Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbərin ﷺ zövcələri, övladları, əmiləri, bibiləri, şairləri, müəzzinləri, xidmətçiləri, valiləri haqda qısa məlumat

Zövcələri
Peyğəmbərin ﷺ həyatına nəzər yetirən biri görər ki, o ﷺ əlli yaşına qədər yalnız bir qadınla – hər bir çətinliyində onunla bərabər olan Xədicə anamızla evli olmuşdur. Onunla ailə həyatı quranda Xədicə anamız artıq iki dəfə ailəli olub boşanmışdır və keçmiş yoldaşlarından övladları da var idi. Peyğəmbərin ﷺ ən qatı düşmənləri belə nə onun peyğəmbərliyindən öncə, nə də ki sonra həyatının bu dönəmində ona ləkə gətirəcək bir məqam axtarıb tapa bilmədilər. O dönəmin ərəb cəmiyyətində qohumluq əlaqələrinin təsir gücü böyük idi. Peyğəmbər ﷺ də dörd xəlifə – Əbu Bəkr, Ömər, Osman və Əli ilə olan dostluğunu, yaxınlığını qohumluq əlaqəsi ilə möhkəmləndirmişdir. Bir çox yoldaşları ilə evliliyi də məhz həyatının sonlarına təsadüf edir. Şübhəsiz ki, bu da ilahi bir hikmətdən doğan amildir ki, bunun vasitəsilə İslama düşmən kəsilən qəbilələrin hiddətini azaltmış, qan tökülməsinin qarşısını almış və əmin-amanlıq içərisində olan bir müsəlman cəmiyyəti qura bilmişdir. Peyğəmbərin ﷺ zövcələri möminlərin anaları hesab olunur. Peyğəmbər ﷺ vəfat etdikdə doqquz zövcəsi var idi:

1. Əbu Bəkr əs-Siddiqin qızı Aişə;
2. Ömər ibn əl-Xattabın qızı Həfsə;
3. Qureyşin ağası Əbu Süfyanın qızı Ummu Həbibə (Ramlə);
4. Əbu Umeyyə əl-Məxzumiyyənin qızı Ummu Sələmə (Hind);
5. Haris əl-Hiləliyyənin qızı Məymunə;
6. Haris əl-Xuzaiyyənin qızı Cuveyriyə;
7. Yəhudi qəbiləsinin rəisi Huyeyin qızı Səfiyyə;
8. Qureyşdən olan Zəmanın qızı Sevda;
9. Cəhşin qızı Zeynəb. Uca Allah Öz peyğəmbərini bu qadınla evləndirmiş və beləcə övladlığa götürülən kəsin həqiqi övlad sayılmadığını bəyan etmişdir.(1)

Övladları
Peyğəmbərimizin ﷺ üç oğlu və dörd qızı olmuşdur. Oğlanları Qasim, Abdullah və İbrahimdir. Hər üçü də iki yaşını keçməmiş körpə ikən vəfat etmişdir. Qızları isə Zeynəb, Ruqeyyə, Ummu Gülsüm və Fatimədir. Hər dördü də atalarının peyğəmbərlik dönəminə yetişmiş, İslamı qəbul etmiş və Mədinəyə hicrət etmişdir. İbrahimdən başqa bütün övladları Xədicədəndir. İbrahim isə Mariyədəndir. Fatimədən başqa bütün övladları onun sağlığında vəfat etmişdir. Fatimə isə atasının vəfatından sonra cəmi altı ay yaşamışdır.

Əmiləri və bibiləri
Peyğəmbərimizin ﷺ on bir əmisi və altı bibisi var idi. Əmilərindən yalnız dördü İslam dönəminə yetişmişdir. İkisinin – Həmzə və Abbasın (Allah onların hər ikisindən də razı olsun!) İslamın zəfər qazanması üçün zəhmətləri olmuşdur. İkisi – Əbu Talib və Əbu Ləhəb isə İslamı qəbul etməmişdir. Onların hər ikisi barədə Quranda Qiyamət gününəcən oxunacaq ayələr nazil olmuşdur. Bibiləri isə Zubeyr ibn Əvvamın anası Safiyyə, Atikə, Bərra, Ərva, Umeymə və Ummu Həkimdir.

•​​​​​​​ Şairləri
Öz şeirləri ilə İslam dinini müdafiə edən şairləri bunlar idi:
Kəb ibn Malik (Allah ondan razı olsun);
Abdullah ibn Ravaha (Allah ondan razı olsun);
Həssən ibn Sabit (Allah ondan razı olsun).

•​​​​​​​ Müəzzinləri
Peyğəmbərin ﷺ dörd müəzzini olmuşdur: Bilal ibn Rəbah, Mədinə şəhərində Abdullah ibn Ummu Məktum, Məkkədə Əbu Məhzura, Qubada Səd əl-Qaraz (Allah hamısından razı olsun).

Xidmətçiləri
Səhabələr Peyğəmbərə ﷺ xidmət etməyi sevər və onun ehtiyaclarını ödəməyə can atardılar. Ona ən çox xidmət edənlər içərisində Ənəs ibn Malik, Rabiə ibn Kəb, Əbu Zər əl-Ğifari və Abdullah ibn Məsud (Allah ondan razı olsun) yer almaqdadır. Buna rəğmən o ﷺ öz xidmətçiləri ilə ən gözəl və ən yumşaq şəkildə davranar, heç vaxt onları təqsirlərinə, xətalarına görə acılamaz və onlarla kobud rəftar etməzdi.

•​​​​​​​ Valiləri və əmirləri
Peyğəmbər ﷺ məktublar vasitəsilə davamiyyətli şəkildə valilərinə əmr və qadağalarını çatdırardı. Valiləri onun ﷺ hər bir əmrini yerinə yetirərdi. Attəb ibn Useydi (Allah ondan razı olsun) Məkkəyə, Osman ibn Əbul-Ası (Allah ondan razı olsun) Taifə, əl-Aləə ibn Hadramini (Allah ondan razı olsun) Bəhreynə, Amr ibn Ası (Allah ondan razı olsun) Omana, Əbu Süfyan ibn Hərbi (Allah ondan razı olsun) Nəcrana, Bəzəni (Allah ondan razı olsun) Sənaya və Yəmən dağlarına, Əbu Musa əl-Əşarini (Allah ondan razı olsun) dənizkənarı ərazilərə, Amr ibn Səidi (Allah ondan razı olsun) Vadil-Quraya, Yezid ibn Əbu Süfyanı (Allah ondan razı olsun) Teymaya, Suməmə ibn Usalı (Allah ondan razı olsun) Yəməməyə, Muaz ibn Cəbəli (Allah ondan razı olsun) isə Cundə vali təyin etmişdir. Qoşunlara təyin etdiyi əmirlərin səlahiyyəti həmin hərbin bitməsilə tamamlanar, kənd və şəhərlərə təyin etdiyi əmirlərin səlahiyyətləri isə davam edərdi.


(1) Çünki Zeynəb binti Cəhş Peyğəmbərin ﷺ oğulluğa götürdüyü Zeyd ibn Sabitin boşadığı xanımı və bibisinin qızıdır. 35 yaşında Muhəmməd peyğəmbərə ﷺ ərə getmişdir.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.