Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Kərbəla ziyarəti

Zər-ziba içində alışıb yanır
Sərdabə, döşəmə, tavan sərasər;
Neçə yüz ildir ki, burda saxlanır
İmamın adına gələn nəzirlər.

Məscid başdan-başa bir xəzinədir,
Yatır İmam Hüseyn daş-qaş içində.
Əgər imam haqsa, bu bəzək nədir?
Bəzəyə möhtacmış, imam da, din də...

Bu busat, bu cəlal kimin üçündür?
Bayırda əl açıb dilənir millət.
Ey imam övladı, de bu nə gündür,
Məsciddə var dövlət, küçədə zillət!

İmam üçün gələn bu dövlət, bu zər,
Nə verdi imama yalvaranlara?..
Yerə endirmədi bir tikə göylər
Yerə gecə-gündüz baş vuranlara.

Dünyanın qəribə təzadları var:
Aclardan toxlara düşərmiş nəzir,
Daş-qaş içindədir ölü imamlar,
Diri övladları lüt-üryan gəzir

Bəxtiyar Vəhabzadə