Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Uşaq və zəiflərin ölümünə niyə mane olunmur?

Zəiflərin və uşaqların ölümü və xəstəliyi barədə:

Sual: Belə bir sual göndərdilər: Dünyada baş verən şər hadisələrdə günahsız insanlar, zəiflər və uşaqlar öldürülür. Onların nə günahı var axı? Nəyə görə insanların törətdikləri vəhşi əməllərdə və ya təbii fəlakətlərdə günahsız canlar həlak olur? Allah bunların ölümünə niyə müdaxilə etmir?

Cavab: Ümumiyyətlə insanlar arasında yanlış bir anlayış var ki, günahsız insanların, uşaq və zəiflərin başına şər hadisə gəlməsi və ya onların acı çəkməsi mümkün olmalı deyil. Çünki, onlar buna layiq deyillər və ya elə bir iş görməyiblər ki, başlarına şər hadisə gəlsin və ya acı çəksinlər. Xüsusən də uşaqlar və körpələri qeyd edirlər.

Problem isə yalnız bunda deyil. O zaman ki, bəzi insanlar onların acısına, istirabına həddən çox fikir verirlər, lakin, bu dəfə kimisə günahkar çıxarmağa və ya təqsirləndirməyə başlayırlar. Səbəbkarı təqsirləndirmək üçün isə birinci səbəbi bilmək lazımdır. Məsələn; Suriya müharibəsində göydən yağan bombaları hər halda Allah yağdırmır. (Bütün işlərdə Allahın icazəsi olsa da şər işlər Allaha nisbət edilə bilməz). Bu bombaları insan əqlinin inkişafı nəticəsində yüksək texniki vəziyyətdə olan döyüş təyyarələri atır. Maraqlısı budur ki, bu məsələnin təsəvvürü o təyyarədə vaxtı ilə insanların başına bomba yağdıran birinin övladı da gələcəkdə böyüyüb dinsiz olsa və uşaqların ölümündə öz bombardmançı atasını təqsirli görmək yerinə Allahı təqsirli gördükdə ona desələr ki, axı sənin atan bu bombaları atıb körpə uşaqların ölümünə səbəb olmayıbmı? Sən niyə Allahı suçlayırsan? Həmin adamın isə: "Allah gərək buna icazə verməzdi" deməsi kimi absurd bir iddiadan ibarətdir. Yəqin ki, məsələ daha yaxşı anlaşıldı.

Yaxşı, indi isə görək Allahın hansısa hadisəyə müdaxilə etməməsinə görə biz Allahı ittiham edə bilərikmi? Görəsən, biz əslində kimisə təqsirləndirməliyikmi? Əgər təqsirləndirəcəyiksə, uşaqları bombalayan insan övladını təqsirləndirməliyik? Yoxsa, Allahı?

Birdən sual olsa ki, təbii fəlakətlərdə ölənlər necə olsun bəs? Onda suala daha ümumi cavab verməzdən əvvəl deyirik ki, uşaq və zəiflərin ölümü müxtəlif səbəblərdən olur. Bu bir maşın qəzasında da ola bilər, bir zəlzələdə də ola bilər. Biz bəşər övladı olaraq sosial şəbəkələrdən eşitdiyimiz xəbərlərdə zəlzələ fəlakətlərində günlərlə heç nə yeyib içmədən dağıntılar altında qalmış uşaqların da sağ-salamat qalmasının dəfələrlə şahidi olmuş, izləmişik.

Hər bir insanın həyatında xoşbəxt və bədbəxt hadisələr olur. Bəzi insanlar xoşbəxt hadisələrə Allahın müdaxilə etməsini istəmədikləri halda, bədbəxt hadisələrə Allahın müdaxilə etməsini istəyirlər. Bir sözlə yalnız xoşbəxtliyin olduğu cənnət kimi bir yer istəyirlər. İnsan ən birinci dünya adlanan və əbədi olmayan keçid həyatından başqa bir həyata, son mənzilə, gedəcəyini düşünməlidir. Uşaqların fitrət üzərində ölməsi halında Cənnətə gedəcəklərindən hələ danışmırıq, ola bilsin ki, onlardan bəziləri yaşasaydılar həmin qazanacaqları cənnəti də itirə bilərdilər.

Deməli, bu cür hallarda günahkar axtarmaqla bir növ insanlar düşdükləri emosional durumundan çıxış yolu axtarırlar. Sanki, kimisə ittiham etməklə problem qurtarır. Əslində isə belə deyil. Təbii ki, Yaradanı bu hadisələrdə suçlamaq ya imanı və elmi zəif insanlar tərəfindən baş verir, ya da ümumiyyətlə dinlə əlaqəsi olmayan şəxslər tərəfindən baş verir. Onlar belə düşünürlər ki, yaradan onları qorumağa qadirdisə, bu kimi hallar niyə baş verir? Bu düşüncə yanlışdır;

Birincisi: Ona görə ki imtahan dünyası ümumidir, lakin, insanın əbədi qalacağı yer deyil. Əbədi qalacaq yerdə Allah hər kəsi layiqli yerində edəcək, günahsız ölən körpələr də dünyanın bir çox sıxıntısını görmədən əbədi səadətə çata biləcəklər. Bu, bir insanın keçdiyi dünya həyatı mərhələsini kimisi dünyada bir gün qalmaqla, kimisi beş il, kimisi altmış il və s. qalmaqla başa vurur. Bəzən altmış il yaşayan insan pis əməllərinə görə cənnəti itirir, beş il yaşayıb ölən uşaq isə Cənnətə düşür. Bunlar nisbi məsələlərdir. Ona görə də şərt dünyada çox qalmaq deyil. Ona görə də bəzi insanlar yaşadıqca günahlarının çoxaldığı üçün heç dirilməməyi təmənna edəcək: O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (Nəbə, 40) Deməli, o insanların yaşamaları heç də xeyirlərinə olmadı və yollarını azdılar. Ona görə də insanın aşağı yaşı hesab olunan illərində ölən uşaqların əgər yaşasaydı, yaxşı və ya pis insan olacağını - Allahdan başqa - heç kim bilmir.

Biz dünyanın imtahan yeri olduğunu, imtahan olunmadan bu keçid diyarında əbədi həyata gedənlərin yüklənmədən getmələrini, lakin, əsas təhlükədən xilas olduqlarını, bunun kimi körpəyə və ya uşağa üz verən ağrı-acının, o böyüyəndə də istəlinən yaş həddində də üz verə biləcəyini bilmək gərəkir. Günahsız yerə öldürülənlər və zəiflərin ölümü də onların bu kədərlərlə dolu dünyadan daha xoşbəxt bir aləmə getmələrilə nəticələnir. Onlar bu dünyanın hüzünlərindən rahatlayırlar və başqa rahat aləmə gedirlər. Muhəmməd (sallallahu aleyhi və səlləm) peyğəmbər bir dəfə bir cənazənin şahidi olur və buyurur: «Rahatladı və ondan rahatladılar». (Səhabələr) dedilər: «Ey Allahın Elçisi! Bu rahatlanan və özündən rahat qalınan nə deməkdir?» (Peyğəmbər) dedi: «Mömin qul dünyanın yorğunluğundan və əziyyətindən Allahın rəhmətinə getməklə rahatlayır. Günahkar kimsəyə gəldikdə isə onun şərrindən insanlar, ölkələr, ağaclar və heyvanlar rahatlayır.» (Buxari, 6147; Muslim, 950).

Bu məqamda hər bir şərin xeyirli tərəfinin olması, xalis şərin olmaması amili də nəzərə alınmalıdır.

İkincisi: Bəzi insanlar özlərinin hadisələrə «emosional reaksiya vermələrini və şəfqətlərini» Allahın hadisələrə yanaşması ilə eyni tutur, müqayisə etməyə çalışırlar. Eyni zamanda Allahın ad və sifətlərini bilmədikləri üçün Onun «yazığı gəlməsinin, acımasının, rəhmətinin» insanlardakı «yazığı gəlmə və rəhmət» hissləriylə eyni tutur və ya müqayisə etməyə çalışırlar. Şəkk yoxdur ki, Kainatın yaradıcısı olan Allah məxluqlarla bərabər tutula bilməz və məxluqun hissiyatı olduğu kimi Allaha nisbət oluna bilməz. Mütləq ki, Yaradıcı və yaradılmışların fərqi var və olmalıdır da. Lakin, bu o demək deyil ki, Allah kainatı başlı-başına buraxmışdır. Bununla yanaşı qeyd olunduğu kimi dünya cənnət deyil ki, burada heç bir pis hal, zülm, haqsızlıq və şərin növləri olmasın.

Uşaqlara gəldikdə isə insanların onlara daha çox yazığı gəlməsi onların yaşlarının az olmasına görədir, başqa bir şeyə görə deyil. Çünki, böyüklər də ağrılara, iztirablara və xəstəliklərə tuş gəlsələr də biz eyni (uşaqlar üçün edilən) reaksiyanı onların durumuna münasibətdə müşahidə edə bilmirik. Ona görə də əgər belə demək doğru olarsa, bu cür düşünərək Allahı ittiham etmək mövzuya dəxli olmayan düşüncə tərzidir. Lakin, bilmək lazımdır ki, hər kimin başına belə bir hadisə gələrsə (uşaq ölümü) və o və səbr edərsə, o kimsə buna görə savab qazanar. Kim də səbr etməzsə, zərəri özünə olar. Eləcə də kim uşağa və körpəyə əziyyət verərsə və ya buna qəsdən səbəb olarsa, o kəs bu əməlin məsuliyyətini daşıyır və Qiyamət günü Allah ondan o uşağın intiqamını alar.

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər(sallallahu aleyhi və səlləm) belə demişdir:

«Bir insanın uşağı öldükdə Allah mələklərinə deyər: Qulumun övladının canını aldınızmı? (Mələklər) deyərlər: Bəli. Allah deyər: Onun qəlbinin meyvəsinimi aldınız? (Mələklər) deyərlər: Bəli. Allah deyər: Qulum nə dedi? (Mələklər) deyərlər: «Sənə həmd-sənalar etdi və innə lilləhi va innə ileyhi raciun!» Allah deyər: Qulum üçün cənnətdə bir ev inşa edin və onu Həmd evi adlandırın.» (Sünən ət-Tirmizi, 1021).

Fikir versəniz, bu ilahi hədisdə Allah buyurur: «Onun qəlbinin meyvəsinimi aldınız?» Bu elə bir vəsfdir ki, bunu yalnız Allahın övlad verdiyi kimsələr anlaya bilərlər. O zaman ki, insan qəlbində bu böyük neməti hiss edir, o insan bu övlad nemətini itirdiyi zaman bu müsibətə səbr edərsə, böyük savab qazanar. Bəs sonra nə?
Sonra isə əgər özü və övladı, hər ikisi cənnət əhlindən olsalar, Allah onları cənnətdə bir arada cəm edər. Beləcə, uşaq ölümünə səbr etmək o uşaqların valideynləri və yaxınlarının cənnətdə bir araya gəlmələrinin bir yoludur.
Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) özü də uşaq ikən atasını görmədən öncə atası ölmüş, anası isə o balaca uşaq olarkən (6 yaşında olarkən) vəfat etmişdi. Sonra isə babası ölmüşdü. Peyğəmbər olduqdan sonra onu böyüdən əmisi dünyasını dəyişdi. Həyat yoldaşı Xədicə vəfat etdi. Sonra əmisi Həmzə vəfat etdi. Ardınca da bir çox yaxın səhabələri. Əsasən də oğlu İbrahim bir yaş yarımı keçməmişdi ki, vəfat etdi. Peyğəmbər səbr etdi, ağladı və gözlərindən yaş gələrək belə dedi:

«Həqiqətən də gözdən yaş gələr, qəlb kədərlənər, yalnız Rəbbimizi razı salan söz deyərik. Ey İbrahim! Həqiqətən də biz səninlə ayrılığa kədərliyik!» (Buxari, 1220; Muslim, 4279).

Muhəmməd peyğəmbər (Sallallahu aleyhi və səlləm) də yaxın qohumlarının və ən əsası bir yaş yarımlıq oğlu İbrahimi itirməklə imtahan olunsa da, insanlara bir qəzavü-qədərə razılıq nümunəsi oldu.

Topladı və tərtib etdi: Sahib Əsədov