Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbəri ﷺ nə qocaltdı?

İlk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyyə edirəm. Qiyamət günü qurtuluşun yolu məhz Allahdan qorxmaqdır. Allahdan qorxmayanlar zərər və ziyana uğramış və peşman olacaq kəslərdir. Odur ki, Allahdan qorxun ki, nicat tapanlardan olasınız!

Möhtərəm müsəlmanlar! Nəyə görə oxuyuruq, əməl etmirik? Eşidirik, amma tətbiq etmirik. Bildiklərimizi yaşamırıq və ya yaşaya bilmirik?

Ziyad ibn Ləbibi əl-Ənsari (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bizə Qiyamətə yaxın baş verəcək bəzi təhlükəli məqamları xatırlayıb dedi: Bu Allahın insanlara endirdiyi "Elm" yox olduqdan sonra baş verəcək. Biz dedik: Elm, nece yox ola bilər ki? Biz, uşaqlarımız və nəvələrimiz gecə-gündüz Quran oxuyur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurdu: "Anan səni itirsin ey İbn Ləbid. Bəyəm sən yəhudi və xristiyanları görmürsənmi? Onlar da İncil və Tövratı oxuyurlar. Ancaq ondan heç bir fayda götürmürlər". Kitabları təhrif olunmağına baxmayaraq içində qalan səhihinə belə əməl etmirlər. (Tirmizi, Əhməd, İbn Macə)

İmam Əhməd buyurur ki: "İnsanların oxuyub əməl etməmələrinin səbəbi oxudularını təfəkkür etməmələridir".

Əziz müsəlmanlar! Əvvəla hər birimiz Quranı oxumalı və ona əməl etməyə çalışmalıdır. Bu elə bir kitabdır ki, orada hər bir şey zikir olunmuşdur. Bu kitabda nə bir naqislik, nə də bir əlavələr vardır. Bu kitabda bizdən əvvəlki ümmətlərin və peyğəmbərlərin həyatlarındakı ibrətamiz məqamlar zikir olunmuşdur.

Quran Muhamməd peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) 23 il ərzində nazil olmuşdur. Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) isə 63 il yaşamışdır.

Bir gün Əbu Bakr (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) “Ey Allahın rəsulu səni nə qocaltdı?” deyə soruşdu.

شَيّبَتْنِي هُودٌ، وَالْوَاقِعَةُ، وَالمُرْسَلاَتُ، وعَمّ يَتَسَاءَلُونَ، وإِذَا الشّمْسُ كُوّرَتْ

O "Məni Hud, Vaqiə, Mursələt, Nəbə və Kuvvirat” surələri qocatdı” - deyə cavab verdi. (Tirmiz, Həkim, Əbu Yalə. Albani hədisin səhih olduğunu bildirmişdir)

Əziz müsəlmanlar bu 4 surə İslamda Hud və onun qardaşları adlandırılır.

Çox eşitmişik ki, bu həyatda yaşadığımız sıxıntılar, qəm-qüssə və kədər qocalmağımızı tezləşdirən səbəblərdəndir. Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) saçlarına ağ düşməsinin əsas səbəbini məhz bu sadalanan surələri oxumaqda, onu düşünməkdə görmüşdür.
Bəs nəyə görə Hud surəsi Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) qocalmasına səbəb olmuşdu? Axı bu surədə nədən söhbət açılır, nə xəbər verilmişdi? Nəyə görə bu surə nazil olmuşdur?

Abdur-Rahman ibn Əbu Leylə (Allah ona rəhmət eləsin) belə buyurur: "Evdə oturub “Hud” surəsini oxuyurdum". Bir qadın daxil olaraq dedi: “Ey Abdur-Rahman! Hud surəsini bu cürmü oxuyursan? Vallahi mən 6 aydır “Hud” surəsini oxuyuram, hələ də onu oxuyub qurtara bilməmişəm”.
Qadın “Hud” surəsini adi oxunuşla deyil, düşünərək, əməl edərək oxuduğuna görə bu qədər uzun vaxt o surəni bitirə bilməmişdi.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) buyurmuşdur: “Quranı şeir oxuduğunuz kimi oxumayın. Oxuduğunuz zaman qəlbləriniz oyaq olsun. Məqsədiniz surənin sonuna çatmaq, Quranı xətm etmək olmasın”.

Hud surəsi Yunus və İsra surəsindən sonra nazıl olmuşdur. Bu surənin nazil olduğu vaxtlar Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ən çətin və ən çox sıxıntı keçirdiyi günlər idi. Həmçinin elə bu vaxtlarda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) iki böyük hadisə ilə üzləşmişdi. Belə ki, onun (Ona Allahın salavatı və salamı olsun) zövcəsi Xədicə vəfat eləmişdi. Xədicə Peyğəmbərin sirdaşı, dərdini ona deyib bölüşdüyü qadın idi. Xədicə fitnələr zamanı qəlbi ilə onunla bir olmuş, malı ilə dayaq olmuş, dili ilə təsəlli olmuşdu. İkinci əzəmətli hadisə isə əmisi Əbu Talibin vəfat etməsi idi. Əbu Talib onu müşrüklərdən qorumuş və ona güclü dayaq durmuşdu. Bu iki böyük hadisədən sonra müsibətlər bir-birini əvəz etməyə başlamışdı. Elə ona görə də bu ilə tarixdə “hüzn” ili deyilmişdi. Həmçinin bu vaxtlarda səhabələr də çoxlu əziyyət çəkir, ölüm təhlükəsi ilə qarşı-qarşıya dururdular. Elə bu vaxtlarda Uca Allah “Hud” surəsini peyğəmbərə və onunla olan möminlərə təsəlli və möhkəm olsunlar deyə nazil etmişdi.

Bu surədə əsasən peyğəmbərlərin başına gələn hadisələrdən bəhs edilir. Məhz ona görə bəhs edilir ki, qəlbləri möhkəm, əməlləri səbir dolu, özləri mübariz olsunlar. Allah Təala buyurur:

وَكُلاً نَّقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاء الرُّسُلِ مَا نُثَبّتُ بِهِ فُؤَادَكَ

“Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək”. (Hud 120)

Bu surədə Allah Nuh, Hud, Saleh, İbrahim, Lut, Şueyb, Musa və onların qövmündən, həmçinin digər peyğəmbərlərin başına gələn müsibətlərdən bəhs edir. Bu surədə bəhs edilən peyğəmbərlərdən üçü “Ulul-əzm” (əzəmətli) peyğəmbərlərdir. Allah Təala bu surədə işarə edir ki, insanın başına gələn müsibətlər ardıcıl, müxtəlif formalarda ola bilər. Müsibətlə imtahan olunan müsəlmanlar Peyğəmbərlər kimi səbr etməlidirlər. O vaxta qədər ki, Allah onlara çıxış yolunu açsın. Allah Təala bu surənin başlanğıcında buyurur:

بسم الله الرحمن الرحيم: الر كِتَابٌ أُحْكِمَتْ ءايَاتُهُ ثُمَّ فُصّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ أَلاَّ تَعْبُدُواْ إِلاَّ اللَّهَ إِنَّنِى لَكُمْ مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ

Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır. Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm. (Hud 1-2)

Fikir verin, Allah Təala bu kitabı nazil etməsinin səbəbini bu ayədə bəyan edir. (Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır. Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz).

Bütün peyğəmbərlərin gəlişinin məqsədi də elə insanların yalnız Allaha ibadət etmələrinə və Ona heç bir şeyi şərik qoşmamalarına nail olmaqdır. Bu surədə və yaxud da digər surələrdə zikr olunan bütün peyğəmbərlər hamısı öz qövmlərinə "Allaha ibadət edin, Ondan başqa ibadətə layiq olan ilah yoxdur" - deyirdilər. Yəni, namaz qılmaq, nəzir vermək, qorxmaq, kömək diləmək, təvəkkül etmək və s. ibadətlərin xırda və böyük hər bir növü yalnız və yalnız Allaha olmalıdır. Bu haqq kəlmələri qəbul etməyən kafirlər peyğəmbərlərlə düşmənçilik edir, onlara əziyyət verirdilər.

Allah Təala bu surələrdə ibadətin, hər bir növünün yalnız Ona aid olduğunu bəyan edir. Sonra, kafirlərin haqqa qarşı çıxıb, peyğəmbərləri yalanlamaları üçün Qiyamət günü onların cəzası barədə belə buyurur:

"Onlar Axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar". (Hud 16)

Sonra isə Allah Təala möminlərlə kafirləri müqayisə edərək buyurur:

"Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər düşünüb ibrət almırsınız?". (Hud 24)

Allah Təala kafirlə müsəlmanı müqayisə etdikdən sonra Nuh peyğəmbər(Allahın ona salamı olsun) və onun qövmü barədə danışır.

Nuh da (Allahın ona salamı olsun) qövmünü tək Allaha ibadət etməyə çağırırdı. Qövmünün zadəganları isə cavabında deyirdi:

“Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin, sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”. (Hud 27)

Batil əhli nə qədər Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) və onun arxasınca gedənləri təhqir edib, alçaltmaq istəsələr də şərəfli olanlar elə məhz onlardır. Pulları, vəzifələri olmasa belə. Düzgün olan yol elə haqq yoludur. Kimin o yolu tutub getməsinin isə heç bir önəmi yoxdur. İbn Kəsir (Allah ona rəhmət eləsin) bu ayəni şərh edərək buyurur: "Əksinə haqq odur ki, haqq yolu ilə gedənlər kasıb olsalar belə, vəzifələri olmasa belə şərəfli olan elə onlardır".

Bir zaman Rum imperatoru Herakl Əbu Sufyandan (Allah ondan razı olsun) peyğəmbər haqqında məlumat almaq istədikdə onu suallar verir. Bu suallardan birində Herakl:

أَشْرَافُ النَّاسِ اتَّبَعُوهُ أَمْ ضُعَفَاؤُهُمْ

“Onun ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləri?” - deyə soruşdu. Əbu Sufyan

“ضُعَفَاءَهُمْ”

“Xalqın zəifləridir” - deyə cavab verdi. Herakl

هُمْ أَتْبَاعُ الرُّسُلِ

“Peyğəmbərlər də belə olur” – deyə cavab verir.” (Buxari)

Əgər haqq zadəganlarla, varlılarla, güclülərlə bir yerdə olsaydı, onda yad, əcnəbi olan Salman əl-Farisi (Allah ondan razı olsun), qul qara dərili olan Bilal (Allah ondan razı olsun) kimilər ucalmaz, ordusu, mal-mülkləri ilə iz qoymuş Firon, Qarun, Əbu Ləhəb kimilər isə zəlil olmazdılar.

Allah Təala Peyğəmbərə və səhabələrə Nuhun (Allahın ona salamı olsun) öz qövmü tərəfindən necə əziyyət çəkdiyini xəbər verir. Allah Təala Nuh (Allahın ona salamı olsun) vəhy edərək gəmi hazırlamasını əmr edir. Nuh (Allahın ona salamı olsun) gəmi hazırlayanda onlar Nuhun (Allahın ona salamı olsun) yanından keçərək onu lağa qoyurdular. Necə ki, indi haqq əhlini lağa qoyurlar. Nuh (Allah ondan razı olsun) isə cavabında onlara belə demişdir:

"Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq." (Hud 38)

Allah Təala hekayənin sonunda qələbinin haqq əhli ilə olduğunu bəyan edir. Güclü yağış endirərək onların hamısını suda məhv etdiyini bildirir.

Sonra isə Ad qövmünə göndərilən Hud peyğəmbərdən (Allahın ona salamı olsun) danışır. Hud peyğəmbərin qövmü onun dəvətini qəbul etmir və Uca Allah soyuq külək göndərməklə həmin qövmü məhv edir.

Sonra isə Səmud qövmünə göndərilmiş Saleh peyğəmbərdən (Allahın ona salamı olsun) xəbər verir. Səmud qövmü də onun dəvətini qəbul etmədiyi üçün Allah onlara qorxunc səs göndərərək o qövmü məhv edir.

Sonra Lut peyğəmbər (Allahın ona salamı olsun) və onun qövmü barədə xəbər verir. Onlar da Allahın əmrinə qarşı çıxdıqları üçün Uca Allah onların yaşadıqları yerin altını üstünə çevirərək, odda bişmiş gil daşları onların üzərinə yağdırır və beləcə haqq əhlini üstün edir.

Sonra Mədyən qövmünə Şueyb peyğəmbərin (Allahın ona salamı olsun) göndərməsindən danışır. Şueyb (Allahın ona salamı olsun) qövmünü ölçü və çəkidə aldatmamağa çağırırdı. Onlar isə asiliyində davam etdikləri üçün Allah Təala Səmud qövmünü qorxunc səslə məhv etdiyi kimi Mədyən qövmünü də qorxunc səslə məhv edir.

Sonra da Musanın (Allahın ona salamı olsun) qövmü haqqında xəbər verir. Allah Təala onları da asi olduqları üçün suda boğaraq məhv edir.

Allah Təala bu qövmlərdən danışdıqdan sonra həlakolma səbəblərinin özlərində olduğunu bəyan edərək buyurur:

“Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər.” (Hud 101)

Allah Təala bu surədə İslam Peyğəmbərinə və onunla birlikdə olan möminlərə bu qövmlərin öz peyğəmbərlərinə və onların tərəfdarlarına necə zülm verdiklərini və nəticədə Allahın onların hamısını neçə məhv etdiyi barədə xəbər verir. Daha sonra isə onları bəxbəxt adlandıraraq düşəcəkləri yerin Cəhənnəm olduğunu bildirir.

Möhtərəm müsəlmanlar! Peyğəmbərimizi qocaldan surələrdən yalnız biri – Hud surəsi barədə qısa olaraq məlumat verdik. Digər surələr isə Qiyamət gününün dəhşətindən, insanların həmin gün düşəcəkləri hallardan, əzabdan, peşmançılıqlarından və kədərlərindən bəhs edir. Çətin anlar yaşayan mömin bu surələri oxuduqda tutduğu bu haqq yoluna görə sonda onu necə mükafatın gözlədiyini düşünəndə özündə təsəlli tapır.

Həmçinin əgər haqdan üz çevirmiş olsa idi sonunun necə kədərli olacağı barədə oxuduqda, haqq yolda olduğuna görə şükr edib təsəlli tapır.

وقال ابن عباس - رضي الله عنه -: "ما نزل على النبي - صلى اللّه عليه وسلم - آية كانت أشق ولا أشد من قوله - تعالى -: فاستقم كما أمرت، ولذلك قال - صلى اللّه عليه وسلم - لأصحابه حين قالوا: أسرع إليك الشيب قال: شيبتني هود...

Abdullah ibn Abbas (Allah onlardan razı olsun) dedi: “Peyğəmbərə bu ayədən “((Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol.)” daha çətin ayə nazil olmamışdır. Ona görə də ”Səhabələr “Nə tez qocaldın?”, soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “Hud surəsi və bu surənin qardaşları məni qocaltdı” - deyərdi. (Nəvəvi Muslimin şərhində)

Surədən çıxan faydalar qısa olaraq göz ataq.

Allah qullarına qarşı çox Rəhimlidir. Qullarının ona tərəf gəlməsinə möhlət verir. Eyni zamanda əzabı da çox şiddətlidir.

Nəticə nə olursa olsun insan əzmkarlıqla, yəqinliklə inancına davam etməlidir. Əkdiymiz ağacların zəif bar verməsi və ya verməməsi bizi həvəsdən salmamalıdır. Biz nəticə üçün yox, sırf Allah əmr etdiyi üçün çalışmalıyıq. Qarşımızdakılar iman gətirə də bilər, həlak ola da bilər. Rudan düşmədən, yaxşı əməllərə davam etməliyik.

İnsanların əksəriyətinin batil yolda olması bizi ruhdan salmamalıdır. Cəmiyyətdə sayla deyil, ağılla üstünlük və qalibiyyət əldə edilir. Bəzən 1 insanı qazanmaq dünyaya bərabərdir.

İnanclar, dinlər, ancaq əzmkar, fədakar və cəsur insanların çiyinlərində ucalır. İradəsi zəif olanlar, qorxaqlar bu bayrağı heç vaxt zirvəyə daşıya bilməzlər.

Əziz müsəlmanlar! Bu surələr Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) saçının ağarmasına, qocalmasına çox böyük təsir etməsinə səbəb olan surələrdir. Bir müsəlman olaraq ən azından bu surələri tez-tez oxuyub düşünməyimiz, həyat rəhbərinə çevirməyimiz lazımdır. Əgər bu surələrdən ibrət almasaq Quranın hansı ayə və surələrindən ibrət alacağıq? Qurani-Kərimi davamiyyəti oxumaq, düşünmək hər kəsə nəsib olmur. Hər kəs bunu edə bilmir. Amma ən azından hər bir müsəlman heç olmasa bu surələri həcminə və qısalığna görə oxuyub düşünə bilər. Bu surələrlə sanki, uca Allah bizim Cənnətə gedən yolumuzu biraz da asanlaşdırır, ixtisarlaşdırır və qısaldır. Allah Təala belə buyurur:

Biz Bu Quranı insanlar üçün asanlaşdırdıq bunu düşünən varmı?

Uca Allahdan istəyirəm ki, bizi eşidib faydalanan kimsələrdən etsin. Bizi imanın şirinliyini dadmaq üçün çətinliklərə səbr edib, sinə gələn qullardan etsin. Ancaq səbirli insanlar Quranı düşünüb, təfəkkür və tədəbbür edə bilər. Tələsənlər, tez çatmaq istəyənlər, təmbəllər isə keyfiyyəti zay edən kimsələrdir.

Və son olaraq bilin ki, Allah Təala bizlərə peyğəmbərinə salavat və salam deməmizi əmr edərək buyurur:

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın.” (Əhzab 56)

عباد الله! إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَى وَيَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ،

Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! (Nəhl 90)

فاذكروا الله العظيم الجليل يذكركم، واشكروه على نعمه يزدكم، ولذكر الله أكبر، والله يعلم ما تصنعون

Allahı xatırlayın ki, O da sizi xatırlasın, Onun nemətlərinə şükr edin ki, artırsın, Allahı xatırlamaq ən böyük əməllərdəndir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.