Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
ŞABAN ayında oruc tutmağın savabı nədir?
İbadətlər içərisində ən fəzilətli və Allaha ən sevimli ibadətlərdən biri də orucdur.
Peyğəmbərimiz ﷺ Şaban ayının çox hissəsini orucla keçirərdi. Necəki Aişə anamız buyurur: “Peyğəmbər ﷺ Şaban ayının az bir hissəsi istisna olmaqla, hamısını oruc tutardı”. (Muslim)
Bu ibadətin savabını Allah özü istədiyi qədər verəcəkdir. Hədislərin birində Peyğəmbər ﷺ buyurmuşdur: Adəm oğlunun bütün əməllərinin savabı çoxaldılır. Beləki, hər bir yaxşılığa 10 mislindən 700 mislinədək savab verilə bilər. Uca Allah isə buyurur: “Yalnız orucdan başqa. Həqiqətən o Mənim üçündür və onun mükafatın da Özüm verəcəyəm. Çünki oruclu kimsə yeməyini və şəhvətini Mənə görə tərk edir.”. (Buxari, Muslim)
Başqa bir hədisdə Allah Rəsulu belə buyurur: “Oruc oddan qoruyan bir qalxandır”. Eləcə də Peyğəmbər ﷺ Əbu Uməməyə belə demişdir: “Sənə orucu tövsiyyə edirəm. Həqiqətən də onun misli (tayı-bərabəri) yoxdur”. (Əhməd)
Oruc Allaha və Ona itaət etməyi sevən Allah dostlarının sevimli ibadətidir. Uca Allah bütün aylar içərisindən oruc üçün tam bir ayı xüsusiləşdirmişdir ki, o da mübarək Ramazan ayıdır. O ayda oruc tutmaq vacib buyurulmuşdur. İlin digər aylarında da bəzi günlər istisna olmaqla oruc tutmaq olar. Bu günlər içərisində, ay olaraq, oruc tutulması ən çox savab sayılan aylardan biri də Şaban ayıdır.
Peyğəmbər ﷺ həm də Ramazana hazırlıq baxımından bu ayda oruc tutardı. Çünki bu cür xeyir mövsümlərinə yaxınlaşdıqca şeytan insanı tənbəlləşdirir və ona vəsvəsələr edir ki, “Tərk etdiklərinin əvəzini Ramazanda çıxarsan… Ramazanda daha çox ibadət edərsən”. Beləliklə şeytan insanı “sonra edərsən!!!” vəsvəsəsi ilə xeyirdən yayındırır. Lazım olan ibadəti vaxtında etməyən insan Ramazan ayı girdikdən sonra o aydakı xeyirləri əldə edə bilmir, aya necə başlamışdısa o cür də son verir. Səbəb isə insanın tənbəllik düyününü açmamasıdır.
Ramazanın bərəkətini əldə etmək və Allahın məğfirətini qazanmaq istəyən, hazırlığa Şaban ayından başlamalıdır.
Usəmə ibn Zeyddən rəvayət olunan hədisdə Peyğəmbərə belə deyilir: “Ey Allahın Rəsulu, mən səni Şaban ayındakı qədər heç vaxt çox oruc tutan görmədim”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə cavabında belə buyurur: “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də sevirəm ki, mənim əməllərim mən oruc olduğum halda qalxsın”. (Əhməd. Şeyx Albani hədisi səhih adlandırmışdır)
Alimlər bu ayda orucları çoxaltmağın hikmətləri haqqında belə demişlər.
Birinci hikmət odur ki, Şaban ayı iki əzəmətli ayın: Rəcəb və Ramazan ayları arasında olub, insanların yaxşı işlər baxımından unutduğu ay hesab edildiyi üçün bu ayda oruc tutmağa təşviq edilib.
İkinci hikmət isə odur ki, Şaban ayı illik əməllərin hesabatının Allaha tərəf qalxdığı bir aydır və Peyğəmbərimiz də sevirdi ki, onun əməlləri o oruc olduğu halda Allaha tərəf qalxsın.
Üçüncü hikmət isə odur ki, ratibə sünnətlər fərz namazlardan əvvəl namaza hazırlıq olduğu kimi, şaban ayının orucu da Ramazan orucundan əvvəl hazırlıqdır. Bu oruclar insanın Ramazan ayına tam hazırlıqlı şəkildə daxil olması üçün bir vasitədir.
Bu 3 hikmət, Peyğəmbərin ﷺ onlar səbəbi ilə bu ayda orucları çoxaltmasına dəlalət edən hikmətlər idi.
Hər bir müsəlman gücü çatdığı qədər bu ayda nafilə oruclarını çoxaltmalı və çox hissəsini orucla keçirməyə çalışmalıdır.
İman əhli qətiyyətli olmalı, Allahla əhdini möhkəmləndirməli və daha çox çalışmalıdır. İndidən çalışmalıdır ki, Ramazan ayındakı xeyirlərə müvəffəq ola bilsin. Ömür sürətlə ötüb keçdiyi kimi, bu ilki Ramazan ayı da beləcə ötüb keçəcək və insan bu fürsətdən istifadə etmədiyinə görə peşmançılıq çəkəcəkdir. Necəki, keçən Ramazanda bu peşmançılığı çəkmiş və hər il olduğu kimi özünə söz vermişdi ki, növbəti Ramazan belə olmayacaq. Bu hal bir çoxlarımızın hər il yaşadığı bir haldır. Gəlin köhnə səhvlərə qayıtmamaq üçün indidən tədbir görək.
Allahın müsəlmanlara olan mərhəmətindəndir ki, elə fəzilətli günlər, gecələr təyin etmişdir ki, insan o günlərdən istifadə edərsə, yaşadığı illərə nisbətdə daha çox savab əldə edə bilər.
Qədr gecəsi haqqında Quranda deyilir ki: “Qədr gecəsi min aydan xeyirlidir.” (Qadr surəsi 3) Bu isə 83 ilin ibadətinə bərabərdir. İnsan 30-40 il boyunca Qədr gecəsini ibadətdə keçirərsə, 2000-3000 il yaşamış kimi sayılar. Nuh Peyğəmbər min il və ya min ildən artıq yaşayıb. Bizim ümmətin yaşı haqqında isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Ümmətimin yaşı 60 və 70 arası olacaqdır. 70-i aşanlar da az olacaqdır”. (Səhih İbn Macə)
Buradan da ömrün nə qədər əhəmiyyətli bir nemət olması ortaya çıxır. Ağıl sahibi insan bu fürsətdən istifadə etməlidir. İnsan orta hesabla 24 saatının 7 saatını yuxuya, 8 saatını iş vaxtına, 2 saatını yola, 1 saatını telefona, 1 saat yarımını yeməyə, 1 saatını ehtiyaclarını ödəməsinə, 1 saatını istirahətə, 1 saatını dostları ilə oturmağa ayırır və 22 saatını beləcə keçirir. İnsan gün ərzində 5 dəqiqəsini xeyirə və ya düzgün olmayan bir işə sərf edərsə, 70 il ərzində bu 3 ay edir. Həmçinin bir saatını faydalı keçirər və ya zay edərsə, 70 ildə sanki 3 ilini zay etmişdir. Sərf edilən bu saatlara baxdıqda görürük ki, 22 saat 70 ildə 66 il edir. Deməli əgər insanın Qədərinə 70 il yaşamaq yazılıbsa, 70 ildən ona qalan 4 il olur. Bu 4 ilə onun namaz qılması, qohumlarını ziyarət etməsi və digər xeyirli işlər aiddir. Buradan da vaxtın nə qədər mühüm olması üzə çıxır.
Əziz bacı və qardaşlarım! Gəlin vaxtımızı zay etməyək. Yuxuya, yola, telefona sərf etdiyimiz vaxtı azaldaq, daha xeyirli işlərlə məşğul olaq.
İnsan xatırlamalıdır ki, ölüm hər an gələ bilər. Lakin hər kəsin öləcəyini bilməsinə rəğmən, insanlar ölümü uzaq görürlər. Şeytan insana vəsvəsələr verir ki, “hələ vaxt var... sonra edərsən... sonra çalışarsan…” və beləcə ölümü insana unutdurur. Odur ki, “sonra”, şeytanın ən böyük qoşunlarından sayılır. Müdriklər deyir ki, “Sonra”, müflislərin sərmayəsidir” – “sonra edərəm, sonra başlayaram..” və s. kimi bəhanələr insanı müflis edir.
Şaban ayında insanın üzərinə düşən əsas vəzifələrdən biri şeytanın bu hiylələrinə qarşı müəyyən yollara baş vurmasıdır: Allaha təvəkkül etməsi, qarşısına bağışlanma hədəfi qoyması, qətiyyətli addım atması və xeyirli işlərə girdiyi zaman işin sonundan qorxmaması.
Peyğəmbər ﷺ Şaban ayının hamısını, yaxud çoxunu oruc tutardı. Möminlər də Peyğəmbəri nümunə götürərək oruc tutmağa çalışmalıdırlar. İnsan oruc tutduğu zaman onun hazırlığına mane olan vəsvəsələr gəlir, şeytan ona “sonra” sözünü təlqin edir – “Şaban ayını oruc tutsan, zəifləyəcəksən, sonra Ramazan orucunu yaxşı tuta bilməyəcəksən, hazırlaşa bilməyəcəksən” və s. İnsan çalışmalıdır ki, bu vəsvəsələrə məhəl qoymasın.
İnsan xatırlamalıdır ki, Allaha nə qədər yaxınlaşarsa, Allahın yardımı da ona yaxın olar. Peyğəmbər ﷺ gecəni ibadətdə keçirər, gündüz isə xeyli işlər görərdi. Yəni, insan maneələri aşmaq üçün çalışmalı, boş oturmamalıdır. İnsan çalışdıqca, şeytana qarşı vuruşduqca, o maneələri aşa bilər. Çünki Uca Allah buyurur: “Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik”. (Ənkəbut surəsi 69)
Şaban ayı da çalışmaq üçün bir fürsətdir. İnsanın cəhdi, iradəsi nə qədər güclü olarsa, şeytana, nəfsi istəyinə qarşı bir o qədər güclü vuruşar və Allahın yardımının yaxın olduğunu bilər.
Əksər insanların tənbəllik göstərdikləri əməllərin savabı böyük olur. Məsələn, insanlar gecə qalxıb namaz qılmağa tənbəllik etdikləri üçün gecə namazının savabı daha böyükdür. Gecə namazı fərz namazlardan sonra nafilələr içində ən savablı namazdır.
İnsanların Şaban ayında ibadətə tənbəl yanaşdıqlarını və bu ayda əməllərin hesabatının Allaha ərz edildiyini nəzərə alan Peyğəmbər ﷺ bu ayda oruc tutduğunu deyir və bizi də bu əmələ təşviq edir.
İnsan öz əməllərinin yaxşı hal üzərində qaldırlmasına müvəffəq olmağa çalışmalıdır. Bu ay ilin sonu olduğu üçün deyilir ki, Şaban ayı Axirət təqviminə əsasən sanki sonuncu, Ramazan ayı isə növbəti ilin birinci ayıdır. İnsan çalışmalıdır ki, ilin sonunu yaxşı əməllərlə, tövbə ilə bitirsin, növbəti ilin əvvəlinə isə yeni səhifə açaraq başlasın.
Uca Allahdan diləyirik ki, hər birimizə bu aydan gözəl şəkildə istifadə etməyi, Ramazan ayına hazırlıqlı şəkildə daxil olmağa müvəffəq etsin.
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
Məqalənin video variantını buradan izləyə bilərsiniz.
SON ƏLAVƏLƏR