Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quranın tərcümələrində olan xətalar

SUAL:
ƏsSələmu aləykum Zəhmət olmasa izah edərdiniz nədən ayələr səhv tərcümə edilir, məqsəd nədir? Quranda ən çox mənası çarpdırılan ayələrdən biri də Nisa 34 ayəsidir. Tərcümədə edilən səhvlər tərcüməni edənin savadsızlığından yox, qəsdən səhv tərcümə etməsindəndir. Bu səhvi edərək uydurma hədislərin doğruluğuna haqq qazandırdıqlarını sanırlar.
CAVAB:

Vaaleykum salam!

Ümumən Quran tərcümələrində hər hansısa bir xətanın olduğunu inkar etmək düzgün olmazdı. Çünki əlimizdəki tərcümələrin hamısı bəşər əməyidir, bəşər övladı isə məsum (xətasız) deyildir. Lakin bu ayrı bir məsələdir, kiminsə öz nəfsinə xoş gəlməyən hər hansısa Quran ayəsəni "tərcümədə yalnışlıq var" adı altında İNKAR etməsi isə tamamilə ayrı bir məsələdir. Bəli, səhv oxumadınız. Bu əslində, Uca Allahın kəlamını inkar etmək sayılır. Sadəcə olaraq bəzi insanlar bunu açıq şəkildə edə bilmədiklərindən dolayı, "tərcümələrdə səhv olub" bəhanəsi ilə edirlər. Bu isə müasir hədis inkarçılarının yeni oyunudur. Onlar bu yolla özləri üçün artıq hədis inkarçılığından Quran inkarçılığına yeni bir keçid, yol açıblar.

Bu məqamda belə bir sual verək: Təsəvvür edin ki, bu gün demək olar ki, yer üzündə elə bir dil yoxdur ki, Quran o dilə tərcümə olunmasın. Yəni Quranı müxtəlif dillərə tərcümə edən yüzlərlə tərcüməçi var və hamısı da ərəb-dilini ən yüksək səviyyədə bilən kəslərdir. Bəs necə oldu ki, onların hamısı sizin elə sualda da qeyd etdiyiniz ayəni və səhv tərcümə olunduğunu iddia etdiyiniz digər ayələri eyni formada tərcümə edib, yəni hamı xəta edib? Yoxsa hamı "gəlin bu ayələri səhv tərcümə edək" deyə bir araya gəlib? Təbii ki, bu gülüncdür və hər şey də hamıya gün kimi aydındır. Yəni əslində, iddia edildiyi kimi Quran tərcümələrində problem yoxdur, problem sadəcə olaraq bəzi insanların əqidəsində və düşüncə tərzindədir. Dünən hədis inkarçıları ateistlərin, deistlərin, liberalların, demokratların, bir sözlə qərb-avropa mədəniyyətinin xoşuna gəlsin deyə Allah rəsulunun hədislərini inkar edirdilərsə, bu gün də bunun eynisini Quran üzərində etmək istəyirlər. Lakin əbəsdir! Dünənki hiylə baş tutmadığı kimi, bu günün məkridə məhvə məhkumdur!

Əlavə məlumat üçün bu dərsi dinləməyi tövsiyə edirik:

Elşad Miri kimilərinin yeni məzhəbi: Hədis inkarçılığından Quran inkarçılığına keçid