Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Xristianlıq necə dəyişdirilərək 3 ilahlılıq dininə çevrildi

Hörmətli oxuyucular! Bundan öncə biz geniş bir məqalədə təhrif olunaraq İncilə 3 ilah etiqadının daxil edilməsi barədə sübutlarımızı təqdim etmişdik. Bu məqalədə isə biz İsa Peyğəmbərin (Ona Allahın salamı olsun) təbliğ etdiyi tək İlaha ibadətə çağıran xalis dinin təhrif olunmasına və indiki xristianlığa çevrilməsinə təsir edən amillər barədə danışacağıq.

Xristianlıq dininin təhrif olunma amilləri əsasən bunlardır:
- Təzyiq və işgəncələr;
- Həqiqi İncilin itməsi;
- Bolis (Yəhudi Şaul), Paul;
- Qədim bütpərəstlik etiqadlarından təsirlənmək;
- İmperator Konstantinin müdaxiləsi;
- Keşişlərin toplantıları.

İndi isə bu qeyd olunan məsələlər haqqında daha ətraflı bəhs edək:

Birinci amil: Təzyiq və işgəncələr
Təzyiq və işgəncələrin bəzi dinlərin dəyişikliyə məruz qalmasında mühüm rolu olmuşdur. Xristianlıq da bu aqibəti yaşayan dinlərdən biridir. Xristianların özlərinin etiraflarına görə bu dinə və mənsublarına olunan ilk təzyiqlər yəhudilər tərəfindən edilmişdir. İsa peyğəmbər (Allahın ona salamı olsun) özü də ilk dəfə yəhudilərin təzyiqlərinə məruz qalmış, hətta onu qətl etmək istəmişdilər. Bu təzyiqlər zamanı daşqalaq yoluyla ilk qətl olunanlardan biri də Stefanus olmuşdur. (Əaməlur-Rusul. 7/54-59)
Ondan sonra da Yaqub adlı xristianın boynu vurulmuşdur. Bu da bir çox xaçpərəstlərin təzyiqlərdən qorxaraq dünyanın müxtəlif ərazilərinə köçməsinə gətirib çıxarmışdır. (Əaməlur-Rusul. 12/2)

Sonra xristianlara iki böyük dağıdıcı müsibət üz verir. Birincisi Miladi təqvimin 70-ci ilində Roma valisi Titosun Qüdsdəki xristianları etdikləri üsyana görə cəzalandırması və qətlə məhkum etməsidir. İkincisi isə 135-ci ildə imperator Hadrianın Fələstində yaşayan bir çox xristianları qətl etməsi ilə baş vermişdi ki, bu hadisədən sonra azsaylı, zəif, dağınıq xristianlar qalmışdır.
Növbəti iki əsrdə də Roma imperatorlarının xristianlara qarşı təzyiqləri davam etdi. Bu təzyiqlər 313-cü ildə imperator Konstantinin xristianlara və başqa dinlərə öz dini ayinlərini icra etmələrində azadlıq sərəncamı verməsinə kimi davam etdi.
Bu təzyiqlər İsa peyğəmbərin dəvətinin təhrif edilməsinə aparan mühüm amillərdən biri olmuşdur. Məhz bu əmin-amanlığın itdiyi və təzyiqlərin çoxaldığı bir vaxtda xristianlar arasında (Xrist) – Hertoqa, yəni dini təhrif edərək yenilik gətirmə fikirləri yayılmışdı. Bu təlimlər xristianlığın təməl prinsiplərinə ziddiyyət təşkil edirdi. Necə ki, bu dövrdə ilk xaçpərəstlərə nisbət olunan kitab və yazılar da çoxalmışdı. Bu bidətlərdən "Docetizm", "Gnostizm", "Marsiyonizm", "Montana" fikirlərini göstərmək olar. Həmin dövrdə yazılmış bidətçi kitab və yazılardan Petrosun, Tomanın, Filipsin incillərini, "Haqq" incili, Misirlilərin incili, Üçüncü Kornişusun məktubu, Titosun məktubu, Lodikilərin məktubu, Petrosun kitabı, Bolisin kitabı, Tomanın kitabı və s. müxtəlif kitabları misal göstərmək mümkündür. ("Kilsənin tarixi" kitabı. Con Loriymer. səh. 1/89-151 ərəbcəsi. "Məsihiliyin tarixi" Həbib Səid. 1/46-62 ərəbcəsi)

İkinci amil: İncilin itməsi və isnadının qırılması.
Bugünki İncil kitablarının sənədi yəni nəql olunma zənciri İsa peyğəmbərə gedib çıxmır. İsa peyğəmbərin həqiqi İncil kitabı haqqında bir məlumat yoxdur. Həmçinin, xristianların özləri də İsa peyğəmbərin səmaya qaldırılmasından sonra ondan qalan elmin yazıya köçürülməsi ilə dərhal məşğul olmağa fikir verməmişdilər. Bu işdə gecikdikləri üçün sonradan çoxlu İncillər ortaya çıxdı ki, bu İncillərin yəqin şəkildə kimin tərəfindən yazıldığı və məlumatlarının haradan götürüldüyü bəlli deyildi. (Daha ətraflı baxmaq üçün: Dinlər haqqında araşdırmalar: yəhudilik və xristianlıq. Dr. Suud ibn Əbdül-Əziz əl-Xələf. səh. 352-360 ərəbcə "Ədvaus-Sələf" nəşriyyatı)
Bu da İsa peyğəmbərin həqiqi dəvətini təhrifə məruz qoydu. Çünki, bu İncillərin sahibləri məsum deyildilər. Yazıların yanlış anlaşılması və bu yazılarda çoxlu səhvlərə yol verilməsi və s. amillər gələcəyin xristianlığını naqis mənbələr üzərində quracaqdı.

Üçüncü amil: Yəhudi Paul adlı şəxsin təhrifləri.
Paul, İsa peyğəmbərin (Allahın ona salamı olsun) dininin ən böyük düşmənlərindən olmuşdur. Paul adını da izi itirmək üçün götürdüyü ehtimalı vardır. Özü yəhudilik dininə mənsub olsa da xristianların arasına daxil olub xristianlıqda böyük təhriflərə yol vermiş və bu işi çox məharətlə bacarmışdır. O Tarsus şəhərində doğulmuşdu. O vaxtlarda həmin şəhər müxtəlif bütpərəstlik fikirlərinin və müxtəlif fəlsəfələrin mərkəzi olan yerlərdən hesab edilirdi. Paul ilk öncə Yerusəlimə (Qüdsə) gedir, yəhudi dininin şəriətini öyrənir. O yəhudi dininin təəssübünü çəkməkdə ən şiddətli olanlardan biri idi. İsa peyğəmbər Allahın elçisi olaraq göndərildiyi zaman onun dininə və tərəfdarlarına ən çox düşmənçilik edən şəxslərdən biri idi. Paul xristianların arasına daxil olduqdan sonra bu dinə ən böyük təhrifləri gətirir. Bu təhriflərdən:
- İsanın Allahın oğlu olması iddiası;
- İsanın gəlişində məqsədin əsasən günahların yuyulması və onun çarmıxa çəkilməsi olduğunu iddia etməsi;
- İsa peyğəmbərin təbliğinin guya bütün yer üzündəki insanlara şamil olması iddiası;
- Musa peyğəmbərin şəriətini qüvvədən salması və insanın əməl etmədən sadəcə iman gətirməklə xilas olacağını iddia etməsi;
- Sünnət ayinini qüvvədən salınması.

Qeyd edək ki, bu cəhdi yəhudilər İslamda da etməyə çalışmışlar. Abdullah ibn Səba adlı yəhudi də, Xəlifə Əlinin ilah olduğunu iddia etmiş və indiki şiəlik etiqadının qurucularından olmuşdur. Lakin, bildiyiniz kimiİslam dini əzbər və sənəd məsələlərinə ciddi önəm vermişdir. Muhəmməd peyğəmbərin səhabələri Quranı və hədisləri əzbərləyərək növbəti nəsillərə olduğu kimi ötürmüşlər. Beləcə, Quran və peyğəmbərin səhih sünnəsi qorunaraq bizlərə gəlib çatmışdır.

Dördüncü amil: Xristianlığın bütpərəstlikdən və bütpərəst fəlsəfələrdən təsirlənməsi.
Mattanın İncilində İsanın yalnız İsrail övladlarının azmışlarına göndərildiyi və öz tərəfdarlarını yəhudi kəndlərindən başqa kəndlərə getməyi qadağan etdiyi qeyd olunmuşdur. Lakin, bir müddət sonra tərəfdarları bu əmrə müxalif oldular. (Mattanın incili, 10/5)
O zamankı məsihçilik başqa cəmiyyətləri özünə cəlb edir və təsir edəcəyi qüvvətləndirici keyfiyyətlərə ehtiyac duyurdu. O baxımdan ki, İsa məsihin dəvəti yalnız İsrail övladlarına şamil edilmişdi. Bu dinin dünyanın başqa dinlərinə və fəlsəfələrinə üstün gələcək beynəlmiləl xüsusiyyətləri yox idi.
Ona görə də xristianlıq tez bir zamanda digər bütpərəst dinlərin, fəlsəfələrin təsiri altına düşdü. Hətta bu təsirlər İsanın dinin saflığını tamamilə sıradan çıxardı və dinin yerini bu fikirlər tutdu. Termimlərdə belə bu uyğunluqlar göründü.
Bu, təhrif olunmuş xristianlıq dinini araşdıran hər kəsin görə biləcəyi bir məsələdir. Din araşdırmaçıları və tarixçi alimlər bunu təkidlə vurğulayırlar ki, xristianlıq dini bütpərəstlik rənginə bürünmüşdür. Bugünki xristianlıqda olan bütpərəstlikdən götürülmə inanclardan bəziləri bunlardır:
1 – Üç üqnum (təslis: ata, oğul, müqəddəs ruh) inancının xristianlıqdan öncə Buddizm və Hinduizmdə olması;
Faber "Bütpərəstliyin kökü" kitabında demişdir: "Hindlilərdə də Brahma, Feşno və Sifadan ibarət üçlüyün (təslisin) olduğunu görürük. Eləcə də Buddizmə inananlar Buddanın ilah olduğunu, həm də üç ilahi qüvvənin olduğunu deyirlər. (Bu dinlərdə bütpərəstlik haqqında olan nəqllərə nəzər yetirmək üçün bax: "العقائد الوثنية في الديانة النصرانية" (səh. 35-45))
Necə ki, bu inanc qədim misirlilərdə, farslarda, yunanlarda, romalılarda, aşurilərdə, finikiyalılarda, skandinaviyalılarda, tatarlarda, meksikalılarda və kanadalılarda da olmuşdur. (Bu dinlərdə bütpərəstlik haqqında olan nəqllərə nəzər yetirmək üçün bax: "العقائد الوثنية في الديانة النصرانية" (səh. 35-45))
2 - Bəşər övladına xatir özünü fəda edib çarmıxa çəkilmə hindlilərdə olan bütpərəstlik inanclarından olmuşdur. Bu haqda Hok özünün "Hokun səfəri" kitabında demişdir: "Hindlilər öz ilahlarından birinin insan cildinə girərək insanların günahlarına görə özünü fəda edib qurban etdiyinə inanırlar". (8) Bu dinlərdə bütpərəstlik haqqında olan nəqllərə nəzər yetirmək üçün bax: "العقائد الوثنية في الديانة النصرانية" (səh. 49-53).
Bu haqda başqa nəqllər də var. Bununla kifayətlənirik.

3 - Allahın insan surətində cismə girməsi və bakirə bir qadından dünyaya gəlməsi də bütpərəstlik inanclarındandır. Bu haqda da Duan əvvəldə qeyd olunan kitabda demişdir: "Hindistanlılar deyirlər ki, Krişna bakirə, pak və təmiz qadının oğludur. Onlar krişnanın anasına "ilahın anası" deyirlər". Misirlilər deyirlər: Xilaskar Huras bakirə İsesdən (İzes) dünyaya gəlib. O Amondan qaynaqlanan ikinci varlıqdır. Ona doğulmuş oğul deyirlər və onun şəklini anasının əlində və ya qucağında olduğu halda çəkirlər".
Bunlar xristianlıq dininin bütpərəstlik inanclarından təsirlənməsinə açıq-aydın misallardır. Bu haqda nəqlləri çoxalda da bilərik. Lakin, bununla kifayətlənirik.

Beşinci amil: İmperator Konstantinin müdaxiləsi.
İmperator Konstantin Bizans imperiyasının lideri olmuşdur. O, xristianlara qarşı 300 ilə yaxın davam edən təzyiq və işgəncələri dayandıran, xristianları özünə yaxın edən şəxs olmuşdur. Xristianlar da bunu ondan qəbul edib ona yaxınlaşmağa başladılar. O, xristianların müxtəlif rəylər üzərində ixtilaf etdiklərini görür və miladi tarixlə 325-ci ildə onları Nikaia toplantısına dəvət edir. Müxtəlif fikirli keşişlər, din xadimləri orada toplanırlar. O özü, bütpərəst inancları üzərində olduğu və xristianlıq haqqında məlumatı olmadığı üçün nəfsinin istəyinə meyl edir. Beləcə toplantıda Məsihin ilah olmasını deyənlərin görüşünü dəstəkləyir. O bu görüşə müxalif olanların lənətlənməsini, qovulmasını və nəzarətə götürülməsini əmr edir. Beləliklə, tövhid (monoteizm) üzərində olan xristianlıq bütpərəstliyə (politeizmə) sürüklənir. Bu qərardan sonra hakimiyyətin gücü ilə üçilahlı xristianlıq dini yayılır. Bunu ilk dəfə edən imperator Konstantin olmuşdur. O xristianlığı yalnız ölüm yatağında ikən qəbul etmişdir. Yəni o vaxta kimi bütpərəstlik dini üzərində olmuşdur.


Altıncı amil: Keşişlərin toplantıları.
Bu toplantılar kilsədə olan şura heyətləri tərəfindən keçirilir, xristianlıq dini və kilsələrin durumu haqqında məsələlər müzakirə olunurdu. Bu toplantılar iki növdür:
1 - Yerli toplantılar, hansı ki, burada kilsənin əsas məsələləri müzakirə olunur.
2 - Beynəlxalq (Maskoni) toplantılar: Burada isə xristianlıq etiqadları haqqında araşdırmalar edilir. Xristianlıq dininə yad və qərib olan fikirlərə qarşı necə mübarizə aparılacağı müzakirə olunur. (Durar əs-Səniyyə. Dinlər ensiklopediyası)
Keşişlərin müxtəlif illərdə etdikləri toplantılar bugünki təhrif olunmuş xristianlığı və bu dinin mühüm təməllərini ortaya qoymuşdur. Hansı ki, bu toplantılarda verilən qərarlar vasitəsilə təkallahlıq inancına qarşı müharibə edilmişdir. Reallıqda xristianlıq dininin fotmalaşmasını bu toplantılar ortaya çıxarmışdır. Bu toplantıların qərarlarına müxalif olanlara qarşı isə mübarizə aparılmış və müxaliflər kafir adlandırılmışlar. (Dinlər haqqında araşdırmalar: yəhudilik və xristianlıq. Dr. Suud ibn Əbdül-Əziz əl-Xələf. səh. 364. (ərəbcə) "Ədvaus-Sələf" nəşriyyatı).
İlk toplantı Qüdsdə, həvarilərin zamanında baş vermiş və bu toplantıda yəhudi olmayanların Musanın şəriətinə tabe olub-olmaması məsələsi müzakirə edilmişdir. Ora toplananlar qərara gəlirlər ki, onlar nə Musanın şəriətinə əməl etmək, nə də sünnət etmək məcburiyyətində deyillər. Onlar yalnız bütlərə qurban kəsməkdən, zinakarlıq etməkdən, boğulub ölmüş heyvanı və qan yeməkdən uzaq durmalıdırlar.

ARDI VAR...

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.