Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dinsizlərin "Xatəmul-Ənbiya" (peyğəmbərlərin sonuncusu) şübhəsinə cavab

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyil. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir". (Əhzab. 40). Dinsizlər iddia edirlər ki, guya bu ayəni əvvəllər başqa cür başa düşürlərmiş, bu haqda digər ayət və hədisləri, İslam ümmətinin icmasını görməzlikdən gəlirlər. Hər dəfə bilmədikləri sahələrdə şübhələr gətirib özlərini pis duruma salırlar, bilmədikləri mövzulardan danışmaq bir yana, etdikləri elmi səhvləri görməzlikdən gəlməklə də utanmırlar. Gəlin onların bu dəfəki boş iddiaları ilə tanış olaq və şübhələrini saf-çürük edək:
Şübhə müxtəsər olaraq belədir: "Bildiyiniz kimi, Quranda (33:40) Məhəmməd Peyğəmbərin sonuncu peyğəmbər olmasını bildirən" xətəm" sözü var. Araşdırmaçı Al-Makinin iddiasına görə "xətəm" sözü, heç də əvvəllər "sonuncu" mənasında işlədilməyib. Hədis zənciri ilə Məhəmməd Peyğəmbərə gedib çıxan hədislərdə (İbn Hanbal, Buxari, Muslim, Abu-Davud, Nasai, Darimi və hətta sonrakı hədis müəllifləri olan İbn Kathir) xətəm sözü 1. binanın kərpici, 2. işarə/xal, 3. möhür/üzük kimi verilmişdir. İbn Hanbalın Musnadında (tom 2, səhifə 398) bu söz binanın kərpici (peyğəmbərlik binasının kərpici-daşı) kimi göstərilmişdir. Buxaridə və Tirmizidə isə "xətəm" xal kimi işlədilib, Abu Zeydin əli Peyğəmbərin xətəminə (xalına) toxunur.
Peyğəmbərin ölümündən sonra İslam dünyasını "vətəndaş müharibəsi" bürüyür. Aişə ilə Əli, Əli ilə Muaviyə, Zubayr ilə Marvan, Umayya və Abbasiyyə arasında baş vermiş çəkişmələr və digər üsyanların özü əslində kifayət qədər diqqət tələb edir. Sizcə, bu çəkişmələrin özü şübhəli deyil? Bunu izah edə bilən ən məntiqli səbəblərdən biri də məhz peyğəmbərliyə olan iddialar ola bilər. Məncə, əgər onlar Məhəmməd Peyğəmbərin sonuncu peyğəmbər olmasını qəbul etmiş olsaydılar, o zaman onun ölümündən dərhal sonra bu çəkişmələr yersiz görünməli idi. Bu çəkişmələr zamanı bəzi üsyankar liderlərlə (əl Muxtar) bağlı peyğəmbərlik iddiaları edilirdi.
Görünən budur ki, hakimiyyəti qorumaq və bu çəkişmələrin qarşısını almaq üçün Əməvilər xilafəti tərəfindən sözün mənası dəyişdirilərək, sözə SONUNCU məna verilmişdir. Çünki yeni peyğəmbər yeni hakimiyyət, yeni dövlət deməkdir.
Şübhənin cavabı:
Birincisi:
Ərəb dilində جعل الشيء ختما (Cəaləş-şey'ə xatmən) bir şeyin axırına, sonuna çıxmaq, tamamlamaq mənası verir. (Ərəb dili lüğəti: Qamus-əl-Muhit. Firuzabadi. səh. 1088. Risalə nəşri. 2012). Bu sözün sabit mənalarından biri "sonlama, tamamlamadır". Sözün bu şübhədə qeyd olunmayan mənaları da var. Birini qeyd edəcəyik. Amma görünür ki, şübhəni gətirənlər böyük bir elmi səhvə yol verib hədislərdəki "xatəm" sözünün mənalarını veriblər. Ona görə də hədislərdəki mənaları da izah edəcəyik. Şübhədə qeyd olunmayan mənalardan biri budur: الخاتَمُ: ما يوضع على الطينة
(Gil üzərinə qoyulan şey). (Ərəb dili lüğəti: Qamus-əl-Muhit. Firuzabadi. səh. 1088. Risalə nəşri. 2012). Həmçinin digər ərəbcə lüğətdə deyilir: "خاتمة الشيء آخره" (Xatimətuş-Şey Əxiruhu) yəni, bir şeyi xatiməsi onun sonuncusudur". Həmçinin deyir: ختم القرآن "Xətəmə əl-Quran" yəni Quranı (oxuyub) sonuna çatdı. (Muxtar əs-Sihah. Muhəmməd ər-Razi. səh. 99. Ğaddil-Cədid nəşriyyatı. 2009).
Xülasə, şübhəni gətirənlər hədislərə müraciət edib deyə hədislərlə ifşa olunacaqlar. Hədislərdə oxucudan gizlədilən mənaların hədisin özündə verildiyi kimi izahı ilə məsələ aydın olacaqdır Allahın iznilə.
İkincisi: İlk olaraq deyək ki, iddiaçının gətirdiyi "xatəm" sözünün mənaları özünün əleyhinədir. Çünki, hədislərdən verilən bu mənalar Muhəmmədin ﷺ son peyğəmbər olduğunu dəstəkləyir. Çünki, hədislərdə keçən mənalar hər biri ya Muhəmməd ﷺ peyğəmbərin peyğəmbərliyini ümumən təsdiqləyir, ya da xüsusən onun sonuncu peyğəmbər olması mənasını təsdiqləyir. Lakin, şübhədə bu mənaların götürüldüyü hədislərin mətni verilməyib və hansı məsələni dəstəklədiyinə bir işarə verilməyib. Bu da şübhənin həddən ziyadə qərəzli hazırlandığını, məsələdən xəbərsiz oxucuları çaşdırmaq məqsədi güddüyünü ortaya qoyur. Məsələn; iddiaçının özünü pis, hətta gülünc duruma salaraq gətirdiyi "binanın kərpici" sözünə gəlin nəzər yetirək. Biz deyəndə ki ərəbcə bilməmək bunların başına hər dəfə bəla açır, özlərinə təsəlli edici sözlər gətirib vəziyyəti düzəltməyə çalışırlar, bu, dinsizlərin xoşuna getmir, təəssüf ki, bunun həqiqət olması yenə ortaya çıxır. "Binanın kərpici" sözü hədisdə binanın çatışmayan sonuncu kərpici kimi verilib, bu da Muhəmməd ﷺ peyğəmbərin binaya yerləşdirilən son kərpic olması ilə onun gəlişinin binanın təmirinin başa çatması, beləcə peyğəmbərlik binasının inşasının tamamlanması, bu tikintidəki son kərpicin Muhəmməd ﷺ peyğəmbər olduğuna işarədir. Lakin, məsələni tam başqa cür gətirən dinsizlərin bu etdiyi əməli biz yalnız təhrif adlandırırıq. Gəlin, "binanın kərpici" hədisini olduğu kimi qeyd edək;
Əbu Hüreyrədən rəvayət olunur ki, Mənim və məndən öncəki peyğəmbərlərin məsəli bir ev tikən kişinin məsəlinə bənzəyir. O kişi evi yaxşı və gözəl şəkildə tikir, yalnız (evin) küncündəki bir kərpici yerinə qoymur (o yeri boş saxlayır). İnsanlar da gəlib bu evin ətrafında dolanırlar, evdən xoşları gəlir və deyirlər: "bu bir kərpici niyə öz yerinə qoymayıblar? Sonra (peyğəmbər) dedi:" Həmin kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam. (Səhih əl-Buxari. 3535; Səhihi Müslim. 2286).
Deməli, hədis ən mötəbər Əhli Sünnə mənbələrində keçib və Muhəmməd peyğəmbərin ﷺ sonuncu peyğəmbər olmasının konkret məntiqi izahıdır. Peyğəmbər bunu məntiqi bir misalla öz sağlığında səhabələrinə izah etmişdir. Lakin, bu şübhəni oxuyan, hədisdəki mənanı oxuyan kimsə bununla kifayətlənsə, elə biləcək ki bunlar İslami mənbələrdən öz xeyirlərinə olan nə isə tapıblar.
Şübhədə "xatəm" sözünə verilmiş növbəti məna hədisdəki "xal" sözü də Muhəmməd ﷺ peyğəmbərin peyğəmbərliyinə dəlalət edən, onun kürəkləri arasında olan "peyğəmbərlik möhürü və ya xalı" mənasında istifadə edilib ki, bu Quran ayəsindəki (33:40) Muhəmməd peyğəmbərin son peyğəmbər olması mənasını və digər hədislərdəki mənaları təsdiqləyir. Bu dəlillərin hamısı eyni mənanı qüvvətləndirir və bir arada cəm edir.
Bundan sonrakı "xatəm" sözünün "üzük" mənası da bunun kimi verilmiş mənaya zidd deyil. Peyğəmbərin üzüyü olmuşdur və bu üzüyü mühüm qərarlarda "möhür" (peçat) kimi də istifadə etmişdir. Hədislərdə keçmiş mənalardan biri də bu mənadır. Ərəb dilindəki bütün bu mənalar sabitdir.
Şübhədə verilmiş üç mənanın ikisi birbaşa Muhəmməd ﷺ peyğəmbərin son peyğəmbər olmasını dəstəkləyir və əslində bu şübhəni gətirənlərin əleyhinə olan mənalardır. "Xatəm" sözünün "üzük" mənası da ərəb dilində var. Lakin, bu ərəb dilinin sözlərinin çoxmənalı olması keyfiyyətindən xəbər verir. Qeyd olunan hər bir məna ərəb dilində var və uyğun yerlərdə, cümlələrin ahənginə, axarlılığına münasib olaraq bəlirli məqsədlərlə istifadə olunur. Bu mənalar ərəb dilində sabit mənalardır.
Peyğəmbərin ﷺ son peyğəmbər olmasını tək bu dəlillər dəstəkləmir. Quranın bir ayəsindəki mənanı guya "siyasi məqsədlər üçün dəyişiblər" deyənlərə başqa bir ayəni misal gətiririk və bu zaman da onların üzərlərinə sakitlik çökür. Əgər bir ayədəki məna qəsdən dəyişdirilmişdisə, onda bu ayə haqqında görəsən nə deyəcəklər? Uca Allah Qurani-Kərimdə buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim". (əl-Maidə surəsi. 3-cü ayə).
Bu ayət onun dəlilidir ki, bütün peyğəmbərlər təkallahlıq inancına dəvət ediblər və sonuncu din olaraq İslam dini gəlmiş və bu neməti Allah tamamladığını bildirmişdir, sonuncu dinin peyğəmbəri də sonuncu peyğəmbər "Xatəmul-Ənbiya" (Peyğəmbərlərin sonuncusu) Muhəmməd ﷺ peyğəmbər olmuşdur. Onun sonuncu peyğəmbər olması İslam ümmətinin icması, Quran ayətləri və çoxsaylı səhih, mötəbər hədislərlə sabitdir. Hədislərin çoxusunu burada yazıb mövzunu uzatmaq istəmirik. Xülasə: Muhəmməd ﷺ peyğəmbərin sonuncu peyğəmbər olması onun başqa peyğəmbərlərdən seçilən ən mühüm xüsusiyyətlərindən biridir. (Hədislərin qısa hissələrinə bax: "Mənimlə peyğəmbərliyə xitam verildi". Səhihi Müslim. 523; "Məndən sonra peyğəmbər yoxdur". Buxari: 3532. Müslim. 2354. "Mənim gəlişimlə peyğəmbərliyə son qoyuldu". 2287).
Üçüncüsü: Qaldı ki, siyasi məsələlər haqqında ixtilafa, Muhəmməd ﷺ peyğəmbər bu haqda ixtilafın olacağı haqda müsəlmanlara hədislərində xəbər vermişdir. Siyasi ixtilaflar bütün ideologiyalarda olmuşdur. İstər adı çəkilən Muxtar əs-Səqafi olsun, istər qeyriləri peyğəmbərlik iddiası sabit olan və ya olmayan digər şəxslər olsun, bu haqda, peyğəmbərimizdən sonra yalançı peyğəmbərlərin çıxması haqda hədislərdə bizə xəbər verilmişdir. Bu haqda hədislərindən birində Muhəmməd peyğəmbər buyurur: "Ümmətim arasından otuz yalançı peyğəmbər çıxacaq. Hər biri özünün peyğəmbər olduğunu iddia edəcək. Mən peyğəmbərlərin sonuncusuyam. Məndən sonra peyğəmbər yoxdur". (Əbu Davud. 4252; ət-Tirmizi. 2219; Əhmədi "Müsnəd". 37/117. Silsilətus-Sahihə. Albani. 4/252).
Maraqlısı budur ki, "xatəm" barədə şübhəni gətirən bu qədər hədislərdən heç birinə toxunmağa cürət etməyib. Yalnız "xatəm" sözünün təhrif etmək istənilən mənaları göstərilib ki, onların da nə mənada olduğunu izah etdik. Şübhədə xatəm sözünün mənbələrdəki istifadə yerləri də Azərbaycan dilində verilməli idi. Mənbə göstərilmə metodu da bərbaddır, orjinal ərəbəcədən vermək zəruridir. Heç olmasa Azərbaycan dilində oxucular nəzərə alınaraq verilməlidir. Çünki, elementar elmi mövzularda belə dəlil göstərmə metodu akademik üsluba ziddir. Dəlillər bütünlüklə orjinal mənbələrdən göstərilməlidir, ya da oxucunun ana dilində tərcümədi ilə verilməlidir. Orjinal mətnin dilindən başqa dillərdə mənbə vermək elmi üslubdan kənar olmaqla oxucuya qarşı da hörmətsizlikdir.
Qayıdaq səhabələrin ixtilafı mövzusuna; səhabələr ixtilaf etsələr belə bu ixtilaflar etiqadi məsələlərdə deyil, siyasi məsələlərdə olmuşdur. Sonradan bu ixtilaflar yatmış, birlik hasil olmuş və müsəlmanlar hələ əsrlər boyunca dünyada söz sahibi olmuşdular. Uca Allah bizə bu ixtilaflara necə yanaşmalı olduğumuzu bu Quran ayəsində bildirimiş, möminlərdən iki dəstənin hətta bir-birinə silah qaldıra biləcəyini, onları barışdırmaq lazım olduğunu, üstəlik vuruşan iki mömin tərəfin bir-birinə qardaş olduğunu vurğulamışdır: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir". (Hucurat. 9).
Bu ixtilaflar haqqında Muhəmməd ﷺ peyğəmbər hədislərindən birində buyurmuşdur: "Şeytan Ərəbistan yarımadasında insanların ona ibadət etmələrindən ümidini üzmüşdür. Lakin, onlar arasındakı fitnələrə ümid edir" (Səhih Müslim. 2812).
Bu hədisin mənası haqda alimlər deyiblər ki, Ərəbistan yarımadasında insanların İslamdan çıxmasına, bütpərəstliyə qayıtmasına şeytanın ümidi yoxdur, lakin onlar arasındakı fitnə-fəsada, siyasi çəkişmələrə, müharibə və dünya üzərində savaşmalarına ümidi var. Doğurdan da peyğəmbərin xəbər verdiyi hadisələr mümkün oldu. Müsəlmanların bu aspeklərdə ixtilafları oldu. Lakin onların İslam etiqadının təməli qorundu. Səhabələrin ixtilafı qətiyyən etiqad üzərində olmadı, birmənalı şəkildə siyasi ixtilaflar oldu. Sonradan bu ixtilaflar çözüldü və əsrlər boyu bu əzəmətli din dünyaya elm və mədəniyyət gətirdi.
Səhabələrin ixtilafı haqqında ümmətin görüşü onları yalnız xeyirlə yad etmək, onları üzürlü görmək, onlar haqqında pis fikirlər bildirməkdən uzaq durmaqdır. Peyğəmbərimiz ﷺ onlar haqqında buyurub: "Mənim səhabələrimi söyməyin, mənim səhabələrimi söyməyin. Canım əlində olan Allaha and olsun ki, sizdən biri Uhud dağı qədər qızılı sədəqə versə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə), hətta yarısına belə çata bilməz". (İbn Macəh. 161, səhih isnadla).
Dördüncüsü: Əməvilər xilafəti zamanında bu sözün mənasının dəyişdirilməsi iddiası əslində iddia olmaqdan o yana keçmir və öz təsdiqini tapmamışdır. Bu mövzu əslində şərqşünasların İslamdakı hədislər haqqında gətirdikləri şübhələrdən qaynaqlanır ki, Quran təfsiri haqqında da onlar eyni iddiaları irəli sürmüşlər. Onlar Əməvilərin zamanında hədisləri ittiham etməyə çalışmış, İslam alimlərinin çox incə yollarla hədis elminə xidmət etmələrini, hədislərin orjinallığını qorumağa çalışmalarına, hədis uydurma hallarının qarşısını ilk dövrlərdən möhtəşəm elmi qaydalar vasitəsilə qarşısının alınmasına kölgə salmağa çalışmışlar. Şərqşünasların bu mövzuda iddiaları çoxdur və hamısına da İslam alimləri tərəfindən dağıdıcı elmi cavablar verilmişdir. Bu mövzuda "Hədis inkarçılarının məşhur şübhələrinə cavablar" adlı kitabımızda ətraflı danışmışıq. İstəyənlər bu xüsusdakı cavabımızı qeyd edilən kitabın PDF variantından ətraflı şəkildə oxuya bilərlər.


Yazdı: Sahib Əsədov