Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Osmanın Uhud və Bədr döyüşlərindən qaçması, ağac altında beyət etməməsi şübhələrinə cavab

Bunun cavabı Buxarinin "Səhih" kitabındadır. Osman ibn Vahbın (Allah ondan razı olsun!) belə dediyi rəvayət olunur: "Bir nəfər misirli kişi gəlib dedi: "Siz kimlərdənsiniz?"
Biz dedik: "Qureyş qəbiləsindən".
Kişi dedi: "Sizin ağsaqqalınız kimdir?"
Biz dedik: "Abdullah ibn Ömər".
Kişi Abdullah ibn Ömərin (Allah ondan razı olsun!) yanına gəlib dedi: "Ey İbn Ömər, mən səndən bir neçə məsələ haqda soruşmaq istəyirəm. Mənə bu haqda məlumat ver!"
Osmanın Uhud günü qaçması doğrudur?

İbn Ömər (Allah ondan razı olsun!) dedi: "Bəli".
Onun Bədr döyüşündə iştirak etməməsi düzdür?
İbn Ömər (Allah ondan razı olsun!) dedi: "Bəli".
Onun ağac altında beyətdə iştirak etməməsi düzdür?
İbn Ömər (Allah ondan razı olsun!) dedi: "Bəli".
Bundan sonra misirli kişi, "Allahu əkbər" deyərək səsləndi. O, öz düşüncəsinə görə, bununla haqqın üzə çıxdığını ifadə edirdi.
Abdullah ibn Ömər (Allah ondan razı olsun!) ona dedi: "Gəl mən səni başa salım. Uhud günü qaçmasına gəldikdə mən şəhadət verirəm ki, artıq Allah onun bu əməlini bağışlamışdır. Necə ki, Uca və Pak Allah buyurur: "(Uhud müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!" (Ali İmran, 155)
Bədr döyüşündə iştirak etməməsinə səbəb isə budur: "O, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qızı ilə evli idi. Həmin gün yoldaşı xəstələndiyi üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm) Osmana döyüşə getməmək üçün icazə vermiş və demişdi: "Sənə Bədr döyüşündə iştirak edənin savabı və qəniməti düşür".
Demək, Osman bu döyüşdən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmri ilə qalmışdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona bu döyüşdə yığılan qənimətdən pay da vermişdi.
Onun ağac altında beyətdə iştirak etməməsinə səbəb isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) onu Məkkəyə göndərməsidir. Əgər Məkkə şəhərində Osmandan daha izzətli kimsə olsaydı Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun əvəzinə başqasını göndərərdi".
Ağac altındakı beyət Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Osmanı Məkkəyə göndərməsindən sonra həyata keçmişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) beyət zamanı sağ əlini Osmanın əvəzinə sıxaraq dedi: "Bu isə Osmanın əlidir". İbn Ömər həmin misirliyə sonda belə dedi: "İndi isə bu deyilənləri özünlə apar". ("Səhih əl-Buxari" № 3698.)
Qeyd: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Osmanı Məkkəyə göndərməsində məqsəd müsəlmanların Ümrə ziyarəti üçün gəldiyini Məkkə camaatına çatdırmaq idi. Beyət Osman Məkkəyə getdikdən sonra olduğu üçün (təbii ki) orada iştirak etmirdi. O, Məkkəyə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmri ilə getmişdi. Osmanın qətl xəbəri gəldikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrini yığıb qətl xəbərinin doğru olduğu təqdirdə, Osmanın intiqamını almaq üçün beyət aldı. Demək, ağac adltında edilən beyət Osmanın intiqamını almaq üçün edilmişdi.

Sunna.az saytının rəsmi heyəti