Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Namazın əhəmiyyəti və fəziləti

Namaz bəndənin etməli olduğu ilk ibadətdir. Bəndə “lə iləhə illallah” şəhadətindən sonra Rəbbinə olan qulluğunu əməli olaraq məhz namaz ilə ifadə edir. Namaz bəndə ilə Rəbbi arasında bir əlaqə vasitəsidir. Belə ki, qul bu ibadətlə aləmlərin Rəbbi olan Allahın önündə durmuş olur. Onunla görüşəcəyi gün (Qiyamət günü) Cənnəti əldə etmək və Rəbbinin əcrinə nail olmaqdan ötrü Onun önündə rüku edir və səcdəyə qapanır. Beləcə hər etdiyi səcdənin müqabilində Rəbbi onun Cənnətdəki dərəcəsini ucaldır və işlədiyi bir günahı əfv edir. Peyğəmbər ﷺ bu xüsusda belə demişdir: “Qulun etdiyi hər səcdəyə görə Uca Allah ona bir əcr yazar, bir günahını silər və Cənnətdəki məqamını ucaldar. Elə isə çox səcdə edin!” (1)
Namaz rükusunun, səcdəsinin, qiyamının haqqı verilərək xuşu ilə qılındığı təqdirdə bəndənin günahları üçün kəffarədir, yəni günahlarının silinməsi üçün bir vəsilədir.
Peyğəmbər ﷺ demişdir:

“Fərz namazının vaxtı girdikdə müsəlman bəndə gözəl şəkildə dəstəmaz alar, haqqını verərək tam rükusu və xuşu ilə namazını əda edərsə, qıldığı namaz böyük günah işləmədikcə onun keçmiş (kiçik) günahlarını silər və bu bütün həyatı boyunca beləcə davam edər”.(2)
“Əgər sizdən birinin qapısının önündən bir çay axsa və o həmin çayda hər gün beş dəfə çimsə, bədənində kir qalarmı?” Səhabələr: “Xeyr, bədənində heç bir kir qalmaz”, – dedilər. Peyğəmbər ﷺ dedi: “Eləcə də gündəlik qılınan beş vaxt namazla Uca Allah bəndənin xətalarını silər”.(3)
“Od tutub yanırsınız, od tutub yanırsınız!(4) Sübh namazını qıldıqda həmin od sönür.(5) Yenə od tutub yanırsınız, od tutub yanırsınız! Əsr namazını qıldıqda həmin od sönür. Sonra yenə od tutub yanırsınız, od tutub yanırsınız! Məğrib namazını qıldıqda həmin od sönür. Yenə də od tutub yanırsınız, od tutub yanırsınız! İşa namazını qıldıqda həmin od sönür. Daha sonra yatırsınız və səhər yuxudan oyanana qədər sizə heç bir günah yazılmır”.(6)
“Allahın bir mələyi vardır ki, hər namaz vaxtı belə nida edər: Ey Adəm övladları! Öz əllərinizlə qaladığınız odu (namazla) söndürün!” (7)
Namaz bəndə ilə Rəbbi arasında elə bir vasitədir ki, gərək namaz qılan bundan qafil olmasın. Peyğəmbər ﷺ namazında kənar hərəkətlər edən birini görmüş və ona belə demişdir: “Ey filankəs! Məgər Allahdan qorxmursan? Necə namaz qıldığına fikir vermirsən? Sizlərdən bir kəs namaza durduqda Rəbbi ilə münacata – gizli söhbətləşməyə durmuş olur. Elə isə hər kəs öz münacatına diqqət etsin!” (8) Başqa bir hədisdə isə Peyğəmbərin ﷺ belə dediyi qeyd olunur: “Bu ümmətdən ilk götürülən şey xuşu olacaqdır. Belə ki, xuşu ilə (canı-könüldən) namaz qılan birini görə bilməyəcəksən”.(9)


(1) Müslim, 488, Əhməd 5/276, Tirmizi, 388, İbn Macə, 1423.
(2) Müslim.
(3) Buxari, 528, Müslim, 667, Tirmizi, 2872, Nəsai 1/231.
(4) Yəni günahlar səbəbilə özünüzü həlaka sürükləyirsiniz. Burada Peyğəmbər ﷺ günahları yandırıcı oda bənzətmişdir.
(5) Yəni qılınan namaz günahları təmizləyir.
(6) Hədisi Təbərani və Munziri “Tərğib” (351) əsərində səhih sənədlə rəvayət etmişdir.
(7) Hədisi Təbərani və Munziri “Tərğib” (352) əsərində səhih sənədlə rəvayət etmişdir.
(8) Hədisi Munziri “Tərğib” (539) əsərində rəvayət etmişdir.
(9) Hədisi Təbərani və Munziri “Tərğib” (540) əsərində rəvayət etmişdir.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.