Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbərin ﷺ ibadəti

Namazı
Peyğəmbər ﷺ namazlarında Rəbbinin önündə tam bir xuşu və mütilik içərisində durar, bütün əzalarına sükunət və rahatlıq çökərdi. Rüku edərkən xuşu ilə rüku edər, səcdəyə qapandıqda da mütiliklə qapanardı. Beləcə ibadəti ilə rahatlıq əldə edər, bütün qayğılarını unudar və üzərində olan ağırlığı, yorğunluğu yerə qoyardı. Bilala (Allah ondan razı olsun) azan verməsi üçün belə deyərdi: “Ey Bilal, namazla bizi rahatlandır”. Həmçinin belə demişdir: “Gözümün nuru namazda verildi”. Bir çətinliklə qarşılaşdıqda namaza yönələr, sıxıntı və çətinliklərinin aradan qalxması üçün namazla Allahdan yardım diləyərdi. Son nəfəsində belə ümmətinə namazı tövsiyə etmiş və belə demişdir: “Namaza və əlinizin altında olan kölələrə diqqət yetirin!” Bütün bunlarla yanaşı camaata namaz qıldırarkən namazını qısaldar, özü tək qıldıqda isə uzadardı.(1) İl ərzində gündəlik davamiyyətli olaraq fərz namazları ilə birlikdə qıldığı namazlarının sayı təqribən qırx rükət olardı.

Peyğəmbərin ﷺ gecə namazı
Aişə anamız demişdir: “Bir gecə yuxudan oyanıb gördüm ki, Peyğəmbər ﷺ yatağında yoxdur. İlk öncə elə zənn etdim ki, yoldaşlarından hansınınsa yanına gedib. Daha sonra əlimlə yatağı yoxladıqda əlim onun ayağına toxundu. Səcdə halında idi və bu cür dua edirdi: “Allahım, qəzəbindən rizana, cəzalandırmandan əfvinə, Səndən Sənə sığınıram. Sənə səna etməkdə acizəm. Sən Özün Özünə səna etdiyin kimisən”. Bunu eşidən Aişə belə dedi: “Anam, atam sənə fəda olsun! Gör mən nə hayda, sən nə haydasan!” (2) Muğirə ibn Şöbə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ ayaqları şişənə qədər namaz qılardı. Ona: “Ey Allahın rəsulu! Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda, nə üçün bu qədər ibadət edirsən?” deyildikdə belə cavab vermişdi: “Məgər Allaha şükr edən bir bəndə olmayımmı?” (3) Aişə anamız demişdir: “Peyğəmbər ﷺ gecələr on bir rükət namaz qılar və onun sonunu tək rükətlə bitirərdi. Namazını bitirdikdən sonra sağ çiyni üstünə uzanardı”; “Peyğəmbər ﷺ hər hansı bir namazı qıldıqda onu davamiyyətli qılmağı sevərdi. Əgər yatıb qalsaydı, yaxud bədəni ağrıdığı üçün qalxa bilməsəydi, gündüz vaxtı onun əvəzinə on iki rükət qılardı. Mən Peyğəmbərin ﷺ bütün gecəni səhərəcən namaz qılıb, Quran oxuduğunu heç görmədim”.(4)

Orucu
Peyğəmbər ﷺ doqquz il Ramazan orucu tutmuşdur. Ramazan ayında digər aylara nisbətdə daha çox ibadət edərdi. Bəzən bu ayda daha çox ibadət edə bilməsi üçün iftar etmədən iki və ya üç gün dalbadal oruc tutardı. Ramazan ayında xeyir əməlləri, sədəqəni, Quran tilavətini, etikafı, namaz və zikri çoxaldardı. Nafilə – könüllü oruclara gəldikdə isə, ümumiyyətlə, onun orucsuz qaldığı, oruc tutmadığı ay olmazdı. Həftənin birinci gününün oruclarını daima tutar, Aşura orucunu heç vaxt tərk etməzdi. Səhih hədislərdə sabit olduğu kimi, bəzən gündüz vaxtı yeməyə bir şey tapmadıqda günorta vaxtı nafilə oruca niyyət edərdi.

Həcci və ümrəsi
Peyğəmbər ﷺ Mədinə şəhərinə hicrət etməmişdən öncə iki dəfə ümrə etmişdir.(5) Hicrətdən sonra yalnız bir dəfə həcc etmişdir. Bu həcc “vida həcci” adlanır və Uca Allahın həcc ibadətini vacib buyurmasından sonra, yəni hicrətin 9-cu ilində baş tutmuşdur. Uca Allah həcc ibadətini əmr etdikdən sonra Peyğəmbər ﷺ təxirə salmadan həmən həcc ibadətini yerinə yetirmiş və həmin günü insanlara xitab edərək belə demişdir: “Həcc ayinlərini məndən öyrənin!” (6) Peyğəmbər ﷺ vida həccindən öncəki il həcc rəhbəri kimi Əbu Bəkri təyin etmiş və ona insanlara belə xitab etməsini əmr etmişdir: “Daha bu ildən sonra heç bir müşrik həcc etməyəcək. Allahın evi Kəbə çılpaq şəkildə tavaf edilməyəcək”. Əbu Bəkrin vida həccindən öncəki il həcc rəhbəri təyin edilməsi və insanlara bu mesajı ötürməsinin səbəbi bu idi ki, qoy onlar Peyğəmbərin ﷺ növbəti il insanlarla birgə həcc ibadətini Allahın şəriətinə uyğun və cahiliyyə ərəblərinin adətlərindən uzaq bir şəkildə edəcəyini bilsinlər. Peyğəmbər ﷺ ömründə dörd dəfə ümrə etmişdir. Həcci ilə birlikdə olan ümrəsi istisna, qalanlarının hamısını Zilqədə ayında etmişdir.(7)

Duası
Peyğəmbər ﷺ dualarında müxtəsər, lakin dolğun mənalı ibarələrdən istifadə edərdi. Necə ki bu barədə Aişə anamız belə demişdir: “Peyğəmbər ﷺ müxtəsər və dolğun mənalı ləfzlərlə dua etməyi sevər və başqa formada dua etməzdi”.(8) Həmçinin duada əzmkar olmaq onun vərdişi idi. Belə ki, dualarında son dərəcə qərarlı olar, qəbul olacağına yəqinliklə inanar, şəkk və tərəddüd etməzdi. Əksinə, ümidini kəsmədən və dualarının qəbul olacağı inancı ilə qərarlı bir şəkildə dua edərdi. Ən çox etdiyi dualarından biri bu idi: “Allahım! Üzüntü və kədərdən, acizlik və tənbəllikdən, xəsislik və qorxaqlıqdan, borc altında qalmaqdan və insanların (məni) sıxışdırmasından Sənə sığınıram!” (9) Həmçinin qocalığın zillətindən, dünya fitnəsindən və qəbir əzabından daima Allaha sığınardı.(10) Yerinə, məqamına uyğun bir şəkildə hər fürsətdə dua etməyə hərisliyi onun vərdişi idi. Belə ki, öz malını Allah yolunda xərcləyənlərin malı üçün Allahdan bərəkət umar, sıxıntı və çətinlikdə olanların qəm-qüssədən qurtulması üçün dua edər, ona sual verən və elm öyrənənlər üçün də Allahdan bilik və savad diləyərdi. Dualarından biri də Ənəs ibn Malikin (Allah ondan razı olsun) rəvayətində qeyd edilən bu duadır: “Peyğəmbərin ﷺ ən çox etdiyi dua «Rəbbimiz, bizə dünya həyatında da, Axirət diyarında da xeyir bəxş et və bizləri Cəhənnəm əzabından qoru» duası idi”.(11)

Allahı zikr etməsi
Peyğəmbər ﷺ Rəbbini zikr etməkdə ən kamil insan idi. Belə ki, oturarkən, uzanarkən, ayaq üstə olarkən, yürüdükdə, minik üzərində olduqda, səfərdə və evdə, bir yerdə qonaqladıqda – bir sözlə, daima və hər nəfəsində Uca Allahı yad edərdi. Səhər yuxudan oyandıqda belə deyərdi: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun! Dönüşümüz də yalnız Onadır!” (12) Sübh namazını qıldıqdan sonra elə namaz qıldığı yerdə oturar və günəş çıxanacan Rəbbini zikr edərdi. (13) Evə girərkən, evdən çıxarkən, yemək yedikdə, su içdikdə, paltarını geyindikdə və yoldaşı ilə cinsi münasibətdən öncə, habelə ayaqyoluna girərkən və təharətdən çıxarkən daima Rəbbini zikr edərdi. Bəlalar və fəlakət anında Allahın zikrinə sığınardı. Onu ﷺ qəm-qüssə bürüdükdə isə Ənəs ibn Malikin (Allah ondan razı olsun) xəbər verdiyi kimi belə deyərdi: “Ey əbədi Yaşayan, ey Qəyyum – hər şeyi ayaq üstə tutan! Sənin mərhəmətinlə kömək diləyirəm”.(14) Axşam yatağına çəkildikdə də Rəbbini zikr edərdi. Onun ﷺ dua və zikrlərdə tutduğu yoluna, sünnətinə diqqət yetirdikdə görürük ki, Allahı zikr etmək həyatının hər sahəsini ehtiva etmişdir. Aişə anamız belə demişdir: “Peyğəmbər ﷺ daima – hər halıyla Allahı zikr edərdi”.(15) Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini nəql etmişdir: “Allaha and olsun ki, mən gün ərzində yetmiş dəfədən çox Allahdan bağışlanma diləyib Ona tövbə edirəm”.(16) Abdullah İbn Ömər (Allah ondan razı olsun) belə demişdir: “Bir məclisdə Peyğəmbərin ﷺ yüz dəfə «Rəbbim məni bağışla, tövbəmi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, rəhmlisən» dediyini sayardıq”.(17) Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Subhanəllah, vəlhəmdulilləh, və lə iləhə illəllah, vallahu əkbər (Allah bütün nöqsanlardan bəridir, həmd-səna yalnız Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur və Allah ən ucadır) – deməyim mənim üçün günəşin üzərinə doğduğu hər şeydən (yəni dünya və onun içindəkilərdən) daha sevimlidir”.(18)

Peyğəmbərin ﷺ Allah qorxusu
Abdullah ibn Şixxir (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ namaz qıldığı halda onun yanına gəldim. Ağlamaqdan sinəsində qaynayan qazan səsi kimi səs eşidilirdi”.(19) Yəni qazanda qaynayan su səsi kimi səs eşidilirdi. Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə demişdir: “Mən Peyğəmbər ﷺ üçün ən-Nisa surəsini oxumağa başladım. Nəhayət: «Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər? Allah onların hər bir işini bilir. Həqiqətən, Allah zərrə qədər də olsa, zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər. Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?»(20) ayəsinə çatdıqda gördüm ki, Peyğəmbərin ﷺ gözündən yaş axır”.(21)

Allah barədə gözəl zənni və Ona qarşı olan güvəni
Peyğəmbərimiz ﷺ insanlar içində Allahın lütfünə və mərhəmətinə ən çox güvənən kəs olduğuna görə Uca Allaha ən yaxın bəndə və Onun qatında insanların ən təmizi idi. Beləcə hər bir xeyrə və fəzilətə nail olmuşdur. Daima öz əshabına və onlardan sonra gələcək nəsillərə Uca Allah barədə gözəl zəndə olmağı nəsihət edərdi. Cabir (Allah ondan razı olsun) demişdir: Peyğəmbərin ﷺ vəfatından üç gün öncə belə dediyini eşitdim: “Sizlərdən hər kəs Uca Allah barədə yaxşı zəndə olduğu halda bu dünyanı tərk etsin!” (22) Bəzən bu dəyərli nəsihəti öz əshabına sətiraltı ötürərdi. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi nəql edir: “Uca Allah belə demişdir: Mən quluma qarşı Mənim barəmdə olduğu zəndəyəm. O məni yad etdikcə onunlayam. O məni öz nəfsində yad etdikdə Mən də onu öz nəfsimdə yad edərəm. O məni bir toplum içində yad etsə, Mən də onu daha xeyirli bir toplum içində yad edərəm”.(23) Hicrət zamanı Qureyş qəbiləsi Peyğəmbəri ﷺ və dostu Əbu Bəkri (Allah ondan razı olsun) hər tərəfdə axtarmağa başladıqda sonda onların bu uzun axtarışları Sour dağındakı mağaranın yanında bitdi və beləcə mağaranın ağzında durdular. Peyğəmbərlə ﷺ Əbu Bəkr (Allah ondan razı olsun) mağaranın içində başları üstündə duran müşriklərin söhbətlərini eşidirdilər. Lakin Uca Allah kafirlərin gözlərini kor etmişdi deyə, onlar Peyğəmbəri ﷺ və Əbu Bəkri (Allah ondan razı olsun) görə bilmirdilər. Bu məqamda Əbu Bəkr belə dedi: “Ey Allahın elçisi, əgər onlardan biri ayağı altına baxsa, bizi görəcək”. Peyğəmbər ﷺ isə ona belə cavab verdi: “Ey Əbu Bəkr, üçüncüləri Allah olan iki nəfər barədə sənin zənnin nədir?!... Üzülmə, Allah bizimlədir!” (24) Uca Allah bu hadisə barədə Öz kərim kitabında belə buyurur: “Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir”.(25) Allah barədə gözəl zənninin və Ona qarşı olan güvəninin nümunələrindən biri də Zətur-Riqa döyüşü zamanı baş vermiş hadisədir. Belə ki, həmin gün günorta vaxtı gəldikdə hava çox isti olmuş və insanlar ağac altında kölgələnmək üçün pərən-pərən düşmüşdülər. Peyğəmbər ﷺ də öz növbəsində bir ağacın kölgəsinə çəkilmiş, silahını ağacdan asaraq altında yuxulamışdır. Bu ərəfədə müşriklərdən biri gizlincə gələrək Peyğəmbərin ﷺ qılıncını əlinə götürüb sinəsi üzərində durmuş və “ey Muhəmməd, de görüm indi səni kim mənim əlimdən qurtaracaq?” – demişdir. Peyğəmbər ﷺ Rəbbinə güvənərək qəlbi tam rahat bir şəkildə: “Allah!” deyə cavab verdikdə bu kəlmə müşrikin qəlbinə qorxu salmış və qılınc əlindən düşmüşdü. Peyğəmbər ﷺ də həmən qılıncı əlinə alaraq onu yerə yıxmış və sinəsi üzərində duraraq: “De görüm indi səni kim mənim əlimdən qurtaracaq?” – demişdir. Bədəvi ərəb: “Ey Muhəmməd, sən intiqam alma, əfv et!” – dedi. Peyğəmbər isə: “Şahidlik edirsənmi ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və məndə Onun elçisiyəm?” Bədəvi dedi ki, xeyr! Lakin sənə söz verirəm ki, bundan sonra nə səninlə savaşacam, nə də ki səninlə savaşan qövmün tərəfində olacam. Peyğəmbər ﷺ onu buraxmış, o da öz qövmünün yanına gedərək “mən ən xeyirli insanın yanından gəlirəm”, – demişdir.(26)

Allaha qarşı yəqin imanı və Ona təvəkkülü
Peyğəmbər ﷺ qəti şəkildə inanırdı ki, Uca Allah onu yardımsız buraxmayacaq və onu hər kəsdən üstün edəcəkdir. Ən sərt təqiblər və əziyyətlər gördüyü vaxtlarda belə, Allahın zəfər müjdəsindən və vədindən bir an belə olsa, ümidini üzmədi. Necə də hər işində Rəbbinə güvənməsin ki, Uca Allah daima onunla bərabər idi?! Axı Rəbbi ona bu ayəni nazil etmişdir: “Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan”.(27) İmam Əhməd “Müsnəd” əsərində həsən sənədlə rəvayət etmişdir ki, Peyğəmbər ﷺ əshabına şəhər kənarında düşməndən müdafiə üçün xəndək qazmağı əmr etdiyi gün xəndəyi qazarkən külüng zərbəsi ilə qırılmayan sərt bir qayaya rast gəldilər və bu barədə Peyğəmbərə ﷺ xəbər verdilər. Peyğəmbər ﷺ gəldi, üst paltarını çıxardaraq qaya olan yerə endi. Külüngü əlinə götürüb “bismilləh” deyərək qayaya bir zərbə vurdu və üçdə birini qırdı. Belə dedi: “Allahu əkbər! Mənə Şamın açarları verildi (yəni Şam diyarı fəth ediləcək). Allaha and olsun ki, mən bu durduğum yerdən onun qırmızı qəsrlərini görürəm”. Sonra “bismilləh” deyərək qayaya ikinci bir zərbə vurdu və yenə üçdə biri qırıldı. Belə dedi: “Allahu əkbər! Fars diyarı fəth ediləcək. Allaha and olsun ki, mən bu durduğum yerdən onun ağ qəsrlərini, habelə Mədəini görürəm”. Sonra “bismilləh” deyərək qayaya üçüncü bir zərbə vurdu və qaya tamamilə qırıldı. Belə dedi: “Allahu əkbər! Yəmən diyarı fəth ediləcək. Allaha and olsun ki, mən bu durduğum yerdən Sənanın qapılarını görürəm”. Uca Allah Qurani-Kərimdə dörd yerdə Peyğəmbərinə ﷺ Ona təvəkkül etməsini əmr etmiş, o ﷺ da öz Rəbbinə ən gözəl və layiqli bir şəkildə təvəkkül etmişdir. İmam Buxari İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Həsbunəllah və niməl-vəkil” (Allah bizə bəs edər, O nə gözəl yardımçıdır!) sözünü İbrahim (əleyhisSalam) oda atıldıqda, Muhəmməd ﷺ isə “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” (28) – deyildikdə demişdir. Onu da qeyd edək ki, Peyğəmbər ﷺ Rəbbinə təvəkkül etməsi ilə yanaşı səbəblərdən tutunmağı da yaddan çıxartmamışdır. Belə ki, Uhud müharibəsinə ön və arxadan geyinilmiş iki zirehlə çıxmışdır. O heç vaxt döyüş meydadına silahsız çıxmazdı. Əksinə, daima öz tədbirini görərdi. Həmçinin Məkkədən Mədinəyə hicrət edəcəkləri vaxt onlara yolda bələdçilik etməsi üçün müşrik bir kişini icarəyə götürmüşdür. Cihada, həcc və ümrə səfərlərinə çıxmamışdan qabaq özü ilə yol azuqəsi götürərdi. O ﷺ, Uca Allaha təvəkkül edənlərin öndəri idi. Uca Allah onunla bütün bəşəriyyətə doğru yolu göstərmiş, habelə onu bütün insanların şərindən qorumuşdur.


(1) Əhməd rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(2) Müslim.
(3) Buxari və Müslim.
(4) Buxari.
(5) Tirmizi rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(6) Hədisi Müslim və Beyhəqi rəvayət etmişdir. Hədisin bu ləfzi Beyhəqiyə aiddir.
(7) Buxari və Müslim.
(8) Əbu Davud rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(9) Duanın ərəbcə mətni:
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الهَمِّ وَالحَزَنِ وَالعَجْزِ وَالكَسَلِ وَالبُخْلِ وَالْجُبْنِ وَضَلَعِ الدَّيْنِ وَقَهْرِ الرِّجَالِ
Transkripsiyası: “Allahummə inni əuzu bikə minəl-həmmi vəl-həzəni, vəl-aczi vəl-kəsəli, vəl-buxli vəl-cubni, və daləid-deyni və qahrir-rical”.
(10) Buxari.
(11) Buxari və Müslim.
Duanın ərəbcə mətni:
رَبَّنا آتِنا فِي الدُّنْيا حَسَنَةً، وَفي الآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النارِ
Transkripsiyası: “Rabbənə ətinə fid-dunyə hasənətən və fil-axirəti hasənətən və qina azəbən-nar”.
(12) Buxari və Müslim.
Duanın ərəbcə mətni:
الحمدُ للهِ الذي أحيانا بعدَما أماتَنا وإليه النشورُ
Transkripsiyası: “Əlhəmdulilləhil-ləzi əhyənə bə'də mə əmətənə və ileyhin-nuşur”.
(13) Müslim.
(14) Tirmizi rəvayət etmiş, Əlbani isə həsən olduğunu qeyd etmişdir.
Duanın ərəbcə mətni:
يا حيُّ يا قَيُّومُ برحمتِك أستغيثُ
Transkripsiyası: “Ya Həyyu, ya Qayyum! Bi-rahmətikə əstəğiysu”.
(15) Müslim.
(16) Buxari.
(17) Əbu Davud rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
Duanın ərəbcə mətni:
ربِّ اغفرْ لي وتُبْ عليَّ، إنك أنت التوابُ الرحيمُ
Transkripsiyası: “Rabbiğfirli və tub aleyyə, innəkə əntət-Təvvabur-Rahim”.
(18) Müslim.
(19) Əbu Davud rəvayət etmiş, Əlbani isə səhih olduğunu qeyd etmişdir.
(20) Ən-Nisa, 39-41.
(21) Buxari və Müslim.
(22) Müslim.
(23) Buxari və Müslim.
(24) Buxari və Müslim.
(25) Ət-Tovbə, 40.
(26) Buxari.
(27) Ən-Nəml, 79.
(28) Ali-İmran, 173.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.