Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cümə namazı

Cümə namazının hökmü

Cümə namazı namaza gəlməyə gücü çatan, ağlı başında olan, həddi-büluğ yaşına çatmış, müsafir olmayan hər bir yerli müsəlmana vacibdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (1)
Peyğəmbər
demişdir: “Cümə namazlarını tərk edənlər bu işdən əl çəksinlər. Əks halda, Allah onların qəlblərini möhürləyər və beləliklə, qafillərdən olarlar”;(2) “Kim cüməyə səhlənkar yanaşaraq üç cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər”.(3)
Qadınların, uşaqların və xəstələrin Cümə namazını qılmaları icazəlidir və buna görə savab qazanarlar, lakin vacib deyildir. Habelə müsafir də səfər səbəbilə üzrlü hesab olunur. Lakin səfər əsnasında (yəni yolda ikən) azanı eşitsə, Cümə namazında iştirak etməlidir. Həmçinin səfərə hazırlıq gördüyü vaxt Cümə namazının vaxtı daxil olsa və hələ sakini olduğu şəhərdən ayrılmayıbsa, bu halda da Cümə namazında iştirak etməlidir.

Cümə namazının vaxtı

Cümə namazının vaxtı elə Zöhr namazının vaxtıdır. Yəni Cümə günü günəş zenit xəttini keçdikdən sonra qılınmalıdır.

Cümə namazı neçə nəfərlə qılına bilər?

Cümə namazının düzgün hesab olunması üçün həmin namazda müəyyən sayda adam – ən azı üç nəfər iştirak etməlidir. Peyğəmbər demişdir: “Bir kənddə, yaxud çöllükdə üç nəfər olar və birgə namaz qılmazlarsa, şeytan onlara hakim olar”.(4)

Cümə namazının qılınma qaydası

Cümə namazı iki rükətli namazdır. Cümə namazından öncə məscidin imamı xütbə verməli və verdiyi xütbə özündə Allaha həmd-səna, Peyğəmbərə dua ehtiva etməli, habelə xütbə çox uzun olmamalıdır. Peyğəmbər bu xüsusda belə demişdir: “Namazı uzatmaq, xütbəni isə qısa etmək insanın fəhminin, düzgün düşüncəsinin göstəricisidir. Elə isə namazlarınızı uzadın, xütbələri isə qısa verin!” (5) Xütbə ayaqüstə verilməli və iki xütbə arasında qısa fasilə olmalıdır.

Cümə namazının vacibləri

Xütbə əsnasında sakit durmaq, xütbəni dinləmək vacibdir. Xütbə verilərkən danışmaq qəti olaraq qadağandır. Peyğəmbər demişdir: “Əgər cümə günü imam xütbə verən zaman öz yoldaşına “sus” desən, artıq pis hərəkət etmiş sayılırsan”.(6)

Ÿ Cümə günü istənilən sayda nafilə namaz qılmaq icazəlidir. Lakin onu da qeyd edək ki, Cümə namazından öncə Cümənin fərzinə bağlı olan sünnət namazı yoxdur. Sadəcə olaraq, istəyən kəs istədiyi sayda namaz qıla bilər. Çünki Cümənin ilk sünnəti ilə əlaqədar Peyğəmbərdən heç bir şey varid olmamışdır. Cümənin fərzindən sonra isə dörd rükət sünnət namazı qılınır. Peyğəmbər demişdir: “Cümə namazını qılan kəs ondan sonra dörd rükət namaz qılsın”.(7)

Ÿ İmam minbərə qalxdıqdan sonra nafilə namaz qılmaq icazəli deyildir. Yalnız imam xütbə verdiyi halda məscidə daxil olan kəs oturmamışdan qabaq iki rükət xəfif – çox uzatmadan məscid haqqı namazını qıla bilər. (8) İmam xütbəyə başladığı andan camaatın danışması qəti qadağandır. Xütbədən öncəki azan əsnasında isə danışmaq icazəlidir. Peyğəmbər demişdir: “Biriniz imam xütbə verdiyi halda Cümə namazına gəlsə, iki rükət namaz qılsın və qıldığı namazı çox uzatmasın!”.(9)

Cümə günü bəyənilən müstəhəb əməllər

1. Cümə namazı üçün qüsl almaq. Bu, təkidlə əmr edilmiş sünnə əməllərdən sayılır. Gərək hər bir müsəlman bu məsələyə son dərəcə diqqət yetirsin. Bəzi alimlər isə Cümə günü çimməyin vacib olduğunu demişlər. Çünki Peyğəmbər belə demişdir: “Cümə gününün qüslu həddi-büluğa çatmış hər kəsə vacibdir”.(10) Lakin hədisdəki “vaciblik” məfhumunu səhabələr başqa cür anlamışdır. Belə ki, imam Buxari rəvayət etmişdir ki, Ömər (Allah ondan razı olsun) cümə günü minbərdə xütbə verdiyi zaman Osman (Allah ondan razı olsun) içəri girdi. Ömər (Allah ondan razı olsun) onu səsləyib: “Bu nə vaxtın gəlməyidir? ” – deyə soruşdu. Osman (Allah ondan razı olsun) dedi: “Başım işə qarışdı və mən evə gedə bilmədim. Nəhayət, azanı eşitdikdə ancaq dəstəmaz ala bildim”. Ömər (Allah ondan razı olsun) dedi: “Ancaq dəstəmaz almısan. Sən ki Peyğəmbərin qüsl almağı əmr etdiyini bilirdin”.(11) Ömər (Allah ondan razı olsun) ona evinə qayıdıb qüsl almağı əmr etmədi. Doğrusunu Allah bilir!
2. Cümə namazına tez getmək, ətirlənmək və gözəl paltar geyinmək. Peyğəmbər
demişdir: “Kim Cümə günü çimər, sonra namaza gedər və bacardığı qədər namaz qılarsa, daha sonra imam xütbəni tamamlayana qədər sakit durar və sonra imamla birgə Cüməni qılarsa, onun iki Cümə arası və üç gün də artıq (yəni on gün ərzində işlədiyi kiçik) günahları bağışlanar”.(12)
3. Cümə günü Peyğəmbərə
çoxlu salavat demək – dua etmək bəyənilən müstəhəb əməllərdəndir. Peyğəmbər demişdir: “Cümə günü mənim üçün çox dua edin! Çünki mələklər bu günün əməllərinə şahid olarlar”.(13)
4. Cümə günü əl-Kəhf surəsini oxumaq müstəhəb əməllərdəndir. Peyğəmbər
demişdir: “Kim cümə günü Kəhf surəsini oxuyarsa, bu onun üçün iki cümə arasında bir nur olar”.(14)

Cümə günü bəyənilməyən məkruh əməllər

1. Cümə gecəsini ibadət gecəsi kimi və ya Cümə gününü oruc tutmaq üçün xüsusiləşdirmək. Lakin Cümə gecəsindən əvvəlki, yaxud sonrakı günləri ibadətlə keçirən kəs Cümə gecəsini də onlarla birgə ibadətlə keçirə bilər. Həmçinin Cümə günündən qabaq, yaxud sonrakı günləri oruc tutan adam Cümə günü də o günlərlə birlikdə oruc tuta bilər. Peyğəmbər demişdir: “Cümə günündən əvvəl, yaxud sonra oruc tutmayan kəs təkcə Cümə günü oruc tutmasın!” (15)
2. Ön səfə keçmək, yaxud özü üçün yer düzəltmək üçün məsciddə oturan iki nəfərin arasını ayırmaq. Belə etmək bəyənilmir. Peyğəmbər
demişdir: “Hər hansı bir insan cümə günü qüsl alar, təmizlənər.., sonra (evindən) çıxıb məscidə gələr və (ön tərəfə keçmək üçün) iki nəfəri ayırmaz.., imam xütbə verdiyi zaman susarsa, qıldığı cümə ilə qarşıdakı cümə arasında baş verəcək günahları bağışlanar”.(16)
Peyğəmbər
xütbə verdiyi vaxt insanların başı üzərindən keçərək ön səfə doğru irəliləyən bir nəfər görmüş və xütbəsini kəsərək ona belə demişdir: “Otur! Həm gecikdin, həm də camaata əziyyət verdin”.(17)

Cümə namazı ilə əlaqəli şəri hökmlər

1. Kim Cümə namazının birinci rükətinə çatarsa, Cümə namazına çatmış hesab olunur. Cümənin iki rükətini ötürən kəs isə dörd rükət qılmalıdır. Bu halda qıldığı dörd rükət artıq Cümə deyil, Zöhr namazı sayılacaq. Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Kim Cümənin bir rükətinə çatsa, ikinci rükəti də qılsın (yəni namazı iki rükət olaraq tamamlasın). İki rükətə çata bilməyən kəs isə dörd rükət qılsın!” (18)
2. Cümə namazı ilə Bayram namazı eyni günə düşərsə, bu halda Bayram namazını qılan kəs Cümə namazına gedib-getməməkdə ixtiyar sahibidir. Məscid imamları isə Cümə namazına gələn insanlara Cüməni qıldırmaq üçün mütləq məscidə getməlidir. Hər hansı səbəbə görə Bayram namazında iştirak edə bilməyən şəxslər isə mütləq Cümə namazına getməlidirlər. Zeyd ibn Ərqam (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər
bayram namazını qıldı, sonra cümə namazına gəlməmək üçün icazə verdi və belə dedi: “Kim Cümə namazını qılmaq istəsə, qoy qılsın”.(19) Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin belə dediyini rəvayət edir: “Bu gün iki bayrama təsadüf edilmişdir. Bayram namazının qılınması Cüməni qılmamaq üçün rüsxətdir. Amma biz cüməni qılacağıq”.(20)
Bəzi alimlər isə belə demişdir: Bayram namazını qılanın yenidən Cüməyə gəlməsi əziyyət olduğuna görə Peyğəmbər
onlara Cüməyə gəlməmək üçün icazə vermişdir. Çünki onlardan elələri var idi ki, iki saata yaxın piyada yol qət edirdi. Ona görə də Peyğəmbər “amma biz cüməni qılacayıq”, – dedi və məscidə yaxın yaşayan kəslər ilə birlikdə Cümə namazını qıldı.

(1) Əl-Cumuə, 9.
(2) Müslim, 685.
(3) Hədisi Əbu Davud, Tirmizi və Nəsai səhih sənədlə rəvayət etmişdir.
(4) Əbu Davud və Əhməd rəvayət etmiş, Nəvəvi səhih olduğunu demişdir. Bax: Mişkətul-məsabih, 1067.
(5) Müslim, 869.
(6) Buxari və Müslim.
(7) Müslim, 881.
(8) Buxari və Müslim.
(9) Buxari, 1985.
(10) Buxari, 880.
(11) Buxari, 878.
(12) Müslim, 857.
(13) Hədisi İbn Macə naqis sənədlə rəvayət etmişdir. Lakin şeyx Əlbani hədisin digər dəsdəkləyici rəvayət ilə həsən olduğunu vurğulamışdır. Bax: Mişkətul-məsabih, 1366.
(14) Hədisi Nəsai və Beyhəqi səhih sənədlə rəvayət etmişdir. Bax: Əlbani “ət-Tərğib”, 735.
(15) Müslim, 881.
(16) Buxari və Müslim.
(17) Buxari, 1985.
(18) Buxari, 880.
(19) Buxari, 878.
(20) Müslim, 857.
(21) Hədisi İbn Macə naqis sənədlə rəvayət etmişdir. Lakin şeyx Əlbani hədisin digər dəsdəkləyici rəvayət ilə həsən olduğunu vurğulamışdır. Bax: Mişkətul-məsabih, 1366.
(22) Hədisi Nəsai və Beyhəqi səhih sənədlə rəvayət etmişdir. Bax: Əlbani “ət-Tərğib”, 735.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.