Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Dini insanlar uydurub?
Yəqin ki, çoxlarınız bu barədə eşitmisiniz. Xüsusilə də Sovet İttifaqı dövründə bu şübhə ateistlər tərəfindən geniş şəkildə istifadə olunurdu. Bu gün isə deistlər öz təbliğatlarında bu şübhəyə tez-tez əl atırlar. Ümumiyyətlə bu şübhədən bəhs etdikdə iki məsələni parallel şəkildə müzakirə etmək daha doğru olardı:
1 - İnsanlar dini özlərindənmi uydurublar?
2 - Din insanları idarə etmək üçünmü uydurulub?
İndi isə məsələyə bir qədər geniş prizmadan yanaşaq:
1 - Dini insanlar özlərindənmi uydurublar?
Cavab: əslində bu mövzu adətən “din və dinsizlik” və ya “teizm, ateizm və deizm” mövzularının müzakirəsi zamanı ortaya atılan əsas mövzulardan deyil. Çünki, insanlardan bəziləri buna inanır, bəziləri isə inanmır və inanmaq və ya inanmamaq barədə qərarlar bir dəqiqəyə verilmir. Müəyyən bir qərara gəlmək üçün insanlar əvvəlcə bir çox məsələləri analiz edir, beyinlərini qurcalayan şübhələrə cavab tapmağa çalışır.
“De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”(1).
Bu mövzunun müzakirəsində bəzən səthi dəlillər gətirilir və əsassız fərziyyələr irəli sürülür. Odur ki, öz fərziyyələrini əsaslandırmaqda aciz qalanların dinin insanlar tərəfindən uydurulması barədə fikirləri sadəcə iddia olaraq qalır. Öz iddialarına haqq qazandırmaq üçün onlar gah Şumer tarixinə müraciət edir, gah Quranda “xəta” axtarışına çıxır, gah da peyğəmbərin şəxsi həyatına müdaxilə edirlər. Çatdırmaq istədiyimiz əsas məqam bu xırdalıqlar deyil. Demək istədiyimiz odur ki, niyyəti ciddi, insaflı, ədalətli və obyektiv bəhs aparmaq olan din əleyhidarları əslində ateizm, deizm və aqnostizmin ziddiyyətli tərəflərini və puç olmuş nəzəriyyələrini də müzakirə obyektinə çevirməlidirlər.
Tarix boyunca müsəlmanların elmə verdikləri yüksək dəyər və elmin inkişafına verdikləri töhfələr, Ərəbistan çöllərində coşqun bir tərəqqi və elmin sürətlə yüksəlişi, bu möcüzəvi sıçrayış və çiçəklənmənin yalnız Ərəbistan yarımadası ilə məhdudlaşmayaraq bütün dünyanı öz təsir dairəsinə alması əslində bizə çox şey deyir. “Uydurma” adlandırılan dinin paytaxtı olan və bədəvi tayfaların məskunlaşdığı bir şəhərin qısa müddət ərzində bütün bəşəriyyətin paytaxtına çevrilməsi kiçik qüvvələrin əldə edə biləcəyi bir nailiyyət deyildi. Görəsən dövrün ən əzəmətli imperiyalarını məğlubiyyətə uğradan müsəlmanların gücü haradan qaynaqlanırdı? Görəsən onları qələbədən-qələbəyə aparan hansı qüvvə idi?
Sovet İttifaqı dövrünün ateistləri bu mövzu ətrafında nağıllar da uydururdular. Onlar insanları dinə təhrik edən amillərdən danışır, bu məqsədlə müxtəlif fəlsəfəçilərə, tarixçilərə öz ixtisasları olmayan mövzularda dini tənqid etmək və ateizmi müdafiə etmək üçün yazılar yazdırırdılar. Sovet İttifaqı dövründə bir ara tarixçi, fəlsəfəçi və bioloqlar arasında din əleyhinə yazılar yazmaq dəbdə idi. Hətta vəzifəyə gəlmək, vəzifədə olanların gözünə girmək və başqa mənfəətləri naminə bu cür yazıları elmi əsaslardan tam uzaq şəkildə və elm çərçivəsindən kənara çıxaraq öz yazılarına dində olmayan məsələləri əlavə edənlər də az deyildi. Çünki bu kitabların yoxlanılması ilə məşğul olanların da dindən anlayışı elə onları yazanlar qədər idi. Xülasə, onlar bəşər övladını “dinə təhrik edən amil” kimi əsasən “insanların təbiət hadisələrindən qorxmaları” amilini irəli sürürdülər. Bu iddialar Karl Marks və Fridrix Engelsin kitablarında da yer alır və Lenin tərəfindən təbliğ edilirdi. Onların sözlərinə əsasən, insanlar zəlzələ, vulkan, ildırım və digər təbiət hadisələri, vəhşi heyvanlar qarşısında aciz və zəif olmalarını izah edə bilmirdilər. Odur ki, bütün bunların arxasında gözəgörünməz bir qüvvənin dayandığına, dünyada hər şeydən üstün bir gücün olduğuna, həmin gücün onları ətrafdakı vəhşi heyvanların hücumundan, günəşdən, aydan və dənizdən qoruyacağına inanmağa başlamışdılar(2).
Bəzi dinsizlər qorxu amilinə insanın ehtiyaclı və ya kasıb olmasını əlavə etsələr də, dindarlar arasında çoxlu sayda zəngin, imkanlı insanların olması həqiqəti bu iddianı alt-üst edir. İslam dini zəngin insanlara zəkatı əmr edir ki, onlar öz kasıb müsəlman bacı və qardaşlarına yardım etsinlər. Peyğəmbər ﷺ öz sahabəsi Muaz ibn Cəbəli Yəmənə göndərdikdə ona kəlimeyi-şəhadət və namaz barədə təlimat verdikdən sonra insanlara zəkat barədə də öyrətməyi əmr edərək buyurmuşdur: “Onlara öyrət ki, Allah onların mal-mülkünə zəkatı vacib etmişdir. Bu zəkat varlılardan toplanıb kasıblara verilməlidir”(3). Beləcə, dinə təhrik edən səbəb kimi kasıblıq qorxusu amili də batil olur. İslamın ilk günləri kasıb müsəlmanların sayı çox ola bilərdi, lakin müasir dövrdə dünyanın hər yerində yaşayan milyonlarla varlı və ya orta təbəqəyə məxsus ehtiyacsız müsəlmanlar məhz fitrətlərinin, saf mənəviyyatlarının tələbi ilə İslam yolunu seçmişlər.
İnsanaları dinə yönləndirən amillərdən bəhs edən bəzi tədqiqatçılar bunu ictimai ehtiyaclarla, bəziləri ağılla, bəziləri isə yuxarıda qeyd olunan səbəblərlə əlaqələndirsələr də, həqiqi amil insanın fitrətidir. Bu kitabda artıq bəzi tədqiqatçıların həyata keçirdiyi mötəbər araşdırmaların nəticələrini qeyd etdik deyə, təkrara lüzum görmürük. Fitrət amilində ilahi vəhyə və peyğəmbərin sünnəsinə (hədislərə) əsaslanırıq. Çoxsaylı elmi tədqiqatlar və sosial eksperimentlər də fitrət amilini təsdiqləyir. Yəni insanları dinə meylləndirən səbəblər olaraq irəli sürülən faktorlardan elmi cəhətdən ən mötəbər və təcrübi faktlara əsaslananı məhz fitrət amilidir. Hətta insan beynində "ilahi genlərin” mövcudluğunu qeyd edən də qeyri-müsəlman alimləri olmuşdur. Bu barədə kitabımızın iki ayrı yerində söhbət açmışdıq.
İkincisi, unutmamaq lazımdır ki, təbiət hadisələrinin özü də Allah tərəfindən yaradılıb və bunu bilmək də insanı Allaha iman etməyə yönəldir. Yəni təbiət Ona qarşı deyil, Onun varlığına və Qüdrətinin böyüklüyünə bir dəlil olur.
Üçüncüsü isə, bilmək lazımdır ki, insanın Allaha inanması, onu psixoloji cəhətdən sakit, hüzürlu edir və onun ruhuna qida olur.
Dördüncüsü isə, dinsizlərin iddia etdiyi “kasıblıq”, “düşüncə darlığı”, “ictimai boşluq” kimi ünsürlərin Allaha imanla heç bir əlaqəsi yoxdur. Əksinə, tarix boyunca dindar nəsillər böyük mədəniyyətlərin əsasını qoymuş, böyük dövlətlərin təsisçisi olmuşlar. Bütün bunlar nə kasıblıq, nə “düşüncə darlığı”, nə də ictimai boşluqdan yaranan səbəblərlə hasil olmur. Bu göstəricilər şəxsdən şəxsə dəyişən bir haldır. Tam əksinə, dinsizlər özləri gözəl bilir ki, girdabına düşdükləri ictimai və mənəvi boşluq, qayda-qanunsuz həyat onları geri dönüşü çətin görünən mənəvi deqradasiyaya sürükləyib.
Həyatın mənasız olduğunu iddia edən, ictimai və əxlaqi dəyərləri puç edən “Nihilizm”, ancaq heyvani həzzlər üçün yaşamağı məqsəd görən “Hedonizm”, qadın və uşaqları dövlətin və insanların müştərək malı elan edən “Sosializm”, insanı heyvanlara bərabər tutaraq vaxtilə Avropada “insan zooparkları”(4) təşkil etdirən “Sekyularizm”(5), yalnız mənfəəti düşünməyə çağıran “Praqmatizm”(6), Allahın əvəzinə insanların vicdanını meyar təyin edən “Humanizm”(7) və insanların kütləvi şəkildə məhv edilməsinə səbəb olmuş digər azğın cərəyanların hər biri dinsizliyin təkanı ilə meydana gəlmiş və zahirən insanlara gözəl göstərilmiş ideologiyalardan başqa bir şey deyildi. Birinci Dünya Müharibəsindən sonra meydana gəlmiş "Ekzistensializm" (1929) adlı cəryan insana bütün xarici təsirləri inkar edir, ona həyat düsturu və inanc olacaq bir yol göstərmir, özünə və insanlara qarşı inamsız edir, Allah və din məfhumunu inkar edir.
Mənasız həyat tərzini təcəssüm etdirən bu dinsizlik cərayanı insanı cəmiyyətə yararsız bir məxluqa çevirmişdi. Bu cərəyan Avropa insanını dəyərsiz, heç bir əhəmiyyəti olmayan, özünə və insanlara qarşı inamsız bir cəmiyyət üzvü olmağa sövq edirdi. Avropada insan beyninin məhsulu olan dinsiz cərəyanlardan əlavə, cəmiyyətdə öz nüfuzunu bərpa etmək üçün mübarizə aparan, təkilahlıq etiqadından uzaq, təhrif edilmiş xristianlığın mövcudluğu da insanlarda dinin uydurma olması barədə düşüncələri daha da gücləndirdi.
“Din insanları idarə etmək üçün uydurulub” şübhəsinə gəldikdə isə:
Cavab: Bu iddia da Sovet İttifaqı dövründə ortaya atılan fərziyyələrdən biri idi. Hətta onlar dini “xalqların nəşəsi” adlandırır, “din tiryəkdir”, “din xalqların tiryəyidir” kimi vəsflər edirdilər. Sovet İttifaqı dövründə dinin tənqidinə yönəlik kitabların az qala hamısında bu ibarələrdən istifadə olunurdu. Sovet İttifaqında ateizmin təbliğatı mövzusunda oxuduğum kitabların əksəriyyətində “din xalqların nəşəsidir” şübhəsinə rast gəldim(8). Müasir ateizm və deizm tərəfdarlarının da bu şübhəni kommunist fəlsəfəsindən mənimsədiyi açıq-aydın məsələdir. Çünki Karl Marks (1818-1883) dinin tənqidində bu məsələni çox önə çəkirdi. O iddia edirdi ki, din narkotik vasitə kimi insanları öz təsiri altına alır və hökumətlər dinin köməyilə xalqı özlərinə tabe edir. Guya məzlumların üsyana qalxmamaları, çəkdikləri əzab-əziyyətləri hiss etməmələri, öz acınacaqlı aqibətləri ilə razılaşıb zülmə tabe olaraq yalnız axirətləri barədə düşünmələri üçün onlar din vasitəsilə keyləşdirilir. Bəli, məşhur şübhənin özəyi məhz bu idi.
Həmçinin bu iddianı ortaya ataraq təbliğ edən dövlətin din əleyhinə mübarizə aparan bir imperiya olduğu hamımıza məlumdur. Həmin imperiya insanların müstəqilliyini dar çərçivəyə salmış, xalqın sərvətini öz ideyaları uğrunda sağa-sola xərcləməkdən çəkinməmişdir. Azərbaycan nefti və digər zəngin sərvətlərimiz də Sovet imperiyasının mülkü hesab olunurdu. Bu imperiya Repressiya adlanan qanlı dövrdə Azərbaycanın minlərlə ziyalısının qətlinə bais olmuşdu. Xülasə, bu rejim xalqı müəyyən yollarla itaətdə saxlamağa çalışır və zənn edirdi ki, xalqın idarə edilməsi üçün dinlər narkotik təsir göstərir. Bunu təhrif olunmuş dinlərə və batil dini cərəyanlara şamil etmək doğru olmadığı kimi, İslam haqqında da demək doğru deyil. Çünki əksər dinlər dövlət tərəfindən dəstək görmür, əksinə dövlətlərin təzyiqlərinə məruz qalır. Əslində tarix boyunca var olmuş bir qisim dövlətlərin siyasəti bizə maraqlı deyil, sadəcə olaraq biz bu batil şübhənin İslama nisbət edilməsinə öz cavabımızı vermək istəyirik. Söhbət bu şübhənin İslama nisbət olunmasından gedir ki, bu da doğru deyil.
Əgər söhbət Karl Marksın bunu “Avropa kilsəsi” əleyhinə deməsindən gedirsə, bu söz onlar haqqında keçərli ola bilər. Çünki kilsə həqiqətən də insanlara əziyyət verir, onların mallarına, torpaqlarına sahib çıxır və onlara yüksək vergilər təyin edirdi. Topaqlar kilsəyə məxsus idi və torpaq sahibi olan feodallar sadə insanlara əziyyət verirdilər. Kilsəyə etiraz edənlər təhdid olunur, onlara olunan zülmlər davam edir, zülmə qarşı üsyana qalxanlar isə cəzalara məruz qalırdılar. Bu məsələdə “kilsə feodalları” xalqın yox, zülmün yanında idi. Dinin gerçəklərini təhrif etmiş xristian kilsəsinin Allahın adından yalanlar uydurmasını nəzərə alsaq, həmin kilsənin Allahın bəndələrinə zülmlər etməsi məntiqi bir nəticədir. Kilsənin xalqa etdiyi zülmlər tarixin səhifələrinə qanlı hərflərlə yazılıb. Belə vəziyyətlərdə din xadimlərinin dindən istifadə etməsi mümkün hal idi. Deməli, söhbət həqiqi dindən deyil, İslamın inkar etdiyi təhrif edilmiş dindən gedir. Karl Marks bu sözləri ilə məhz kilsənin zülmünü din pərdəsi ilə örtərək xristianlıqdan sui-istifadə edən kilsə feodallarını hədəfləmişdi.
Deməli, əslində mövzu belə qoyulmalı idi: “Avropadakı batil dinlər xalqların tiryəyidir”. Bir sözlə, bu söz xurafatlara dayanan, batilə göz yuman bütün dinlərə şamil edilə bilər.
Bu şübhəni irəli sürənlər təkcə İslamda xalqla dövlət münasibətlərini deyil, həmçinin digər məsələləri də hədəfə almış ola bilərlər. Sözümüz bunda deyil.
Orta Əsr kilsəsinin elmə müharibə elan etdiyi dövrdə avropalılar İspaniyada müsəlman alimlərindən dünyəvi elmlərin əsaslarını öyrənirdilər.
Xristian alimləri “kilsə inancına zidd” olduğu üçün elmi araşdırmaları qadağan etdiyi halda, müsəlman alimləri X əsrdə planetlər, yer, ay və günəş haqqında bu gün məlum olan bir çox elmi həqiqətləri artıq dilə gətirirdilər. Xristianlardan fərqli olaraq İslam alimləri xurafatlara qarşı ciddi mübarizə aparırdılar.
İslam dini Allahdan gələn haqq dindir və onun bərqərar edilməsi, yaşanılması ilahi əmrdir. Bu din qəlbləri və hissləri cuşa gətirir, insanın hisslərinə, fiziki və mənəvi gücünə xələl gətirmədən onu irəliyə doğru addımlamağa səsləyir. İslam dini insanları zəlillikdən, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan uzaqlaşdırır. Bu naqis sifətlər haqqında peyğəmbər ﷺ buyurmuşdur: “Ey Allahım! Üzüntüdən, kədərdən, acizlikdən, tənbəllikdən, paxıllıqdan, qorxaqlıqdan, borc və insanların zülmü altında əzilməkdən sənə sığınıram!” (9). Belə bir din necə “tiryək” ola bilər?
İslam dini düşmən qarşısında dik dayanmağı, zülm edənə zülmündə yardım etməməyi, zalıma nəsihət etməklə ona yardım edərək zülmdən uzaqlaşdırmağı əmr edir. İslam dini məzlumun bədduasından (qarğışından) qorxmağı öyrədir. Belə bir din zülm edənin zülmünə yardım etməyə necə təşviq edə bilər? Belə də "tiryəkmi" olar?
İslam dini adil rəhbərin Qiyamət günü ən böyük fəzilətə sahib olacaq yeddi nəfərdən biri olacağını vəd edir. Belə bir rəhbəri din özü “tiryəkdən” uzaq edir, xalqın qayğısına qalmağı, onun arxasında durmağı, onun dərdinə şərik olmağı əmr edir: “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir”(10). Hökm sahiblərini ədalətə çağıran bir din necə “tiryək” olub zülmə səsləyə bilər ki?!
Burada yalnış anaşılan məsələlərdən biri İslam dinində rəhbərin xalqla rəftarı ilə bağlı hökmlər və tarixdə bəzi rəhbərlərin zülmə əsaslanan hakimiyyətidir. Belə ki, tarixdə bəzi hökmdarların din adı altında xalqa zülm etməsi, dindən sui-istifadə etməsi istisna hallardır. Əgər dinin özü “tiryək olmağı”, dini “şəxsi mənfəətlər” üçün istifadə etməyi əmr etmirsə, tarixdəki müstəsna şəxslərin bunu etməsi heç də dinin mahiyyətini dəyişdirmir. Hətta hər zalım hökmdarın dindən sui-istifadə etdiyini demək də absurd fikirdir. Əksinə, zalımlar dinin həqiqətlərini tapdalayır, onun hökmlərinə qarşı çıxırlar. Çünki din zülmü deyil, ədaləti əmr edir. Bu şübhəni ortaya atanlar tarixdə mövcud olmuş zalım hökmdarların adını dinlə bağlayır və onların öz məqsədlərinə çatmaq üçün dindən istifadə etdiklərini bildirirlər. Halbuki belə şəxslərin həqiqi məqsədləri bu cür əsassız şübhələrlə İslamı gözdən salmaqdır. Zalımlığı dinin ayağına yazanlar dinə ən çox zərər yetirənlərin adını dinə bağlamaqla yanaşı, dinin zülmün yanında olduğunu və sadəcə olaraq insanları idarə etmək üçün uydurulduğunu demək istəyirlər. Halbuki İslam tarixində elə bir zalım hökmdar olmamışdır ki, ona alimlər, salehlər və yaxın ətrafı nəsihət etməmiş olsun. Zalımın əlindən tutmaq, ona öyüd-nəsihət etməyə əsaslanan bu nəsihət məktəbi məhz peyğəmbərin ﷺ tövsiyələrindən qaynaqlanır. Muhəmməd peyğəmbər ﷺ buyurmuşdur: “Zülm etməkdən çəkinin. Çünki, zülm Qiyamət günü özüylə zülmətlər gətirər”(11).
Digər bir hədisində isə: “Öz qardaşına zalım və ya məzlum olsa da yardım et. Bir nəfər dedi: Ey Allahın Elçisi! O məzlum olduqda ona yardım edərəm (bunu bildim). Bəs o zalım olduqda ona necə yardım edə bilərəm? Onun zülm etməsinin qarşısını alar və ya zülmə mane olarsan, beləcə ona yardım etmiş olarsan!”(12) – deyə buyurmuşdur.
Onu da qeyd edək ki, qərb ölkələrində də xalq adil, işini bacaran rəhbərlərin arxasında durur. Xalqın rəhbərə arxa durub dəstək verdiyi kimi, dindarların və din xadimlərinin də bunu etməsi normal haldır. Çünki ədalət dövlətin təməl prinsipi olmalıdır. Müsəlmanların öz adil rəhbərlərinə dəstək verməsi ehtimalı daha böyükdür. Qərb dünyasında rəhbərə bu dəstəyi qeyri-müsəlmanlar və ya ateistlər göstərdikdə niyəsə “tiryək” ifadəsindən istifadə edilmir. Bu cür misalları çoxaltmaq olar.
İdarəçilikdəki ədalətin əhəmiyyəti barədə ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Allah kafir dövlət olsa belə ədalətli olan dövləti davamlı edər. Allah zalım dövləti davamlı etməz, hətta müsəlman dövləti olsa belə. Çünki, ədalət küfrlə bərabər davamlı olur, lakin zülm İslamla bərabər davamlı olmur”(13).
Müxtəlif İslam ölkələrində din və dövlət münasibətlərinə nəzər yetirdikdə, bu şübhə ilə vəsf olunan din xadimlərini görə bilmirik. Din ümumilikdə insanları axirətə rəğbətləndirsə də, din xadimləri ya həqiqi şəkildə xalqa xidmət göstərməyə çalışır, ya da onların passiv fəaliyyətinin insanlara müsbət bir təsiri olmur. İslam dini öz qanunlarında “asilikdə itaət olmadığını” bəyan etməklə yanaşı, ölkələrin viran qalması, əmin-amanlığın pozulması, xaosun hökm sürməsi ilə nəticələnəcək halların qarşısını alır. İslam dinində xristian feodallarında olduğu kimi ölkə rəhbərlərinə “heç cür nəsihət edilmir” anlayışı yoxdur, lakin rəhbərə nəsihət aşkarda deyil, gizli şəkildə edilir, alimlər və saleh dövlət məmurları tərəfindən məktublar yazılır, söz göndərilir və s. Lakin onun heybətdən salınması və nəticə etibarilə ölkənin xarabaya çevrilməsi təhlükəsi olduqda, bu işlər daha ehtiyatla edilməlidir.
İslamda həqiqi din xadimləri, alimlər kilsə feodalları kimi xalqı xurafatlarla aldatmır, əksinə, xurafatlara qarşı mübarizə aparırlar. Onlar bu dinin həqiqi daşıyıcıları kimi insanları təkilahlığa və sonuncu peyğəmbərin yoluna dəvət edir. Onların zülmə etiraz və islah metodları xristian kilsəsi və Avropa sevərlərin metodlarıyla eyni deyil. İslam dini zülm və fəsad hallarının islahını özünəməxsus üsullarla aradan qaldırır ki, bu da bəzilərinin düşündüyü kimi heç də “zülmə susqunluq” deyil. Alimlərə ehtiram göstərilən İslam ölkələrindən birində dahi alimlərdən birinə: “Siz ölkə rəhbərinə nəsihət etmirsiniz” deyildikdə, o: “Nəsihət etmədiyimizi hardan bilirsiniz?” deyə cavab vermişdir. Nəsihət gizli olduqda həm rəhbərin heybəti qorunur, həm də nəsihət edilən şəxsin bu nəsihəti qəbul etmə ehtimalı çoxalır.
“Din tiryəkdir” sözü elmə əhəmiyyət verməyən, insanların kölə kimi işlədilməsinə, köləlik sinfinin saxlanmasına həris olan kilsə feodalizmi haqqında deyilmişdi. Onlar din vasitəsilə əlləri altındakı kölələrə təskinlik verməyə çalışırdılar. İslam dini isə quldarlıq rejimini, köləliyi tədricən ləğv etmiş və kölə azad edənlərin böyük savaba nail olacaqlarını vəd etmişdi. Qurani-Kərimdə qul azad etmək barədə çoxlu sayda ayələr vardır(14). Bu haqda varid olan hədislərdən birində Peyğəmbər ﷺ buyurur: “Kim bir müsəlman qulu azad edərsə, Allah onun hər bir (bədən) üzvünü cəhənnəmdən azad edər və onu Öz xilası ilə xilas edər”(15). Varlı səhabələr qul azad etməkdə bir-birilə az qala yarışırdılar. Köləliyin rəsmi cəhətdən ləğvinə gəldikdə isə, müsəlman ölkəsi olan Tunisdə “qul almaq və satmaq” 1846-cı ildə qadağan olunduğu halda, bu tarix Amerikada 1865-ci ilə təsadüf edir. Dünyanın əksər ölkələrində isə qul alqı-satqısının qadağan edildiyi il 1926-cı il olaraq tarixə yazılmışdır. İslam dini Orta Əsrlərdə dünyanın bütün ölkələrində hökm sürən quldarlıq quruluşunu tədricən aradan qaldırdığı halda, qullar haqqında deyilmiş hansı “tiryəkdən” söhbət gedə bilər?
İslam dini elmə, ağıla yüksək dəyər verir, elm sahiblərini yüksəldir, ağılın, biliyin inkişafına əngəl törətmir. Bu dinin təlimlərindən biri “De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”(16) ayəsi, qayələrindən biri isə “Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaldar”(17) ayəsidir. Necə ola bilər ki, belə bir din insanların islahına aparan icazəli yolları qadağan etsin! Bu yollar məhz şəriət çərçivəsində mümkün olur! Müqəddəs kitabı “Oxu!”(18) əmri ilə başlayan, insanları oxumağa, elmlə məşğul olmağa təşviq edən bir dinin adını “tiryək” sözü ilə yan-yana gətirmək heç bir məntiqə sığmır. Tiryək istifadəçisinin ağlını, şüurunu və mənliyini dünyəvi və keçici bir həzz keyləşdirir. Oxuyan insan, elm sahibi isə oxuduqca, dərk etdikcə oyanır, aydınlanır və aydınlandırır!
Müəllif: Sahib Əsədov
(1) “əl-Kəhf” surəsi, 29.
(2) Bax: “Dirasəət fil-Ədyən əl-Yəhudiyyəh vən-Nəsraniyyəh”, səh. 27; Frenk Bayron Cevons, “Dinlər tarixinə giriş” kitabı.
(3) “Səhih əl-Buxari”, 1395; Muhəmməd ibn İsməil əl-Buxari.
(4) Kitabın sonundakı haşiyələrdən birində bu barədə geniş məlumat verilmişdir.
(5) Sekulyarizm: Dini, həyatın bütün sahələrindən uzaqlaşdıran fikir sistemidir. Bütün sahələr cəmiyyətin təbiətinə və əqli-fəlsəfi əsaslarına söykənir, və cəmiyyətin ehtiyacları və istəyi üzərinə qurulur. (“əl-Vaciz fil-Məzəhib əl-Fikriyyə”, səh. 198). İlk sekulyarist dövlət 1771-ci ildə Fransada qurulmuşdur. Avropada meydana gəlmiş və kilsəyə qarşı mübarizə aparan fəlsəfi cərəyanların - realizm, demokratiya, humanizm, praqmatizm, kommunizm və s. - demək olar ki, hamısı sekulyarizmi dəstəkləyir.
(6) Praqmatizm: Tərcümədə “mənfəətçilik” mənasını verir. Cərəyanın əsası XIX əsrin sonlarında amerikalı Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. (“əl-Vaciz fil-Məzəhib Əl-Fikriyyə”, səh. 95).
(7) Humanizm haqqında bu kitabın sonlarında “Dinsiz də yaxşı insan olmaq olur” şübhəsinə cavab verilərkən ətraflı danışılmışdır.
(8) Bu mənbələrdən birində deyilirdi: “K. Marks yazmışdır ki, “din xalqın tiryəyidir”. Lenin, dini “ruhani araq”, yəni insanı səfehləşdirən içki adlandırmışdır…”. (“Kommunizm və din”, Y. Yarovslavski, səh. 13. Azərbaycan dilində, latın əlifbası ilə. 1938-ci il).
(9) “Səhih əl-Buxari”, 6363.
(10) “ən-Nisa” surəsi, 58.
(11) “Səhihi Muslim”, 2578
(12) “Səhih əl-Buxari”, 6952.
(13) “Məcmuul-Fətəva”, 28/63.
(14) Həmin ayələrdən: “ən-Nur” 33, “ən-Nisa” 92, “əl-Mucədələ” 3, “əl-Maidə” 89, “əl-Bələd” 11-17, “ət-Tövbə” 60, “əl-Bəqərə” 177 və başqa ayələr. Bu ayələrdə günahlara kəffarə (dinin qadağalarını pozan şəxsin bağışlanmağı üçün etməli olduğu əməllər) və ya sədəqə olaraq qul azad etməyə rəğbətləndirmə vardır.
(15) Buxari, Muslim.
(16) “əl-Bəqərə” surəsi, 111.
(17) “Mucədələ” surəsi, 11.
(18) Qurani-Kərimin ilk nazil olan ayəsi "Aləq" surəsinin ilk ayəsidir. Həmin surə “Oxu!” əmri ilə başlayır. İslam dininin elmə verdiyi dəyər, Quranda yer alan məhz bu ilk əmrdən aydın olur.
SON ƏLAVƏLƏR