd etmişdir. Bax: Təməmul-minnə, 91.
(23) Buxari və Müslim.
(24) Yəni yaxşıdır ki, dəstəmaz alan qollarını, ayaqlarını suyun altına tutmaqla kifayətlənməsin, əksinə, su ilə birgə əli ilə də həmin əzaya sürtsün.
(25) Hədis həsəndir. Əbu Davud, 94 və Nəsai 1/58.
(26) Əbu Davud, 145, Beyhəqi və Hakim 1/149, Hakim hədisin səhih olduğunu qeyd etmiş, Zəhəbi də onunla razılaşmışdır.
(27) Tirmizi, 39, Əhməd 1/287 və Hakim 1/182.
(28) Tam şəkildə dəstəmaz almaq dedikdə hər bir əzanı lazımı şəkildə yumaq nəzərdə tutulur (Bax: əl-Mucəm əl-vasit, 414).
(29) Müslim, 234.
(30) Müslim, 234.
(31) Buxari və Müslim.
(32) Əhməd 5/354, Tirmizi, 3690, Hakim 3/ 286, Hakim hədisin səhih olduğunu qeyd etmiş, Zəhəbi də onunla razılaşmışdır.
(33) Hədis həsəndir. Əhməd 5/80, Beyhəqi 1/206, Bax: Səhih əl-Cəmi 2401.
(34) Əbu Davud, 17, Nəsai 1/37, Əhməd 4/345.
(35) Buxari, 6311.
(36) Müslim 308, Əbu Davud, 220, Tirmizi, 141, Nəsai 1/142.
(37) Əhməd, Müslim 277, Əbu Davud, 172, Tirmizi, 61.
(38) Buxari, 248, Müslim, 316, Əbu Davud, 240, Tirmizi, 104, Nəsai 1/132, Muvatta 1/44.
(39) Müslim, 353, Əbu Davud, 195, Nəsai 1/106.
(40) Hədis səhihdir. Əbu Davud, 192, Nəsai 1/108.
(41) Əbu Davud, 3161, Tirmizi, 993, Hafiz İbn Həcər “Təlxis” əsərində (2/134) hədisin səhih olduğunu qeyd etmişdir.
(42) Hədis səhihdir. Əbu Davud, 60, Hakim 1/459, Beyhəqi 5/58.
(43) Əhməd 4/239, Tirmizi, 96, Nəsai 1/32, Beyhəqi 1/114.
(44) Bu məsələnin təfsilatı üçün imam Əlbaninin “Təməm əl-minnə” (səh.99) kitabına müraciət edə bilərsiniz.
(45) Hədis səhihdir. Əbu Davud, 182 və Tirmizi, 85.
(46) Bu hədisi imam Buxari (1/77) “Dəstəmaz” fəslində, “Dəstəmazın yalnız kiçik və böyük çölə çıxmaqla pozulması rəyində olanlar” adlı bölümdə rəvayət etmişdir.
(47) Müslim, 360, Əhməd 5/106, Tirmizi və Əbu Davud, 184.
(48) Hədis səhihdir. Əbu Davud, 184 və Tirmizi, 81, Əhməd 4/288.
(49) Bu sözümüzdən belə başa düşülməməlidir ki, kişi özünə naməhrəm olan yad qadınlara toxuna, onlarla görüşə bilər. Əsla! Burada “qadına toxunmaq” dedikdə ya kişinin öz yoldaşına toxunması, ya da naməhrəm qadına səhvən toxunmaq nəzərdə tutulur.
(50) Hədisi imam Əhməd və dörd Sünən sahibi nəql etmişdir.
(51) Nəcasət bölümünə bax!
(52) Hədis səhihdir. Tirmizi və Əhməd 6/443 və 449.
(53) Hədisi Müslim, Əbu Davud və Tirmizi rəvayət etmişdir.
(54) “ət-Təlxis əl-habir” 1/115.