XƏVARİCLƏR
MÜXTƏLİF MÖVZULAR
Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
XƏVARİCLƏR
MÜXTƏLİF MÖVZULAR
Admin
NAMƏLUM ŞƏRAİTDƏ KƏSİLMİŞ VƏ ÜZƏRİNDƏ ALLAHIN ADININ ZİKR OLUNUB-OLUNMADIĞI BİLİNMƏYƏN HEYVANLARIN ƏTİNİ YEMƏYİN HÖKMÜ
Mərhəmətli və Rəhimli Allahın adı ilə
Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın elçisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın xeyir-duası və salamı olsun.
Sonra isə:
Bu məqalədə toxunulacaq məsələ şəriət məsələlərindəndir. Demək olar ki, bütün fəqihlər və mühəddislər öz kitablarında bu barədə “KİTAB ƏL-ƏTİMƏ” (yəni, “Qida kitabı”) adlı xüsusi bölüm açmışlar. Və bu məsələ diqqət olunması vacib olan qida məsələlərindəndir. Allahu Təalə bu barədə öz kərim kitabında belə buyurur:
“Ey insanlar! Yer üzərində olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir”. (Əl-Bəqərə, 168)
“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Ən-Nəhl, 114)
Deməli, Rəbbimiz bizə qidalarımızda halal və təmiz olanlara yönəlməyimizi və buna riyaət etməyimizi əmr edir. Bu məsələ şəri bir məsələdir. Dəstəmazın, təyəmmümün, namazın, orucun, zəkatın, ticarətin və digər şəriət məsələlərinin şərtləri olduğu kimi bu məsələnin də özünə xas şərtləri mövcuddur.
Halal ətin şərtləri:
Birinci: Heyvanı kəsən adamın ərkənlik yaşına çatmış, ağlı başında olan müsəlman və ya əhli kitab, yəni, nəsrani (xristian) və yəhudi olmasıdır.
Demək, ağlı başında olmayanın, yəni, dəlinin və ya sərxoşun, həmçinin, ərkənlik yaşına çatmamış uşağın və əhli-kitab olmayan kafirlərin, məsələn: buddistlərin, atəşpərəstlərin və s. kəsdikləri heyvanın ətinin yeyilməsi haramdır.
Amma əhli-kitab kafirlərin, yəni, yəhudi və nəsranilərin, kəsdikləri Uca Allahın bu ayəsi ilə bizə halal edilmişdir:
“Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır”. (Əl-Məidə, 5)
Bu ayədə “kitab əhlinin yeməkləri” deyildikdə onların kəsdikləri heyvanlar nəzərdə tutulur. Bunu imam Buxari İbn Abbasdan (Allah ondan razı olsun) nəql etmişdir. Bu məsələdə müsəlman ümməti icma etmiş və bu icmaya yalnız şiələr müxalif olmuşlar.
İkinci: Heyvanın şəriət qaydası ilə kəsilməsi. Yəni, ulqumunun, qida və nəfəs borusunun və boğaz damarlarının kəsici bir alət ilə kəsilməsi.
Demək, bu qaydaya riyaət olunmadan, məsələn, tokla vurularaq və ya döyülərək öldürülən və ya özü ölən heyvanların əti leş hökmündədir və yeyilməsi də haramdır. Uca Allah bu barədə belə buyurur:
“Sizə leş haram edildi”. (Əl-Məidə, 3)
Və sonra da leşin nələr ola biləcəyini bəyan edərək buyurur:
“Boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır”. (Əl-Məidə, 3)
Üçüncü: Heyvanı kəsərkən Allahın adının zikr olunması. Uca Allah buyurur:
“Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır”. (Əl-Ənam, 118)
“Əgər Allahın ayələrinə inanırsınızsa, üstündə Onun adı çəkilmiş – “bismilləh” deyilib kəsilmiş heyvanlardan yeyin”. (Əl-Ənam, 121)
Mühüm qeyd: Bəzi insanlar heyvanın kəsimində vacib olan bu şərtləri oxuduqda elə zənn edə bilər ki, ətin alınmasında və yeyilməsində bu şərtlərin hamısının bilinməsi vacibdir. Bu səbəbdən də, bəziləri mütləq şəkildə bu şərtlər əsasında kəsildiyi bilinən heyvanın ətini yeyir və bunun əksinə olanı isə haram bilir.
Şübhəsiz ki, bu, xətadır. Bu və bu kimi xətalar əsasən bir səbəbdən doğur. O da, cəhalət və elmin azlığıdır. Ümumiyyətlə, hər bir müsəlman bilməli və daim bu gerçəkliyin fərqində olmalıdır ki, Allahın dinindən elmsiz danışmaq ən böyük günahlardandır və bu əməl Allaha iftira atmaq hökmündədir. Bu barədə Uca Allah belə buyurur:
“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır”.(Əl-İsra, 36)
“Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?” (Əl-Əraf, 37)
Məxluq üzərinə iftira atmaq böyük günahlardandırsa, Xaliq üzərinə atılan iftiranın böyüklüyünü artıq sən düşün! Əksər müsəlmanlar böyük günahdır deyə zinadan, oğurluqdan və bu kimi çirkin əməllərdən çəkindiyi halda, Allahın dinindən elimsiz danışmaqdan çəkinmir və unudur ki, bunun böyüklüyü zinanın, oğurluğun və bu kimi günahların böyüklüyündən daha şiddətlidir. Uca Allah onun adından yalan danışaraq elmsizcəsinə “bu halaldır”, “bu haramdır” deyənlər barəsində belə buyurur:
“Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”. (Ən-Nəhl, 116)
Məsələnin izahı: Yuxarıda da qeyd etdiyim kimi, kəsilmiş heyvanın ətinin halal olması üçün üç şərt mövcuddur. Bizə bu məsələdə vacib olan məhz birinci şərtin bilinməsidir. Yəni, heyvanı kəsənin müsəlman və ya nəsrani, yəhudi olması və məhz bunun bilinməsi kifayətdir. İkinci və üçüncü şərt isə araşdırılmır. Yəni, heyvanın hansı şəraitdə kəsilməsinin və üzərində Allahın adının zikr edilib-edilməməsinin bilinməsi şərt deyil.
Bu barədə Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) belə deyir:
“Kəsilmiş ətin hökmündə əsl (əsas) olan hökm nədir? Halallıq yoxsa haramlıq? Əgər deyilsə ki, “halallıq” – bu, xətadır. Yox, əgər deyilsə ki, “haramlıq” – bu da, səhvdir. Doğru olan bu məsələdə təfsilata getməkdir. Yəni, ətin kim tərəfindən kəsildiyi bilinmirsə, bu halda həmin əti yemək haramdır. Yox, əgər müsəlman və ya əhli kitab tərəfindən kəsildiyi bilinirsə, bu halda həmin əti yemək halaldır. Bu barədə soruşmaq və araşdırmaq lazım deyil. Çünki, bu məsələdə əsl olan halallıqdır”. (Bax: İbn Useymin “Buxarinin şərhi” cild 7, s. 8)
Bunun dəlillərindən biri İmam Buxarinin öz Səhih əsərində (2057) möminlərin anası Aişənin (Allah ondan razı olsun) nəql etdiyi hədisdir. Həmin hədisdə deyilir ki, bir dəstə camaat Allah Rəsulunun ﷺ yanına gəlib belə deyir:
“Ey Allahın Rəsulu! Bir dəstə camaat bizə ət gətirir və biz də bilmirik ki, həmin heyvanı Allahın adını zikr edərək kəsiblər ya yox”.
Yəni, heyvanın kəsimində vacib olan şərtlərdən üçüncüsü bilinmir. Fikir verin, Allah Rəsulu ﷺ onlara nə cavab verir:
“Siz özünüz bismilləh deyib yeyin!”
Yəni, araşdırmağa ehtiyac yoxdur. Halbuki, Allah Rəsulu ﷺ müsəlmanların adından bir nümayəndə göndərə və bunu dəqiqləşdirə bilərdi. Amma belə etmədi və zahirən hökm verdi, “bismilləh deyib yeyin!” -söylədi. Çünki müsəlmanın və əhli kitabın kəsdiyi heyvanın əti əslən halaldır. Bunun əksinə bir dəlilin ortada olması halı isə, istisnadır.
Bu, Allahın ﷻ bizə olan rəhmətidir. Rəbbimiz bizi gücümüz çatmayan şeylərə mükəlləf etməmişdir. Aləmlərin rəbbi olan Allaha həmd olsun! Uca Rəbbimiz kərim kitabında belə buyurur:
“Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.” (Əl-Bəqərə, 185)
Ancaq çox təəssüflər olsun ki, bəzi insanlar dinimizin bu asanlığına görə Allaha həmd etmək əvəzinə, özlərini daha da çətinliyə salır və hər məsələni araşdırmağa və sorub-soruşdurmağa yönəlirlər. Bu isə, Allah Rəsulunun ﷺ sünnətinə ziddir. Xeybərin fəthi günü bir yəhudi qadın Allah Rəsuluna ﷺ qoyun əti təqdim edir və o da, həmin ətdən yeyir və heç bir şey də soruşmur. (Bax: Buxari 2617, Müslim 2190)
Bax bu, “çətinləşdirməyin, asanlaşdırın!”– deyən Allah Rəsulunun ﷺ əxlaqı idi və öz əshabını da bu əxlaq üzərə tərbiyələndirmişdir. O, əshabına xitab edərək demişdir:
“Həqiqətən, Allahu Təalə bəzi şeyləri sizə əmr etdi. Onlara riyaət edin! Sizin üçün bəzi hədlər qoydu, o hədləri aşmayın! Bəzi şeyləri isə, sizə qadağan etdi və o qadağaları pozmayın! Bəzi şeylər barəsində isə, susdu və bunu unutqanlığından ötrü deyil, məhz sizə olan rəhmətindən dolayı etdi. O şeylər barəsində heçnə soruşmayın!” (Tabarani 18441 və Hakim 7114.)
Və bəzən də insanların yersiz araşdırmaları və ehtiyac duyulmayan sorğu-sualları nəticəsində onlara halal olan şeylər haramlaşırdı. Bütün bunların nəticəsində Allah rəsulu ﷺ belə demişdir:
“Müsəlmanların ən zalımı o kəsdir ki, haram olmayan bir şey barəsində yersiz sual verir və onun sual verməsinə görə həmin şey haram edilir.” (Buxari 6859)
Başqa bir hədisdə isə belə deyilir:
“Sizi sərbəst buraxdığım məsələlərdə siz də məni sərbəst buraxın (yəni, məndən heç bir şey soruşmayın). Sizdən əvvəlkiləri də çoxlu sual vermələri həlak etdi”. (Buxari 6858, Müslim 1337)
Buna misal olaraq əl-Bəqərə surəsindəki yəhudilərin Musa ﷺ ilə olan qissələrini də qeyd etmək olar. Bu barədə Uca Allah buyurur:
“Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər Musa: “Cahil olmaqdan Allaha sığınıram!”– dedi. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir Sizə nə əmr edilirsə, onu da yerinə yetirin! “Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir Ona baxanları sevindirir”.Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür Əgər Allah istəsə, biz düz yolda olarıq”.Musa dedi: “Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur” Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər.” (Əl-Bəqərə, 67-71)
Hörmətli oxucu! Diqqət yetir! Görürsənmi ki, yəhudilərin yersiz suallarına görə Allah onlar üçün məsələni necə çətinləşdirdi?!
Onlar hər sual verdikdə Allahın hökmü bir az da qəlizləşirdi. Deyən lazımdır ki, heç sizə inəyin rəngi, vəsfi və ya yaşı lazımdır?!
Əgər onlara əmr edilən vaxt həmin anda əllərinə keçən hər hansı bir inəyi kəssəydilər, məsələ də bununla öz həllini tapar və çətinləşməzdi.
Son olaraq: Ey Allahın qulu! Sənə vacib olan şey kəsilən heyvanın kim tərəfindən kəsildiyinin bilinməsidir. Bu isə, ümumən götürülür. Yəni, özünü islama, xristianlığa və ya yəhudiliyə nisbət edən hər bir şəxsin kəsdiyini yeyə bilərsən və bu barədə artıq sorğu-suala, araşdırmaya və dərinliyə getməyə də ehtiyac yoxdur. Bu təqvaya və Allah Rəsulunun ﷺ sünnətinə daha müvafiqdir. Mükəlləf (yəni, cavabdeh) olmadığın işləri öz nəfsin üçün çətinləşdirmə. Allah Rəsulu ﷺ buyurur:
“Bir şeyi öz nəfsiniz üçün çətinləşdirməyin, yoxsa Allah o şeyi sizin üçün çətinləşdirər”. (Əbu Yalə, 3694)
Və şübhəsiz ki, İbn Useyminin də Buxarinin şərhində dediyi kimi bu kimi şeylərdə xırdaçılıq etmək bəyənilmir. Bu barədə Allah Rəsulu belə deyir:
“Həlak oldu dində xırdaçılıq edən. Həlak oldu dində xırdaçılıq edən. Həlak oldu dində xırdaçılıq edən.” (Muslim, 173)
Bu asanlıq aləmlərin rəbbi olan Allahdan bizə olan bir rəhməti və sədəqəsidir. Nə üçün rəbbimizin rəhmətindən üz çevirir və sədəqəsini də qəbul etmirik?!
Necə ki, bir gün Ömər ibn Xattab (Allah ondan razı olsun) gəlib Allah Rəsulundan ﷺ səfərdə namazların hansı səbəbdən qısaldığı barəsində soruşur və Allah Rəsulunun ﷺ cavabı isə, belə olur:
“Bu Allahın sizə olan sədəqəsidir. Onun sədəqəsini qəbul edin!” (Müslim, 686)
Hazırladı:Əbu Zeyd Həbibli
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı,
onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!
ÇOX OXUNAN FORUMLAR