Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbərlər yalnız Yaxın Şərqə gəliblər?

Şübhə: Ateistlər və deistlər deyirlər ki, peyğəmbərlər yalnız Yaxın Şərq bölgəsinə göndərilmişdir. Bəs dünyanın başqa yerlərinə, məsələn, Yaponiyaya, Çinə peyğəmbərlər göndərilməyibmi? Bu ədalətli hesab oluna bilərmi?

Cavab: Fikir versək, bu şübhəni yönəldənlər İslam dininin daxilində bu məsələni həll etməməkdə, bilgizsizlikdə ittiham edirlər. Gəlin görək doğurdan da elədirmi?

Dini təsəvvürə gəldikdə:

A) İslamda məlum olduğu kimi Allah insanlara hüccət qaldıraraq peyğəmbərlər və kitablar göndərmişdir. Bu göndərişlər bir qövmü nəzərə alıb, digərini tərk edərək olmamışdır. Allah bütün xalqlara yer və zaman fərqi qoymadan peyğəmbərlər göndərmişdir.

Uca Allah peyğəmbərlərin bütün qövmlərə göndərilməsi barədə Qurani-Kərimdə buyurmuşdur:

«Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın.» (Fatir, 24)

Elə bir ümmət, xalq olmayıb ki, onlara peyğəmbər göndərilməsin və həmin peyğəmbər onlara şirkin pis aqibətini bəyan etməsin və onları təkAllalığa dəvət edərək iman edənləri bu yola tabe olanların gözəl sonluğu barədə müjdələməsin!

Başqa bir ayədə Uca Allah belə buyurmuşdur: «Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik.» (Nəhl, 36)

Bu ayələrdən peyğəmbərlərin göndərilmə məqsədləri, xüsusən də onların "hər ümmətə" göndərilmələri qeyd olunmuşdur. Həmçinin, Uca Allah heç bir ümmətə peyğəmbər göndərib xəbərdar etmədən əzab göndərmədiyini də bildirmişdir: «Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.» (İsra, 15) Bu məqamda ayənin əvvəlindən sonuna kimi oxumaqda fayda var: «Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.» (İsra, 15)

B) Allah Qurani-Kərimdə göndərilmiş peyğəmbərlərdən iyirmi beşinin adını bildirmiş, onlardan bəziləri haqda ətraflı, bəziləri haqda az bilgi vermiş, bəzilərinin isə sadəcə adlarını bildirmiş, bəziləri haqda isə ümumiyyətlə məlumat verməmişdir. Bizə hədislərdən məlum olana görə bəşər tarixində 124000 peyğəmbər göndərilmişdir. Bu məlumat ümmət arasında məşhur olsa da, hədis elminə görə zəifdir. Daha doğrusu isə odur ki, bu peyğəmbərlərin dəqiq sayını Allah bilir.

Bu hökmü verən alimlərdən; Əhməd ibn Hənbəl, Muhəmməd ibn Nasr əl-Mərvəzi, İbn Atiyyə, əl-Heysəmi, şeyxülislam İbn Teymiyyə, İbnul-Covzi, İbn Kəsir, İbn Cibrin, Əbdüləziz İbn Bəzz və başqalarını qeyd etmək olar. Həqiqətdə alimlər Quranda adı keçən peyğəmbərlərdən başqa peyğəmbərlərin olduğunda ittifaq etsələr də, onların dəqiq sayı barədə ixtilaf etmişlər. Bizə düşən isə sadəcə onların sayının Qurandakı saydan çox olduğuna inanmaqdır ki, bu, bizim üzərimizə vacibdir. Bu vaciblik bu ayəyə görədir: «Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik.» (Nisa, 164)

Buna inanmaq vacib olduğu kimi, peyğəmbərlər arasında ayrı-seçkilik etmək və ya hansınsa inkar etmək də doğru deyil. Bu, yəhudilərin dediyi sözdür, necə ki, ayədə deyilmişdir: «“Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”» (Nisa, 150) Biz isə Allahın göndərdiyi bütün peyğəmbərlərə və bütün elçilərə inanırıq! İnanırıq ki, Allah hər zaman bütün xalqlara peyğəmbər göndərmişdir.

Qurani-Kərimdə onlardan çox az bir qismi barəsində ətraflı məlumat verilmişdir. Qurani-Kərimdə bu qədər çox sayda peyğəmbər haqda məlumat verilməsini istəyən ateist sanki, Qurani-Kərimin özündən əlavə ən on cildlik bir kitabın da olmasını istəyir. Bu isə gülməli bir iddia olardı.

Qurani-Kərimdə nəyin haqqında bilgi verilib nəyin tərk edilməsi özü böyük ilahi hikmətlərlə əlaqədardır. Qurani-Kərimin bəşəriyyətə vermək istədiyi mesajı bilməyən insanların onun məqsəd və qayəsini bilmədən Qurani-Kərimi gah kimya kitabı, gah fizika kitabı, gah zoologiya kitabı və s. kimi təsəvvür etmələri, az qala Mendeleyev cədvəlindəki maddələrin də Quranda niyə olmadığını soruşmaları sizcə qəribə deyilmi? Bütün bu sorğuları məntiqi şəkildə cəm etdikdə isə sonuncu sual yaranır: Allah niyə bütün elmləri bizə hədiyyə edən kitabxana göndərməyib? Gülməli görsənir, eləmi? Lakin, ateistlərin sosial şəbəkələrdəki suallarını cəm etdikdə hər şeyi Quranda axtarmalarını nəzərə aldıqda insan bu sonuncu sual barədə düşünməli olur. Doğurdan da onlar Quranın dini hökmlər haqda kitab olduğunu başa düşmək istəmirlər. Əgər Allah peyğəmbərlərin göndərilmə qayəsini bildirdikdə onları hər ümmətə tək Allaha ibadət etməyə və Allaha şərik qoşmaqdan çəkindirməyə görə göndərdiyini başa düşsələr, peyğəmbərlərin dini məqsədlə gəldiyini, kimya dərsi keçməyə gəlmədiyini anlayarlar. Dinin dünyəvi elmləri dəstəkləməsi isə başqa geniş mövzudur ki, biz öz mövzumuza davam edək.

Deməli, aydın olur ki, bu şübhəyə İslami təsəvvür içərisində yer yoxdur!

Keçək məsələnin tarixi və ictimai tərəflərinə:

1 - Onu bilmək lazımdır ki, Orta Şərq bölgəsi bəşər övladının mühüm mərkəzlərindən biri olmuşdur; Bu ərazi, İran körfəzindən aralıq dənizi sahillərinə kimi uzanan böyük bir ərazini (Şam, İraq, Suriya, Misir, Ərəbistan yarımadası, Fələstin, indiki İsrail və s. əraziləri) əhatə edirdi. Başqa yerlərdə yaşayışın olması məsələsinə gəldikdə isə bu barədə artıq qeyd olundu ki, "Qurani-Kərim hər bir xalqa peyğəmbər göndərildiyini" xəbər verir. Yaxın Şərq məntəqəsi təxminən yer üzünün ortası, Məkkə isə mərkəzi hesab edilir.

«Məkkənin yer üzünün mərkəzi olması barədə Misir mütəxəssisi, Qahirə Universitetinin coğrafiya professoru doktor Hüseyn Kəmaləddin 1977-ci ildə həm bu məsələ, həm də Məkkənin tarixi və qədimliyi barədə elmi araşdırmalarını dünya elminə təqdim etmişdir.» (Mənbə: Məqalə: "Kəbə yer kürəsinin mərkəzidir". Bildirçin.az saytı) İslam alimlərindən bəziləri peyğəmbərlərin Yaxın Şərq ərazisindən yayılmasının hikmətini dinə dəvət üçün yolun yaxınlığı, bir asanlıq kimi izah etmiş, dünyanın ortasından və ya insan sivilizasiyasının mərkəzindən kənarlara doğru getməyin daha asan olduğunu qeyd etmişlər.

2 - Qurani-Kərimdə deyilir: «Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.» (Tur, 52) Əgər bu göndərilmiş peyğəmbərlərə belə deyirdilərsə, görəsən məntiqidirmi və ya təsəvvür oluna bilərmi ki, o xalqlar bu peyğəmbərlərə həm "dəli, sehirbaz" deyib onlara əhəmiyyət verməsinlər, sonra da onların adlarını tarixə qeyd etsinlər? Əlbəttə ki, əhəmiyyətsiz gördükləri adamları tarixi qeydlərə salmaları heç də inandırıcı görünmür.

3 - Ola bilsin ki, etiraz edən şəxs desin: Bəs nə üçün İsrail övladlarının xəbəri Qurani-Kərimdə qalıb? Cavab: çünki, onlar da bu məntəqədə (Orta Şərqdə) yaşayıblar. Bu əslində bir çox səbəblər dolayı baş vermişdir:

1 - Yəhudilərdən olan peyğəmbərlərin çoxluğu,
2 - Peyğəmbərlərin bir-birinin ardınca gəlməsi,
3 - Onlardan bəzilərinin - Davud, Süleyman və s. - dövlət rəhbəri olan peyğəmbərlər olması,
4 - Onlara müqəddəs kitabların gəlməsi,
5 - Mömin nəsillərin davamlı şəkildə bir-birinin ardınca gəlməsi və bu elçilər haqda şifahi mədəniyyətin qorunması; Bu şərtlər aradan qalxdıqda Avstraliya, Cənubi Amerika və s. kimi yerlərdə bu amillər olmadığı üçün o yerlərdə peyğəmbərlik xəbərinin qalması üzürlü hesab olunur. Çünki, peyğəmbərlik xəbərlərinin bir çox nəsillərə ötürülməsinin real səbəbləri var. Bu səbəblər aradan qalxarsa, həmin ölkələrdə peyğəmbərlik xəbərlərinin qalması mümkün deyil.

4 - Bizim söhbətimizin mövzusu İsa peyğəmbərin dövründən əvvələ aiddir. Müsəlman deyir ki, İsa peyğəmbərdən sonra yalnız Muhəmməd peyğəmbərin ﷺ peyğəmbərlik dövrü olmuşdur. Məlum olduğu kimi İsa peyğəmbərdən əvvəlki əsrlərdə yazılarda tarixi isnada fikir vermək, yazıların qorunması və s. kimi məsələlər olduqca zəif idi. Həmin dövrlərdə olan məlumatların demək olar ki, çoxusu daşüstü, qayaüstü yazılarda həkk olunurdu. Bu yazılar isə tarixi təfsilatları vermək həddində deyildi. Hətta, yunanların tarixinə baxsaq, onların da İsa peyğəmbərin əsrinə yaxın əsrlərdə yaşadıqlarını görərik ki, onlar da miladdan əvvəlki həmin dövrlərdə tarixi isnadları verməkdə zəif olmuşlar. İsa peyğəmbərdən əvvəl gələn peyğəmbərlər isə ondan uzun əsrlər öncə mövcud olmuşdular.

5 - Tarixi sübutlar göstərir ki, İsa peyğəmbərin zamanından əvvəl (Miladi təqvimdən əvvəl) islahatkar insanların xəbərlərinə çatmaq olduqca çətindir. Ona görə də onların xəbərləri ya örtülü qalır və rəvayət olunmayaraq tarix səlnaməsindən itir, ya da rəvayət olunduğu zaman bir çox təhriflərə uğrayaraq əsatir və miflərə çevrilirdi. Buna misallardan biri də Zərdüştün xəbərdir. Hansı ki, bəziləri onu "farsların peyğəmbəri" adlandırırdılar. Zərdüştün yaşadığı dövr haqqında tarixçilər arasında böyük ixtilaflar var;

a) Bəzi tarixçilər Zərdüştün İsa Məsihdən 6000 il əvvəl yaşamasını iddia edirlər.
b) Bəzi tarixçilər isə onun miladdan 600 il əvvəl yaşadığını iddia edirlər.
c) Bəziləri isə onun miladdan əvvəl 1500-2000-ci illərdə yaşamasını iddia edirlər.

Bu ixtilafların olduğu şəraitdə islahatçıların tarixi xəbərlərinin itməsi təsəvvür edilən və gözlənilən olduğu kimi, həmin dövrdə və ondan əvvəlki dövrlərdə yaşayan peyğəmbərlərin xəbərlərinin itməsi də gözlənilən və təsəvvür olunandır. Yəhudilərə çoxlu peyğəmbərlər gəlsə də, onlardan əsasən yalnız Quranda adı çəkilənlərin məlum olduğu bilinir. Qurani-Kərim başqa kitablardakı xətaları göstərməsi ilə də diqqətləri özünə çəkir.

6 - Yuxarıda qeyd olunan məsələyə (3-cü tarixi məsələ) oxşar şəkildə sual verilə bilər ki, nəyə görə Qurani-Kərim İsrail övladlarına gələn peyğəmbərləri də qeyd edib? Hansı ki, onlar da Orta Şərqdə yaşamışlar. Bunun cavabı belədir:

A) Qur'an hicaz bölgəsində nazil olmuşdur. Bu əraziyə yaxın yerlərdə yəhudi və xristianlar məskunlaşmışdılar. Təsəvvür olan və məntiqi olan odur ki, bu kitab onların peyğəmbərlərinin xəbərləri ilə əlaqədar olaraq həmin əraziyə yaxın bölgələrdəki xalqların dindarlarına da xitab etməli idi. Necə ki, Qurani-Kərim onların kitablarının (Tövrat və İncil) Allah tərəfindən nazil edilməsini təsdiqləmişdi, eləcə də o kitabların sonradan təhriflərə məruz qaldığını da bəyan etmişdi. Bu, onlara İslam hüccətinin çatdırılması və başlarına gələn hadisələrdən ibrət almaları baxımından çox mühüm idi.

B) Amma, ümumən xalq fərqi qoyulmadan yalnız Yaxın Şərqdəki peyğəmbərlərin adlarının Qurani-Kərimdə çəkilməsinə gəldikdə isə bu peyğəmbərlərin həyat hekayələrində olan ibrət və moizələr digər peyğəmbərlərin hekayələrindən daha böyük idi; bu barədə təfsir alimi İbn Aşur demişdir: «Allah öz peyğəmbərinə bir çox peyğəmbərlərin hekayələrini nəql etməyi adları qeyd olunan peyğəmbərlərlə kifayətlənmək üçün tərk etmişdir; çünki, adları qeyd olunan elçi və peyğəmbərlərin hekayələri böyük ibrət və faydaları ehtiva edir.» (ət-Təhrir vət-Tənvir, 6/35)

7 - Tədqiqatçı alimlər bəzi xalqların tarixində hikmətli şəxs, dahi kimi tanınmış, həmin xalqların müdrik kəlamlarını söyləmiş bəzi şəxsiyyətlərin peyğəmbər ola biləcəyini, sadəcə zaman keçdikdə o şəxslərin "filosof" və ya "müdrik" kimi tarixə düşmələrini qeyd edirlər. Bunu dəqiq bilmək isə böyük zaman fərqi olduğu üçün ehtimal olaraq qalır. Araşdırmaçılar bu ehtimalların mümkünsüz olmadığını bildirirlər. Ona görə ki, Qurani-Kərimdə də bəzi peyğəmbərlər barədə bilgi verilmədiyinə işarə edilmişdir. (Bax: ən-Nisa, 164) Heç bir tarixi və dini dəlil yoxdur ki, tarixdəki islahatkar şəxslər Orta Şərqdən başqa yerlərdə olmamışdır. Məsələn; götürək elə Konfuçini… O, Çinin dünyaca məşhur "müdrik" və "bilgə" adamı olmuşdur. Kimsə mütləq şəkildə deyə bilərmi ki, o peyğəmbər olmayıb?! Çünki, bizim həmin şəxsin dəvətinin əsas vəsfi barədə heç bir məlumatımız yoxdur. Necə ki, İsa peyğəmbər xristianların ilahiləşdirib özünə ibadət etdiyi bir şəxs olduğu halda, biz müsəlmanlar üçün o yalnız bir peyğəmbərdir. Bunun kimi Konfuçi və Hindusların bəzi ilahları var ki, onlar vaxtilə hansısa peyğəmbər olmuş şəxslərin heykəlləri ola bilərlər. Çünki, İslami mənbələrdən bizə məlum olduğuna görə bütpərəstlik ilk dəfə saleh insanları xatırlamaq üçün onların tərəfdarları tərəfindən şəkillərinin çəkilməsi, sonra isə növbəti nəsillərin onların heykəllərini düzəlməsi, sonradan gələn nəsillərin isə o şəxslərin kimliyini unudaraq onları ilahiləşdirmələri ilə ortaya çıxmışdır. Bu həqiqətə əsasən hindistanlı bəzi İslam alimləri də orada olan bəzi bütlərin adlarının əslində peyğəmbərlərin adları olduğunu demişlər. Deməli, biz bu ehtimalı nə inkar edə bilər, nə də təsdiqləyə bilərik! Bu məsələ açıq olaraq qalır.

8 - Tarixdən bəzi əlamətlər də vardır ki, ola bilsin ki, bu da, Orta Şərqdən başqa peyğəmbərlərin olmasına dəlillərdən biri olsun; Antropologiya elminin alimləri tərəfindən - Androlayn və Vilyam Smit və s. - isbat olunmuşdur ki, Avstraliya, Afrika, Cənubi Amerika və sair kimi yerlərdə yaşayan ilk insanların əvvəllər və elə indi də ibadət etdikləri Uca ilah var ki, onlar bu Uca ilahın göylərdə və yerdə olan bütün ilahlardan güclü və qüdrətli olduğuna inanırdılar. Bəlkə də bu, daim təkAllahlığa çağıran fitrətin izi, əlamətidir ki, orada vaxtilə yaşamış peyğəmbərlərin varlığına dəlalət edən mühüm dəlillərdəndir.

Yazdı: Sahib Əsədov