Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dua vaxtları və xətalar

Hörmətli izləyici! Məqaləmizin birinci hissəsində sizlərə duanın mahiyyəti, əhəmiyyəti və qəbul olunma şərtləri barədə xəbər vermişdik. Bu hissədə isə duanın qəbul olunmasına yardım olacaq digər məsələlər, dua edərkən gözlənilməli olan ədəblər, yol verilən xətalar və duanın daha tez qəbul olunduğu vaxtlar və hallar barədə danışacağıq. Bizimlə qalın, İslamı bizimlə öyrənin!

Duanın ədəbləri və əhkamları:

Duanın şərtləri olduğu kimi, ədəbləri də vardır. Bu ədəblərə riayət etmək lazımdır ki, edilən dua qəbul olunsun. Bu ədəblərdən:

1. Dəstəmazlı olmaq. Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ Hüneyn döyüşü qurtardıqdan sonra su gətizdirdi, dəstəmaz aldı və sonra əllərini qoltuğunun altının ağlığı görünənədək qaldırdı və dua etməyə başladı. (Buxari və Muslim)

2. Qibləyə tərəf yönəlmək. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Bədr döyüşündə Peyğəmbər ﷺ nəzər salıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müşriklərin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qibləyə tərəf çevirdi və əllərini açıb dua etdi”. (Muslim)

3. Duaya başlamazdan əvvəl Allaha həmd-səna etmək, Peyğəmbərə ﷺ isə salavat gətirmək. Peyğəmbər ﷺ buyurmuşdur: “Sizlərdən biriniz duaya başladıqda, Rəbbinə həmd-səna etsin. Sonra Peyğəmbərə salavat gətirib istədiyini diləsin”. (Əbu Davud, Tirmizi, Nəsai, Əhməd)

4. Duanın qəbul olmasında tələsməmək. Peyğəmbər ﷺ buyurmuşdur: “Sizlərdən biriniz tələsməyib "dua elədim qəbul olmadı" deməzsə, duası qəbul olar”. (Buxari və Muslim)

5. Dua etdikdə əllərini səmaya tərəf qaldırmaq. Peyğəmbər ﷺ buyurur: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır". (Buxari və Muslim)

6. Dua edərkən Allahı gözəl adları ilə çağırmaq və bu adlarla Allaha yaxınlaşmaq. Uca Allah belə demişdir:

“Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin…” (Əraf surəsi, 180)

Həmçinin, Peyğəmbər ﷺ belə söyləmişdir “Allahın 99 adı vardır. Kim bunları sayarsa, Cənnətə daxil olar”. (Buxari, Muslim)

7. Ehtiyac anında ixlasla, Allaha şərik qoşmadan, sırf onun razılığı üçün edilən əməli xatırlatmaqla Allaha yaxınlaşmaq və Ondan istəmək. Peyğəmbər ﷺ söyləmişdir ki, 3 nəfər yağışdan mağaraya sığınarkən mağaranın ağzına böyük daş düşür və onlar orada qalırlar. Sonra hər biri sırf Allah üçün etdiyi bir əməli zikr edərək Allaha yaxınlaşır və Allahdan onları xilas etmələrini istəyirlər. Mağaranın girişi açılır və onlar oradan xilas olurlar. (Buxari)

Xatırlatdığımız son iki ədəb, dua edərkən icazəli təvəssül formalarındandır. Bu zaman dua edən ancaq Allahı çağırır, Allahın adları və saleh əməllərlə duada Allaha yaxınlaşır. Qeyd edək ki, bəzilərinin Allahdan qeyrisinə dua edib, onlardan ancaq Allahın qadir olduğu şeylərdə ehtiyaclarını ödəmələrini istəmələri, Allaha yox, bu vasitəçilərə yalvarmaları və sonra da “onlar bizi Allaha yaxınlaşdıracaq” deyə etiqad etmələri təvəssül yox, məhz Allaha şərik qoşmaqdır və bu da Quranda qəti qadağan edilmişdir. Dua ibadət olduğu üçün, bu əməl Allahdan qeyrisinə ibadət etmək və ibadət etdiyinin də Allahla onun arasındaki şəfaətçi olduğunu iddia etməkdir.

Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Yunus surəsi, 18)

8. Ehtiyacı olan hər bir şeyi Allahdan istəmək. Bu məsələdən bir çox müsəlmanlar qafildirlər. Lakin, bilmək lazımdır ki, hər bir insan ehtiyacı olan şeyi kiçik, yaxud böyük olmasından asılı olmayaraq Allahdan istəməlidir. Müsəlmanların əksəriyyətinə yalnız böyük bəla üz verdikdə Allahdan istəyirlər. Bu bir çox müsəlmanların etdikləri xətalardandır. Səhabələr (Allah onlardan razı olsun) ayaqqabılarının bağları itdikdə belə onu tapmaları üçün Allaha dua edərdilər. Həmçinin, Peyğəmbər ﷺ söyləmişdir: “Namazda təşəhhüd duasını dedikdən sonra qoy nəyə ehtiyacı varsa istəsin”. (Buxari və Muslim)

9. Dua etdikdə onu üç dəfə təkrar etmək. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər dua etdikdə üç dəfə edərdi. (Buxari və Muslim)

10. Dua etdikdə səsi çox qaldırmamaq. Uca Allah buyurur: “Dua etdikdə nə uca səslə, nə də pıçıltı ilə et”. (İsra surəsi, 110)

Dua edərkən Quran və Sünnədə, yəni səhih hədislərdə varid olmuş dualardan istifadə etmək. Bu cür dualar Allaha daha sevimli olduğundan daha tez qəbul edilir. Həmçinin, bu cür dualar daha kamil olduğundan qula lazım olan daha çox və böyük məsələləri də əhatə edir. Onlardan bir neçəsini sizlərə nümunə olaraq təqdim edirik. Gələn videocarxlarımızın birində bu dualardan ibarət geniş materialları sizlərə təqdim edecəyik.

- Zəkəriyyə peyğəmbərin ovlad istəyərkən belə dua etməsi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali-İmran surəsi, 38)

-
Eyyub peyğəmbər xəstəlikdən xilas olması üçün belə dua etmişdi – “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83)

Duanın daha tez qəbul olunma vaxtları və halları

Uca Allah bəzi vaxtları duaların qəbul olunması üçün daha fəzilətli etmişdir. İlin, ayın, həftənin yaxud da günün elə vaxtları vardır ki, bu vaxtlarda edilən dualar həm Allah tərəfindən qəbul olunmasında, həm də savabına görə başqa vaxtlarda edilən dualardan üstündür. Bu vaxtların hər birinə Quran ayəsində və mötəbər hədislərdə dəlillər vardır.

1. Qədr gecəsi.

Peyğəmbər ﷺ sevinli həyat yoldaşı Aişəyə qədr gecəsi bu duanı etməyə tövsiyə etmişdir: “Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla”. (Tirmizi, İbn Macə)

2. Gecənin son üçdə birində edilən dua. Peyğəmbər ﷺ demişdir: “Bizim Rəbbimiz hər gecənin axır üçdə biri yer səmasına enərək “Mənə dua edən varmı, duasını qəbul edim?! Məndən istəyən varmı istədiyini verim?! Məndən bağışlanma diləyən varmı onu bağışlayım?!” – deyir. (Buxari və Muslim)

3. Azan və iqamə arasında edilən dua. Peyğəmbər ﷺ buyurmuşdur: “Azan və iqamə arasında edilən dua qəbul olunur, (bu vaxtı) dua edin!”. (Tirmizi, Əhməd)

4. Yağış yağan zaman edilən dua. Peyğəmbər ﷺ buyurmuşdur: “İki vaxt dua rədd olunmur; azan vaxtı və yağış altında edilən dua”. (Əbu Davud, Hakim)

5. Səcdə zamanı edilən dua. Peyğəmbər ﷺ buyurur: “Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, səcdədə duanı çoxaldın”. (Muslim)

6. Namazın içində, xüsusilə təşəhhüd duasından sonra, salamdan öncə edilən dua. Böyük İslam alimləri söyləmişlər ki, namazda olan kəs sanki istədiyini verməyi vəd edən Uca hökmdarın qəbulundadır. Bu qəbul zamanı istəmək, qəbuldan çıxandan sonra istəməkdən daha təsirlidir.

7. Vacib namazın sonunda edilən dua. Peyğəmbərdən ﷺ “Hansı dua daha çox eşidiləndir” deyə soruşduqda o: “gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua” deyə cavab vermişdir. (Tirmizi)

8. Valideynin övladı üçün etdiyi dua, oruc tutanın və müsafirin duası. Peyğəmbər ﷺ buyurmuşdur: “Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası”. (Beyhəqi)

9. Cümə gününün son saatı edilən dua qəbul olunar. Peyğəmbər ﷺ belə demişdir: “Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu məqamı əsr namazından sonra axırıncı saatda axtarın”. (Əbu Davud)

10. Həmçinin, səhih hədislərdə varid olan hallardan: zəm-zəm suyunu içərkən, Arafa günü, səfərdə olarkən, elm məclislərində, müsibət baş verdiyi zaman, zülmə məruz qalınarkən, iftar öncəsi, orucu açarkən, xəstə birini ziyarət edərkən, saleh övladın öz valideyni ücün etdiyi dua və s. Bu hallarda dua daha tez qəbul olunur.

Duada edilən xətalar

İnsanların çoxu dua etdikləri zaman bir çox xətalara yol verirlər.

Əksər hallarda elmsizlikdən, bəzən də unutqanlıqdan edilən bu xətalar duanın qəbul olunmamasına səbəb olur.

1. Dua etdikdə şirkə yol vermək. Yəni, Allahla yanaşı başqa bir şeydən, kimsədən istəmək. Bu şeyin insan, mələk, daş, ağac və s. olmasının da fərqi yoxdur. Bu, duada edilən ən böyük xəta və duanın rədd edilməsi üçün ən böyük amildir. Qudsi hədisdə uca Allah belə demişdir: “Mənim şərik qoşulmağa heç ehtiyacım yoxdur. Kim hər hansı əməlində mənə başqasını şərik edərsə onu da, şirkinə tərk edərəm”. (Muslim)

Yəni, onu həmin şərik qoşduğu ilə baş-başa buraxaram, ondan əməlini qəbul etmərəm. Hədisin başqa ləfzlərindən ondan və şərik qoşduqlarından uzağam da deyilir.

2. Bidət etməklə Allahdan istəmək. Məsələn: Peyğəmbərin ﷺ, övliyaların xətrinə istəmək və s. Bu cür dua edib Allahdan istəməyə nə Quranda, nə də Peyğəmbərdən ﷺ varid olan hədislərdə dəlil yoxdur. Həmçinin, Peyğəmbərin ﷺ tərbiyəsini almış səhabələr və onların davamçıları da bu cür dua etməmişlər. Peyğəmbər ﷺ söyləmişdir: Kim bizim əmrimiz, işimiz üzrə olmayan bir iş görərsə, əməli rədd olunar” (Buxari, Muslim)

3. Allahın onun duasını qəbul edib-etməyəcəyini yoxlamaq üçün edilən dua. “Bu dəfə də dua edim, görüm Allah qəbul edər, ya yox” və s. bu kimi niyyətlə edilən dualar.

4. Fəsad yaymaq üçün edilən dua.

5. İnsanlara özünü göstərmək məqsədi ilə, malının çoxalmasını istəmək üçün edilən dualar.

6. Ümid etməmək. Çox zaman insanlar xəstələndikdə, və ya övlad istəyən kimsənin övladı olmadıqda ümidlərini Allahdan üzürlər. Bəziləri tamamilə duanı tərk edir, bəziləri isə dua etsələr də ümidləri az olur. Bu cür insanlar Allahın hər şeyə qadir olduğunu dərk edib, yəqinliklə Ondan istəməlidirlər. Zəkəriyyə (Allahın ona salamı olsun) yaşlı olmağına baxmayaraq Allahdan övlad istəyir və öz duasında duanın ədəblərinə gözəl şəkildə riayət etdiyinə görə Uca Allah ona istədiyini verir. Qurani-Kərimdə bu hadisə belə təsvir olunur: “Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. (Ali-İmran surəsi, 38-39)

Dualarımız niyə qəbul olunmur?

Bir nəfər İbrahim ibn Ədhəmin yanına gəlib dedi: “Uca Allah buyurur: “Mənə dua edin, Mən də sizə cavab verim”. Amma biz dua edirik duamız qəbul olmur”. İbrahim ibn Ədhəm dedi: “Bunun beş səbəbi vardır”. O adam soruşdu: “Onlar nədir?” İbrahim cavab verdi:

1. Allahı tanıdınız haqqını vermədiniz.
2. Quranı oxudunuz, onda olanlara əməl etmədiniz.
3. Dediniz ki, Allahı sevirik amma yolunu tərk etdiniz.
4. Dediniz ki, İblisə lənət edirik, amma ona tabe oldunuz
5. Öz eyiblərinizi buraxıb, insanların eyibləri ilə məşğul olmağa başladınız.

Uca Allah hamımızı düzgün formada dua etməyə müvəffəq etsin və dualarımızı qəbul etsin.

Hazırladı: sunna.az saytının rəsmi heyəti