Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

14 əsrdir müsəlman olmağın faydası nədir?

Şübhə belədir: «Gerçək islam və əsri səadət; Şəriəti tətbiq ilk müsəlmanlar əsri səadət dönəmi yaşamışsa, sonradan şəriəti tətbiq edənlər niyə huzuru, rəfahı yaşamırlar? Əsri səadət iddiası həm belə tutarsız, həm dini qaynaqlarda yazıldığı kimi çaxnaşma, cənnətlə müjdələnmiş əzhabın bir birini kəsməsi, savaşlar və sömürücülük dönəmidir. 1000, 1400 il müsəlman olmağın nəticəsi nədir? Müsəlmanlar harda şəriəti tətbiq edirsə "gerçək şəriət yoxdur" deyib qüsuru xaricə atmaq da boş iş. Xarici qüvvələr nə şəriəti yazmadı, nə cəmiyyətin ağlına girmir.

"Gerçək şəriət yoxdur" demək üçün tətbiq edilən dinin başqa din olması gərəkər. Sekulyar ölkədə dini öz vicdanınla anlayıb "gerçək şəriət yoxmuş", "bu ayə başqa mənaya gəlir" demək asandır, amma, təməli cihad-dayatma olan dinin şəriəti praktikası kimidir. Quran xilas ediciysə, dünya dövlətləri hüququ buraxıb ayələri təqlid edərdi. "Dinimiz yaxşılıq gətirdi, şəriət inkişafdır" kimi sözlər var olan gerçəyi dəyişdirməz. Dinin nəzəriyyəsilə praktikası ayrılmaz».

ŞÜBHƏNİN CAVABI:

Şübhənin əvvəli belədir: «Şəriəti tətbiq ilk müsəlmanlar əsri səadət dönəmi yaşamışsa sonrası şəriəti tətbiq edənlər niyə huzuru, rəfahı yaşamırlar? Əsri səadət iddiası həm belə tutarsız, həm dini qaynaqlarda yazdığı kimi çaxnaşma, cənnətlə müjdələnmiş əzhabın bir birini kəsməsi, savaşlar və sömürücülük dönəmidir.»

Birincisi: Hər kəs bilir ki, həyatda xoşbəxtlik nisbidir. Muhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur ki: «Dünya möminin zindanı, kafirin cənnətdir.» (Müslim, 4/ 2272) Deməli, istər ilk müsəlmanlar, istər də sonrakı müsəlmanlar sufi təriqətlərinin vəsf etdiyi kimi xəyali bir xoşbəxtlik içində olmamışlar. Onlar da çoxlu həyat çətinliklərindən keçmişlər. Səhabə dönəminin ən böyük səadəti isə Muhəmməd peyğəmbəri (Allahın Ona salavatı və salamı olsun) birbaşa görmək və onunla ünsiyyətdə olmaq idi.

İkincisi: Əhli Sünnə alimlərinin əsərlərinə baxdıqda "Əsri-Səadət" ifadəsini işlədiklərini görmürük, əksinə, onlar "ən xeyirli əsr" sözlərini işlədiblər. Sual verilsə ki, "əsri-səadət" terminini bütün müsəlmanlar işlətmirlərmi? Cavab odur ki, xeyr. Araşdırma zamanı bu terminin yalnız bəzi sufi təriqətlərində işlədildiyinin şahidi olduq.

Artıq qeyd olundu ki, İslam alimləri "əsri-səadət" ifadəsini deyil, "ən xeyirli əsr" ifadəsini daha geniş işlətmişlər. Ən xeyirli müsəlman nəsil isə xətasız və məsum nəsil deyil, onlar peyğəmbəri görməklə şərəflənmiş və xeyir əməl etməkdə müsəlmanların xeyirə ən həris olanı, canları və malları ilə İslamın təbliğinə özlərini həsr edən, xeyir işlərdə yarışan insanlar olmuşlar. Onlar İslamın yayılması üçün çoxlu əziyyətlərdən, işkəncə və zülümlərdən, müharibələrdən keçmişlər. Müharibələr isə ilk dönəmdə özlərini müdafiə etmək üçün idi. Məkkə şəhəri isə peyğəmbərin vəfatına az qalmış döyüşsüz fəth olundu. Peyğəmbər öz düşmənlərini bağışladı və misli görünməmiş bir böyüklük, müdrikkik etdi.

Üçüncüsü: Səhabələr ixtilaf etsələr də Allah Qurani-Kərimdə onları «mömin» adlandırmışdır və onların hətta bir-birilə vuruşmasının mümkün olmasını qeyd etmişdir:

«Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.» (Hucurat surəsi, 9)

Həmçinin, Allah səhabələri, tabeinləri və başqalarını günahsız, məsum və xətasız adlandırmamışdır ki, kimsə onların ixtilaflarını hüccət hesab etsin. Əgər ixtilaf etmək özü özlüyündə hüccət olsaydı, onda hər kəs başqa tayfanın ixtilafını istədiyi yerə yozardı. Lakin, ixtilafların mahiyyəti bilinmədən ixtilaflara doğru qiymət vermək mümkün deyil. Bizim bu məsələdə bir müsəlman olaraq etiqadımız isə səhabələr arasında olan ixtilaflar haqqında susmaq, artıq sözlər danışmamaqdır. Çünki, artıq Allah onlardan razı idi. Bu Quran ayəsindəki qeyd olunduğu kimi:

«Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.» (Tövbə, 100).

Dördüncüsü: «1000, 1400 il Müsəlman olmağın nəticəsi nədir?» sualına gəldikdə isə, baxır hansı insan nəyi nəticə kimi qəbul edir, nəyi yox! Əgər "nəticə" dedikdə ictimai və iqtisadi inkişaf nəzərdə tutulursa, bu inkişaf müsəlman ölkələrində biri-birindən fərqlənir. Kimisində çox, kimisində isə az. Əgər bu inkişaf hərbi sahədə nəzərdə tutulursa, dünyanın bir çox ölkələrini qabaqlayan Türkiyə və Pakistan ordusu vardır. Əgər siyasi cəhətdən nəzərdə tutulursa, bu zaman da siyasi arenada öz sözünü deyən bu və digər güclü müsəlman ölkələrini görə bilərik.

Osmanlılar, Əməvilər, Abbasilər, Eyyubilər və s. bir çox İslam dövlətləri on üç əsr dünyaya sırf Quranla hakim olmuşdular. Məgər bu nəticə deyilmi? Qısa bir müddət ərzində peyğəmbərin vəfatından 30 il keçmiş iki böyük imperiyanı (Bizans və Fars imperiyaları) dizi üstə çökdürmək Quranın, İslamın bir nəticəsi deyilmi? Müsəlmanlar son Osmanlı dövlətinin zadəganlaşmasından, masonlaşmasından, Qurandan uzaqlaşmasından sonra zəiflədilər. Yox əgər siz dediyiniz kimi Qurana tərəf getdikcə zəifləsəydilər, onda deyərdiniz ki, düz deyirik. Lakin, biz tarixə baxanda bunun əksini görürük; Nə vaxt ki, müsəlmanlar Qurandan, hədislərdən, İslamdan möhkəm yapışıblar, o vaxt dünyanı fəth ediblər. İslamdan uzaqlaşdıqca, Avropaya oxşamağa çalışdıqca isə zəifləmişlər. Ona görə də bu arqument siz ateistlərin əleyhinədir. Artıq dünyada müşahidə olunan budur ki, müsəlmanlar dinlərinə qayıtmağa çalışdıqları üçün artıq dünya ölkələrində müsəlmanların sayı artır, müsəlmanların nüfuzu, elmi dərəcələri güclənir. Ümumiyyətlə, hər bir qalxışın bir düşüşü də gözlənilən ehtimaldır. Əgər qalxışın səbəbi Qurandırsa, düşüşün səbəbi isə Qurandan uzaqlaşmaqdırsa, bu sizin əleyhinizədir!

Lakin, söhbət sırf son bir əsrdə, Osmanlı xilafətinin dağılmasından sonra müsəlmanların zəifləməsindən gedirsə, bunun səbəbləri və nəticələri ayrı geniş mövzudur.

Əgər nəticə dedikdə mədəniyyət nəzərdə tutulursa, məncə böyük İslam mədəniyyəti barədə danışmaq üçün sadəcə ensiklopediyalara müraciət edilməsi yaxşı olardı. Bu isə cildlərlə kitabların mövzusudur.

İspaniyadan Çinə qədər dövlətlərin az bir vaxtda müsəlmanların əlində cəmləşməsi, Əməvilərin dövründə müsəlmanların Fransaya qədər gedib çıxmaları, minlərlə kitabxanaların, ilk universitetlərin, elmi araşdırma mərkəzlərinin qurulması İslam aləmində qurulması məgər İslam dövlətləri dövründə baş verməmişdirmi? Məgər bütün bunlar elmə əhəmiyyət verən, əvvəli «OXU» əmri ilə başlayan Quran kitabına sarılan, peyğəmbərin sünnəsinə (yoluna) sarılan bir dinin səmərəsi deyildimi?

Napalyon Fransada şəhər quruculuğunda qanun və hüquqları təşkil edərkən Maliki fiqhindən istifadə etmişdir. Fransada qanunların 70 faizi Maliki fiqhindən götürülmüşdür. Fransa hüquq sahəsində dünyada ən güclü ölkələrdən biri olmasına baxmayaraq, müsəlmanların əsrlər öncə çatdıqları insan haqları və şəhər qanunları, şəhər mədəniyyəti sahəsində əldə etdikləri nailiyyətlərə yalnız bu əsrdə çata bilmişlər. Bu barədə ətraflı oxumaq üçün möhtəşəm bir doktorantura elmi işinə, “Maliki fiqhinin Fransanın şəhər qanunlarına təsiri" adlı əsəri oxuya bilərsiniz. Müəllifi İbn Xaddə Həmzədir. Əsərdə Fransız və Avropa alimlərinin öz dillərindən etiraflar nəql olunur. Bir ikisini qeyd edək:

Məşhur fransız şərqşünas alim Luis Seddilot (1808-1875) öz «Xatirələri»ində demişdir: «Həqiqətən də Fransa höküməti şəhər qanunlarının inkişafında istifadə etmək üçün Maliki məzhəbinin fiqhinin fransız dilinə tərcümə olunmasını əmr etmişdi.» Fransız tarixçi araşdırmaçı David de Santillana (1845-1931) demişdir: «Bizim İslam qanunlarından qazandığımız müsbət şeylərdən biri də bu (fransız) qanunlarıdır.»

Bu barədə danışsaq, çox uzanacaq, inşəAllah ayrıca bir məqalə şəklində gələcəkdə bu məsələni vəsf etmək olar.

Lakin, gəlin hey elmdən danışan ateistlərə təkcə təhsil sahəsində Qurandan və sünnədən qaynaqlanan İslam mədəniyyətinin Qərbi necə qabaqlamasına bir universitet misalı verək:

Dünyanın ilk universiteti Əməvilər tərəfindən Məğribin Fas məntəqəsində miladi tarixlə 859-cu ildə inşa edilən *Keyruvan* universitetidir. Ancaq Qərb dünyasında ilk universitet isə müsəlmanlardan 229 il sonra, 1088-ci ildə İtaliyanın *Bolonya* şəhərində inşa edilmişdi.

Dünyanın qeyd olunan ilk universitetində indiki kimi hündür oturacaqlardan istifadə olunur və elmi dərəcələr verilirdi.

İslam dünyasında bundan daha qədim universitet də var (Tunisdə 737 miladi tarixdə inşa edilən Zeytunə universiteti), Lakin, UNESKO birinci qeyd etdiyimiz müsəlman universitetini dünyada ən qədim universitet hesab edir. Əgər Zeytunə universiteti dünyada ilk universitet kimi təsdiqlənsə, onda Avropa və müsəlmanların təkcə universitet sahəsində dünyəvi elmlərə verdikləri əhəmiyyətdən dolayı inşa etdikləri dünyəvi elm ocağı tarixi arasında 350 illik bir fərq təsdiqlənmiş olacaqdır.

Bağdaddakı Nizamiyyə Mədrəsələri isə 1067-ci ildə yenə qərbdəki tədris mərkəzlərindən 11 il öncə fəaliyyətə başlamışdı.

Əgər "nəticə" dedikdə "bəs müasir elm sahəsində müsəlmanlar nə əldə ediblər?!" deyə soruşulsa, aşağıdakı keçiddən (linkdən) müasir müsəlman alim və ixtiraçılardan bəzilərinin elmə xidmətləri ilə tanış ola bilərsiniz:

Müsəlman alimlərin nailiyyətləri

Şübhənin davamı belədir: «Müsəlmanlar harda şəriəti tətbiq edirsə "gerçək şəriət yoxdur" deyib qüsuru xaricə atmaq da boş iş. Xarici qüvvələr nə şəriəti yazmadı, nə cəmiyyətin ağlına girmir. Gerçək şəriət yoxdur demək üçün tətbiq edilən dinin başqa din olması gərəkər. Sekulyar ölkədə dini öz vicdanınla anlayıb "gerçək şəriət yoxmuş", "bu ayə başqa mənaya gəlir" demək asandır, amma, təməli cihad-dayatma olan dinin şəriəti praktikası kimidir.»

Şübhənin bu hissəsinin cavabı: "gerçək şəriət yoxdur" demək inanılan deyil ki, əksər müsəlmanların sözü olsun. Biz ad çəkmədən qeyd edirik ki, gerçək şəriətin tətbiq olunduğu müsəlman ölkələri olduqca azdır. Lakin, buna rəğmən "yoxdur" demirik. Qüsur isə İslamda deyil, müsəlmanlarda ola bilər.

Eyni zamanda ateistlərin bu yazısında da, din xofu, müsəlmanlar tərəfindən uzaqlaşdırılan radikalların törətdikləri əməllərin xofu hiss olunur. Halbuki, ateistlər radikallara qarşı əsas mübarizəni elə dindarların özlərinin etdiyini görə bilərlər. Əgər bu mübarizəni İslam mənsubları edirsə, bəzi radikalların əməlləri İslam adına niyə yozulmalıdır ki?

"Gerçək şəriət yox imiş" kimi sözlər işlədənlər isə şəriəti bilməyənlərdir. Çünki, bəzi insanlar gerçək şəriətin yalnız səhabə dövründə yaşandığını deyə bilərlər. Bu isə doğru deyil. Çünki, Muğira ibn Şubədən rəvayət olunur ki, peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur ki:

«Ümmətimdən (davamlı şəkildə) Allahın əmrlərini yerinə yetirənlər olacaqdır. Onları yardımsız qoyanların və onlara müxalif olanların onlara bir zərəri olmaz. Allahın əmrini gəlincəyə kimi onlar bu cür insanlar içində (haqq ilə) zahir olacaqlar.» (Muslim, 1037)

«Bu ayə başqa mənaya gəlir» demək isə, çox vaxt ayənin mənası, ayənin hansı tarixi şəraitdə nazil olmasından xəbərsiz olmaq, ya da mənanı təhrif etmək və s. kimi hallarda olur. Ayələrdə Allahın əsil muradını ateist də, savadsız müsəlman da yanlış anlaya bilər. Quranın çox ayələri anlaşılandır. Söhbət mütəşabeh, yəni, mənası birbaşa anlaşılmayan, təfsirə ehtiyac olan ayələrdən gedir.

Sonra isə yenə qərəzli şəkildə danışan ateistlərin "cihad-dayatma" kimi sözlər danışması, İslamdakı döyüş məfhumunu düzgün anlamamaqdan qaynaqlanır. Gəlin bu məqaləni axıra kimi oxuyaq:

İslamdakı döyüş məfhumuna yanlış baxışlar

Şübhənin növbəti son hissəsi: «Quran xilas ediciysə, dünya dövlətləri hüququ buraxıb ayələri təqlid edərdi. "Dinimiz yaxşılıq gətirdi", "şəriət inkişafdır" kimi sözlər var olan gerçəyi dəyişdirməz. Dinin nəzəriyyəsilə praktikası ayrılmaz.»

Birincisi: Quran əsrlərdir müsəlmanları irəli apardı. Onlara doğru yol göstərdi. Onları dünyəvi elmlərdən geri salmadı. Tək axirəti fikirləşməyi deyil, «Dünyadakı nəsibini də unutma» (Qasas, 77) deyə buyurdu. O zaman ki, müsəlmanlar Qurana və peyğəmbərin sünnəsinə (hədislərdə gələn yoluna) sarılmağı, bununla əməl etməyi tərk etdilər, artıq zəifləməyə başladılar. Müsəlmanları zəiflədən ən mühüm amillərdən biri də Osmanlı dövlətinin 5 böyük dövlət tərəfindən təklənərək savaşda məğlub olması idi. Sizcə Osmanlını parçalayan beş güclü ölkə Quranla əməl etmək istəyərdimi?

İkincisi: Quran bir dini kitabdır. İslamın müqəddəs kitabıdır. Hüquq sahəsində də, insan haqları barədə də Quranda ayələr var. Bunlardan biri də bu ayədir: «Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki, bütün insanları öldürmüşdür.» (Əl-Maidə, 32) İslamda quldurlara, insan haqlarını pozan təcavüzkarlara ən şiddətli cəzalar vəd edilmişdir. Varlıların öz mallarından kasıblara verməsinin vacibliyi vurğulanmışdır. İslam dini nə ifrat kapitalizmi, nə də ifrat sosializmi dəstəkləyir. Bu Allahın dinidir və o bu sosial cərəyanlardan ən yaxşısını qullarına şəriət olaraq göndərmişdir. Ağılı başında olan hər kəs İslamın nə mütləq şəkildə kapitalizmin, nə də sosializmin yanında olmadığını görə bilər. İslam iqtisadi sahədə orta yol tutmuşdur. Kasıblara xüsusi əhəmiyyət verir. Kasıb və varlı təbəqəsinin balansını gözəl şəkildə tənzimləyir. Ailə haqları, qadın və kişi hüquqlarını qoruyur, qohumluq əlaqələrini möhkəmləndirməyi əmr edir. Yaşlı, qadın və uşaqlara rəhimli olmağı, daim onları qorumağı əmr edir. Bu barədə çox danışmaq olar.

Quran dini kitab olsa da orada insan haqlarına geniş toxunulmuşdur. Lakin, "Quranda hər şey niyə yazılmayıb deyənlər" sanki, "Azərbaycan konstitusiyasında niyə zürafə və tısbağalar haqqında danışılmayıb?" deyən insana bənzəyir. Cavab odur ki, Azərbaycan konstitusiyası qanun kitabıdır, zoologiya kitabı deyil. Quran da İslam dininin müqəddəs kitabıdır, halal və haram, əmr və qadağalara aid, insanın dünya və axirət səadəti üçün bu kitabda hər şey yazılmışdır.

Bu barədə daha geniş oxumaq üçün bu məqaləni oxumağı tövsiyə edirik:

Quranda hər şey yazılıbmı?

Üçüncüsü: İslamda ölkənin idarəsi, insanların yaxşı yaşaması, ölkənin inkişafı üçün Qurana və sünnəyə müxalif olmayan qanunların qoyulması da qadağan edilmir. Ölkə başçısının olması, ölkəni İslama zidd olmayan, xalqın xeyrinə olan qanunlarla idarə etməsi qəbahət hesab edilmir. İslam bu baxımdan bütün zamanlara və məkanlara uyğunlaşır. Bu baxımdan şəriət xalqın mənafeyinə xidmət edən, şəriətə zidd olmayan qanunları icazəli görməklə inkişafa vəsilə olur. İslam insanlar arasında xeyiri, birliyi, sülhü yayır, xalqlara yaxşılıq gətirir.

«Dinin nəzəriyyəsi ilə praktikası ayrılmaz» deyənlər isə birinci dinin nə dediyini yaxşı bilməlidirlər. Dini doğru məsdərlərdən öyrənməli, islamafoblardan öyrənməli deyillər.

Topladı və tərtib etdi: Sahib Əsədov