Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Allah nə varlıq aləminin daxilində, nə də xaricindədir" şübhəsinə cavab

Bilmək lazımdır ki, var olan iki şey ya bir-birindən ayrı, ya da bir-birilə iç-içə olur. Bu ağlın tələb etdiyi bir həqiqətdir. Əgər onların bir-birilə iç-içə olduqlarını təsdiqləsən, gərək bir-birindən ayrı olduqlarını inkar edəsən. Yox, əgər onların bir-birilə iç-içə olduqlarını inkar etsən, o zaman bir-birindən ayrı olduqlarını təsdiqləməlisən. Çünki bu iki vəsf bir-birinə əks olan vəsflərdir. Heç şübhəsiz ki, Allah Təala məxluqatından ayrıdır. Onun məxluqatı ilə iç-içə olduğunu iddia etmək isə müsəlmanların icması ilə küfrdür. İndi isə sual olunur: bir-birindən ayrı olan bu iki varlığın, yəni Xaliqin və məxluqatın hansı daha ucadır və ucadadır? Əgər deyilsə ki, Allah nə varlıq aləminin daxilində, nə də xaricindədir, bizim cavabımız belə olar: bir-birinə əks olan iki vəsfin eyni anda bir fərddə cəm olması və ya hər ikisinin də eyni vaxtda aradan qalxması mümkün deyil. Məsələn, bir kəs barədə “həm diridir, həm də ölü” deyilmədiyi kimi, “nə diri deyil, nə də ölü” deyilə bilməz. Yaxud “həm sakitdir, həm də hərəkətdə” deyilmədiyi kimi, “nə sakitdir, nə də hərəkətdə” deyilə bilməz. Çünki bu, bir-birinə əks olan iki vəsfin eyni anda bir yerdə olması və ya eyni anda aradan qalxmasıdır ki, bu da əqlən mümkünsüzdür. Belə olduğu təqdirdə, “Allah nə varlıq aləminin daxilində, nə də xaricindədir” deyilə bilməz. Üstəlik bu, Allahın varlığını yox hesab etməyə bərabərdir. Çünki varlıq aləminin daxilində və xaricində var olmayan bir “varlıq”, əslində, yoxluq deməkdir. Biz əşari və maturidilərin bu kimi sözləri və iradları ilə tanış olduqda görürük ki, onlar əslində Uca Allahı zatı, yəni həqiqi bir varlıq kimi yox, sadəcə olaraq zehni bir valıq kimi qəbul edirlər.

Əşari alimlərindən İbn Furak fikir ataları olan İbn Kulləbin sözünü nəql edərək demişdir: “Eləcə də (İbn Kulləb) “Allah nə aləmin daxilində, nə də xaricindədir” deyənin və beləcə, Onun varlığını tamamilə inkar edənin iddiasının şəriətə və məntiqə zidd olduğunu qeyd etdi. Çünki (həmin iddianı edənə) “Allahı yoxluqla vəsf et!” deyilsə, bu iddiasından artığını söyləyə bilməyəcəkdir. Beləliklə, Allahın açıq-aydın ayələrini rədd etmiş, üstəlik şəriətə və məntiqə zidd olan bir şeyi söyləmişdir. Onlar iddia etmişdir ki, həqiqi tövhid yalnız belə olmalıdır. Onlar (cəhmilər) üçün Onu tamamilə inkar etmək əsl, həqiqi tövhid sayılır. Buna baxmayaraq, özlərini qiyas əhli (fəqih, həqiqi alim) hesab edirlər” (“Bəyənu təlbisil-Cəhmiyyə” 1/44).

Burada İbn Kulləb “Allah nə aləmin daxilində, nə də xaricindədir” sözünün həm şəriətə, həm də əqlə və məntiqə zidd olduğunu vurğulayır. Həmçinin qeyd edir ki, bu cür etiqad etmək, ümumiyyətlə, Uca Allahı “yoxluq” ilə vəsf etmək deməkdir. Bu etiqad isə Cəhmiyyə məzhəbinin “tövhidi”dir. Çünki onlara görə, Allahın bütün ad və sifətlərini inkar etmək (əslində, bu elə Allahın Özünü inkar etməyə bərabərdir) əsl tövhid sayılır. İbn Kulləbin bu sözü açıq bir dəlildir ki, hətta indiki əşari və maturidilərin fikir ataları və ilkin əşarilər belə “Allah nə aləmin daxilində, nə də xaricindədir” etiqadında olmamışdır. Buna dəlil olaraq, Haris əl-Muhasibinin və Əbul-Həsən əl-Əşarinin sözlərini də qeyd etmək olar.

Belə ki, əl-Muhasibi Allahın ucalıq sifətinə və Ərşinin fövqündə olduğuna dair bir çox Quran dəlilini zikr etdikdən sonra demişdir: “Bütün bunlar qəti bir şəkildə ona dəlalət edir ki, O, Ərşin və hər şeyin fövqündədir. Məxluqatına daxil olmaqdan münəzzəhdir və onlardan heç bir şey Ona gizli qalmaz. Çünki O bütün bu ayələrdə açıq bir şəkildə bəyan etmişdir ki, Onun Öz Zatı bəndələrinin fövqündədir... Uca Allah buyurur: “Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar” (Əl-Məaric: 4); “Gözəl söz Ona tərəf yüksəlir” (Fatir: 10)... Onlar Ərşə tərəf qalxdıqda Allaha tərəf qalxmış olurlar, hətta Onu görməsələr belə...” (Haris əl-Muhasibi “Fəhmul-Quran” səh. 349-351).

Fikir verin, əl-Muhasibi Uca Allahın məxluqata daxil olmaqdan münəzzəh olduğunu dediyi halda, məxluqatından ayrı və onların xaricində olduğunu inkar etməmiş, əksinə, bunu iqrar edərək Quran və sünnətin də buna dəlalət etdiyini qeyd etmişdir. Həmçinin Əbul-Həsən əl-Əşari də özünün “əl-İbanə”, “Risalətun ilə əhlis-sağr” və “Məqalətül-isləmiyyin” adlı əsərlərində bir çox yerdə Uca Allahın məxluqatından ayrı və Ərşinin fövqündə olduğunu iqrar etmişdir.

İmam Zəhəbi demişdir: “Allahın göylərin üstündə olan Ərşin fövqündə olduğunu demək, Onun hansısa bir məkanda, yaxud yöndə olduğuna etiqad etmək sayılmaz. Belə ki, Ərşin altında olanlara məkan, yaxud yön nisbət etmək olar. Lakin Ərşin fövqü belə deyildir. Uca Allah da ilk dönəm nəslin üzərində icma etdiyi və Əhli-sünnət imamlarının da onlardan nəql etdiyi kimi, Ərşinin fövqündədir. Onlar bunu “siz harada olsanız belə, O sizinlədir” (əl-Hədid: 4) ayəsini dəlil gətirərək Uca Allahın hər yerdə olduğunu deyən Cəhmiyyə firqəsinə cavab olaraq demişlər. Tabiin və ətbəut-tabiin zamanında olan rəy məhz bu iki rəy (yəni Allahın Ərşin fövqündə: məxluqatından ayrı olması və Allahın məxluqatına hülul edib hər yerdə olması rəyləri) idi. Ümumilikdə isə bu iki rəy ağlabatan rəylər idi (yəni haqq, yaxud batil olmasından asılı olmayaraq bu iki rəyi ağıl və məntiq qəbul edə bilirdi). Lakin son dönəmlərdə ortaya çıxan “Allah nə varlıq aləminin içində, nə də onun xaricindədir, nə Ərşin fövqündə, nə məxluqata bitişik, nə də onlardan ayrıdır, Onun müqəddəs Zatı nə bir yerdədir, nə də məxluqatından ayrıdır, nə hansısa bir yöndə deyil, nə də yönlərin xaricində deyil, nə belə deyil, nə də elə deyil və s.” üçüncü rəyə gəldikdə isə Quran və sünnətə müxalif olması ilə yanaşı, həm də ağla və məntiqə ziddir” (“Əl-Ülüvv” səh. 267-268).

İbn Rüşd demişdir: “Şəriət əhli bu sifəti (yəni Allahın ucalıq yönündə olmasını) dinin ilk günündən bəri ta ki Mötəzilə firqəsi gəlib inkar edənəcən daima Uca Allah barədə isbat edirdi. Daha sonra onların (Mötəzilənin) bu inkarına Əbul-Məali və onun izi ilə gedən mütəəxxir, yəni son dönəm əşarilər tabe oldular. Şəriətin bütün aydın dəlilləri Allah barədə (ucalıq) yönünü isbat etməyi tələb edir... (Daha sonra İbn Rüşd həmin dəlillərdən bəzilərini qeyd edir) Bütün bunlar təvil edilsə, o zaman gərək bütün şəriət təvil edilsin. Əgər deyilsə ki, bütün bunlar mütəşabihdir, o zaman gərək bütün şəriət mütəşabih olsun. Çünki bütün dinlər Allahın səmada olduğu fikri – etiqadı üzərində qurulmuşdur. (yəni Allahın ucalıq sifətinə dəlalət edən dəlillər o qədər açıq və çoxsaylıdır ki, bütün bunların hamısına mütəşabih demək, yaxud bütün bunları təvil etməyə səy göstərmək, şəriətin özünü tamamilə təvil etməyə və şəriətin özünü bütövlükdə mütəşabih görməyə bərabərdir) (İbn Rüşd “Mənəhicul-ədillə” səh. 176).

Müəllif: Əbu Zeyd Həbibli