Admin

Dərc olundu: 23 Fevral 2024

BİDƏTİN MƏNASI VƏ FƏSADLARI

Bidət – dində olmayıb sonradan din adına uydurulmuş hər bir yenilikdir. Bidət olan hər bir əməldən uzaq durmaq və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnətinə sarılmaq vacibdir. Bu, Əhli-sünnətin etiqad əsaslarından biridir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Kim bizim dinimizdə olmayan bir yenilik ortaya çıxararsa, o rədd edilər (yəni qəbul edilməz)”(1) ; “Sözlərin ən doğrusu Allahın Kitabıdır. Yolların ən xeyirlisi isə Muhəmmədin yoludur. İşlərin ən şərli olanı (dində) sonradan ortaya çıxan şeylərdir. (Dində olan) hər yenilik bidət, hər bidət də zəlalətdir. Hər zəlalət isə Cəhənnəm odundadır”;(2) “Mənim sünnətimdən üz çevirən məndən deyildir”.(3)


Bidətlərin fəsadları: Bidətin fəsadı bir çox hallarda bidət olmayan digər asiliklərin fəsadından daha şiddətli və daha geniş olur. Çünki bidət olmayan asiliklərin zərəri, adətən, o asiliyi işləyən insana toxunduğu halda, bidətlərin fəsadı həmin bidəti işləyən kəslə məhdudlaşmır və cəmiyyət içərisində də yayılır. Səhabə Abdullah ibn Abbas (Allah ondan razı olsun!) belə demişdir: “Uca Allaha ən qəzəbli əməl məhz bidətlərdir”.(4) Onu da qeyd etmək lazımdır ki, asiliklərin əksinə, bidətlərdən tövbə etmək əksər hallarda mümkünsüz, yaxud çox çətin olur. Çünki günah işləyən kəs, adətən, o əməlin zərərindən xəbərdar olur və həmin asiliyin yaxşı bir əməl olmadığını bilir. Bunu bildiyi müddətcə də o əməlindən peşman olması və həmin günahdan tövbə etməsi ehtimalı güclü olur. Bidətçi isə bunun tam əksinə, öz əməlinin yaxşı bir əməl olduğunu iddia edir. Belə olduğu təqdirdə, onun həmin əməldən peşmançılıq duyması və tövbə etməsi düşünülə bilməz. Axı yaxşı hesab etdiyi əməlinə görə nə üçün peşman olsun ki?! Sufyan əs-Souri demişdir: “Bidət İblisə asiliklərdən daha sevimlidir. Çünki bidətlərdən tövbə edilməz, asiliklərdən isə tövbə edilər”.(5) Həmçinin bidətlərin dinə vurduğu zərər digər asiliklərin dinə vurduğu zərərdən qat-qat artıq olur. Çünki bidətlər dinin əsas rükünlərindən biri olan “Muhəmməd Allahın rəsuludur” rüknünü zədələmiş olur. Belə ki, İslam dininin ilk rüknü şəhadət kəlməsini iqrar etmək və bu kəlmənin ehtiva etdiyi mənaya iman edib, bu kəlmənin tələbinə uyğun bir şəkildə yaşamaqdır. Şəhadət kəlməsi isə iki hissədən ibarətdir:
- Tövhid: “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur”;
- Sünnətə tabeçilik: “Muhəmməd Allahın rəsuludur”.
Tövhidin əksi şirk, sünnətin əksi isə bidətlərdir. Elə bu səbəbdən dolayı İslam şəriəti qəti və israrlı bir şəkildə şirkin və bidətin hər növündən çəkindirmiş, şirkə və bidətə aparacaq bütün yolları kəsmiş, şirk və bidət qapılarını tamamilə bağlamışdır. Bidətlərin sünnəti zədələməsinin şəkli; ortaya çıxan hər bir bidətin öz müqabilində bir sünnəti aradan qaldırmasıdır. Misal olaraq, Quran oxuduqdan sonra “sadaqallahul-Azim” demək kimi. Bu bidət ortaya çıxdığı və insanlar arasında yayıldığı ilk gündən ta bu günəcən öz müqabilində bir sünnəti ortadan qaldırmış və insanlara unutdurmuşdur. Həmin sünnət isə Quran oxuduqdan sonra “Subhanəkallahummə və bihəmdikə, əşhədu əllə iləhə illə əntə, əstəğfirukə və ətubu ileykə” duasını oxumaqdır.(6) Tabiinlərdən Həssən ibn Ətiyyə belə demişdir: “Camaat dində hər hansı bir bidət ortaya çıxarsa, Allah o bidətin müqabilində mütləq bir sünnəti ortadan qaldıracaq və Qiyamət gününə qədər o sünnəti onlara geri qaytarmayacaqdır”.(7)

 

(1)Buxari (2697) və Müslim (1718)
(2)Müslim (867), Nəsai (1578)
(3)Buxari (5063) və Müslim (1401)
(4)Mərvəzi “əs-Sünnə” (84), Beyhəqi “əs-Sünən əl-kubra” (8573)
(5)İbn Teymiyyə “Məcmuul-fətava” 5/175
(6)Aişə anamız demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) olduğu hər məclisi, oxuduğu Quranı və qıldığı hər namazı bu kəlmələr ilə tamamlayardı” (Əhməd: 24486, hədis səhihdir).
(7)Dərimi “əs-Sünən” 1/45