Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Müstəhəb olan namazlar

Sünnə namazlarının fəziləti

Müstəhəb namazların böyük faydası, fəziləti və əcri vardır ki, bəndə bütün bunların əvəzini Qiyamət günü görəcəkdir. Bu və aşağıda qeyd edəcəyimiz digər səbəblərə görə gərək bəndə bu cür ibadətlərə laqeyd yanaşmasın.

1. Fərz namazlarından əlavə digər ibadətlərlə Uca Allaha yaxınlaşmaq Uca Allahın Öz bəndəsinə qarşı məhəbbətini artırır. Qüdsi hədisdə qeyd edildiyi kimi, Uca Allah demişdir: “Qulum Mənə nafilə ibadətlərlə yaxınlaşmağa davam etdiyi müddətcə Mənim sevgimə nail olar”.
2. Nafilə namazları fərz namazlarında olan naqislikləri aradan qaldırmaqdan ötrü təyin edilmişdir. Çünki fərz namazlarında daima hər hansı bir vacibi tərk etmək, yaxud qəlbin namazdan kənar şeylərlə məşğul olması kimi naqisliklər baş verir. Belə bir məqamda nafilə namazların önəmi daha yaxşı hiss olunur.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin
belə dediyini nəql etmişdir: “İnsanların Qiyamət günü hesaba çəkiləcəyi ilk əməl namazdır. Uca Allah Özü bildiyi halda, mələklərindən belə soruşacaqdır: “Görün qulumun ibadətləri nə yerdədir, tamdır, yoxsa naqis?” Əgər ibadətləri tam olsa, tam olaraq da qeydə alınacaq. Yox, əgər naqis olsa, o zaman Uca Allah belə buyuracaq: “Görün qulumun nafilə ibadətləri varmı?” Əgər nafilə namazları olacaqsa, Uca Allah belə buyuracaqdır: “Qulumun fərz namazlarındakı naqislikləri nafilələri ilə tamamlayın!” Daha sonra digər əməlləri də buna uyğun dəyər qazanacaqdır”.
3. Peyğəmbər
demişdir: “Gün ərzində fərz namazlarından kənar on iki rükət nafilə namaz qılan kəsə Cənnətdə ev tikilər”.
4. Sünnə namazları vacib olmasa da, Peyğəmbərimizin
davamlı olaraq qıldığı namazlar idi. Bu məsələdə ona tabe olmaq və onun izi ilə getmək ona qarşı olan sevginin və hörmətin əlamətidir.
Talhənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisə əsasən, bir kişi Peyğəmbərin
yanına gələrək ondan fərz namazları barədə soruşmuş, Peyğəmbər isə cavabında “Gün ərzində beş vaxt namazdır”, – demişdir. Kişi: “Mənim üzərimə ondan başqa vacib olan bir şey varmı?” – deyə soruşduqda Peyğəmbər : “Xeyr. Əlavə namaz qılmağın isə istisnadır”, – demişdir. Həmin kişi geri dönmüş və “Allaha and olsun ki, bu dediklərinə nə bir şey əlavə edəcəm, nə də ondan nə isə əskildəcəm”, – demişdir. Bunu eşidən Peyğəmbər belə dedi: “Əgər dediyinə əməl etsə, nicat tapacaq”.

Sünnə namazlarının növləri

Sünnə namazlarından bəziləri fərz namazları ilə heç bir əlaqəsi olmayan müstəqil namazlardır. Peyğəmbər demişdir: “Namaz yalnız xeyir gətirər. Çox qıla bilən, qoy qılsın!” ; “Bilin ki, namaz əməllərinizin ən xeyirlisidir”.
Sünnə namazlarından bəziləri isə fərz namazları ilə əlaqəlidir və ona bağlıdır. Belə namazlar “ratibə sünnələri” adlanır və sırası ilə aşağıdakı kimidir:
1. Sübh namazından öncə qılınan iki rükətli sünnə namazı: Peyğəmbər
bu namazı belə vəsf etmişdir: “Bu iki rükət mənə dünya və içindəkilərdən daha sevimlidir”. Peyğəmbər bu namazın birinci rükətində əl-Kəfirun, ikinci rükətində isə əl-İxlas surələrini oxuyardı.
2. Zöhr namazından öncə dörd, sonra isə iki rükətli sünnə namazı qılınır. Ən yaxşısı Zöhrdən sonra da dörd rükət qılmaqdır. Peyğəmbər
demişdir: “Kim Zöhrdən öncə və sonra dörd rükət namaz qılarsa, Allah onun bədənini Cəhənnəm oduna haram edər”.
3. Əsr namazının sünnəsi: Peyğəmbərin
Əsrdən qabaq davamlı bir şəkildə namaz qıldığı sabit olmamışdır. Lakin o bu barədə belə demişdir: “Əsrdən öncə dörd rükət namaz qılan insana Allah rəhm etsin!”
4. Məğrib namazının sünnəsi: Peyğəmbər
Məğribdən sonra daima iki rükətli sünnə namazı qılar və birinci rükətində əl-Kəfirun, ikinci rükətində isə əl-İxlas surələrini oxuyardı.
5. İşa namazının sünnəsi: Ummu Həbibə binti Əbu Sufyanın rəvayətinə əsasən, Peyğəmbər
İşadan sonra daima sünnə namazı qılardı.
6. Vitr namazı: Tək rükətli namazdır və gün ərzində qılınan nafilə namazların ən sonuncusudur. Gecənin ilk əvvəlində qılındığı kimi, sonunda – Sübh namazından öncə də qılına bilər. Peyğəmbər
demişdir: “Vitr gecənin sonunda qılınan tək rükətli namazdır” ; “Gecə qıldığınız namazların sonunu vitr edin (tək rükətli edin)!”
Vitr namazını özündən öncə qılınan nafilə namazlara birləşdirmək də icazəlidir. Peyğəmbər
demişdir: “Vitr namazı hər bir müsəlmanın boynunda bir haqdır. Onu beş rükət qılmaq istəyən qoy qılsın! Üç rükət qılmaq istəyən qoy qılsın! Bir rükət qılmaq istəyən də qoy qılsın!”
Həmçinin o
, Vitr namazının qəzasını da əmr etmişdir: “Vitr namazını qılmağı unudan, yaxud yatıb qalan kəs oyandıqda, yaxud xatırladıqda qoy onu qılsın!” Təbii ki, bu, Vitr namazının vacib olduğunu göstərmir. Əksinə, Vitr namazı sünnə namazlarındandır. Bu barədə Əli (Allah ondan razı olsun) belə demişdir: “Vitr namazı qılınması vacib olan namazlardan deyildir. O, Peyğəmbərin qıldığı sünnə namazlarındandır”.

Sünnə namazlarının evdə qılınması

Peyğəmbər nafilə namazlarını evdə qılmağa təşviq edərək belə demişdir: “Evinizdə namaz qılmağa həris olun. Həqiqətən, insanın qıldığı ən xeyirli namaz evində qıldığı namazdır. Yalnız fərz namazlar istisnadır” ; “Namazlarınızdan evləriniz üçün də saxlayın, oranı qəbrə çevirməyin!” Lakin Peyğəmbərin bu sünnəsi zamanımızda əksinə olmuşdur. Belə ki, insanlar nafilə namazları yalnız məscidlərdə qılırlar. Bəzi insanlar bəhanə edərək belə deyir: “Mən övladlarımı namaz tərbiyəsi ilə böyütməkdən ötrü məscidə getmirəm və beləcə gündəlik namazlarımı ailə üzvlərimlə birgə evdə camaat şəklində qılıram”. Halbuki, Peyğəmbər bu cür önəmli tərbiyə metoduna əsla biganə qalmamışdır. Elə bu və bu kimi digər önəmli səbəblərə görə nafilə namazlarının evdə qılınmasını əmr etmiş və belə demişdir: “Evinizdə namaz qılmağa həris olun. Həqiqətən, insanın qıldığı ən xeyirli namaz, evində qıldığı namazdır. Yalnız fərz namazlar istisnadır” ; “Biriniz namazını məsciddə qılıb qurtardıqdan sonra evi üçün də namazdan bir pay ayırsın. Həqiqətən, Allah o insanın qıldığı namazı evi üçün xeyir-bərəkət edər”.
Peyğəmbər
nafilə namazlarını evlərində qılan kəsləri gördükdə onlara belə demişdir: “Bu namazları daima evlərinizdə qılın!”

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.


(1) Buxari və Müslim.
(2) Hədis həsən liğeyrihidir, yəni digər hədislərin qüvvətləndirməsi ilə həsən dərəcəsinə çatmış hədisdir. Əbu Davud, 864, Tirmizi, 413, Nəsai 1/232.
(3) Müslim, 728, Əbu Davud, 1250.
(4) Buxari, 46 və Müslim, 11.
(5) Təbərani həsən sənədlə rəvayət etmişdir. Bax: Əlbani “ət-Tərğib”, 383.
(6) Malik 1/34, Əhməd 5/276, Darimi 1/168, Beyhəqi 1/457, Hakim (1/130) hədisin Buxari və Müslimin şərtləri əsasında səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(7) Müslim, 725.
(8) Əhməd və başqaları rəvayət etmiş, Əlbani isə “Mişkət” (1/367) əsərində səhih olduğunu demişdir.
(9) Tirmizi rəvayət etmiş, Əlbani isə “Mişkət” (1/367) əsərində həsən olduğunu demişdir.
(10) Müslim, 752.
(11) Buxari, 998 və Müslim, 751.
(12) Hədis səhihdir. Əbu Davud, 1422, Nəsai 3/238.
(13) Hədis səhihdir. Əbu Davud, 1431, Tirmizi, 465.
(14) Hədis həsəndir. Nəsai 3/228, Tirmizi, 453.
(15) Buxari və Müslim.
(16) Buxari və Müslim.
(17) Buxari, 731, Müslim, 781, Tirmizi, 450.
(18) Müslim, 778.
(19) Hədis həsəndir. Tirmizi, 560. Bax: Səhih əl-Cəmi, 4048.