Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Səhabələrin ədalət və fəzilətlərinə dəlalət edən nəqli və əqli dəlillər

Səhabə – Peyğəmbəri (sallallahu aleyhi və səlləm) görən, ona iman edən və bu imanla da ölən kəsdir. Əhli-sünnətin etiqadına əsasən, səhabələrin hamısı adildir və onlar bu ümmətin və ümumiyyətlə, bütün ümmətlərin ən xeyirliləridir. Uca Allah buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz” (Ali-İmran: 110). Bu ayə ümumilikdə İslam ümmətinə aid olsa da, ayə nazil olarkən bu kəlamın müxatəbləri Allah rəsulunun (sallallahu aleyhi və səlləm) əshabı idi. Çünki onlar bu ümmətin sələfləri və ilk möminləridirlər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə Allahın adının uca tutulması və İslamın yayılması üçün canları və malları ilə cihad etmiş, dini təməlindən ucaltmışlar. Onlar bu dinin qurucuları sayılırlar. Uca Allah Muhəmmədi (sallallahu aleyhi və səlləm) Özünə son elçi seçdiyi kimi, onun əshabını da onun üçün dost və yardımçılar olsunlar deyə seçmişdir. Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyir: “Allah, bəndələrinin qəlblərinə nəzər yetirmiş və onların içərisində Muhəmmədin qəlbini ən xeyirli olaraq seçmiş, onu Özünə Peyğəmbər götürmüş və şəriəti ilə elçi göndərmişdir. Muhəmmədin qəlbindən savayı digər bəndələrinin qəlblərinə də baxmış və onların içərisində səhabələrin qəlblərini ən xeyirli bilərək onları Öz peyğəmbərinə vəzir seçmişdir” (Əhməd “əl-Müsnəd” 1/279). Allahın, "insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz" deyərək vəsf etdiyi bir ümmət, bəzi azğın firqələrin bu topluma, yəni səhabələrə verdikləri vəsf ilə uyğun gəlmir. Belə ki, onlar iddia edirlər ki, "üç nəfərdən başqa bütün səhabələr dindən dönüb kafir olmuşdur". (Şiə kitabı: Usulul Kafi: 2, 344.) Halbuki Uca Allahın üç nəfərdən başqa hamısı mürtəd olan bir ümmət haqqında, "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz" sözlərini deməsi mümkün deyildir.

Görün Uca Allah onları necə vəsf edir: “Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (səhabələr) kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da, (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu bənzətmələri) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” ( Əl-Fəth: 29).

Səhabələrin bu ayədə qeyd edilən əzəmətli vəsflərinə diqqət yetirin:
1. Kafirlərə qarşı son dərəcə şiddətli olmaları;
2. Öz aralarında bir-birlərinə qarşı olan hörmət və məhəbbətləri. Bu ayə “səhabələrin bir-birinə qarşı düşmənçilikləri olub” iddiasına gözəl bir cavabdır;
3. Allahın onları daima “rüku edən” və “səcdəyə qapanan” kimi əzəmətli vəsflərlə vəsfləndirməsi;
4. Daima Allahın razılığını və lütfünü diləmələri;
5. Allahın, səhabələri - onlar heç yaradılmamışdan öncə - bizdən əvvəlki kitablarda: Tövrat və İncildə xeyirlə yad etməsi;
6. Uca Allah bu ayədə səhabələri kafirlər üçün bir qəzəb mənbəyi etdiyini xəbər verir. Deməli, səhabələrin fəziləti barədə qeyd olunan ayə və hədislər yalnız və yalnız kafirlərin qəzəbinə və qısqanclığına səbəb ola bilər. İmam Malik məhz bu ayəyə əsasən, səhabələri söyənlərin küfrünə hökm vermişdir (Bax: “Təfsirul-Qurtubi” 16/297);
7. Allahın onları iman əhli kimi vəsf edib, qəlblərindəki yəqini imana şəhadət verməsi. Uca Allahın bu şəhadətindən daha böyük nə şahidlik ola bilər?!
8. Allahın onların zahirlərinə də şəhadət verməsi və onları “saleh əməllərin sahibləri” kimi gözəl vəsflə yad etməsi;
9. Allahın onlara məğfirət və Cənnət vəd etməsi.

♦Digər ayədə Uca Allah belə buyurur: “Dində hamını ötüb keçmiş mühacirlərə (Məkkəli səhabələrə) və ənsarlara (mədinəli səhabələrə), həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır” (Ət-Tövbə: 100). Uca Allah bu ayədə səhabələri dinin öncülləri adlandırmış, nəinki onlardan razı olduğunu, hətta onlara tabe olanlardan da razı qalacağını bildirmiş və dolayısı yolla onlardan sonra gələcək nəsillərə səhabələrə tabe olmağı əmr etmişdir.

♦ Başqa bir ayədə isə belə deyilir: “Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah artıq onlardan razı qaldı. Allah onların qəlbində olanı (yəqin imanı) bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı” (Əl-Fəth: 18). Bu ayədə Uca Allah Özünün ağac altında Peyğəmbərə (sallallahu aleyhi və səlləm) beyət edən möminlərdən razı qaldığını bəyan edir. Allahın özlərindən razı qaldığını bəyan etdiyi kimsələrin daha sonra Onun qəzəbinə səbəb olacaq bir hala düşmələri qeyri-mümkündür. Çünki Uca Allah gələcəkdə baş verəcək hər bir şeydən xəbərdardır və Ona gizlin qalacaq heç bir şey yoxdur. Elə isə gələcəkdə Onun qəzəbinə layiq olacaq kəslər barədə “Mən artıq onlardan razıyam”, – deməsi qeyri-mümkündür və bu, Onun elminə naqislik nisbət etməkdir. Uca Allah bütün naqisliklərdən münəzzəhdir. Həmçinin bu ayədə Uca Allah bildirmişdir ki, səhabələrin ürəklərində olan imanı, sədaqəti bildiyi üçün o zaman onların üzərinə və qəlblərinə Öz dərgahından arxayınlıq, rahatlıq, səbir, səbat və mənəvi qüvvət endirdi. Bu, ağac altında Peyğəmbərə (sallallahu aleyhi və səlləm) beyət edib, sədaqət andı içənlərin imanlarında sadiq olmalarına dair Uca Allah tərəfindən bir şahidlikdir. Həmin vaxt Peyğəmbərə (sallallahu aleyhi və səlləm) beyət edənlərin sayı 1400 nəfər idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlar barədə belə demişdir: “Nəfsim əlində Olana and olsun ki, ağac altında (Hüdeybiyyədə) mənə beyət edənlərdən heç kəs Cəhənnəmə girməyəcəkdir” (Müslim (2496), Əhməd 6/285 və 362).

♦Görün Uca Allah mühacirləri – Məkkəli səhabələri necə vəsf edir: “Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Sadiq olanlar da məhz onlardır” (Əl-Həşr: 8). Bir sonrakı ayədə Uca Allahın ənsarları – Mədinəli səhabələri necə vəsf etdiyinə diqqət yetirin: “Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına hicrət edənləri (mühacirləri) sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (Əl-Həşr: 9). Daha sonra Uca Allah səhabələrdən – mühacir və ənsarlardan sonra gələn mömin bəndələrin dili ilə belə buyurur: “Onlardan (səhabələrdən) sonra gələnlər deyərlər: «Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!»” (Əl-Həşr: 8).

♦Yuxarıda da qeyd edildiyi kimi, səhabələr, əsasən, iki hissəyə bölünürlər: mühacir və ənsarlar. Burada üçüncü bir dəstə də mövcuddur. Bunlar Məkkənin fəthi günü və fəthdən sonra İslamı qəbul etmiş səhabələrdir. Uca Allah onlar barədə belə buyurur: “Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır” (Əl-Hədid: 10). Bu ayədə Uca Allah Məkkənin fəthindən öncə İslamı qəbul edib, malları və canları ilə Allah yolunda savaşanların dərəcələrinin başqalarına nisbətdə daha üstün olduğunu qeyd edir. Buna baxmayaraq, onların hamısına, yəni həm fəthdən öncə, həm də sonra İslamı qəbul edənlərə Cənnəti vəd etmişdir.

♦Ümumiyyətlə, səhabələr haqqında qeyd etdiyimiz dəlillərin heç biri Quranda və ya hədislərdə varid olmasaydı belə, yenə də onların keçdikləri məşəqqət dolu həyat yolları və onların Allahın dini üçün etdikləri xeyir dolu əməlləri onların ədalətli və sadiq olduqlarına dair kifayət edəcək bir sübut olardı. Belə ki, onlar ən çətin məqamlarda Peyğəmbəri (sallallahu aleyhi və səlləm) tərk etməmiş və onu tək buraxmamışlar. Əksinə, Allahın dini üçün öz yurd-yuvalarını tərk edib hicrət etmiş, canları və malları ilə birlikdə Uca Allahın yolunda cihad etmişlər. İslama düşmənçilik göstərən və qarşı cəbhədə duran yaxınlarına – doğma ata və övladlarına, qardaşlarına qarşı döyüşməkdən belə çəkinməmişlər. Bütün bunlar onların imanlarında sadiq və ədalətli olduqlarına dair açıq bir dəlildir. Bu yerdə mühüm bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, səhabələrin ədalətli olmasını demək, onların məsum – günahsız və xətasız olmaları mənasına gəlmir. Biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əshabələrinin ədalətli olmalarını desək də, onların məsum olduqlarını demirik. Çünki onlar da bəşər övladı sayılırlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədislərinin birində belə buyurur: “Hər bir adəm övladı xəta edəndir” (Əhməd “əl-Müsnəd” 2/198). Onlar da xəta edən adəm övladlarıdır. Bəzən xəta edər, bəzən isə doğru qərar verərlər. Lakin onların xəta damlaları işlədikləri saleh əməllər dəryasında itib-batmışdır. Uca və pak olan Allah isə artıq onlardan razı qalmış və onları bağışlamışdır. “(Uhud döyüşündə) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri (döyüşdən geri çəkilənləri) şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir” (Ali-İmran: 155). Elə təkcə bunu demək kifayət edər ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında ən böyük və son döyüş sayılan Təbuk savaşında otuz mindən artıq müsəlman, yəni münafiqlər və üzrlü olanlar (xəstələr, qocalar və s.) istisna, bütün səhabələr – mühacir və ənsar iştirak etmişdir. Uca Allah onlar barədə belə buyurur: “Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərə də, çətin vaxtda onun ardınca gedən mühacirlərə və ənsarlara da əvvəlcə tövbə nəsib etdi, sonra da onları bağışladı. Çünki Allah onlara qarşı Şəfqətlidir, Rəhmlidir” (Ət-Tövbə: 117). Onu da qeyd etmək lazımdır ki, bu savaşdan heç bir üzrü olmadan cəmi üç səhabə geri qalmışdır: Kəb ibn Malik, Murara ibn ər-Rabi, Hiləl ibn Ümeyyə. Onlar barədə isə Uca Allah bu ayəni nazil etmişdir: “Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir” (Ət-Tövbə: 118). Ona görə də bizə vacib olan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bütün səhabələrini yalnız və yalnız xeyirlə yad etmək və onlar barədə Uca Allahın bizə öyrətdiyi bu dua ilə dua etməkdir: “Onlardan (səhabələrdən) sonra gələnlər deyərlər: «Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!»” (Əl-Həşr: 10)

♦Əhli-sünnətin etiqadına əsasən, səhabələr içərisində ən üstün olanı sırası ilə Əbu Bəkr, sonra Ömər, sonra Osman, daha sonra Əlidir (Allah onlardan razı olsun!). Abdullah ibn Ömərin belə dediyi rəvayət olunmuşdur: “Biz (yəni səhabələr) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında ən fəzilətli şəxs olaraq ilk növbədə Əbu Bəkri, sonra Öməri, daha sonra isə Osmanı görürdük” (Buxari: 3655). Amr ibn Asdan rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu Zətus-Səlasilə göndərilən qoşunun başçısı təyin etdi. Amr bin As deyir ki, mən onun yanına gəlib dedim: “«Hansı insan sənə daha sevimlidir?» O dedi: «Aişə». Dedim ki, bəs kişilərdən kimdir? Dedi: «Atası». Dedim ki, bəs sonra? Dedi: «Ömər ibn əl-Xəttab»” (Buxari: 3662). Hüzeyfənin rəvayətinə əsasən, Peyğəmbər (sallallahu aleyhi və səlləm): “Mən sizin aranızda nə qədər qalacağımı bilmirəm, belə ki, məndən sonra bu iki kişiyə tabe olun”, – dedi və Əbu Bəkr ilə Ömərə işarə etdi. (Tirmizi: 3663, İbn Macə: 97, Əlbani hədisin səhih olduğunu demişdir). Muhəmməd ibn Hənəfiyyə atası Əli ibn Əbu Talibdən Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra bu ümmətin ən əfzəlinin kimlər olduğunu soruşmuş, o da cavabında: “Əbu Bəkr, sonra isə Ömərdir”, – demişdir (Buxari: 3671). Dörd Raşidi xəlifəsindən sonra ümmətin ən əfzəl olanları Bədr əhli, sonra Hüdeybiyyədə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) sədaqət andı içib beyət edənlər, daha sonra Məkkənin fəthinə qədər Allahın yolunda malları və canları ilə cihad edənlər və nəhayət, Məkkənin fəthindən sonra İslamı qəbul edənlərdir. Allah onların hamısından razı olsun!

Müəllif: Əbu Zeyd Həbibli