Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Bayram namazı
Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ Mədinəyə gəldi. Onların (mədinəlilərin) isə əylənib oynadıqları iki günləri vardır. O buyurdu: Bu nə günlərdi? Dedilər: Biz cahilliyə dövründə bu iki gündə oynayardıq. Allahın rəsulu ﷺ dedi: Uca Allah sizin üçün o iki günü ondan daha xeyirli gün ilə əvəz etdi: Qurban bayramı və Ramazan bayramı günü”.(1)
Bayram namazının hökmü
Aşağıdakı dəlillərə əsasən, Bayram namazının hökmü vacibdir:
Birincisi, çünki Peyğəmbər ﷺ kişilərlə yanaşı, qadınlara da Bayram namazını əda etmək üçün namazgaha gəlmələrini əmr etmişdir. Bu əmr vaciblik ifadə edir. Ummu Ətiyyə rəvayət edir ki, Peyğəmbər ﷺ qız uşaqlarını və heyzli qadınları da Bayram namazlarına çıxardardı. Heyzli qadınlar namazgaha yaxın durmaz, lakin kənardan namaz qılanlara baxardılar. Qadınlardan biri Peyğəmbərə ﷺ belə dedi: “Əgər geyinməyə hicabı olmasa, nə etsin?” Peyğəmbər ﷺ dedi: “Müsəlman bacısından müvəqqəti geyinməyə götürsün”.(2)
İkincisi, çünki Bayram və Cümə namazları eyni günə düşdükdə Bayram namazı ilə kifayətlənmək mümkündür və bu halda Cümə namazının vacibliyi aradan qalxır. Vacib bir ibadətin hökmü heç vaxt müstəhəb olan bir ibadətə görə aradan qalxa bilməz.
Bayram namazının qılınma qaydası
Bayram namazı iki rükətli namazdır. İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Bayram namazları peyğəmbərimizin ﷺ kəlamına əsasən, qısaldılmadan tam iki rükət olaraq qılınır. Yalan danışan artıq xar olmuşdur!” (3)
İmam bu namazı azan və iqaməsiz qıldırır. Cabir ibn Səmura (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ ilə birlikdə azan və iqaməsiz bir neçə dəfə Bayram namazlarını qıldım”.(4)
Bayram namazı xütbədən əvvəl qılınır. İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ, Əbu Bəkr, Ömər və Osman (Allah onlardan razı olsun) Bayram namazlarını xütbədən öncə qılardılar”.(5)
Birinci rükətdə yeddi, ikinci rükətdə isə beş dəfə təkbir gətirilir. Aişə anamız demişdir: “Qurban və Ramazan bayramı namazlarında rüku təkbirlərindən savayı birinci rükətdə yeddi, ikinci rükətdə isə beş dəfə təkbir deyilir”.(6)
Bayram namazı səsli qılınır. Birinci rükətdə əl-Fatihə və əl-Əla surələrinin, ikinci rükətdə isə əl-Fatihə və əl-Ğaşiyə surələrinin oxunması müstəhəbdir. Bunu İbn Abbas, Numan ibn Bəşir və digərləri Peyğəmbərdən ﷺ rəvayət etmişdir.(7)
Məscid imamı Bayram namazından sonra xütbə verərək onlara dünya və axirət mənfəətləri üçün nəsihət etməlidir. Peyğəmbər ﷺ də xütbədə camaata öyüd-nəsihət verər və onlara sədəqə vermələrini tövsiyə edərdi. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ Bilala söykənmiş vəziyyətdə xütbəyə qalxdı, Uca Allaha qarşı təqvalı olmağı əmr etdi, camaatı itaətə səslədi, insanlara öyüd-nəsihət verdi. Bir müddət keçdikdən sonra qadınlar da gəldi. Peyğəmbər ﷺ onlara da öyüd-nəsihət verdi”.(8)
Bayram günü bəyənilən müstəhəb əməllər
1. Bayram günü qüsl almaq, ətirlənmək və gözəl paltar geyinmək. İbn Qeyyim demişdir: “Peyğəmbər ﷺ Bayram namazlarına çıxmamışdan əvvəl ən gözəl paltarlarını geyinərdi”.(9)
2. Ramazan bayramı günü namazdan əvvəl tək sayda xurma yemək. Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ Ramazan bayramı günü bir neçə ədəd xurma yeməmiş evindən çıxmazdı, xurmaları da tək sayda yeyərdi”.(10)
3. Bayram günü məscidə getdiyi yolu dəyişib başqa yolla qayıtmaq. Cabir (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ bayram günləri getdiyi yolu dəyişib başqa yolla qayıdardı”.(11)
4. Namazdan sonra bayram xütbəsini dinləmək. Peyğəmbər ﷺ demişdir: “Biz xütbə deyirik. Xütbəni dinləmək istəyən qoy otursun, getmək istəyən də qoy getsin”.(12)
(1) Hədis səhihdir. Əhməd 3/103, Əbu Davud, 1134, Nəsai 3/179.
(2) Buxari və Müslim.
(3) Hədis səhihdir. Əhməd 1/37, Nəsai 1/232, Beyhəqi 3/200.
(4) Müslim, 887, Əbu Davud, 1148, Tirmizi, 532.
(5) Buxari və Müslim.
(6) Hədis səhihdir. Əbu Davud, 1149, Hakim 1/298, Beyhəqi 3/286.
(7) Hədis səhihdir. Əhməd 5/7, Beyhəqi 3/294, Təbərani 2/204.
(8) Buxari və Müslim.
(9) Zədul-məad 1/441.
(10) Buxari, 953.
(11) Buxari və Müslim.
(12) Əbu Davud, 1155, Nəsai 1/233, Hakim (1/395) səhih olduğunu demiş, Zəhəbi də razılaşmışdır.
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
SON ƏLAVƏLƏR