Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İslamda zinakar və təcavüzkarın cəzası haqda şübhəyə cavab

Şübhə belədir: «İslam iffəti necə qoruyur ? İslamda zina və təcavüz edənə cəza üçün 4 şahid tələb edilir (Nur 4, Nisa 15) Şahidli zina qrupda olar. Təcavüzü isə kim 4 şahid yanında edər? Təcavüzə uğramış qadın şahidi olmadan şəriət məhkəməsinə getsə, iftira təqsirindən dəyənək cəzasın alar. 4 şahid kimi məntiq xarici tələbin niyyəti qadını sosial həyatdan çıxarmaq üçün güvənliyini qaldırmaqdır».

Şübhənin cavabı: Bu məsələdə də öyrəşdiyimiz kimi ateistin dini bilməməsi, bütün mövzulara qərəzli yanaşmağı özünə peşə seçməsi aydın görünür.

Fikir versəniz qadının zina etdiyinin dörd şahidi olmalıdır ki, bu isbat olunsun. Dörd şahid hər biri öz gözüylə zinaya şahid olmazsa, məsələn; üç nəfər şahid olarsa, bu mötəbər şahidlik sayılmır. Zinanın isbatıın yalnız dörd şahid yolu yoxdur. (Bu məsələ qarşıda izah olunacaq) Ateistlər bu şübhəni heç özləri də başa düşməyiblər. Bu şübhəni gətirməklə əslində özlərini gülünc vəziyyətə salıblar. Sübut nədir?

Sübut odur ki, əslində dörd şahid gətirmək şərti ona görə qoyulub ki, təmiz qadınlara iftira atılmasın. Əksinə, bu qadınları zina iftirasından qorumaq üçün, ittiham isbat olunmadıqda isə qadın üzürlü hesab olunur. Qadın özü etiraf edərsə və ya ərindən qeyrisindən hamilə qaldığı sübut olunarsa, (halbuki, müasir dövrdə bunu bilmək rahat bir şeydir) bu zaman dörd şahidə ehtiyac qalmır. Zinakar kişi də zinasını etiraf edərsə, yenə dörd şahidə ehtiyac qalmır. Qadının zina etdiyini deyən kimsə bunu sübut etmək üçün dörd şahid gətirməlidir.

Qadına təcavüz olunduğu zaman isə bunun əsli zina olsa da quldurluq halı baş verdiyi üçün bu zaman iki şahid də bəs edir və quldurluq edən quldurlara verilən cəza ilə cəzalandırılır. (Əl-Maidə 33). Əgər qadının öz istəyi ilə zina etdiyi iddia edilərsə, bu zaman dörd şahid gətirmək tələb olunur.

Qadın özünə təcavüz edildiyini isbat etmək üçün məhkəməyə baş vurduğu zaman isə o bunu isbat edə bilməzsə, o məcbur edildiyini iddia etdiyi üçün qadının özünə də bir cəza düşmür. Bu ateistlərin uydurmasıdır və ya bu məsələni yanlış anlamalarıdır. "Qadına dəyənək vurulur" deyənlər qoy dəlil gətirsinlər görək! Onlar heç nə danışdıqlarını və bu sözü haradan götürdüklərini bilirlərmi? Qoy bizə bu yalanlarına mötəbər deyil, uydurma bir mənbə göstərsinlər, əgər bacarırlarsa, təbii ki…

Lakin, qadın məhkəməyə müraciət etdikdə məsələnin ətraflı şəkildə araşdırılmasını tələb edə bilər. Qadına təcavüz edən əgər doğurdan bunu edibsə, təcavüzkarın etiraf etməsi də kifayət edir, mütləq iki şahidə ehtiyac qalmır. İki şahid məhz təcavüz halında (qeyri təcavüz halında, iki tərəfin razılığı halında isə 4 şahid gərəkir), təcavüzkarın günahını etiraf etmədiyi zaman tələb olunur.

Qaldı ki, zinanın isbatı üçün 4 şahid tələb olunmasına, bunun başqa faydalarından biri də odur ki, bəzən əksinə olur, bir qadın hansısa kişini şərləyib onunla zina etdiyini iddia edir. Əgər zina ittihamı asan bir şey olsa və asan yolla insanları şərləmək mümkün olsa, onda həbsxanalar iftira ilə həbs olunmuş məhkumlar ilə dolardı. İslam dini isə bütün bu ehtimalların qarşısını alaraq zina iftirasının qarşısını alır. Dediyimiz kimi zinaya məcbur edilən qadının haqqını tələb etmək üçün zinaya məcbur edənin etirafı da bəs edir. Şükür Allaha ki, ölkəmizdə kimisə etiraf etdirmək çox asan bir şeydir. Əsas qadının doğru danışdığı məlum olsa, hansısa müsəlman ölkəsində çox vaxt zinaya məcbur edən insanı etiraf etməyə təşviq edirlər və o şəxs zina etdiyini danmır. Bunun yollarını cinayətlər üzrə ekspertlər, mütəxəssislər çox yaxşı bilirlər. Yəni, zinanın isbatı bu günkü gündə çox asan bir şeydir. Zina edənin spermasının nümunəsini və izini tapmaq da çox asan bir şeydir. Lakin, hər tapılan sperma nümunəsi dərhal dəlil hesab edilmir, müəyyən şərtlərlə bu da məqbul olur. Çünki, bu cür də şərləmə halı ola bilər. Qadın hamilə olduqda, şükür Allaha ki, qeyd olunan yolla da çox asan şəkildə xəyanəti müəyyən etmək olur.

Qədim zamanlarda zinanın isbatı üçün «qafiyə elmindən» də istifadə olunurdu. Bu zaman mütəxəssis şəxs uşağın əl və ayaq uclarından və ya başqa bəzi orqanlarından müqayisəli şəkildə onun əsil atasını müəyyən edirdi. Bu üsulu da qeyd etdik ki, bu məhz müsəlmanlarda olan məşhur metod olmuşdur.

Bəzən insan hətta şəhvətinin qurbanı ola bilər. Yəni, məsələn; qadın və kişi bəzən zina etmək fikrinə düşər, bu səviyyəyə çatarlar, tək qalmaq vəziyyəti və zina etməyə münasib hər bir şərait olduğu halda birdən zina etmək fikrindən daşınıb tövbə etmək istəyə bilərlər. Ola bilsin ki, hər ikisi tövbə etsin və elə bu zamanda kimsə onları görsə, artıq şahidlik etməli olsa, bilmədən onlara böhtan atmış olacaq və onları etmədikləri bir əmələ görə şahidlik edərək onların ölümünə səbəb ola bilər. Halbuki, onlar həmin anda İslama görə tövbə etmiş sayılırlar.

Zatən Uca Allah məsələni dörd şahidə əsasən ona görə qaytarıb ki, insanlar tövbə edə bilsinlər. Yəni, bu işin isbatı çətinləşdikdə insanlar tövbəyə yönəlsinlər.

Onsuz da İslam tarixində heç kimi zina şahidliyi üstündə tutmayıblar. Ancaq rəcm (daşqalaq) edilənlər istisnadır. Onlar isə özləri gəlib günahlarını etiraf edənlər olmuşdur. Allah da ona görə dörd şahid məsələsini əmr edib ki, kimsə kimsəyə böhtan atmasın, həm də günah edənlərə tövbə fürsəti verilsin.

Özləri zina etməyi etiraf edənlərin cəzasına gəldikdə isə bu onlar üçün bu dünyada bir təmizlik olurdu.

Bəzi rəvayətlərdə isə peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) ona zina etirafı etməyə gələnlərin şiddətli zina cəza almaması üçün onları etirafdan yayındırmaq, "bəlkə belə olub? Bəlkə belə olub? Bəlkə sadəcə toxunmusan, bəlkə sadəcə öpmüsən?" buna bənzər sözlər deyərək üzürlər axtarması halı olsa da, insanlar özləri peyğəmbərin yardımını və cəzadan xilas olmağı seçmirdilər. Bu ona dəlildir ki, tövbə ediləsi yerdə, tövbə qapısı açıq, olduğu halda Allah insanları cəzalandırmaq istəmir. Peyğəmbər insanların cəzalanmaması üçün də köməklik edirdi. Bu isə o deməkdir ki, İslamdakı cəzalardan məqsəd insanların islahıdır, insanların təmizlənməsidir. Elə olmasaydı, peyğəmbər cəza istəyən kimsəyə üzürlər axtarmazdı. Elə olmasaydı cəzaların şübhə vasitəsilə, bəzən, kiçik bir şübhə ehtimalı cəzanın tətbiq edilməməsi, cəzanın tətbiqinin aradan götürülməsi qaydaları İslamda olmazdı. Şübhəni gətirmək başqa, onun tətbiqi və cinayətlərin aradan qaldırılmasındakı fayda və nəticələr isə Qərb dövlətləri ilə müqayisə olunmaz dərəcədə yüksəkdir.

Xülasə, ateistlərin İslami dəlilləri necə öz istəklərinə uyğun təhrif etdiklərinin, onların dindən necə bixəbər olduqlarının yenə şahidi olduq.

Topladı və tərtib etdi: Sahib Əsədov.