Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Ramazan ayı barədə bunları bilirsənmi?
Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. (Bəqərə 183)
● Ramazan ayı nədir?
Ramazan ayı hicri təqvimi üzrə 9-cu aydır və bu ayda uca Allah müsəlmanlara xüsusi ibadət olan orucu vacib etmişdir. Bununla yanaşı bu ayda bir çox digər xüsusi ibadətlər də mövcuddur.
● Ramazan ayının hansı xüsusiyyətləri vardır?
Quran peyğəmbərimiz Muhəmmədə ﷺ məhz bu ayda enməyə başlamışdır.
İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. (Bəqərə 185)
Bu ay oruc, gecə namazları, Quran tilavəti, gözəl əxlaqa riayət etmək, sədəqəni artırmaq kimi xüsusiyyətlərə malikdir. Bu ayda ümrə etmək, məscidlərdə qalmaq kimi ibadətlər də vardır. Bu ay həmçinin bagışlanma ayıdır. Səhih hədislərdə bu ay şeytanların zəncirləndiyi və Cənnətin qapılarının açıldığı qeyd olunmaqla yanaşı, bu ayı əldən buraxıb bağışlanmayanların da qınanması varid olmuşdur.
Bu ay həmçinin səbir ayı olmaqla insan həyatının kiçik modelini xatırladır və sanki həyatda islami vəzifələri yerinə yetirmək üçün təlim ayıdır. Müsəlman bu ayda yeməyə, içməyə, şəhvətlərə səbir etməyi öyrənir və bunu ömür boyu tətbiq edir. Çünki, insanların harama düşdükləri əsas məsələlər də məhz yeməklə, içməklə və şəhvətlə bağlıdır.
Bu ayın sonunda səbir edənlər bayramla mükafatlandıqları kimi, yemək, içmək və şəhvət kimi qadağalara səbir edən müsəlmanlar Cənnətlə mükafatlandırılırlar.
● Oruc nədir?
Oruc müsəlmanın dan yeri söküləndən gün batana qədər halal olan yeməyini, içməyini, şəhvətini, habelə boş sözləri, pis əxlaqı tərk etməyi gərəkdirən xüsusi bir ibadətdir. Ramazan ayında tutulan oruc isə həddi buluğa çatmış, xəstə və müsafir olmayan hər bir müsəlmana vacibdir. Allahın elçisi ﷺ şeytanın insanın qan damarlarında dövran etdiyini söyləmişdir. Bunun üzərinə İslam alimləri bu ayda yeməyin, içməyin azalması ilə şeytanın bədəndə dövranının zəiflədiyini söyləmişlər. Ramazan ayında orucla yanaşı Quran oxumaq, namazlar qılmaq, xeyir işlər görmək şeytanın insana təsirini minimum həddə salır.
Qeyd etməliyik ki, oruc tutan şəxs gecədən vacib Ramazan orucu tutmağa niyyət etməlidir. Gecədən niyyət etməyib günün hər hansı bir hissəsində niyyət edənin Ramazan orucu sayılmır.
● Orucu pozan hallar hansılardır?
- Ağız və ya burun vasitəsilə boğaza suyun getməsi;
- Yemək və ya gün ərzində dişin dibində qalan, dilin ucuna gətirilə biləcək həcmdə olan şeyi udmaq;
- Həyat yoldaşı ilə yaxınlıq etmək;
- Özünü qəsdən qusdurmaq;
- İstimna - Masturbasiya etmək;
- Öpüşmə, toxunmaq, baxmaq səbəbilə məni (yəni, sperma) axması, habelə, qəsdən məni axsın deyə təsəvvür etmək nəticəsində məni axması;
- Hicamə etdirmək, qan aldırmaq;
- Qidalandırıcı iynələrin və sistemlərin vurulması;
- Nikotin yapışqanlar;
- Ətir zərrəciklərini məqsədli şəkildə bilərək udmaq.
● Orucu pozmayan hallar hansılardır?
Sürmə, göz damcıları, şam, qulaq-burun damcısı, astma spreyi, oksigen sprey, pensilin iynəsi, diş müalicəsi zamanı keyləşdirici iynələr, plomb, makiyaj, qan analizi, suda üzmək və ya suya baş vurmaq, pollyusiya (yuxuda qeyri ixtiyari sperma ifrazı), bəlğəm udmaq, dodaq yumşaldıcıları, burun çirki və dişin çıxarılması, qarqara dərmanlar, diş pastası, yeməyin dadına udmadan baxmaq, qeyri-ixtiyari qusmaq, əzələdaxili, venadaxili və dərialtı iynələr, ətir iyləmək.
● Oruc tutan nələrdən ehtiyat etməlidir?
- Gözü çox sürmələmək və ya göz damcılarından istifadə etmək;
- Dəstəmaz alarkən ağızı yaxalayarkən və buruna su çəkərkən bunu xəfif etməlidir;
- Ağzını, qulağını, gözlərini haram şeylərden qorumalıdır. Oruc tutan bilməlidir ki, o əzəmətli bir ibadət halındadır. Peyğəmbər ﷺ belə demişdir: Kim pis sözü və əməli tərk etməzsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. (Buxari 1903)
- Oruc tutan şəxs mübahisələrdən, söyüş söyməkdən çəkinməlidir. Biri onu söyərsə, mən orucam söyləsin. (Nəsai 2340, Əbu Davud 2454)
- Qeybət etməkdən, söz gəzdirməkdən çəkinməlidir. Peyğəmbər ﷺ demişdir: Oruc tutan qeybət etmədikcə, başqasına əziyyət vermədikcə ibadətdədir. (Deylemi, İbn Adiy)
● Orucu bilmədən və qəsdən pozmağın günahı nədir?
- Orucu həyat yoldaşı ilə yaxınlıq edərək qəsdən pozan həmin günün qəzasını gələn Ramazana qədər tutmaqla yanaşı kəffarə olan əməl etməlidir. Kəffarə isə bacarırsa qul azad etmək, bunu bacarmırsa 60 gün dalbadal oruc tutmaq, bunu da bacarmırsa, üzrü varsa, səhhətində problem varsa, 60 nəfəri - hərəyə təqribən 1-1.5 kilo yemək verməklə doyuzdurmalıdır. Buna da imkanı çatmırsa, bu böyük günahdan tövbə etməlidir və xeyir işləri artırmalıdır ki, Allah onu bağışlasın.
- Orucu yaxınlıqdan başqa digər şeylərlə qəsdən pozan isə həmin günün qəzasını Ramazandan sonra gələn Ramazana qədər tutmalıdır və səmimi tövbə etməli, xeyir işləri artırmalıdır.
- Bilmədən, unudaraq yeyib içənə və digər istənilən bir şeylə bilmədən, unudaraq orucunu pozana heç bir günah yoxdur. Sadəcə xatırladığı anda oruca qayıdır və orucunu tamamlayır.
● Orucu kimlər tərk edə bilər və bunun əvəzinə nə etməlidirlər?
- Səfərdə olan orucu tərk edə bilər. Taqəti çatırsa səfərdə belə orucu tutmaq daha yaxşıdır. Taqəti çatmayan, səfərdə məşəqqət çəkən isə orucu tərk etsə yaxşıdır, orucu məqbul olsa da, bəyənilmir. Tərk edilən orucun qəzası Ramazandan sonra tutulur. Orucu pozmaq üçün hiylə ilə səfər edənin həm səfəri haramdır, həm də böyük günahla yanaşı orucun qəzası boynundadır.
- Oruc tutmağa mane olan, xəstəliyi olan kəs və ya oruc tutarsa xəstəliyi şiddətlənəcək olan kəs orucu tərk edir. Ramazandan sonra sağaldıqda həmin günün qəzasını digər Ramazana qədər tutur.
- Xəstəliyinin sağalmasına ümidi olmayan kəslər, oruca taqəti olmayan qocalar isə, hər tuta bilmədiyi günə görə bir nəfəri doyuzdurmalıdır. Məsələn, 30 gün ərzində 30 nəfəri, ya da istəsə bir günə 30 nəfəri 1-1.5 kq yemək verməklə yedizdirə bilər. Əsas olan tuta bilmədiyi günlərin sayı qədər adam yedizdirməkdir.
- Heyz halında və ya nifas halında olan qadınlar, həmin günləri oruc tutmurlar və gələn Ramazana qədər buraxdıqları günlərin qəzasını tuturlar.
- Uşağa zərər verməkdən qorxan hamilə və ya süd verən qadın orucu tərk edə bilər. Artıq normal hala qayıtdıqdan sonra bu orucun qəzasını tutmalıdır. Bəzi alimlər hər gün bir nəfəri də əlavə olaraq doyuzdurmağı söyləmişlər.
● Oruc tutmaqda məqsəd və fayda nədir?
Oruc tutmaqda əsas məqsəd insanların haramlardan, zülmlərdən uzaq olaraq Allah qorxusuna, təqvaya yiyələnməsidir. İnsanın bir ay boyunca səhərdən axşama qədər halal nemətlərdən uzaq durması, orucu pozmaması onun ayın sonunda iradəsinin güclənməsinə, Allahdan qorxusunun artmasına səbəb olur. İlin digər 11 ayı ərzində haramlarla mübarizə aparan müsəlman zəifləmiş imanını, Allah qorxusunu və Allah sevigisini bu ayda bərpa etmiş olur. Dünyaya bağlılığı zəifləyir və dünyanın qulu olmaqdan xilas olur.
Halal nemət olan su içməyi ay boyu tərk edən müsəlman, artıq içki içməyi tərk etməyi öyrənir. Bu isə qətllərin, fəlakətlərin qarşısını alır.
Halal yeməyi tərk edən aclığa səbr etməyi öyrənir, daha sonra haramla qarnını doldurmaqdan, başqasının mallarını haram yolla mənimsəməkdən uzaq olur. Başa düşür ki, insan az yeməklə də dolana və mənliyini qoruya bilər.
Halal şəhvətlərini tərk edən müsəlman isə, artıq haram şəhvətlərlə mübarizə aparmağı öyrənir. Zinanın, onun səbəb olduğu xəstəliklərin, atasız uşaqların, dağılmış ailələrin sayı azalır.
● Orucun digər ibadətlərdən fərqi nədir?
Oruc İslamın 5 dayağından biridir. İslamın dayaqlarından olan namaz bədən ibadəti olmaqla, görünən, zahirdə olan ibadətdir.
Zəkat isə mal ibadəti olmaqla yenə də görünən, digərləri tərəfindən bilinən bir ibadətdir.
Həcc də həm mal, həm də bədən ilə edilən, görünən, digərləri tərəfindən bilinən ibadətlərdəndir.
Həmçinin bütün bu sadalanan dayaq ibadətlər hər hansı feli icra etməklə baş verir.
Oruc da namaz kimi ancaq bədən ibadətidir. Lakin, digər ibadətlərdən fərqli olaraq görünməyən, zahirdə olmayan ibadətdir. Oruc tutan bunu bildirmədiyi müddətcə onun oruc olduğunu kimsə anlaya bilməz. Bu isə müsəlmana ibadəti digərlərinin görməsi, tərifləməsi üçün yox, sırf Allah üçün etməsini, ixlası, yəni Allahı ibadətdə təkləşdirməyi öyrədir.
Həmçinin, bu ibadət, hər hansı bir felin icra edilməsi ilə deyil, əksinə onun tərk edilməsi ilə bağlıdır. İnsan digər ibadətlərlə Allahın əmrlərini yerinə yetirməyi öyrənir. Orucla isə qadağanlardan çəkinməyi, tərk etməyi öyrənir və kamilləşir.
● Oruc tutmağın savabı nədir?
İmanla, savabını Allahdan umaraq oruc tutanların bütün günahları bağışlanır. Oruc tutanlar Cənnətə Rəyyan adlı xüsusi bir qapıdan girəcəklər.
Oruc gizli ibadət olduğu üçün uca Allah onun xüsusi mükafatını da gizli saxlamışdır. Bunu quluna Cənnətə girərkən bildirəcəkdir. Bu mükafat ancaq oruc tutanlar üçün olacaqdır. Bundan gözəl mükafat ola bilərmi?
● Oruc tutmağın səhhətə müsbət və ya mənfi təsiri varmi?
Oruc aclıqla şiddətlənən xəstəliklər zamanı tutulmur. Həmçinin, süd verən və ya hamilə olan qadınlar da orucun ziyanından qorxduqları halda onu tərk edə bilərlər. Hamiləliyi olan, süd verən qadınlar oruc tutmaq istədikdə həkimlərlə məsləhətləşməlidirlər.
Sağlam və oruca taqəti olan insanların oruc tutmağının səhhətə müsbət təsiri müasir elmlə təsdiqlənmişdir. Qan dövranının sabitləşməsinə, bədəndən ziyanlı maddələrin çıxmasına, ürək-damar, böyrək və digər orqanlara, habelə beynin fəaliyyətinə orucun müsbət təsiri vardır.
● Ramazanda başqa hansı ibadətlər və fəzilətlər vardır?
Ramazan Quran ayı olduğuna görə Allahın elçisi ﷺ bu ayda Quran oxumağı artırmağı tövsiyə etmişdir. Həmçinin, bu ay Allahın elçisinin ﷺ ən çox sədəqə verdiyi aydır. Bu ayda məscidlərdə təravih, yəni camaatla cüt-cüt qılınan gecə namazları da vardır ki, bu namazları bacardığı qədər, imanla, əcrini Allahdan umaraq qılanlanların günahlarının bağışlanması barədə səhih hədislər mövcuddur. Bu ayda həmçinin ümrə etməyin böyük savabı vardır. Bu ayda son 10 gündə məscidlərdə qalmaq, Allahla təkləşmək üçün nəzərdə tutulan Etikaf adlı ibadət vardır. Həmçinin bu ayda son on gecənin tək gecələrindən olan və Qədr gecəsi adlı bir gecə vardır ki, o min aydan daha xeyirlidir. O gecə dualar qəbul olunur, insanın illik qədəri dəyişir.
Bütün bu ibadətlər insanın özünə fayda verməklə yanaşı, cəmiyyətə də fayda verir. Varlılar yoxsulların halından xəbər tutur. İnsanlar arasında bərabərlik və məhəbbət yaranır, varlılıq və kasısblıq kimi sərhədlər unudulur. Həsəd, paxıllıq, nifrət tərk edilir. Məscidlərdə camaatla qılınan təravih namazlarına gələn, habelə ümrə zamanı dünyanın hər yerindən Məkkəyə gələn müsəlmanlar arasında qardaşlıq bağları yaranır.
Ramazan ayı nə ilə sonlanır?
Ramazan ayının sonunda fitrə zəkatı deyilən xüsusi və vacib olan sədəqə bayram namazından öncə çıxarılır ki, kasıblar da bayramı könül xoşluğu ilə keçirə bilsinlər.
Fitrə zəkatının miqdarı ailədə hər adam başına 2.5-3 kq. un, xurma, buğda, düyü və ya yaşadığı yerdə insanların adətən yediyi ərzaqlardan ibarətdir.
Sonra isə məscidlərdə camaatla birgə iki rükət bayram namazı qılınır, kiçik xütbə oxunur, müsəlmanlar bir-birilərini təbrik edərək ailələri, dostları, qonşuları, yaxınları ilə birgə bayramı keçirməyə üz tuturlar. Cəmiyyətdə qardaşlıq bağları möhkəmlənir.
Allahdan bütün müsəlmanlara bu ayı layiqincə ibadət etməyi, Allaha yaxınlaşmağı istəyir və qarşıdan gələn Ramazan ayında Allah sevgisinə nail olmağı diləyirik.
Aşağıdakı keçiddən istifadə edərək məqaləni video şəklində izləyə bilərsiniz.
Orucu pozan və pozmayan hallar
Hazırladı: sunna.az saytının rəsmi heyəti
SON ƏLAVƏLƏR