Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İslamın dünyaya yayılmasına aid şübhələrə cavab

Şübhə belədir: «İslam təbliğləmi yayıldı? Əgər islam təbliğlə keçmişdə kütləvi yayılmışsa, son yarım əsrdə hər cür rabitə, əlaqə çağında insanların ən az yarısının islama girməsi gərəkməzmi? Allahın təbliğ dini yollayışından 14 əsr keçsə də dünyanın 80% islama inanmır. Bu qədər insanı da bu dinə inanmır deyə əbədi yandırmağı planlayır. İslam əsrlər sürən savaşlar, xərac, basqıyla yayılmış və bu günə şəriət rejimlərin edam qorxusu, təhdid, təqlidlə gəlmişdir».

Şübhənin cavabı: «Əgər islam təbliğlə keçmişdə kütləvi yayılmışsa son yarım əsrdə hər cür rabitə, əlaqə çağında insanların ən az yarısının islama girməsi gərəkməzmi ?Allahın təbliğ dini yollayışından 14 əsr keçsə də dünyanın 80% islama inanmır.»

Birincisi: Xeyir gərəkməzdi. Nisbi olan ədədləri nisbi ehtimallarla demək çox çətindir. Ümumiyyətlə, ehtimal özü dəlil deyil. Əksinə, bu ehtimalın özünü etibarsız edən başqa arqumentlər var.

İkincisi: Tam əksinə, İslamın keçmişdə kütləvi yayılması daha münasib idi. Çünki, keçmişdə kütləvi informasiya vasitələri ilə insanların əxlaqlarını pozmaq, beyinləri ən zəif inandırma gücü olan inanclara rəğbət yaratmaq imkanları və bu inancları, kiçik sektaları yaymaq imkanları bu günkü kimi əlverişli deyildi. Bu gün isə Qərb dairələri tərəfindən qəsdli şəkildə İslamın həqiqi simasını təmsil etməyən sufi sektaları, radikal şiə təriqətləri dəstəklənir, onlara yardımlar edilir, Qərb dünyasında "həqiqi İslam kimi" təqdim olunurlar. İslamın həqiqi mahiyyətini daşıyan həqiqi Quran və hədisə bağlı mötədil İslama qarşı isə müharibə edilir, İslamı təhrif edən təriqətlər gözdən pərdə asmaq üçün İslam kimi təqdim edilir, İslamın özünə qarşı isə bütün Qərb dünyasında islamofobiya (İslamdan qorxutmaq) siyasəti edilir.

Qərb dünyası yalnız Türkiyədəki kimi cümədən cüməyə namaz qılan, bir çox ölkələrdəki kimi düşmənlərinin bayramlarında şənlənən, ümumən namaz qılmayan, oruc tutmayan, zəkat verməyən, dildə özünə "müsəlman" deyib həqiqətdə İslamın əmr və qadağalarına riayət etməyən müsəlmanları görmək istəyir.

Üçüncüsü: Əksinə, «Bütün dünyanın İslama girməsi gərəkməzdimi?» Sualını verənlər, özləri yenə inanmadıqları şeyləri danışır, özləri inanmadıqları sözlərə başqalarını inandırmağa çalışırlar. Ona görə ki, həm İslam peyğəmbəri bu barədə xəbər verib, (Xəbər verib ki, insanlarların dinə kütləvi gəldikləri və dindən kütləvi uzaqlaşdıları vaxtlar olacaq) həm də ateistlər belə bir dövrdə insanların dindən uzaqlaşmalarını daha normal və daha təbii hesab edirlər. Bir sözlə, ateist iddiası və "söz oyunu" .

Dördüncü: Bu isə İslam dininin ümumi xülasə mövqeyidir ki, peyğəmbərimiz dünyanın sonuna yaxın dinsizliyin artacağı barədə hədislərində xəbər vermiş, həmin dövrdə hətta, insanlar dindən o qədər uzaqlaşacaqlar ki, bu zaman kəlimeyi-şəhadət deməyin belə fayda verəcəyini - bildirmişdir. Üzərində olduğumuz bu əsr şübhələr və şəhvətlər (ehtiraslar) əsridir. Belə bir dövrdə bir insanın ehtiraslara və şübhələrə aldanması daha təbiidir və daha çox gözləniləndir. Ona görə də bu cür iddiaları etmək çox yersiz və məntiqsiz yanaşmadır.

Beşincisi: Əksinə, belə bir çətin zamanda dünyanın 20 faizinin müsəlman olması özü insanlara bir ibrətdir. Məsələyə yanaşmada dünyanın az qala hər ölkəsində müsəlmanların mövcudluğu qabardılsa, daha münasib olardı.

Altıncısı: Bir çox ölkələrin İslama qarşı müharibə etməsi amili; Məsələn əhalisi milyardı keçən, az qala müsəlmanlarla bərabər olan təkcə Çin dövlətində (dünyanın 20 faizdən çox əhalisi yaşayan ölkə) rəsmi şəkildə İslama qarşı müharibə və mübarizə edilir, İslamın təbliğinin qarşısı ən amansız şəkildə alınır, Uyğur türklərinə qarşı müsəlman olduqları üçün soyqırım edilir. Dünya isə buna susur, hətta, "sülhpərvər""humanist" ateistlər də nədənsə susurlar. Xristian ölkələrə gəldikdə isə İslama qarşı elə orta əsirlərin səlib yürüşləri, yerlə yeksan edilən müsəlman şəhərləri də bura bir amil kimi daxil edilməlidir. İndiki dövrdə də bəzi xristian ölkələrindəki İslamafobiya dalğalarını da bura əlavə etsək, dünya mediasında qəsdli şəkildə İslamı qaralamaq kampaniyasının getdiyi bir zamanda İslamın dünyada niyə əksəriyyətin dini olmadığını iddia etmək sadəcə savadsızlıqdır, dünyadakı proseslərdən bixəbər olmaq deməkdir.

Yeddincisi: "Çoxluq və azlıq" anlayışı həqiqət meyarı baxımından nə İslam dinində, nə qədim yunan fəlsəfəsində, nə müasir fəlsəfədə, nə də ateizmin özündə hüccət və dəlil hesab edilmir. Belə olduğu halda dünyanın 80 faizinin İslamdan uzaq olması çox normal bir haldır və heç də İslama qarşı dəlil deyil.

Gəlin, indi şübhənin növbəti hissəsini oxuyaq. Sonra isə ateist belə deyir:

«Bu qədər insanı da bu dinə inanmır deyə əbədi yandırmağı planlayır.» Artıq ikinci şübhəyə cavab verərkən bu barədə danışmışdıq. Təkrar olmasın deyə bu məqaləni oxumağı tövsiyə edirik:

İslam çatmayıb başqa dində olanın aqibəti necə olacaq?

Sonra isə ateist deyir: «İslam əsrlər sürən savaşlar, xərac, basqıyla yayılmış və bu günə şəriət rejimlərin edam qorxusu, təhdit, təqlidlə gəlmişdir.»

Bu şübhənin cavabı: İslam dininin yayılmasında bir çox amillər olmuşdur. Müsəlmanların dünyada güc sahibi olduğu dönəmləri daim qısqananlar olmuşdur. Nədənsə, bütün dünyaya əsrlərlə hökm edən bir dinin xurafat, cəhalət, elmdən uzaqlıqda vəsf edənlər özləri də nə danışdıqlarının fərqində deyillər. Yalnız güc yoluyla bu kimi şeylər özü də əsrlərlə qorunub saxlanıla bilməz. Çünki, tarixdə güclü dövlətlər çox olmuşdur. Lakin, İslamın yayılma səbəblərini bilənlər bunun yalnız savaşlar yoluyla olduğunu deyə bilməzlər.

Təkcə indoneziya kimi böyük bir ölkədə İslamın müsəlman tacirlər vasitəsiylə, döyüş olmadan yayılmasını yəqin ki, ateistlər özləri də yaxşı bilirlər. Bir də İslamın dünyada hökm sahibi olduğu dönəmlərdə müsəlmanların dinin əmr və qadağalarına bu günkündən daha yaxşı əməl etmələrinin şahidi olarlar. Deməli, müsəlmanların mənəvi gücü İslamın daxilindən gəlir. Bu mənəvi güc isə elm və hikmət olmadan əsrlərdir xalqları bir arada cəm edə bilməzdi.

Malaziya ölkəsi… Hansı qılınc gücü ilə Malaziyada İslam yayılıb? Yaxud da hansı ordular oraya gedib? Hamısı Allahın müvəffəqiyyətindən sonra, müsəlmanların gözəl təbliği nəticəsində orada İslam yayılmışdır.

İndi isə Hindistanın tarixinə nəzər salaq; Müsəlmanlar Hindistana təxminən min il boyunca hökmranlıq etmişlər, dini qəbul etdirmək üçün qılıncdan istifadə etməyiblər. Sən buna görə də dini qınaya bilməzsən.

Bu gün Hindistanın iyirmi faizi müsəlmandırsa, qalan səksən faizi hindus və başqa dinlərə etiqad edənlərdir. Lakin, görürsən ki, müsəlmanlar min il boyunca orada hökmranlıq etsələr də orada güc tətbiq etmədiklərinə, insanları qılıncdan keçirməklə dinə məcbur etmədiklərinə görə bu gün orada müsəlmanların sayı azdır. Əksinə, qlınc gücündən orada yaşayan yerli tayfalar və həmin din sahibləri istifadə edərək öz dinlərini qorumağa çalışmışlar.

Həmçinin, Afrika: Afrikanın şərqində, qərbində və bir çox yerlərində İslam təbliğçiləri vasitəsi ilə İslam dini yayılmışdır. Bəzən bir qəbilə başçısının İslamı qəbul etməsi ilə bütün qəbilə İslamı qəbul etmişdir. Bəzən isə böyük bir dövlətin başçısının İslamı qəbul etməsi ilə o ölkədə İslam yayılmışdır. Bunlar hər biri tarixi faktlardır.

Bu dinin dəlilləri də sübut edir ki, İslamda etiqadı qəbul etdirmək məcburi deyil, könül xoşluğu ilədir. İslam dini insanların qəlbinə xitab edir. Bu səbəblə də bir insana dini zorla qəbul etdirmək yolverilməzdir. Əksinə, dini insanlara sevdirməli və onlara İslam dininin haqq olduğunu hikmətlə, gözəl öyüd-nəsihətlə başa salmalıyıq. İstəyən qəbul etsin, istəyən etməsin. Allahın da buyurduğu kimi: «De: Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın.» (əl-Kəhf, 29)

«Biz səni onların üstündə gözətçi qoymamışıq.» (əl-Ən`əm, 107)

«Onlar iman gətirmədiklərinə görə az qala özünü həlak edəcəksən.» (əş-Şüəra, 3)

«Dində məcburiyyət yoxdur.» (əl-Bəqara, 256)

Bu ayələr də bir daha sübut edir ki, etiqadı qəbul etdirmək məcburiyyətlə deyil, könül xoşluğu ilə olmalıdır.

Zorla bir dini qəbul edən bir insan çox asanlıqla da o dini tərk edir. Bir baxın İslami fəthlərin yayıldığı bir dövrdə, dünyanın böyük bir hissəsi İslam ərazilərinə qatıldığı bir zamanda belə müsəlman komandirlər Peyğəmbərimizin tövsiyyələrini yerinə yetirir, insanları öldürmür, onları məcbur etmirdilər ki, İslam dinini qəbul etsinlər.

Bu barədə daha geniş məlumat almaq istəyənlər buyurub bu məqaləni oxuya bilərlər:

Qılınc gücü müsəlmanı nə deməkdir?

Qeyd: Məqalədə İslamın qılınc gücünə yayılıb yayılmaması mövzusu müzakirə olunur.

Topladı və tərtib etdi: Sahib Əsədov.