Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şaban ayının 15-i, bəraət gecəsi

Bu məqalədə Şaban ayının 15-i Bəraət gecəsi adlanan məsələyə toxunacağıq.
Əvvəla Bəraət sözünün mənasına baxaq! Bəraət məsumluq və qurtuluş mənasını verir.
Həmin gecənin bu adla adlandırılmasına səbəb bəzi insanların zəif və etibarsız hədislərə əsaslanaraq, bu gecədə insanların günahlardan və cəhənnəmdən xilas edildiyini iddia etməsidir.
İki əhəmiyyətli səbəbə görə Bu məsələyə aydınlıq gətirməyə qərar verdik:
Birincisi, hər il müsəlmanlar bu gecə və bu gün haqqında suallar verir və bu haqda mübahisə edirlər. Bu gecə və gündüzün fəzilətli olmasını iddia edənlər öz şübhələrini səpməkdən əl çəkmir, bu günün qeyd olunmasının qanuniliyini sübut etməyə çalışır, gecə namazı qılmağa və oruc tutmağa çağırırlar.
İkincisi, bu gün haqqında çoxlu zəif və yalan hədislər olduğundan Şaban ayının ortası ilə bağlıd bir çox müxtəlif bidətlər yaranmışdır. Biz də peyğəmbərimizin saf sünnəsini qorumaq amalı ilə xalqımızı bütün bidətləri inkar etməyə və onlardan çəkinməyə çağırırıq.

ŞABAN AYININ 15-i ilə bağlı şübhələrə cavab

“Biz onu mübarək bir gecədə nazil etdik” – ayəsinin səhv təfsiri
Qeyd edək ki, Şaban ayının ortalarının təsbih olunmasının tərəfdarları bu mövzuda təkcə yalan və zəif hədislərə deyil, həm də “Duxan” surəsinin ayələrinə əsaslanırlar.
“And olsun açıq-aydın Kitaba! Biz onu (Quranı) mübarək bir gecədə nazil etdik və xəbərdarlıq etdik. Orada hər bir hikmətli əməl Bizim tərəfimizdən olan bir əmrlə müəyyən edilmişdir” (44:2-5).

Onlar iddia edirlər ki, bu ayədə Şaban ayının orta gecəsinə işarə edilir. Şübhə yoxdur ki, bu açıq-aşkar səhvdi. Bu ayədə söhbət Qədr Gecəsindən gedir, çünki Quran Şaban ayının orta gecəsində deyil, məhz Qədr Gecəsində nazil olmuşdur. Bu hamıya məlum olan bir şeydir.
Hafiz İbn Kəsir demişdir: “kim desə ki, bu ayə Şaban ayının orta gecəsinə aiddir, o, haqqdan uzaqlaşmışdır. Həqiqətən, Quran bu gecənin Ramazan ayına aid olduğunu açıq şəkildə bildirmişdir”. Bax Təfsir İbn Kəsir (4/148).

Şaban ayının ortasının fəziləti haqqında səhih olmayan hədislər və rəvayətlər

Şaban ayının ortası gecəsində namaz qılmağın və məhz bu gündə oruc tutmağın fəziləti ilə bağlı müxtəlif hədislər və rəvayətlər nəql olunur ki, onların arasında bircə dənə də olsun etibarlı hədis yoxdur! Lakin bu, Şaban ayının ortasını təsbih etmək tərəfdarlarının onlara arxalanaraq dəlil kimi istifadəsinə heç də mane olmur. Bu hədislərdən bəzilərini təqdim edirik.
İddia edilir ki, Peyğəmbər ﷺ deyib ki, “Şaban ayının orta gecəsi gəldikdə, bu gecəni namaz qılın, gündüzləri oruc tutun. Həqiqətən, Allah bu gecə günəşin batması ilə birlikdə aşağı səmaya enər və buyurar: “Kim bağışlanma diləyər ki, mən onu bağışlayım? Ona verəcəyim ruzini kim istəyəcək, ruzisini verim? Kim şəfa istəyəcək ki, mən də ona şəfa verim? Səhərə qədər belə davam edir”. İbn Macə (1388), əl-Beyhəqi “Fədail əl-aukat”da (24).
Bu rəvayət bəzi hədis kitablarında qeyd edilsə də, hədis elminin əsas və qaydalarına görə bu hədis etibarsızdır.
Başqa rəvayətdə isə deyilir ki,
“Beş gecədə dua rədd edilməz: Rəcəb ayının birinci, Şaban ayının orta, Cümə gecəsi, Fitrə (Ramazan) və Qurban bayramı gecəsi.” əd-Deyləmi “əl-Firdovs”da (2/196), İbn Əsakir “ət-Tarih”də (10/275).
Bu hədis də əvvəlki hədis kimi səhih deyil, etibarsızdır.
Bu mövzu ilə bağlı başqa uydurma rəvayətlər də mövcuddur, lakin onların heç biri səhih, yəni etibarlı deyildir.
Şaban ayının orta gecəsi haqqında o qədər uydurmalar deyilib ki, sanki bu gecə qədr gecəsindən də üstünmüş?! Halbuki həm Quranda, həm də hədislərdə ən üstün gecə ramazan ayının son günlərinə təsadüf edən min aydan daha xeyirli Qədr gecəsi hesab edilir.

Hədis elmi üzrə ixtisaslaşmış etibarlı alimlər Şaban ayının orta gecəsi ilə bağlı bircə dənə də etibarlı hədis olmadığını demişlər.
Hətta alimlər bu gecənin fəziləti barəsində yayılan bəditləri və səhv məlumatları şiddətlə pisləyiblər.
Məsələn əhli sünnənin 4 məzhəbindən biri Şafii məzhəbinin mötəbər alimi ən-Nəvəvi demişdir: “Bu iki namaz: ər-rəğaib (Rəcəb ayında qılınan) və əl-əlfiyyə (Şaban ayının ortasında qılınan) iki məzəmmətli, iyrənc bidətdir. Qoy heç kəs bu namazların “Qutul-qulub” və “İhya ulum əd-din” kitabında qeyd olunmasına aldanmasın və bu haqda danışan rəvayətlərə də aldanmasın. Həqiqətən, bunların hamısı batildir”. Bax əl-Məcmu' (4/16).
İmam İbn əl-Qeyyim buyurur: “Batil hədislərin içində Şaban ayının orta gecəsində qılınan namazlar haqqında da rəvayətlər vardır. Təəccüblüdür ki, bir az elm öyrənən və sünnəyə bələd olan bir insan bu cür cəfəngiyyatlara aldanıb bu namazı necə qılır!” Bax, Mənar əl-Munif (175).

Bir sözlə, Şaban ayının ortasındakı gecə və ya gündüzün bir növ vurğulanmasına dəlalət edən bütün rəvayətlər etibarsızdır! Bu mövzuda elə bir hədis yoxdur ki, bu gecədə nafilə namaz qılmağın, yaxud bu gecəni bəzi namazlarla işıqlandırmağın, ya da bu gün oruc tutmağın və ya bir növ onu vurğulamağın məqsədəuyğun olduğunu isbat etsin.

Şaban ayının ortasının fəziləti haqqında bəhs edən və bəzi alimlər tərəfindən mötəbər hesab edilən yeganə hədis haqqında
Şaban ayının ortasının fəzilətinə dair tək bir hədis vardır ki, bu hədis bir çox səhabələrdən müxtəlif yollarla nəql olunur. Bəzi alimlər bu hədisi səhih hesab etmişlər.
“Rəvayət olunur ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, Allah Təala Şaban ayının ortası gecəsində Öz məxluqatının tövbəsini qəbul edər, müşriklər və düşmənçilik edənlərdən başqa hamının günahlarını bağışlayar”. Əhməd (2/176), İbn Macə (1390),

Beləliklə, məsələdə əsası olan yeganə hədis budur. Lakin hədisdə qeyd olunan bağışlanmağı qazanmaq üçün bu gecədə hansısa ibadət növlərini etmək tələb olunmur.
Əksinə, bu hədis Şaban ayının ortasında Allahın böyük rəhmətinin bağışlanma kimi hər bir tövhid və sünnə əhlinin qazanacağına dəlalət edir.
Bu rəhmətə layiq olmaq üçün bu gündə oruc tutmaq və gecəni ibadətlə keçirmək, Quran oxumaq, namaz qılmaq və s. kimi şərtlər yoxdur.
Halbuki hədisdə bağışlanmağa nail olmaq üçün yalnız iki şərt vardır: müşrik olmamaq və haqq tərəfdarlarına nifrət bəsləməmək. Vəssalam

İnsanlar Şaban ayının ortası ilə bağlı bir çox bidətlərə yol verirlər, məsələn
- Şaban ayının ortasını bir yerə toplaşmaq, yemək yemək, geyinmək və s.
- Şaban ayının ortası gecəsini namaz qılmaqla oyaq qalmaq, xüsusən də müəyyən surələri oxuyarkən müəyyən sayda rükət qılmaq. Ələlxüsus “Yasin” surəsini gecə namazında oxumaq.
- Bu gecə müəyyən surələri müəyyən sayda oxumaq.
- "Şaban ayının orta gecəsinin duası" adlanan bu gecədə müəyyən bir duanın deyilməsi.
- Oruc tutmaqla bu günün seçilməsi.
- Məhz bu gündə ölülər üçün sədəqə vermək.
- Bu gün və ya gecə qəbirləri ziyarət etmək və orada şam yandırmaq.
- Şaban ayının orta gecəsinin Qədr gecəsinə bənzədiyinə, hətta daha xeyirli olduğuna əmin olmaq.
Və s. bu kimi dində əsası olmayan etiqad və əməllər şaban ayının orta gecə-gündüzünə aid edilən bidət əməllərdir.
Deyilənlərdən əldə olunan nəticə budur ki,
Şaban ayının on beşinci gecəsini “Bəraət gecəsi” adlandırıb xüsusiləşdirmək, bu günü oruc tutmaqla, dua etməklə və s. ibadətlərlə keçirmək haqqında deyilən rəvayətlər batildir
Amma bir şəxs hər ayın üç gününü, yaxud hansısa nafilə orucu tutarkən şaban ayının orta gününə təsadüf edərsə, heç bir qəbahəti yoxdur. Qəbahət, bu günü və gecəni məqsədli şəkildə müqəddəsləşdirməkdədir.
Nafilə namaz qılmaq da belədir, əgər bir şəxs adəti üzrə başqa gecələrdə qıldığı gecə namazı kimi, bu gecə namaz qılsa heç bir qəbahəti olmaz.

Dəyərli oxuyucular, Allahdan diləyimiz budur ki, bizə Şaban ayında oruc tutmağı asanlaşdırsın, Ramazana qədər yaşamaq nəsib etsin və bu böyük ayda Onun böyük mükafatına və məğfirətinə layiq olanlardan etsin! Allah bizi vətənimizdə əmin-aman etsin və vətənimizi fitnədən, şərdən, bəladan qorusun.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.