Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Mənim Allahım vicdanımdır" deyənlərə cavab

Ateist və deistlər arasında "Mənim Allahım vicdanımdır" şüarı geniş yayılmışdır. Bu iddiaya münasibət bildirmək istərdim. Ateistlərin və deistlərin "vicdan" anlayışını qəbul etmələri yaxşı bir haldır. Bəlkə bununla onlara nəyisə başa sala bildik. Ateistlərin "Allah mənim vicdanımdır" sözünü son dəfə eşitdikdən sonra Allahın bu ayələri yadıma düşdü:

«Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah onu elm üzərində azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.» (Casiyə, 23-24)

Doğurdan da bunu deyən dinsizlər nəfslərinin istəklərini ilahiləşdirmişlər. Onlar öz vicdanlarını deyil, nəfslərinin istəklərini ilahiləşdirmişlər. Çünki, çoxu «vicdan» sözünün mənasını bilmir. Bilənlər üçün isə vicdana «Allah» demələri absurd bir fikirdir. Onların tələblərinə və mübarizələrinə baxanda nəyə ibadət etdikləri daha aydın bir şəkildə ortaya çıxır. Hətta, nəfsinin istəklərindən elə şeyləri ilahiləşdirən dinsizlər vardır ki, adam o şeyləri dilinə gətirməyə də utanır. Əl-qərəz… Keçək mövzuya.

Birincisi: Gəlin ilk öncə vicdan sözünün mənasına baxaq; Xatırladaq ki, vicdan sözü də ərəb sözü olan «vəcədə» felinin məsdəridir. Əgər sizin Allahınız "vicdanınızdırsa", onu da ərəb sözü ilə deyirsinizsə, daha nə deyək sizə?! Axı dinin də ərəb dini olduğunu deyirsiniz?! Gərək bu ziddiyyətdən çıxasınız. Sizə təklif edirik ki, vicdan sözünün ingiliscə və ya başqa əcnəbi dildə olan qarşılığını tapıb işlədəsiniz. «İnşəAllah», «Allah rəhmət etsin» və başqa dini sözləri işlətmədiyiniz kimi, bu sözü də gərək işlətməyəsiniz.

Vicdanın mənası haqqında bir neçə yorumlar verilmişdir:

Ərəbcədə: «İnsanın özü və daxili gücləri, ona təsir edən daxili ləzzət və ağrı.» («Mucəm əl-Məani», ərəbcə lüğət, vicdan sözünün mənası)

Bəziləri: «Vicdan insanın daxilindəki yaxşı və pisi ayırd edən insani bir hissdir - demişlər.»

Bəziləri demişlər: «Vicdan, ağılın müdaxiləsi xaricində insanın daxili hisslərinin insanın əməllərinə etdiyi mühakiməsidir.»

Bəziləri də bir qədər buna bənzər şəkildə: «Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.» - demişlər. (Milli.az, 2017.16 may tarixli "Vicdan nə deməkdir?" adlı məqalə)

Vicdana işarət edən hədislərdən birində Vabisa ibn Məabəd adlı səhabənin peyğəmbərin ﷺ yanına gəlib ondan «yaxşılıq və pisliyin nə olması» haqqında soruşması təsvir edilir. Peyğəmbər ﷺ ona deyir: «Ey Vabisa, qəlbindən fətva al; yaxşılıq nəfsinin və qəlbinin yönəlib rahatlıq tapdığı şeydir. Günah isə insanlar sənə "fitnəyə düşmüş" desələr də sənin qəlbinə narahatçılıq verən, köksündə sıxıntı yaradan şeydir». (Əhməd)

Bu hədisdən aydın olur ki, insan öz daxilində nəyin yaxşı, nəyin pis olduğunu, yaşadığı cəmiyyətdə də pis və yaxşı əməlləri ümumən tanıyır. Bu, sağlam fitrəti, mənəviyyatı salamat insanlara aiddir. Mənəviyyatı çirkin əməlləri pis görməyən insan isə vicdanını deyil, nəfsinin istəklərini, şəhvət və ehtiraslarını özünə ilah etmişdir. Əvvəldə qeyd olunan Quran ayəsində deyildiyi kimi: «Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü?» (Casiyə, 23)

Bu o demək deyil ki, insan hər dəfə vicdanı ilə hərəkət etsə, onun ağıllı düşünməyə ehtiyacı qalmır. İnsanın vicdanı onu xeyirə yönəltsə də, "iki xeyirdən nəyin daha xeyirli olduğunu bilmək üçün" isə furqan lazımdır. "Furqan" haqla batili ayırd etmək bacarığıdır. Bu ayədə deyildiyi kimi:

«Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.» (Ənfal, 29)

Bütün bu deyilənlərdən aydın olur ki, "vicdan" insanın daxilində özünü sorğulayıb yaxşı və pisi ayırd edən mənəvi bir hisdir. Bu ayədə vəsf olunan bacarıq "furqan"dır. Yəni: haqla batili ayırd etmək. İnsana təkcə yaxşı ilə pisi ayırd etmək bəs etmir. İnsan haqla batili də ayırd edə bilmədikcə kamil insan ola bilməz.

Bir çox araşdırmaçılar ağılla vicdanı fərqləndirmişlər.

Ona görə də əgər "insanın içində onu mühakimə edən, sorğulayan vicdanın emosional duyğularla bağlı olduğu" mənanı qəbul etsək, ağıl kənarda olmaqla, ağılın müdaxiləsi olmadan vicdan hissinin mühakiməsi baş verirsə, bu aspektdən ateist öz emosional hislərinə «Allah» deməklə bizim dediyimizi yüzəyüz təsdiqləmiş olur, o, ağlını kənara qoyaraq ziddiyyətə düşür. Çünki, emosional duyğular bəzən insanı yanılda da bilir. Buna əsasən ağıl müdaxiləsi olmadan ateist emosional qərarlar vermiş olur ki, hər şeydə təcrübəni və maddi aləmi əsas götürən ateizm yenə vicdanının düz və ya səhv qərar verdiyini tam bilmir. Üstəlik nəzərə alsaq ki, ateist və bir çox deistlər əxlaqa nisbi yanaşır, bu zaman onların "vicdanı" cəmiyyətdə baş verən bir çox əxlaqi problemlərə qarşı sızlamayacaq və narahat olmayacaq! Bu müqayisəni uzatmaqla ateistin və ya deistin "Mənim Allahım vicdanımdır" deməklə yalan danışdığını və çürük bir iddia etdiyini başqa misallarla da göstərmək olar.

İnsanı daxilində sorğulayan nəfsə gəldikdə isə Qurani-Kərimdə də buna işarə edilmişdir:

«And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.» (Şəms, 7-9)

İslamda nəfsin növlərindən yaxşılığı əmr edən nəfs və pisliyi əmr edən nəfs və s. nəfsin növlərindən bəhs edilmişdir ki, bütün bu proseslər insanın daxilində gedir.

Deməli aydın olur ki, insanın içində yaxşılığı və pisliyi əmr edən nəfs olmasıyla bərabər insan səhv etdikdə ona "səhv etdin" deyə hayqıran, bəzən isə yanlış əməllərinə "bu doğru deyil" mesajı verən, insanın içində sızlayan hislər vicdanın əsas mənasını ortaya qoyur.

İkincisi: Vicdanı bəhanə edənlər; Bir məsələ də vardır ki, insan günahlarını çoxaltdıqca onun "pisliyi əmr edən nəfsi" ona qalib gəlir. Yaxşılığı çoxaltdıqca isə "yaxşılığı əmr edən nəfsi" üstünlük qazanır. İnsanın vicdanı onun əməllərindən çox təsirlənir.

Peyğəmbər ﷺ buyurmuşdur: «Qul bir günah etdiyi zaman qəlbinə qara bir nöqtə düşər. O, günahdan çəkinib tövbə edər və bağışlanma diləyərsə, o, nöqtə silinər və qəlbi yenə də parlayar. Lakin, günahını təkrar etdiyi zaman o qara nöqtə artar. Nəhayət bütün qəlbini bu qaralıq qaplayar. Allahın ayəsində olan: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır». (Mutaffifin, 14) budur.»
(Mənbə: İbn Macəh, 4344; əl-Albani «Səhih Sünnən Tirmizi» 3/127)

Ateist şəxs Allahın sevmədiyi əməlləri etməklə bir növ vicdanını da zədələyir. Bundan sonra onun vicdanına «Allah» deməyinin bir mənası qalmır. Qarabağ döyüşü başlasa ön cəbhədə dindarlar olacaq, ən azı Allahını tanıyanlar olacaq. Ateistlərdən isə milli qəhrəmana "qatil" deyəcək qədər vicdanını itirənlər hər gün çoxalmaqdadır. Belələrinin Allahı istər "vicdan" olsun, istər olmasın. Bunun heç bir mənası yoxdur.

"Ağalar Qut" adlı azərbaycanlı ateist təbliğatçılardan biri öz yazılarından birində hətta vicdanı "növlərə ayıraraq" özündən hər birinə adlar qoymuş, "kəlpətin" adlı vicdan kateqoriyasını da özündən "kəşf" etmişdir. Buna da "əhsən" düşür. Heç olmasa vicdanı "kəlpətinə" oxşada bilmişlər.

Bizim "söz oyunu" üzrə ixtisaslaşmış milli ateistlərimiz "vicdanı" əyri-düz qəbul edirlər deyə, onların sözlərindən artıq sitatlar qeyd etmək fikrimiz yoxdur.

Üçüncüsü: İnsanın vicdanı, fitrəti Allahı tanımağı əmr edir; Əslində vicdan insana öz Rəbbini tanımağı əmr edir. Elm təsdiqləyir ki, əgər insana heç bir xarici təsir olmazsa, insan Onun Yaradan birinin olduğunu təsdiqləməyə meyillənir. İnsan kainatı Yaradan Qüdrətli Allaha ibadət etmək istəyir və buna meyilli olur.

Bu barədə elmi araşdırmalar da vardır; Bu araşdırmalardan "Oxford" universitetinin professoru Jonathan A. Lanmanın araşdırmalarını qeyd etmək olar. Yenə "Oxford" universitetinin psixologiya sahəsində araşdırmaçısı Olivera Petrovich'in araşdırmaları da bunu təsdiqləyir. Dean Hamer isə ilahi genləri aşkarlamış və «The God Gene: How Faith Is Hardwired into Our Genes» kitabında bu barədə ətraflı danışmış, insanların xarici təsir olmadan ateizmə deyil, dinə meyl etdiklərini isbatlamışdır. 2008-ci ilin noyabrında Britaniyanın "Telegraf" qəzetində Justin Barrett'in "Children are born believers in God" (yəni: Uşaqlar anadangəlmə olaraq Allaha inanırlar) adlı akademik araşdırması dərc olunmuşdur.

Həmçinin, 2011-ci ildə "CNN" kanalının yaydığı məlumata əsasən prof. Roger Triggin rəhbərliyi ilə bir çox qərbli araşdırmaçıların (57 araşdırmaçı) iştirakı ilə iyirmidən çox ölkə vətəndaşları üzərində üç il davam edən araşdırma, təcrübə və təhlillərin sonunda gəldikləri nəticəyə əsasən; insanlar Allaha, ölümdən sonrakı həyata inanmağa meyillidirlər. Bu araşdırmaya 1,9 milyon funt sterlinq pul xərclənmişdi. Belə misallar çoxdur, bununla kifayətlənirik.

İnsanın fitrəti haqqında Qurani-Kərimdə deyilir:

«Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur.» (Rum, 30)

Başqa bir ayədə isə insanların normalda Allahı təsdiqləmələrindən bəhs edilir:

«Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu bilmir.» (Loğman, 25)

Dördüncüsü: Vicdan ölərsə, o necə sənin Allahın ola bilər?

Bu başlıqla kimisə təhqir etmək, nə də kiməsə sənin "vicdanın ölüb" deyə ittiham etmir, nə də atmaca atmırıq. Ədalətli olmaq istəyirik. Gəlin düşünək sadəcə… Məqsəd ağlımızı işlədib qərar verməkdir; deyirik ki:

Vicdan öldüyü zaman; Hər şey icazəli olur - böhtan, xəyanət, əxlaqsızlıq, pozğunluq, namus və qeyrəti inkar etmək.

Vicdan öldüyü zaman; Qan dadı portağal şirəsi kimi dadlı olur kimlərəsə… Vətənə xəyanət, xalqın namusuna toxunmaq, tarixi saxtalaşdırmaq adi bir şey olur.

Vicdan öldüyü zaman; Başlarına bomba yağan məsum insanlar, uşaq və qocalar üçün narahatlıq keçirmir, üstəlik, "yaxşı olub" deyirlər. Amma, Corcun bir uşağının ayağı burxulanda "vicdanlar" tərpənir. Belə "vicdanın" kiminsə Allahı olması bizə təəccüblü deyil.

Vicdan öldüyü zaman; Ağ göyərçinlər tərk olunur, səmada yalnız gecə-gündüz səs çıxardan qarğalar qalır.

Vicdan öldüyü zaman; İnsan vəhşiləşir və vəhşi heyvanlar kimi öz ovunu gözləyir. Şəhərlər yalnızlıq dəhşəti saçan meşələr kimi görünür.

Vicdan öldüyü zaman; Qərb insanı nə qədər inkişaf etsə də vətənində başına bomba yağmasından qorxub torpağına gələn insanların sahilə dirənmiş qayığını ya batırmağa çalışır, ya saatlarla geri dönməyini tələb edib acından öldürür, ya da quru sərhəddini keçən qaçqınlara badalaq gəlib yerə yıxır, ya da dəyənəklə başlarına vurur. Belə "vicdana" Allah deyənlərə təəccüblənmirik zatən. Belələrinin "vicdanının" ölməsini görməyən sapı özümüzdən olan baltaların öz vicdanlı dədə-babalarına dırnaqarası baxması da qəribə deyil. İnkişaf etmək vicdanlı olmaq deyil, kaş biləydilər. Qərb insanı ayılıb vicdanı şərqdə axtarır, şərq insanı isə inkişafı qərbdə axtararkən vicdanını itirməklə üzləşə bilirsə, burda bir əmma var. O əmmanı özünüz düşünün!

Vicdan öldüyü zaman; İnsanlar bir-birinin ətini yeyir; gecə-gündüz araq içib, sərxoş olub axşamlar insan əti yeyənlər peyda olur. Onu ittiham edənlər, onu ortaya çıxaran vicdansız mühiti ittiham etmirlər. O insan əti yeyənləri din yetişdirmir. Dinsizlik yetişdirir.

Vicdan öldüyü zaman; Vətənin yeməyini yeyib suyunu içənlər öz milli qəhrəmanına "qatil" deyəcək qədər vicdanını itirir.

Sizcə belə olduğu halda hansı vicdan insanın Allahı ola bilər?! İnsanın tək Allahı var, o da unutduğu Allahıdır. Qurani-Kərimdə o unudulan Allahdan danışılır:

«Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?” Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir.» ( Ta ha, 124-127)

Yazdı: Sahib Əsədov