Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Ögey qızla evlənməyə icazə" yalanına cavab, Nisa 23-cü ayə

Nisa surəsi 23-cü ayəyə gəldikdə isə bir çox ateistlər bu ayəni şübhə kimi gətirməkdən çəkinirlər. Bu yazını yazan ateistin bu qədər cürətlə az sonra oxuyacağınız şübhəni gətirməsi isə sadəcə şübhənin cazibədar başlıqlı "İslamda ögey qızı ilə evlənməyə icazə verilir" şəklində təqdim edilməsi və məsələni araşdırmayan, hər eşitdiyinə inanan insanların mövcudluğunun nəzərə alınması ilə əlaqəlidir. İndi isə gəlin insafla bu ayədə əslində nədən söhbət getdiyini və söhbətin məcrasını haqsızcasına, savadsızcasına hansı istiqamətə yönləndirilməsinə fikir verək. Deməli, ayədə evlənilməsi haram olan qadınlardan danışılır. Ayənin anlaşılması gərəkən yeri belə başlayır:

«… yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, (da sizə haram edildi).» Yəni, ayədə çox gözəl izah verilir. Asan anlaşılsın deyə, deyək ki, əgər dul qadınla evlənsəniz və o qadının keçmiş ərindən olan qızı və ya qızları varsa, siz evləndiyiniz həmin dul qadınla cinsi əlaqədə olsanız, fərq etmir, həmin dul qadını toydan bir neçə gün sonra və ya bir neçə il sonra boşamaq halı baş verərsə, o qadının qızları sizin ögey qızlarınız hökmünə düşmüş sayılır və siz o qadını boşasanız belə aranızda yaxınlıq olduğu üçün siz o qadının qızlarını da ala bilməzsiniz. Bu ayənin mənası asan anlaşılıb deyə mənaca bu cür izah etdik. Ayənin davamı isə belədir və şübhə gətirdikləri yeri də bu yeridir: «Yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir.»

Gəlin bu ayəni ateistlərə izah edək:

Birincisi: Məlum olduğu kimi adətən dul qadın ilə evlənən və onunla yaxınlıq etmədən boşanan hallar nadir hallar hesab olunur.

İkincisi: Bu hallar nadir hal da olsa, yaxınlıq olmadan olan boşanmalar evlilikdən dərhal sonra olur. Yəni, evlənirlər, gərdəyə girmək halı baş tutmur və dərhal boşanma halı baş verir. Ayənin şübhə gətirilən hissəsində də məhz bundan söhbət gedir. Yəni, həmin qadına toxunulmayıb və boşanma baş tutub. Həmin qadının qızı isə keçmiş ərindən olan qızıdır, öz qızı deyil. Belə bir hal olarsa ki, nə vaxtsa, həmin şəxsin evlənib dərhal yaxınlıq olmadan boşadığı qadının qızıyla evlənmək fikiri olarsa, bunu etmək ona günah olmaz. Lakin, əgər onlar toydan bir gün sonra boşansalar belə, əgər cinsi yaxınlıq baş vermişdirsə, bu zaman həmin kişi boşadığı dul qadının başqa kişidən olan qızı ilə (Yəni, öz ögey qızı ilə) evlənə bilməz.

Üçüncüsü: Sual verilə bilər ki, nəyə görə dul qadınla sırf cinsi əlaqənin baş tutması məsələsi qabardılır?

Cavab: Burada başqa hikmətlər də ola bilər. Lakin, biz məsələnin tibbi cəhətdən izahını verməyi uyğun görürük: Deməli, müasir tibb elmi artıq sübut etmişdir ki, bir qadın bir kişiylə cinsi münasibətdə olmuşdursa, həmin qadının uşaqlıq yolunda sonuncu dəfə cinsi əlaqədə olduğu kişiyə məxsus əlamətlər qalır. Ona görə ola bilsin ki, ona görə ögey qız hesab olunmaq üçün dul qadınla onunla evlənən kişi arasında cinsi əlaqənin baş tutub tutmaması əhəmiyyət kəsb edir. Daha düzünü isə Allah bilir.

Göründüyü kimi nadir hallarda baş verəsi bir hal - qızları olan dul qadınla evlənirsən, sonra onunla cinsi əlaqədə olmadan onu boşayırsan, sonra da onun qızı ilə evlənmək fikrinə düşürsən. Bu ən nadir halda baş verə biləcək hallardır. Biz demək olar ki, ərəblər arasında da uzun müddət yaşasaq da heç onların arasında belə bir halın baş verdiyini eşitmədik.

Dördüncüsü: Həmin ayənin özündə «ögey qızı» sözü dul qadınla evlənib yaxınlıq edilməsi qeyd olunan cümlənin içində qeyd olunmuşdur. Lakin, dul qadınla evlənib yaxınlıq baş vermədən boşanma halı keçən hissədə "ögey qızı" sözü işlənməmişdir.

Bir də dul qadınla təkcə yaxınlıq olmaması şərt deyil, eyni zamanda boşanma da baş tutmalıdır. Ümumiyyətlə, İslamda ana ilə balanı eyni vaxtda almaq elə eyni ayədə haram hesab edilmişdir.

Beşincisi: Bu hal İslam şəriətinə görə izah edildi və nə üçün problem olmadığı aydın şəkildə izah edildi. Lakin, bunun həqiqi mahiyyətini gizlədən və "ögey qızı ilə evlənmək icazəlidir" kimi başlıqlar qoyduqda ateistlər unudurlar ki, onlar "insest evliliklərin" hətta İslamda haram olan növlərini belə normal və icazəli hesab edirlər. Ona görə yaxşı deyilib ki, "öz evi şüşədən olan kimsə gərək başqasının evinə daş atmasın". Biz bu barədə Qərb ölkələrindən deyil elə ölkəmizdəki ateistlərin lazım gəlsə adlarını çəkərək hansı tarixdə bacı və qardaşın cinsi münasibətinə normal baxmaları barədə xəbər verib facebook'da yazdıqları statusları burada qeyd etməyi də edə bilərik. Lakin, bizim kimisə ifşa etmək və utandırmaq niyyətimiz yoxdur. Allahdan bu səhvi edənlərə hidayət istəyirik!