Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cənnət yalnız müsəlmanlar üçündür?

Şübhə belədir: «Cənnət və Cəhənnəm yaxşılar və pislər üçündürmü? İslamda cənnət yalnız müsəlmanlar üçündür, Cəhənnəmsə, sonda yalnız bu dinə inanmayanlar üçün. Yaratdığını yaxşı-pis demədən sadəcə bir dinə inanmadı deyə əbədi işgəncə edən Tanrı ola bilməz. İnsanları dininə görə imtahanın məntiqi olmaz».

İKİNCİ ŞÜBHƏNİN CAVABI:

A) Bu məsələni yaxşı anlamaq üçün birinci yaxşılıq və pislik anlayışını düzgün başa düşmək lazımdır. Təbii ki, dini bilməyən, dindən anlayışı olmayan ateist düşüncəsi Allahın qəsd etdiyi həqiqi yaxşılıq və pisliyi ayırd edə bilməz. Çünki, sən səni bu dünyada insan olaraq yaradanı və bununla sənə yaxşılıq edən Allahı dəyərləndirməyən, ona ibadət etməyən insanın məntiqi nankorluq ilə Allahın qəzəbinə gəlməsinin təbii olmasını inkar edə bilməzsən. Tutaq ki, bu ateist barədə keçərlidir. Bəs başqa dinlər necə? Bu məsələdə də İslamda ziddiyyət yoxdur, Allah Qurani-Kərimdə onun qatında məqbul dinin yalnız İslam olduğunu bildirmişdir (Ali İmran surəsi, 19). Başqa dinlər isə iki qrupdur, ya insanların uydurduğu dinlər ki, bunlar dinlərin əksəriyyətini təşkil edir. Ya da Allah tərəfindən olub sonradan insanlar tərəfindən təhrif olunmuş dinlər kimi; bura da İsa və Musa peyğəmbərin yolundan sapan insanların yəhudi və xristianlıq dinlərini ortaya çıxarmaları və İsa və Musanın şəriətin təhrif etmələri daxildir. (Bu məqamda ateistlə müsəlmanın həmfikir olduğu məqam ortaya çıxır, ateistləri çaşdıran məqam, həqiqəti görmələrinə maneə olan da bu məsələni tam anlaya bilməmələridir, bu məsələni qarışdırmalarıdır)

B) Nəyə görə məhz İslam dinini seçməli olduğumuz barədə isə daha ətraflı oxumaq istəyənlər bu linkə daxil olub məqaləni oxumaları tövsiyə olunur:

Nə üçün məhz İslamı seçməliyik!?

Həmçinin, Allah bir dini qəbul etmədi deyə niyə əzab verəcək başqa insanlara? Bu sualın cavabını isə ətraflı şəkildə bu məqalədə oxuya bilərsiniz:

İslam çatmayıb başqa dinlərdə olanların aqibəti necə olacaq?

Qaldı ki, başqa insanların da bir insan kimi yaxşılıqlar etməsinə Uca Allah bunu qiymətləndirir və onlara bu yaxşılıqlarının əvəzini bu dünyada ikən verəcəyini, özü də bunun mükafatını artıqlamasıyla verəcəyini vəd etmişdir, bu barədə Müslimin «Səhih» əsərində peyğəmbərimizin verdiyi xəbər vardır.

Hətta, dini təhrif etmədən İsa və Musaya inanan həqiqi iman əhli, həqiqi İsa və Musanın şəriəti ilə gedənlər barədə də Qurani-Kərimdə ədalətli söz deyilmişdir:

«Hamısı eyni cür deyillər. Kitab əhli (yəhudi və xristianların) içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.» (Ali İmran, 113)

Məşhur İslam alimi ibn Kəsir, onların da həqiqi möminlərdən olan iman əhlindən olduqlarını qeyd etmişdir.

Burada da ateistlərin necə aldadıldığını, dindən xəbərlərinin olmadığı ortaya çıxır. Onların Quran ayələrini oxuyub yanlış mənalar çıxarmalarının bir daha şahidi oluruq. Bir daha İslamın İsa və Musanın həqiqi dininə qarşı olmadığının şahidi oluruq. Əksinə, İslamın təhrif edilmiş dinlərə qarşı olduğunun şahidi oluruq. Əgər ateisti aldatmasaydılar, bu barədə ateist biri dinləri öyrəndikdən sonra İslamın mövqeyinin necə möhkəm və sabit olduğunu anlayardı.

C) Atalarının üzərində olduğu küfrü təqlid edən və bu küfr yol üzərində ölənlərə gəldikdə isə İslam alimlərindən ibnul-Qeyyim bu barədə belə demişdir:

«Haqqı bilməyə və öyrənməyə imkanı çatan, lakin, bunu etməyən kimsə ilə, haqqı bilməyə və öyrənməyə imkanı olmayan təqlidçilərin arasında fərq qoyulmalıdır.

Bu iki qism insanın biri (haqqı öyrənməyə) imkanı çatıb üz döndərən, özünə vacib olana qarşı laqeyd yanaşandır. Öyrənməkdən və bilməkdən aciz qalan kimsəyə gəldikdə isə, hansı ki, öyrənməyə imkanı çatmır, onlar da iki qismdirlər:

Birincisi; Doğru yolda olmaq istəyib xeyirdən təsirlənən, xeyiri sevən, lakin, (İslama, bu xeyirə) onu yönləndirən olmadığı üçün buna əli çatmayan, nə də bunu tələb edə bilməyən kimsə ki, belə bir kəsin halı fətrət əhlinin və (İslami) dəvətin çatmadığı kimsənin halı kimidir. (Red. yəni, üzürlüdür, onların da digər üzürlü kimsələrin imtahanından nəsibi vardır).

İkincisi; (Haqdan) üz döndərən, (haqqı) istəməyən, özü üçün (küfrdən) başqa yolu doğru görməyən kimsədir. Elə isə, birincisi deyir: Ey Rəbbim, əgər mən öz üzərində olduğum dindən daha xeyirlisini olduğunu bilsəydim həmin dini seçərdim. İkincisi isə öz halından razıdır, ona başqası təsir edə bilmir, nə də özünə küfrdən başqa yol axtarmır, belə birinin acizliyi və ya imkanı çatması arasında bir fərq qoyulmur. Baxmayaraq ki, birinci misaldakı şəxs də, bu da hər ikisi acizdirlər. Birincinin halı isə fətrət dövründə (doğru olan) dini axtarıb tapa bilməyən kəsin halı kimidir ki, o bütün səylərini göstərdikdən sonra acizlik və bilməməzlik halında qalır. İkincinin halı isə haqqı axtarmayab şirk üzərində ölənin halı kimidir.»

(İbnul-Qeyyim, Tariqul-Hicrateyn, səh 678)

Elə isə bu məsələnin necə dəqiq olduğunu, Allahın necə Rəhmli və Ədalətli olması barəsində gəlin düşünək. Allah Qiyamət günü öz qullarına zülm etməz, onlara Rəhmli və ədalətli davranar. O həqiqətən də hər şeyə Qadirdir.

Deməli, nəticə budur ki, həqiqi yaxşılıq Allaha iman etməkdir, bu ən böyük yaxşılıq hesab olunur, özü də bu insanın özünə etdiyi ən böyük yaxşılıqdır. Ən böyük pis əməl isə özünü yoxdan Var Edən Allahı inkar etməkdir. Ən böyük pislik və nankorluq neməti verəni tanımamaqdır. İnsan özünə çörək verən, iş verən, dolandıran insana təşəkkür edir, onu sevir, lakin, özünü heç nədən, yoxdan yaradan Allahı tanımırsa, bu ən böyük nankorluq və ən böyük pislikdir. "Allah varsa, onu necə tanıyım?" deyənlərə deyirik ki, O Allahdan bizə mübarək kitab gəlib. Hələlik bu dünyada bizə özünü göstərmək istəmir, lakin, O dünyada ən böyük nemət Allahın Pak üzünə baxmaq olacaqdır. Bu dünyada Ona inanmayanlar isə o dünyada da Allahı görməyəcəklər.

Topladı və tərtib etdi: Sahib Əsədov.